Məhkəmə qərarları › İş №2(103)-5009/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5009/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5009/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2462/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun silinməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2020 saylı 13.10.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı “İddiaçı“ ASC şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2462/2021 saylı 08.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2020 saylı 13.10.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Həmin qərardaddan Cavabdeh1 MMC şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2462/2021 saylı 08.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)- 2462/2021 saylı qərardadı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2462/2021 saylı, 08.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-578/2020 saylı, 13.10.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2462/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən barışıq Sazişi əsas götürülərək, İddiaçı ASC-nin cavabdehlər ”Cavabdeh1” MMC-yə və qeyrilərinə qarşı “borcun silinməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair 2(001)-578/2020 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə 13.10.2020-ci il tarixində qərardad qəbul etmişdir. 13.04.2018-ci il tarixli barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmamış və cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir. Eləcə də qeyd edlməlidir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-2462/2021 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin İddiaçı ASC-yə olan mövcud borcu müəyyən edilmişdir. Həmçinin mülki iş üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların qiymətləndirilməsinə dair müvafiq məhkəmə ekspertizası təyin edilmişdir. 2(0010-578/2020 saylı mülki iş Binəqədi Rayon Məhkəməsinə 07.10.2019-cu il tarixində daxil olmuşdur. Həmin mülki işə 1 il müddətində baxılaraq, yekunda iş üzrə icraata xitam verilməsi əsassız və qanunsuz olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2462/2021 saylı qərardadı ləğv edilməli, iş üzrə məhkəmə icraatının davam etdirilməsi məsələsinin müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan 13.04.2018-ci il tarixli Barışıq Sazişindən məlum olur ki, Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə ümumilikdə 647.465,25 manat kredit borcu vardır. Lakin MMC və bank qarşılıqlı razılaşmaya əsasən göstərilən borcu silərək 384.000 manat məbləğində müəyyən edir. Banka olan 384.000 manat ümumi borcundan borclu 70.000 manat vəsaiti 10.05.2018-ci il tarixinədək, yerdə qalan 314.000 manat məbləği isə 01.04.2019-cu il tarixədək tam şəkildə gecikdərməmək şərti ilə banka ödəməyi öhdəliyinə götürür. Öhdəlik tam icra edildikdən sonra həmin öhdəliklə bağlı olan ipoteka müqavilələri ləğv edilir. Eyni zamanda İddiaçı ASC gələcəkdə “xxxx” MMC-nin öhdəliklərini tam yerinə yetirdiyi halda mövcud kredit müqavilələri üzrə bank tərəfindən məhkəmə instansiyalarında heç bir iddia tələbi irəli sürməyəcəyi və mövcud qətnamələr üzrə tələblərini icra mərhələsindən geri çəkəcəyi barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Kollegiya şikayətin də dəlillərini əsas götürərək, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 13.04.2018-ci il tarixli Barışıq Sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilmədiyindən, həmin Sazişi əsas götürməklə iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-2462/2021 saylı qərardadı ləğv edilməli, iş üzrə məhkəmə icraatının davam etdirilməsi məsələsinin müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)- 2462/2021 saylı qərardadı ləğv edilsin və iş üzrə məhkəmə icraatının davam etdirilməsi məsələsinin müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar