Məhkəmə qərarları › İş №2(103)-5004/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5004/2024

19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5004/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla faktın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(011)-5976/2024 nömrəli qərardadından ərizəçinin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla doğum faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli, e-2(011)- 5976/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Həmin qərardaddan Ərizəçi şikayət verərək ləğv olunmasını xahiş etmişdir

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(011)- 5976/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilərək, qərardad ləğv edilmiş, ərizə MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olmadığına görə geri qaytarılmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, Ərizəçi Türkiyə Respublikası tərəfindən verilmiş vəsiqə və pasportdan onun “01 iyul 1954-cü ildə Gədəbəy rayonunda” doğulması görünür, ikincisi, ərizədə doğum faktının müəyyən edilməsinin ərizəçiyə uzun müddətli qeydiyyat üçün lazım olduğu qeyd edilsə də, iş materiallarından onun Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1B, ev 68 üvanında qeydiyatda olması müəyyən olunur, üçüncüsü, Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini tənzimləyən 307-ci maddəsində də ərizəçinin tələb etdiyi “doğum faktının müəyyən olunması” hüquqi əhəmiyyəti olan fakt kimi nəzərdə tutulmamışdır ki, belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Ərizəçi Türkiyə Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında əcnəbi statusundadır və Azərbaycan Respublikasında xarici şəxslərin mülki icraatda iştirakını tənzimləyən MPMnin normalarında, o cümlədən xüsusi icraat işlərinə dair halları müəyyən edən MPM-nin 445-ci maddəsində məhkəmələrin beynəlxalq səlahiyyətləri üzrə “doğum faktının müəyyən olunması” nəzərdə tutulmamışdır.

6. Həmin qərardaddan ərizəçi şikayət verərək ləğv olunmasını xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, ərizə ərazi aidiyyəti pozulmadan verilmiş və ərizə xarici vətəndaşın adından verilsə də, MPM-in 445-ci maddəsində xarici vətəndaşa münasibətdə doğum faktının müəyyən edilməsi qeyd olunmasa da, sözü gedən ərizəyə baxılarkən analogiya tətbiq edilə bilər. Ərizəçi Azərbaycan Respublikasında anadan olub və sənədlərdə də, bu hal təsdiqini tapır və eyni qaydada xarici vətəndaş olaraq Azərbaycan Respublikasının ərazində müvəqqəti qeydiyyatı var. Belə olan halda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Ərizəçi ərizəsinə baxılmasına məhkəmə səlahiyyətlidir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(011)- 5976/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.2.3. İddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Maddə 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 439. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı hissəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İşdən göründüyü kimi, Ərizəçi 01 iyul 1954-cü ildə Gədəbəy rayonunda doğulmuşdur, Türkiyə Respublikasının vətəndaşıdır və hazırda Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 1B, ev 68 üvanında qeydiyatdadır.

12. Hazırkı ərizə xüsusi icraat qaydasında verilmişdir, MPM-nin 445.0.1-ci maddəsi məhkəmələrin beynəlxalq səlahiyyətləri üzrə Azərbaycan Respublikasının məhkəmələrinin hansı xüsusi icraat işlərinə baxmalı olduğu qeyd olunmuşdur. İş üzrə uyğunlun təşkil edən maddənin 445.0.5—ci bəndidir ki, həmin bənd də barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyini nəzərdə tutur. Hazırkı ərizənin mahiyyəti isə vətəndaşlıq vəziyyəti akt qeydlərində yanlışlıqların müəyyən edilməsi ilə bağlı deyildir.

13. Bundan başqa, MPM-nin 310.1-ci maddəsində qeyd olunur ki, faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizədə ərizəçinin Azərbaycan Respublikasında uzun müddətli qeydiyyata düşmək üçün məndən doğum haqqında şəhadətnamə istənilməsi, şəhadətnaməni əldə edə bilməməsi qeyd olunsa da, onun qeydiyyata düşməsi üçün müvafiq orqana müraciət etməsi, həmin orqanın məhz bu əsasla imtina etməsini təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır.

14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(011)- 5976/2024 nömrəli qərardadından Ərizəçi verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2(011)- 5976/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar