Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4997/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(011)-75/2021 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2944, 82 saylı mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 1984-cü il tarixdən mübahisəli mənzilə daimi pasport qeydiyyatındadırlar, İddiaçı4 1998-ci ildə mübahisəli evdə anadan olmuş və həmin tarixdən mübahisəli evdə qeydiyyatdadır. İddiaçılar 1984-cü ildən 2000-ci ilə qədər fasiləsiz olaraq mübahisəli mənzildə yaşamışlar. Mübahisəli mənzil 2000-ci ildə iddiaçılar tərəfindən müvəqqəti istifadə üçün verildiyi yaxın qohumları cavabdeh X3 tərəfindən sahiblənmişdir. Hazırda cavabdeh Firuzə Xudaverdiyeva mübahisəli mənzili qeyri-qanuni yollarla özgəninkiləşdirmək üçün cəhdlər edir, gözləmədikləri halda istifadə hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş və iddiaçılar Cavabdeh2 tərəfindən istifadə hüquqları olan mübahisəli mənzilə buraxılmırlar. Belə ki, Cavabdeh1 İddiaçı1 anası, cavabdeh X3 isə İddiaçı1 bacısıdır. İddiaçı1, Cavabdeh1 və Cavabdeh1 oğlu Aftandil Xudaverdiyev 1984-cü ildə Ermənistandan həmişəlik olaraq daimi yaşamaq üçün ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini birlikdə satın almışlar. Bundan altı ay sonra digər cavabdeh Firuzə Xudaverdiyeva Ermənistandan Bakıya köçmüş və mübahisəli evin qonşuluğunda yerləşən boş torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikdirmişdir. 1999-cu ildə Cavabdeh1 və oğlu Aftandil Xudaverdiyev başqa torpaq sahəsində özləri üçün fərdi yaşayış evi tikdirmiş, həmin ildə daimi yaşamaq üçün həmişəlik olaraq mübahisəli evdən yeni tikdirdikləri evə köçmüşlər və fasiləsiz olaraq həmin evdə yaşayırlar. 1999-cu ildən mübahisəli ev yalnız iddiaçıların istifadəsində qalmışdır. Cavabdeh2 evinin sahəsi az olduğundan və oğlunun ailə qurması planlaşdırıldığından, Cavabdeh2 xahişi ilə İddiaçı1 2000-ci ildə ona məxsus mübahisəli evi Cavabdeh2 müvəqqəti istifadəsinə vermiş, övladları olan digər iddiaçılar İddiaçı2 və İddiaçı3 ilə birlikdə müvəqqəti yaşamaq üçün İddiaçı1 ailə qurana qədər həyat yoldaşı İlyas Həsənova məxsus olan heç bir sənədi olmayan Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. Cavabdeh2 doğma bacısı - İddiaçı1 etibarından sui-istifadə edib, guya maddi vəziyyətinin ağır olmasına iddiaçıları inandırıb onları aldadaraq öz evini kirayəyə vermiş, özü isə iddiaçıların istifadə hüquqları olan mübahisəli evdə yaşayamağa başlamışdır. Cavabdeh2 mübahisəli evi ələ keçirmək məqsədi ilə oxumağı, yazmağı, dürüst danışmağı belə bacarmayan Cavabdeh1 adından İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qarşı mənzildən istifadə hüququnun itirilməsi və qeyiyyatdan çıxarılma tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia üzrə 2(011)- 8534/2019 nömrəli mülki iş hazırda Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatındadır. Həmin mülki iş üzrə məhkəmənin 21.12.2019-cu il tarixli iclasında iştirak edən iddiaçı Cavabdeh1 hərəkətlərindən də göründüyü kimi Cavabdeh1 eşitmə qabiliyyəti yox dərəcədə zəifdir, ondan soruşulanlara cavab vermək, məntiqli və rabitəli danışmaq qabiliyyətinə malik deyildir. Cavabdeh1 həmin iddianı qaldırmaq barədə heç bir hüququ olmamışdır. Belə ki, birincisi, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 1999-cu ildə həmişəlik olaraq başqa torpaq sahəsində özü üçün inşa etdirdiyi fərdi yaşayış evinə köçmüşdür və həmin tarixdən etibarən mübahisəli mənzildə yaşamır. İkincisi, Cavabdeh1 qeyd olunan iddia ərizəsində yazılanlara görə mübahisəli mənzilin yeganə sənədi qismində mübahisəli mənzilin texniki pasportu iddia ərizəsinə əlavə edilmişdir. Mübahisəli evin texniki pasportu evin texniki parametrləri barədə texniki sənəddir və hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(011)-75/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qeyri-obyketiv, qanunsuz və əsassızdır. Məhkəmə İddiaçı1 mübahisəli mənzildə şəxsi vəsaiti hesabına otaq tikdirdiyini, iddiaçıların Hövsan qəsəbəsinə köçdükdən sonrakı illərdə də mübahisəli mənzildə yaşadıqlarını, mənzildə onların yaşayış üçün zəruri olan şəxsi əşyalarının olduğunu, Cavabdeh1 uzun illərdir başqa ünvanda yerləşən evində yaşamasını və mübahisəli mənzillə heç bir əlaqəsinin olmadığını, digər cavabdehin özünün şəxsi evinin olmasını və digər halları nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçılar və cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 göstərmişdir ki, iş üzrə Cavabdeh2 onun mərhum ərinin bacısıdır. Həyat yoldaşı evini özgəsinə satmaq istəmədiyi üçün ucuz qiymətə, yəni 20000 dollar məbləğə mübahisəli mənzili bacısı Cavabdeh2 satmışdır. Həmin ev özbaşına tikilidir. İddiaçılar bu evdə cəmi 3-4 il yaşamış və 15 ildən çox olar ki, həmin evdə yaşamırlar. İddiaçılar hal-hazırda Hövsan qəsəbəsində yaşayırlar. Şahid qismində dindirilmiş X6 göstərmişdir ki, İddiaçı1 1990-cı illərdə mübahisə predmeti olan evlərinin yanında anbar kimi bir yerdə 3-4 il yaşamışdır. İddiaçılar hətta həmin yerdə olan qonşuları da tanımırlar. İddiaçılar 15 ildən çox olar ki, həmin evdə yaşamırlar. İddiaçılar hal-hazırda Hövsan qəsəbəsində yaşayırlar. Şahid qismində dindirilmiş X8 göstərmişdir ki, o, İddiaçı1 və Cavabdeh2 bacısıdır. İddiaçı1 özünə məxsus evi olmamış, o, birinci həyat yoldaşından boşandıqdan sonra mübahisəli evə qayıtmış və orada bir müddət yaşamışdır. Həmin vaxt onun uşaqları körpə olmuşdur. Mübahisəli fərdi yaşayış evinə məxsus sənədlərin olub-olmaması barədə məlumatı yoxdur. İddiaçı1 ikinci dəfə ailə həyatı qurandan sonra uşaqları ilə birlikdə mübahisəli evdən köçərək, Hövsan qəsəbəsindəki evdə yaşamağa başlamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə küçəsi, 82 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində kiminsə adına qeydiyyata alınmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə küçəsi, 82 saylı mənzildə qeydiyyatda olsalar da, öz dediklərinə görə 2000-ci ildən həmin mənzili müvəqqəti tərk edib, mənzili Cavabdeh2 istifadəsinə vermişlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 08.01.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xudaverdiyeva (Həsənli) Böyükxanım İlyas qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8534/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 qarşı iddia tələbi “Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə küçəsi, 82 saylı mənzildən istifadə etmə hüququnun itirilməsi” hissəsində rədd edilmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə tədqiq olunan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3275 saylı 25.12.2019-cu il tarixli arayışda İddiaçı1 digər ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi Məktəb küçəsində nömrəsiz evə qeydiyyatsız yaşadıqları, həmin ünvanın isə şərti “ev61M18” olması barədə qeyd aparılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5437/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8534/2019 saylı 27.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən görünür ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, 2944 məhəllə küçəsi, 82 saylı mənzil özbaşına tikili olduğundan, nə iddiaçı Cavabdeh1, nə də cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, nə iddiaçıların, nə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları yaranmamışdır. Mənzildə qeydiyyatda olmaq isə istifadə hüququnun olmasının göstəricisi deyildir. Mənzilə köçürülmə barədə tələblərə baxarkən, məhkəmə ilk növbədə iddia irəli sürmüş şəxslərin mübahisəli mənzildən istifadə hüquqlarının olub-olmamasını araşdırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2021 saylı iş üzrə 17 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4997/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4997/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver