Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5002/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə “xxxx” İKB-nin 6 saylı filialı (bank) və Cavabdeh arasında 2012-ci il buraxılışlı “VAZ-21214” markalı parlaq ağ rəngli avtomobilin alınması məqsədilə kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə, illik 21% olmaqla 8500 manat kredit verildiyini, kreditin təminatı olaraq həmin avtomobilin ipoteka ilə yüklü olunduğunu, həmçinin bank, MMC və Cavabdeh arasında zaminlik müqaviləsi bağlandığını, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyi üçün həmin öhdəliyin icrası barədə kreditorun zaminə borcun ödənilməsi təklifini irəli sürdüyünü və MMC-nin borclunun banka ödənilməli olan 8070 manat borcunu ödədiyini bildirmiş, buna görə də cavabdehdən 8070 manat məbləğində kredit ödənişinin əvəzinin və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddianın isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin faktiki hallarını düzgün qiymətləndirmədiyi, iddiaçının iddia müddətini ötürməklə iddia qaldırmıış olduğunu nəzərə almadığı, iddia müddətinin tətbiqi ilə bağlı qanunvericilik normalarını yanlış təfsir etdiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafi edərək şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə,“xxxx” İKB ASC iləCavabdeh arasında xx.xx.2012-ci il tarixdə kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 21%-lə 8500 manat məbəğində kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı MMC bank qarşısında zamin durmuş, cavabdeh öhdəliklərini lazımi qaydada icra etmədiyindən banka ödənilməli borcun 8070 manatı zamintərəfindən ödənilmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan hala istinadla irəli sürülmüş, cavabdeh iddiaya iddia müddətinin ötürüldüyünə istinadla etiraz etmiş, birinci instansiya məhkəməsi isə zaminin kreditora ödədiyi məbləği borcludan tələb etməsinin müqavilədən deyil, qanundan irəli gələn hüquq olduğunu vurğulayaraq iddia müddətinin ötürüldüyünə dair cavabdehin arqumentini əsassız hesab etməklə iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin də əsas dəlili iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmiş olması barədə olduğundan, məhkəmə kollegiyası onun bu arqumentinə qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə görə isə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə görə, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məcəllənin 377.4-cü maddəsinə görə isə, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məhkəmə kollegiyası hesab edir ki, zaminlə əsas borclu arasındakı münasibətlər müqavilə əsasında yarandığından və zaminin kreditor qarşısındakı öhdəliyi əlavə (aksessor) öhdəlik olduğundan, zaminin borclu qarşısındakı hüquqlarına qanundan irəli gələn hüquqlar kimi qiymət verilməsi mümkün deyildir - buna görə də, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair apellyasiya şikayətinin dəlili qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından əsaslı olmaqla hazırki işdə iddia müddətinin axımı İddiaçı MMC-nin cavabdehin kredit öhdəliyini sonuncu dəfə icra etdiyi xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 2019-cu ilin iyul ayında müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5082/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin əvəzinin tutulması” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5002/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5002/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver