Məhkəmə qərarları › İş №2(103)-50/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-50/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-50/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı, Tərcüməçi X2 qızının tərcüməçiliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh ilə 1984-cü ildə nikah bağlamış və sonuncu həmin vaxtdan Bakı şəhəri Nəsimi rayonu Moskva(Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilinə gəlin köçərək bu günə qədər orada yaşayır. İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur.

2. X6 23 aprel 1997-ci il tarixdə “insult” səbəbindən Bakı şəhərində ölmüş, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyətnə keçmişdir.

3. Bakı şəhəri Nəsimi rayonu Moskva(Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək 10.800 manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, iddiaçı Cavabdeh ilə 1984-cü ildə ailə quraraq nikah münasibətlərinə daxil olmuş və Cavabdeh anası - X5 məxsus olmuş Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinə gəlin köçərək orada onlarla birgə yaşamışdır. O, bu ünvanda yaşayış yeri üzrə qeydiyyata da alınmışdır. Bir neçə ildən sonra cavabdehlə aralarında olan münasibətlər son dərəcə pisləşmiş, aralarında tez-tez münaqişələr baş vermiş və nəticədə cavabdehlə birgə yaşamaları qeyri-mümkün olmuşdur. 1994-cü ildə cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Ailə münasibətlərinə xitam verildikdən sonra Cavabdeh bir müddət onun anasının mülkiyyətində olmuş mənzildə yaşamış, sonra övladları ilə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, orada özünə mənzil də almışdır. 1997-ci ildə onun anası vəfat edəndən sonra Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzili vərəsəlik qaydasında mülkiyyətinə keçmiş və həmin mənzilə dair mülkiyyət hüququ qeydiyyata alınaraq bu haqda ona çıxarış verilmişdir. Cavabdeh öz növbəsində Rusiya Federasiyasında vərəsəlik qaydasında mülkiyyətinə mənzil əldə etmişdir. Belə olan halda cavabdehin onun mülkiyyətində olan mənzilə ehtiyacı yoxdur. Belə ki, cavabdeh demək olar ki, daimi olaraq Rusiya Federasiyasının ərazisində yaşayır və orada özü üçün yaşayış yeri seçmişdir. Azərbaycan Respublikasında cavabdeh çox nadir hallarda olur. Rusiya Federasiyası Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən əldə etdiyi məlumata görə, Cavabdeh Volqoqrad vilayəti Voljskiy şəhərində Drujba prospekti ev 16 ünvanda yerləşən 41 saylı mənzilə dair mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, bütün bu qeyd olunanlar Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək niyyətində olmadığını açıq-aşkar sübut edir. Cavabdeh öz təşəbbüsü ilə ona məxsus mənzili tərk edib getmişdir və onun mülkiyyətində olan yaşayış sahəsinə cavabdehin ehtiyacı yoxdur. Hazırda da cavabdehin bu mənzildə yaşamaq niyyəti yoxdur, mənzildə formal qeydiyyatda qalmaqda yeganə məqsədi isə onun mülkiyyətində olan daşınmaz əmlak barəsində sərbəst şəkildə sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır. Cavabdeh artıq onun ailə üzvü olmadığından, özü üçün başqa daimi yaşayış yeri seçdiyindən və başqa ölkədə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyindən, bununla da, cavabdehin onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilinə olan istifadə hüququna Cavabdeh 10800(on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və onun həmin mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza xərci olan 100 manatın İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzili İddiaçı anası X4 vəsiyyətnamə üzrə keçmiş və hazırda onun xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin evə istifadə hüququ vardır. Hazırda iddiaçı cavabdehə 10.800 manat kompensasiya ödənilməsi şərti ilə ona məxsus Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmasını tələb edir. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 66 saylı evin 43 saylı mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı 250 - 300 manat təşkil edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, hamıya məlumdur ki, covid-19 ilə və digər formada olan infeksiya xəstəliyi dünyanı bürümüşdür. Bu səbəbdən covid-19-la xəstə olmayan şəxslər evlərində müalicə olunurdu. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS-forma 27 əsasında verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) ÇİXARİŞA əsasən xx.xx.2022-ci l tarixdən xx.xx.2022-ci il tarixədək ağır formada xəstəliklə bağlı müalicə olunmuşdur. Müayinə və müalicə ev şəraitində keçirilirdi. Xəstəxanalar covid olmayan xəstələri qəbul etmirdi. Xəstəliklə bağlı Cavabdeh xx.xx.2022-ci il tarixdə Nəsimi Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə məhkəmə baxışında xəstəliklə əlaqədar olaraq iştirak etməməsi, onsuz işə baxılmaması və iclası başqa vaxta keçirməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli ərizəsi ilə Cavabdeh xəstəliklə bağlı məhkəmə iclasında xx.xx.2022-ci il tarixdə iştirak edə bilməməsini göstərərək onun iştirakı olmadan işə baxılmaması və işin icratını sağalanədək dayandırılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh məhkəmədən xəstəliklə əlaqədar xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edə bilməməsini qeyd edərək onun iştirakı olmadan işə baxılmaması və icraatın onun sağalanadək dayandırılmasını xahiş edib. Lakin hakim C.Tağıyev bu barədə heçnə yazmır, icraatı dayandırmır, hətta Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini əsassız olaraq tətbiq etməklə yazır ki, “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır”. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Nəyə görə, nə səbəbə mənfi qiymət verməyərək gəlməməyin səbəbini qeyd etməyərək əsassız olaraq səhvə yol vermişdir. Lakin məhkəmənin ölmüş şəxsin adından icraatın dayandırılması haqqında şifahi vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin olunduğu yadından çıxmışdır. Bu isə ayrıseçkilikdir və qərəzlikdir. Cavabdeh məhkəmənin iclaslarında iştirak etməkdən məhrum olduğundan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə nəticələnmişdir. Belə ki, hakim C.Tağıyev Cavabdeh Rusiya Federasiyasında Volqoqrad vilayətində Voljskiy şəhərində Drujba prospekti ev 16 mənzil 41 dair mülkiyyət hüququ Dövlət Reyestrində xx.xx.2002-ci ildə Cavabdeh adına qeydiyyata alınmışdır. Bu mənzil ilə bağlı məlumat həqiqətə uyğun deyil və yoxlandıqdan sonra bu hal məlum olardı. Lakin məhkəmə bunu yoxlamadan həqiqətə uyğun kimi qəbul etmişdir və nəticədə Cavabdeh yaşayış sahəsinə ehtiyacı olmaması kimi qiymətləndirilmişdir. Daha sonra, məhkəmə Cavabdeh 2012-ci ildən başlayaraq 2020-ci ilədək Rusiya Federasiyasına girib-çıxmasının qeyd etməklə guya Cavabdeh daima orda yaşamasının yaşayış yerinin seçməsi kimi müəyyən etdiyini qeyd edir. Məhkəmənin bu dəlili həqiqətə uyğun deyil, ona görə ki, Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır və hər il üç aydan çox olmayaraq müddət ərzində qızı Aleksndranın yanına Sankt Peterburq şəhərinə nəvələrinə dayəlik etməyə gedib-gəlir. Lakin İddiaçı adından verilmiş iddia ərizəsinin baxılmaması haqqında apellyasiya məhkəməsinin göstərişinə əməl etməyərək işə baxan məhkəmə qanunsuz olaraq işə baxmışdır və qanunsuz qətnaməni qəbul etmişdir. İşə baxan hakim qərəzliyini nümayiş etdirmişdir. Belə ki öz qərardadı ilə Aleksey Zakirovun 14 saylı notariat ofisinə və diqər şəxslərə qarşı vərəsəlik haqqında Şəhadətnamənin və onun əsasında ölmüş İddiaçı adına verilmiş mənzilə dair mülkiyyət hüququ haqqında Çıxarışın etibarsız hesab edilməsi və onu vərəsəliyi qəbul etmiş tanıması haqqında iddiası üzrə mülki işin icraatını dayandırmışdır. Dayandırmasını digər mülki işlə yəni şəxsi ölmüş elan edilməsi haqqında mülki iş yekün məhkəmə qərarı ilə nəticələnədək motiv etmişdir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi onun dayandırma haqqında qərardadını ləğv etməklə işin xitam verilməsinə və iddianı geri qaytarması barədə qöstəriş vermişdir. Lakin hazırki işə baxan hakim apellyasiya məhkəməsinin göstərişinə əməl etməyərək qanunsuz olaraq işin baxılmasına yol verdi. Nəticədə qanunsuz qətnaməni qəbul etdi. Lakin bu işlə bir başa bağlı olan birinci vərəsəlik işini dayandırılmış kimi saxlanılması və ya bir yerdə bu işlə baxılmaması və ya əvvəlcə birinci işin baxılması sonra isə hazırki işin baxılması hakimin qərəzliyinin nümayiş etdirir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1-228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

12.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

13.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

14.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır....”

15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə kompensasiya məbləğinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri kompensasiya məbləği ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə kompensasiyanın məbləği baxımından iddia haqlı sayılmır.

24. Belə ki, mülki iş apellyasiya icraatında olarkən Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilin hazırki bazar dəyəri, eləcə də aylıq kirayə haqqı nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və alınmış məhkəmə əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizasının 29 avqust 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 89900,00 manat məbləğində olduğu müəyyən olundu. Rəyə 3 vərəqdən ibarət internet məlumatları əlavə edilir.Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilin və həmin ərazidə ona oxşar şəraitli mənzillərin bir aylıq kirayə haqqının orta bazar qiyməti təxminən 350.00 manat müəyyən edilir.

25. Bu rəylə yanaşı Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 24 sentyabr 2024-cü il tarixli Arayışında Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı ümumi sahəsi 39.1 kv. metr olan 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, orta girişdə yerləşən 2 otaqlı, tam təmirli mənzilin hazırkı bazar dəyəri 115000(yüz on beş min) manat, aylıq icarə dəyəri isə 450(dörd yüz əlli) manat təşkil edir.

26. Məhkəmə tərkibi qeyd edir ki, bu cür mübahisələrə baxarkən iddia edənin mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğu, hüququna xitam verilməsi tələb olunan şəxs(lər)in yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyi və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxs(lər)in bu hüququna xitam verilməsi üçün yetərli olduğu müəyyən edilməlidir. 27.Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı 2 otaqlı mənzili vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Tərəflərin birgə nikahından doğulmuş övladı tərəfindən mənzilin vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçməsi mübahisələndirilsə də iddia keçərli olmamışdır.

28. Bir sözlə, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı 2 otaqlı mənzil hazırda iddiaçının mülkiyyətindədir. Yəni hazırki iddianı qaldırmağa onun subyektiv hüququ mövcuddur.

29. Apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini müəyyən edərkən birinci instansiya məhkəməsində yekun olaraq 10800 manat, apellyasiya baxışında isə iddiaçı tərəfin ekspertiza rəyini nəzərə alaraq 12600 manat təklif etməsi ilə razılaşmır. Çünki bu məbləğlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən ediləcək kompensasiyanın məbləği ilə uzlaşmayacağı açıq-aşkar görünür.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

31. Eyni zamanda, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil olmadığından belə işlərə baxarkən, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, bu məbləği bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

32. Məhkəmələr tərəfindən kompensasiyanın müəyyən edilməsi qaydası belə işlərə baxılması zamanı mühüm əhəmiyyətə malik olmaqla, mübahisə tərəflərinin mülkiyyət və istifadə hüquqlarının daha səmərəli müdafiəsinə, tərəflər arasında yaranmış hüquq münasibətlərinə müəyyənlik gətirilməsinə, mübahisə tərəflərinin sonsuz məhkəmə çəkişmələrinə cəlb olunmasının qarşısının alınmasına və bununla da prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edir. Bu baxımdan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələblərinə baxılması zamanı iddianı rədd edən məhkəmənin bu cür xitam üçün yetərli olan kompensasiya məbləğini müəyyən etməməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

33. Düzdü, birinci instansiya məhkəməsi tərəfindən kompensasiya məbləği 10800(on min səkkiz yüz) manat müəyyən edilsə də cavabdeh tərəf kompensasiyanın məbləğindən asılı olmayaraq onsuzda iddianı qəbul etmir, başqa sözlə mənzildə yaşamaqda davam etmək istədiyini bəyan edir. Lakin işdən də bəlli olur ki, tərəflər keçmiş ər-arvad olsa da uzun illərdir ki, mübahisəli mənzillə bağlı aralarında olan məhkəmə mübahisələri davam edir. Demək ki, aralarında razılaşma yoxdursa mübahisənin birdəfəlik həlli onu zəruri və qaçılmaz edir.

34. Məhz tərəflər arasında olan uzunmüddətli sonu görünməyən məhkəmə çəkişmələrinin birdəfəlik həlli məqsədilə apellyasiya instansiya məhkəməsi kompensasiyanın məbləğini birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən təxminən iki dəfə çox, yəni bazar qiymətinə uyğun olaraq 30000(otuz min) manat müəyyən edilməsini məqsədə uyğun hesab etdi. İddiaçının nümayəndəsi və vəkili isə apellyasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək ekspertiza rəyini nəzərə alaraq kompensasiya məbləğinin 12600(on iki min altı yüz) manata artıraraq cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh tərəf isə yuxarıda qeyd olunduğu kimi məbləğindən asılı olmayaraq ümumiyyətlə kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz edir. Buna baxmayaraq, məhkəmə tərkibi özünün müəyyən etdiyi və tərəflərin isə bununla razılaşmadığı 30000 (otuz min) manat məbləğində kompensasiya məbləğini ağlabatan və ədaləti hesab edir. Bu qənaətə gələrkən məhkəmə tərkibi cavabdehin qeyd olunan mənzildə 40 il ərzində davamlı və fasiləsiz yaşamasını nəzərə alır. Çünki cavabdeh davamlı olaraq həmin mənzildə yaşayır və mənzillə sabit əlaqəsi heç vaxt kəsilməmişdir.

35. Məhz bu məbləğ cavabdehə mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Düzdü, kompensasiyanın məbləği müəyyən edilərkən mənzilin dəyərinin buna təsiri olmasa da apellyasiya instansiya məhkəməsində alınmış ekspert rəyində mübahisə predmeti olan mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 89900 manat, mütəxəssis arayışında isə 115000 manat olduğu müəyyən edilmişdir. Bu halın özü də 30.000 (otuz min) manat kompensasiya məbləğinin ədalətli və ağlabatan olduğunu təsdiq edir. Ancaq iddiaçı tərəf bu məbləğdə kompensasiya ödəməyə razı olmadığından iddiası da təmin edilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, kompensasiya institutu cavabdehə evin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği tərəflər razılaşmasada işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğunluğunun yoxlanılması üçün evin bazar dəyəri və aylıq kirayə haqqı da müəyyən edilmişdir.

37. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməli; iddia ərizəsi və apellyasiya şikayətini vermək üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilməli; ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətini vermək üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar