Məhkəmə qərarları › İş №2(103)-4993/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4993/2024

17.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4993/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi və cavabdehə məxsus əşyaların mənzildən çıxarılması tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Rəmiş Mayılov, cavabdeh Sevil Malıyevanın əvvəlki qayda ilə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, b10C, mənzil 166 (Yeni qaydalarla: AZ1070, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, bu barədə qətnamənin cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi, cavabdehə məxsus əşyaların mənzildən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 320 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan 3 övladları var: xx.xx.2010-cu il təvəllüdlü Heydər, xx.xx.2013-cu il təvəllüdlü Məhsəti və xx.xx.2015-ci il təvəllüdlü Rəşid. Nikahdan övladlarının olmasına baxmayaraq xeyli vaxtdir ki, onların münasibətlərində ailəməişət xarakterli narazılıqlar yaranmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli “Barışıq sazişi” bağlanmışdır. “Barışıq sazişinə” əsasən, tərəflər nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların ananın yanında qalması və uşaqların saxlanlması ilə bağlı qida, geyim, təhsil və digər zəruri xərclərin Rəmiş Malİyev tərəfindən çəkilməsi barədə razılığa gəlmişlər. Qanunvericiliyin tələbinə görə onların yetkinlik yaşına çatmayan uşaqları olduğu üçün nikahın pozulmasi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Daha sonra tərəflər arasında Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli yeni “Barışıq sazişi” bağlanmışdır. Tərəflər razılaşmışlar ki, 1 qız övladları hazırkı iş üzrə cavabdehin (ananın), 2 oğlan övladları isə iddiaçının (atanın) yanında qalacaqlar. Uşaqların saxlanılması və yaşayışı üçün tərəflər bir-birindən aliment və digər maddi xərclər tələb etməyəcək, uşaqların saxlanılması üçün olan qida, geyim, təhsil və digər zəruri xərcləri özləri qarşılayacaq, uşaqları fiziki və mənəvi sağlamlığını təmin edən şəraitdə saxlayacaqlar və bir gün əvvəlcədən xəbər vermək şərti ilə, uşaqlarla həftədə azı bir dəfə ünsiyyət saxlayacaqlar. Yeni “Barışıq sazişi” bağlandıqdan sonra cavabdeh daimi yaşamaq üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Binə Atçılıq” Yaşayış Massivində yerləşən və valideynlərinə məxsus evə köçmüşdür. Tərəflərin ayrılıqda yaşaması, o cümlədən cavabdehin öz valideynlərinin evinə köçüb orada yaşaması və iddiaçının mülkiyyətində olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmaması xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanarkən də şifahi razılaşdırılmışdır. Uşaqlarla ünsiyyət qaydasının müəyyən edilməsi bu halı təsdiq edir. Lakin cavabdeh mənzildən qeydiyyatdan çıxmaqla bağlı öhdəliyini yerinə yetirməkdən imtina edir. Cavabdehin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Mənzil iddiaçının anası X4 ilə bağladığı xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Mənzilə dair xx.xx.2023-cü il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına “Çıxarış” verilmişdir. Cavabdeh iddiaçının xx.xx.2021ci il tarixli razılıq ərizəsinə əsasən mənzilə pasport qeydiyyatına alınmışdır. Şəxsin mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Cavabdehin mənzildən istifadə hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilsə də, mənzil anası tərəfindən ona əvəzsiz bağışlandığı üçün cavabdehin mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Cavabdehin mənzildə formal qeydiyyatda olması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçı cavabdeh üçün kommunal xidmət haqları ödəməyə məcbur olur. Bundan başqa o, mənzili özgəninkiləşdirmək istədikdə cavabdehin həmin mənzildə formal qeydiyyatda olması buna maneə yaradır. Cavabdeh nə əvvəlki mülkiyyətçi, nə də sonrakı mülkiyyətçi olan iddiaçı ilə mənzilə istifadə hüququnun yaranması barədə notarial qaydada hər hansı müqavilə bağlamamışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir və cavabdeh mənzildə yaşamır.

3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 320 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin qarşılıqlı iddiası və ilk iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh nikaha daxil olduğu xx.xx.2009-cu il tarixdən hazırda qeydiyyatda olduğu keçmiş əri İddiaçı məxsus mübahisəli mənzilə gəlin köçmüş, bütün cehiz və şəxsi əşyaları həmin mənzildədir, həmin tarixdən etibarən bu ünvan onun və ailənin yaşayış yeri olmuşdur, övladları həmin evdə dünyaya gəlmişdir. 2024-cü ilin yanvar ayında cavabdeh onu yaşadığı mənzildən döyərək qovmuş, o dəfələrlə öz mənzilinə qayıtmaq istəsə də, qapının açarlarını dəyişərək ona mənzilə daxil olmağa maneələr yaratmış, bu gün də o öz mənzilinə daxil ola bilmir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia ərizəsində bir çox ifadə yanlışdır. Belə ki, cavabdeh könüllü olaraq yaşadığı mənzildən getməmiş, qanunsuz olaraq yaşayış yerindən məhrum edilmişdir. Cavabdehin hazırda 10 yaşlı qızı ilə yaşamağa yeri yoxdur. Cavabdehin adına hər hansı bir daşınmaz əmlak mövcud deyil və o, valideyninə məxsus evə köçməmişdir. Cavabdehin iddiaçı ilə aralarında ayrı yaşamaq, o cümlədən onun valideynlərinin evinə köçüb orada yaşamaq və yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq kimi şifahi razılaşma olmamışdır. Əksinə, son vaxtlar iddiaçı cavabdehlə mübahisəli mənzildə yaşamamış, şifahi razılaşmaya əsasən nikah pozulduqdan sonra da cavabdeh həmin mənzildə uşaqları ilə yaşamağa davam etməli, iddiaçı isə anasının qaldığı və Keşlə qəsəbəsində qeydiyyatda olduğu evdə yaşamalı idi. xx.xx.2024-cü il tarixli “Barışıq sazişində” uşaqlarla ünsiyyət qaydasının-həftədə bir dəfə olmaqla müəyyən edilməsi heç də cavabdehin mənzildən köçməsi ilə bağlı razılaşmanın olmasına sübut deyildir. Cavabdehin mənzildən köçməklə və qeydiyyatdan çıxmaqla bağlı iddiaçı qarşısında heç bir öhdəliyi olmamış və belə bir öhdəliyinin olması heç yerdə öz əksini tapmamışdır. Bundan başqa, cavabdehin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşımır və heç vaxt da daşımamışdır. Mənzil cavabdehin 15 il ərzində yaşadığı yeganə yer olmuşdur. Cavabdehin bu mənzildən başqa getməyə və yaşamağa yeri yoxdur. Əmək haqqısı kirayə mənzil tutmağa imkan vermir. İddiaçı cavabdehi qızı ilə bərabər yaşadığı evdən qovaraq, qapının açarlarını dəyişdirməklə onu yaşayış hüququndan məhrum etmişdir. Tərəflərin nikahları xx.xx.2024-cii il tarixli qətnamə ilə pozulmuşdur. Həmin ərəfədə iddiaçı cavabdehin telefonunda çılpaq videoçəkiliş və fotoşəklinin, səs yazılarının olduğunu, onu həm qohum-əqrəbaları, həm müəllim kimi çalışdığı 6 saylı X8 Mərkəzində, müəllimə kimi çalışdığı texnikumda, qardaşının iş yerində göstərəcəyini, eyni zamanda həm də sosial şəbəkələr vasitəsilə yayaraq əxlaqsız qadın kimi təqdim edəcəyi ilə hədə qorxu gələrək, cavabdehin üstünə hücum çəkərək onu döymüş, evdən çıxıb gedərək uşaqlardan imtina etməsini tələb etmişdir. Cavabdehin rüsvay olmamaqdan ötrü başqa çarəsi qalmadığından yeni xx.xx.2024-cü il tarixli “Barışıq sazişinə” imza etməyə vadar olmuşdur. İddiaçı sazişə imza etdirdikdən sonra cavabdehi qızı ilə bərabər evdən qovmuşdur. Cavabdehin bu barədə hüquq-mühafizə orqanlarına müraciətləri olmuş, hazırda da Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququ yoxdur. Bu hal ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi üçün əsasdır. c) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasınnda iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi çıxarışından görünür ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən (ilk iddia üzrə iddiaçının anası) X2 adına qeydə alınmışdır.

13. Şüküfə Maliyeva ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsindən” görünür ki, o, özünə məxsus həmin mənzili iddiaçıya bağışlamışdır.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi çıxarışından görünür ki, mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən iddiaçının adına qeydə alınmışdır.

15. İş üzrə tərəflərin verdikləri məlumatlardan və işdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan 3 övladları var: xx.xx.2010-cu il təvəllüdlü Heydər, xx.xx.2013-cu il təvəllüdlü Məhsəti və xx.xx.2015-ci il təvəllüdlü Rəşid. Tərəflərin birgə nikahdan uşaqlarının olmasına baxmayaraq onların ailə münasibətləri pozulmuş və Cavabdeh iddiası əsasında aralarındakı nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-457/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. Ailə mübahisəsi əsnasında tərəflər mediasiya qaydasında 2 dəfə “Barışıq sazişi” bağlamışlar. Bakı 9 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli yeni “Barışıq sazişi” bağlanmışdır. Tərəflər razılaşmışlar ki, 1 qız övladları hazırkı iş üzrə cavabdehin (ananın), 2 oğlan övladları isə iddiaçının (atanın) yanında qalacaqlar. Uşaqların saxlanılması və yaşayışı üçün tərəflər bir-birindən aliment və digər maddi xərclər tələb etməyəcək, uşaqların saxlanılması üçün olan qida, geyim, təhsil və digər zəruri xərcləri özləri qarşılayacaq, uşaqları fiziki və mənəvi sağlamlığını təmin edən şəraitdə saxlayacaqlar və bir gün əvvəlcədən xəbər vermək şərti ilə, uşaqlarla həftədə azı bir dəfə ünsiyyət saxlayacaqlar.

16. Yuxarıda qeyd edilən sübutlarla müəyyən edilən hallar tərəflər arasında da mübahisə doğurmur və işin mübahisəsiz halları kimi müəyyən olunur.

17. Həmçinin işin mübahisə edilməyən halıdır ki, cavabdeh 2009-cu ilin aprel ayında mübahisəli mənzilə gəlin köçmüş, xx.xx.2021-ci il tarixdə isə iddiaçının razılığı əsasında mənzilə qeydiyyata düşmüşdür.

18. İşin Məhkəmə tərəfindən müəyyən edilən mühüm hallarından biri ondan ibarətdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş olsa belə ərarvadın ümumi mülkiyyəti hesab edilmir. Çünki mənzil iddiaçıya anası tərəfindən bağışlanmış və bağışlama aktı notarial qaydada bağlanmış yazılı əqdə əsaslanmışdır.

19. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

20. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir (bənd 3.1.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Salmanlının şikayəti üzrə” qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının 8 qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir (bənd 5.4.).

21. Tərəflər arasında mübahisə doğuran hal cavabdeh Sevinc Maliyevanın mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması ilə bağlıdır. Həmin halın dəqiq müəyyən edilməsi hazırki mülki mübahisənin də düzgün həlli üçün əhəmiyyətlidir.

22. İş materiallarından görünür ki, iddiaçının anası Şüküfə Maliyevanın mübahisəli mənzil üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2020-ci il tarixdə qeydə alınmış olsa da, həmin mənzil üzərində (məhdud) mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə yaranmışdır. Belə ki, Şüküfə Maliyeva ilə "xxxx" MMC arasında həmin tarixdə bağlanmış müqavilədən görünür ki, o, mübahisəli mənzili MMC-dən almışdır. Həmin müqavilənin mətnindən və MMC-nin verdiyi xx.xx.2006-cı il tarixli "xxxx" isə görünür ki, Şüküfə Maliyeva mənzilin dəyərini MMC-yə elə həmin tarixdə ödəmişdir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx.xx.2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (maddə 228.1.). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (maddə 228.2.).

25. “Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şüküfə Maliyevanın mülkiyyətində olan zaman mübahisəli mənzildən Cavabdeh istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.

26. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh tərəfindən mübahisəli mənzilə istifadə hüququnun yaranmasını təsdiq edən mülkiyyətçi Şüküfə Maliyeva ilə notarial qaydada bağlanmış yazılı müqavilə təqdim edilməmişdir.

27. Belə olan halda müəyyən edilir ki, mənzil iddiaçının anası Şüküfə Maliyevanın mülkiyyətində olan zaman cavabdeh Sevinc Maliyevanın mənzildən istifadə hüququ yaranmamışdır.

28. Müzakirə olunan məsələyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərindən də yanaşdıqda müəyyən edilir ki, cavabdeh Sevinc Maliyeva nikaha daxil olub, xx.xx.2009-cu il tarixdə mənzilə köçsə də, onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Çünki o, mənzilə köçdükdən sonra mənzilin həmin vaxt mülkiyyətçisi olmuş Şüküfə Maliyeva ilə birlikdə həmin mənzildə yaşamamış, onunla birgə təsərrüfat idarə etməmişdir. Başqa sözlə, X6 Maliyevanın ailə üzvü sayılmamışdır.

29. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

30. Həmin Məcəllənin 53-cü maddəsinə görə isə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

31. Yuxarıda artıq qeyd edildiyi kimi, mənzilin mülkiyyətçisi olmuş Şüküfə Maliyeva xx.xx.2020-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən mənzili iddiaçıya bağışlamışdır.

32. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra, yəni yeni Mənzil Məcəlləsinə əsasən yaranmışdır.

33. Cavabdeh keçmiş əri olan iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə qeydiyyatda olsa da mənzildə yaşamır. İddiaçı bildirir ki, cavabdeh ailə münasibətləri faktiki pozulduqdan sonra valideynlərinə məxsus başqa evə köçmüş və hazırda mübahisəli mənzildə qeydiyyatda olması formal xarakter daşıyır.

34. Cavabdeh isə mənzili könüllü tərk etmədiyini, 2024-cü ilin yanvar ayında iddiaçı tərəfindən döyülərək mənzildən qovulduğunu bildirir.

35. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

36. Məhkəmə hesab edir ki, hazırda tərəflər arasında olan nikah pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən hazırda cavabdehin mübahisəli mənzildən istifadə hüququ mövcud deyil. Bu hal cavabdehin mənzili könüllü və ya məcburiyyət qarşısında qalaraq tərk etməsindən (qovulmasından) asılı deyil.

37. Mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsinə” əsasən yaranmışdır.

38. Göründüyü kimi bu hüquq əvəzsiz əqd əsasında yaranmışdır.

39. Azərbaycan Respublikası Ailə məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

40. Belə olan halda müəyyən edilir ki, həmin mənzil iddiaçı ilə cavabdehin ümumi birgə əmlakı deyil. Cavabdeh də işin müəyyən edilmiş bu halını mübahisələndirmir.

41. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

42. Cavabdehin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi olan (keçmiş əri) iddiaçıya məxsus mənzildə formal qeydiyyatda qalması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirilməsini əsassız məhdudlaşdırır.

43. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

44. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması da onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir.

45. Odur ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki ilk iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

46. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, hissə 1.). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29, hissə 2.).

47. Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.1.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.4.).

48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə gərə də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

49. Məhkəmə bildirir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdehin mənzildən istifadə hüququ mövcud olmadığından və onun mənzildə qeydiyyatda qalması formal xarakter daşıdığından, iddiaçı isə mənzilin mülkiyyətçisi olmaqla cavabdehə qarşı bu kimi tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğundan qəbul edilməlidir ki, Rayon Məhkəməsi ilk iddianı təmin etməkdə və ilk iddia əsaslı hesab edildiyi üçün qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi

51. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən MPMnin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

52. Məhkəmə bildirir ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

53. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

54. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar