Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4998/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “pul tələbi”nə dair iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-584/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış “Nisyə alqı-satqı müqaviləsi” üzrə yaranmış və ödənilməmiş 33.360 manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Bakı şəhərində Dərnəgül bazarı yaxınlığında yerləşən “Gilan Knauf” tikinti materiallarının topdan və pərakəndə satış mağazasının müdiri vəzifəsində işləyir, cavabdeh özünü iddiaçıya Azərbaycan Respublikasında fəaliyyət göstərən məktəblərin təmiri ilə məşğul olan şirkətin nümayəndəsi kimi təqdim etmişdir. Cavabdeh 2012-ci ildə Gəncə, Saatlı və Gədəbəy rayonlarında aparılan məktəblərin təmiri ilə bağlı iddiaçıya məxsus olan “Gilan Knauf” şirkətinə məxsus və ümumi dəyəri 33.360 manat olan tikinti materialları sayılan alçıpanları ələ keçirmiş və həmin malların pulunu iddiaçıya ödəməmişdir. Halbuki Cavabdeh aldığı malların dəyərini 2012-ci ilin sentyabr ayının 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin malları götürənə qədər də cavabdeh iddiaçının daimi müştərisi olmuş və həmin vaxta qədər iddiaçıdan az-az götürmüş olduğu tikinti materiallarının pulunu qaytarmışdır. 2012-ci ilin avqust ayının sonlarında cavabdehin sifarişi əsasında 33.360 manatlıq alçıpan və aksesuarlar 2 ədəd “TİR” avtomaşınına yüklətdirməklə cavabdehin dediyi marşrut üzrə Gəncə şəhərinə göndərilmiş və bu malların hər biri qaimə fakturalarda öz əksini tapmışdır. Bu mallar “xxxxxxx” MMC-nin məsul işçisi Rəsul adlı şəxs vasitəsi ilə cavabdehə çatdırılmışdır. Lakin cavabdeh dediyi vaxtda həmin malların pulunu verməmiş, hər dəfə bir bəhanə gətirmiş və bundan sonra iddiaçı bu şəxsin onu aldadaraq etibarından sui-istifadə etdiyini görüb onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. İddiaçının şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində 6 il araşdırma aparılmışdır. Son nəticədə toplanmış material üzrə cinayət işinin icraatına xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda həmin qərarla iddiaçıya mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı polis orqanına şikayət etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh eyni qaydada başqa şəxsləri də aldatmış, onların əmlaklarını ələ keçirmişdir. İş üzrə digər cavabdeh M.İsgəndərli isə Cavabdeh işçisidir. O, iddiaçının göndərdiyi malların bir qismini qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-584/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını bildikdən sonra, bununla bağlı şikayət ərizəsi ilə polis orqanına müraciət etmişdir. Polis orqanında araşdırma başa çatdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bu hallara əhəmiyyət verməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, tətbiq etdiyi normanı səhv təvsir etmiş, prosessual qanunvericiliyin tələblərini pozmuş, bu isə iş üzrə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İşə apellyasiya qaydasında baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmiş, həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçı bu barədə lazımi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, digər cavabdeh Məzahim İsgəndərli isə məhkəmə iclasnın vaxtı və yeri haqqında bildirişin ona göndərilməsi barədə olan poçt zərfinin üzərindəki qeydə əsasən “köçüb” səbəbindən məhkəmə iclası barədə xəbərdar oluna bilməmiş və buna görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İşdə iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Əbdül Məhərrəmov hazırki işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası MPMnin 146 və 376.2-ci maddələrinin tələblərinə əsasən hazırki işə iddiaçının və digər cavabdeh Məzahim İsgəndərlinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Əbdül Məhərrəmov apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılır. İş materiallarından müəyyən olunur ki, tikinti materiallarının alqı-satqısı fəaliyyətini həyata keçirən iddiaçı, onunla daimi müştərisi hesab olunan Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin sifarişi ilə onun tərəfindən göndərilmiş tikinti materiallarının dəyərini təşkil edən 33.360 manat məbləğində pulun həm Cavabdeh, həm də sonuncunun işçisi olan digər cavabdeh M.İsgəndərlidən xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddiaya qarşı etirazı ondan ibarətdir ki, Cavabdeh iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Əksinə, idiaçının cavabdehə 7.500 manat məbləğində borcu vardır. Bu hallar Binəqədi Rayon Polis İdarəsində istintaqı aparılmış cinayət işi üzrə qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarla təsdiq edilmişdir. İddiaçının sözügedən malları “xxxxxxx” MMC-nin məsul işçisi Rəsul adlı şəxsə təhvil verməsi ilə bağlı hər hansı sübutu yoxdur. Bunlardan başqa, iddiaçı, hazırki iddianı verərkən mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, iddiaçı, şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh və başqaları tərəfindən aldadılaraq ondan alınmış təmir-tikinti materiallarının dəyərinin ona ödənilmədiyini və bununla da ona qarşı dələduzluq cinayətinin törədildiiyni göstərmişdir. İddiaçının həmin şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılmış və istintaqı aparılmışdır. Aparılmış istintaqın nəticəsi olaraq həmin cinayət işi üzrə Cavabdeh və başqalarının əməlində dələduzluq cinayətinin tərkibi olmadığına görə, cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin halı kimi müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etməsinə əsasən, Cavabdeh tərəfindən öhdəliyin icra edilməsi vaxtı, 2012-ci ilin sentyabr ayının 10-dək olan müddətə müəyyən olunmuşdur. Alqı-satqı münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən mübahisəyə dair iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Həmin vaxtda isə artıq iddia müddəti ötürülmüşdür. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, qanunda şifahi formada bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsini sübuta yetirmək ilk növbədə iddiaçı tərəfin üzərinə düşür. Bu kimi sübutlar iddiaçı tərəfindən təqdim edildiyi halda cavabdeh iddiaya dair etirazını sübut etmək yükünü daşıyır. İddiaçı bildirir ki, Cavabdeh sifarişi əsasında ona göndərilmiş tikinti materiallarının dəyərini təşkil edən 33.600 manat məbləğində pul ona ödənilməmişdir. İddiaya qarşı Cavabdeh etirazı isə ondan ibarətdir ki, onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, cavabdehlərdən tələb etdiyi borcun olmasını təsdiq edən qaimə-fakturalara istinad etməklə kifayətlənmişdir. İddiaçı tərəf həmin sənədləri iddia ərizəsinə əlavə etməmiş və ya işin məhkəmə baxışı zamanı da təqdim olunmasını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflər arasındakı mövcud mübahisənin həlli məqsədi ilə yuxarıda qeyd edilən sənədlərin, habelə digər sübutların təqdim edilməsi məqsədi ilə iddiaçını dəfələrlə məhkəməyə dəvət edərək, məhkəmə iclaslarını təxirə salmışdır. Lakin iddiaçı məhkəmə kollegiyasının ona yaratdığı bu imkandan və hüquqlarından istifadə etməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz dəlillərini sübuta yetirə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Göstərilənlənə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb əsassızdır və təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddia müddətinin ötürülməsinə də istinad etməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən “nisyə alqı-satqı müqaviləsi” üzrə öhdəliklər cavabdehlər tərəfindən icra edilməmiş olsa belə, iş materiallarından və iddiaçının özünün məhkəməyə verdiyi məlumatlardan görünür ki, iddiaçı, borcun qaytarılmadığını artıq 2012-cü ildə bilirdi. Belə ki, o, Cavabdeh barəsində xx.xx.2013-cü il tarixdə Binəqədi Rayon Prokurorluğuna müraciət edən zaman şikayətində qeyd etmişdir ki, Cavabdeh onu aldadaraq 2012-ci ildə qaytarılmalı olduğu 33.600 manat borcunu qaytarmaqdan imtina etməklə, ona qarşı dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İşin hallarından müəyyən olunur ki, iddiaçı mövcud mübahisə ilə bağlı ilk dəfə hüquq mühafizə orqanlarına xx.xx.2013-cü il tarixdə müraciət etsə də, hazırki iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2019-cu ildə müraciət etmişdir. Bu hallar da onu deməyə əsas verir ki, iddiaçı tərəf iddia ərizəsini qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, “İddia müddətinin axımının kəsilməsi” adlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinin tələbinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2). Göründüyü kimi, mülki qanunvericiliyin mənasına görə, iddia müddətinin kəsilməsi, hüququ pozulmuş şəxsin yalnız məhkəmədə iddia irəli sürülməsi ilə müəyyən edilmişdir. Həmin şəxsin eyni məzmunlu şikayətlə məhkəmədən kənar hüquq mühafizə orqanlarına müraciət etməsi ona münasibətdə iddia müddətinin axımını dayandırmır. Bununla da müəyyən edilir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Namizəd oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-584/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Namizəd oğlunun apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-4998/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4998/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver