Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4996/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1017/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı əmrə dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, A23-132 nömrəli əmrində dəyişiklik edilməsini və əmək müqaviləsinin ləğv edilməsi əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1017/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə:
1. Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.
2. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: - bu Saziş qüvvəyə mindikdən sonra ən gec 15 iş günü ərzində İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən "öz təşəbbüsü ilə" xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; - Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 15 işgünü ərzində aşağıdakıları etməlidir: a) İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, A23-132 nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçı təqdim etmək, b) İddiaçı əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, “işçinin öz xahişi əsasında” xitam verildiyi barədə qeyd aparmaq, c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafıq qeyd aparmaq;
3. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: - bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək; - bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq;
4. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: - bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək; - bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfı və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq; cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək; - bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək.
5. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüwəyə mindiyi tarixdən qüvvəyə minir.
6. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz.
7. X4 4 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə təqdim edilir. Digər nüsxələr isə Tərəflərdə saxlanılır.
Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 bildirdi ki, təmsil etdiyi qurum tərəfindən iddiaçıya qarşı böyük humanizm göstərilərək mövcud vəziyyəti nəzərə alınaraq ona güzəşt edilir. Ona görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1017/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Əvvəla, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəf xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəf xüsusi olaraq iddiadan imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki, onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir(MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qəraraaldı:
İddiaçı və cavabdeh Mərkəzi Klinika” məhdud məsuliyyətli cəmiyyətinin təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: -Bu Saziş qüvvəyə mindikdən sonra ən gec 15 iş günü ərzində İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən "öz təşəbbüsü ilə" xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir; -cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 15 iş günü ərzində aşağıdakıları etməlidir; -İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, A23-132 nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, “işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçı təqdim etmək; -İddiaçı əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, “işçinin öz xahişi əsasında” xitam verildiyi barədə qeyd aparmaq; -əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1017/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.