Məhkəmə qərarları › İş №2(103)-5/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5/2024

01.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış yeri üzrə qeydiyyatın ləğvi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-341/2019 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 89 C №-li evlə bağlıdır. Evin əvvəlki nömrəsi 9A olub (bundan sonra – ev). 2.Ev xx.xx.2018-ci ildə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında ilkin qeydiyyatdan keçib. Daha sonra ev üzərində ər-arvadın - İddiaçı və Maraqlı şəxs paylı mülkiyyət hüququ tanınıb, hər birinin payı ½ hissə müəyyən olunub və Maraqlı şəxs ½ hissədə paylı mülkiyyət hüququ xx.xx.2021-ci ildə reyestrdə qeydə alınıb. 3.Cavabdeh1 evin paylı mülkiyyətçilərindən biri olan İddiaçı qardaşıdır. Cavabdeh2 isə Cavabdeh1 keçmiş arvadıdır. Onların nikahı xx.xx.2003-cü ildə bağlanıb, xx.xx.2018-ci il tarixli qətnamə ilə pozlub. 4.Cavabdeh2 və Cavabdeh1 evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat 5.İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı X1 evdən istifadə hüquqları itirilmiş hesab olunması və evdən qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilsin. Daha sonra iddia dəyişdirilib və tələb olunub ki, Cavabdeh1 və Cavabdeh2 evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul olunsun. Daha sonra yenidən iddia dəyişdirilib və tələb olunub ki, Cavabdeh1 və Cavabdeh2 evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul olunsun. 6.Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Cavabdeh2 azyaşlı övladı X2 ilə birlikdə evə köçürülməsi barədə qətnamə qəbul olunsun. 7.Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, Cavabdeh1 və Cavabdeh2 evdən istifadə hüquqları itirilmiş hesab olunsun, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd, qarşılıqlı iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, ev ər-arvadın, yəni Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına tikilib, lakin Cavabdeh2 evdən məhrum edilməsi məsədilə ev qanunsuz olaraq İddiaçı adına sənədləşdirilib. 9.İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Cavabdeh2 və Cavabdeh1 evdə qeydiyyatda olsalar da, evdən istifadə hüquqları yaranmayıb. Belə ki, ev xx.xx.2018-ci ildə mülkiyyət kimi ilkin qeydiyyatdan keçib və evin ilk mülkiyyətçisi İddiaçı olub. Cavabdeh1 və Cavabdeh2 evdə yaşasalar da, mülkiyyətçinin ailə üzvləri olmayıblar. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin 1-ci cümləsində qeyd olunub: “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Lakin Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçinin ailə üzvləri deyillər. Odur ki, həmin şəxslərin evdən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında yazılı razılaşma bağlanmalıdır. Lakin belə razılaşma bağlanmayıb. 12.Qətnamə həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. İlk iddiaya aid hissədə qətnamə ona görə ləğv edilməlidir ki, hər hansı hüququn itirilməsinin qət olunması üçün əvvəlcə həmin hüququn yarandığı müəyyən edilməlidir, çünki mövcud olmayan hüquq itirilə bilməz. İlk iddianın əsası nəzərdə alınmaqla itifadə hüququnun mövcud olmadığı qət edilməlidir. Qarşılıqlı iddiaya aid hissədə qətnamə ona görə ləğv olunmalıdır ki, evə köçürülmə barədə tələbin təmin edilməsi istifadə hüququ itirildiyinə görə deyil, istifadə hüququ yaranmadığına görə mümkün deyil. 13.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 341/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ilk iddiası qismən təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 89C nömrəli evdən (əvvəlki 9A nömrəli evdən) istifadə hüquqlarının olmadığı müəyyən edilsin. İlk iddianın qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh2 qarşılıqlı iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 89C nömrəli evdən (əvvəlki 9A nömrəli evdən) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar