Məhkəmə qərarları › İş №2(103)-501/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-501/2025

14.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-501/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: “işə bərpa”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X5 oğlu iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı "işə bərpa" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 saylı 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" MTK-da istismar xidmətləri üzrə texnik vəzifəsinə qəbul edilmişdir. "xxxx" MTK-da aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin MTK-da istismar xidmətləri üzrə texnik ştatı ixtisar edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Hazırda "xxxx" MTK-da cəmi 4 işçi fəaliyyət göstərir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Koperativinə elektrik vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Mənzil Tikinti Koperativi ilə müddətsiz əmək müqaviləsini bağlamışdır. Kooperativ tərəfindən inşa olunan çoxmənzilli yaşayış binasının elektrik işçisi vəzifəsində fəaliyyətə başlamışdır. 2023-cü ildə Cavabdeh Mənzil Tikinti Koperativi ilə AR Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən işçilərin sayı və ya ştat ixtisar edilmə məqsədilə xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdi. 2023-cü ilin iyun ayında MTK tərəfindən inşa olunan yaşayış binasında işlərin görülməsinə dair “X3” Məhdud Məsuliyyətli Cəmiyyət başlamışdır. Onunla MTK əmək müqaviləsini bağlamış olsa da, o və digər işçilər orada 2023-cü ildə işləyən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin işlərini yerinə yetirmişlər. Hətta belə “X3” MMC-nin uniformasını geyinirdi və 70001344 nömrəli iş kartından (beydjik) istifadə edirdi. Bir ildən artıq MMC-də işçi olaraq işləmişdir. Lakin “X3” MMC-nin rəhbərliyi ona bildirmişdir ki, ştatda işçilər ixtisar olunur. Halbuki, reallıqda işdən təkcə o çıxarılmışdır. Sonra anladı ki, onu işdən çıxarmaq üçün səbəb tapa bilmədiklərinə görə işdən ixtisar adıyla çıxarılmışdır. İşdən çıxarılmağı faktiki “X3” MMC-dən olsa da, rəsmi Cavabdeh Mənzil Tikinti Koperativindən çıxarılmışdır. İşdən çıxarılmağı barədə əmrin sürəti DOST Mərkəzindən verilmiş olsa da, MTK-dan ona nə əmr, nə də ki əmək kitabçası rəsmən verilməyib. Onun himayəsində azyaşlı xəstə uşağı, 2-ci qrup əlil atasının və həyat yoldaşının olduğunu bildirsə də buna əhəmiyyət verilməyib və həm rəsmi əmək müqaviləmə xitam verilmişdir həm də faktiki işlədiyi “X3” Məhdud Məsuliyyətli Cəmiyyətdən işdən çıxarılmağı bildirilmişdir. Məsələni məhkəməyə qədər Mediator vasitəsilə həll etmək üçün Mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhəri 9 saylı mediasiya təşkilatının mediatoru ona və Cavabdeh Mənzil Tikinti Koperativinə mediasiya sessiyasının keçirilməsi haqda məktub göndərsə də onlar mediasiya sessiyasına gəlməmişlər. Sonra ona İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur.

4. Cavabdeh "xxxx" MTK iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 70001344 saylı əmək müqaviləsinə əsasən iddiaçı istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MTK ilə əmlak idarəetmə şirkəti olan “X3” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli PPM-KBR-01 saylı xidmət müqaviləsinə əsasən sonuncu, MTK-ya "xxxx" yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün müxtəlif işlərin görülməsini və xidmətlərin göstərilməsini, habelə MTK-nı lazmi işçi qüvvəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bu Xidmət müqaviləsinə əsasən "xxxx" yaşayış kompleksində çalışan bütün işçilər (MTK- nın işçisi olub-olmamasından asılı olmayaraq) vahid forma və giriş-çıxış kartları ilə təchiz edilmişdir ki, bu işçilərdən biri də məhz iddiaçı olmuşdur. Bundan əlavə, qeyd edilən Xidmət müqaviləsinə əsasən “X3” MMC cavabdehə xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK-nın əlavə işçi saxlamasının MTK-ya əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, Cavabdeh MTK 2023-cü ilin may ayında MTK-nın bir sıra işçiləri ilə əmək müqavilələrinə qanunvericiliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər “X3” MMC-yə işə qəbul olunmuşdur. Eyni vaxtda MTK iddiaçıya da müraciət edərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsini təklif etsə də, iddiaçı bundan imtina etmişdir. Bir ildən artıq müddətdə iddiaçının MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən təmin olunduğunu nəzərə alaraq, MTK-nın xx.xx.2024-cti il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Bu barədə işçi ilə görüşdə ixtisar barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu işçiyə təqdim edilmiş, lakin işçi əmrlə tanış olmaqdan və onu imzalayıb təhvil almaqdan imtina etmişdir. Bu səbəbdən ixtisar barədə xəbərdarlıq haqqında məktub iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Xırdalan, H.Əliyev pr. 112, Şeron MTK-63, Blok A, mənzil 20 ünvanına göndərilmiş, sonuncu ünvanda məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, xəbərdarlıq məktubu işçiyə çatdırıldıqdan sonra xx.xx.2024-cü il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmrlə iddiaçının əmək müqaviləsinə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilmişdir. İddiaçıya telefonla əmək kitabçasını sonuncu iş günü sayılan xx.xx.2024cü il tarixində gəlib təhvil alması bildirilsə də, işçi bundan imtina etmişdir. Buna görə də, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə işçinin razılığını almaq üçün ona xx.xx.2024-cü il tarixli məktub elə həmən tarixdə göndərilmiş, işçinin yaşayış ünvanında məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Etiraz ərizəsinə əlavə etdikləri ştatların sayına dair ƏMAS sistemindən çıxarışa nəzər yetirilsə bilinər ki, MTK-nın hazırki işçi siyahısında cəmi 4 işçisi vardır ki, onlardan biri onun sədri, digərləri isə MTK-nı müxtəlif qurumlarda təmsil etmək üçün fəaliyyət göstərirlər. Göründüyü kimi cavabdeh öz faəliyyətini təmin etmək üçün bütün digər texniki işçi heyətini mülki müqavilə əsasında kənar şirkətdən təmin etdiyi üçün iddiaçının xidmətlərinə ehtiyac qalmamışdır. İddiaçının qeyd etdiyi kimi, işçilər “X3” MMC-nin işlərini yerinə yetirmir, əksinə MTK-nın fəaliyyətinin təmini üçün zəruri olan işləri icra edirlər. İşçilərə “X3” MMC-nin loqosu olan formanın və kartların verilməsi onların “X3” MMC-nin işçiləri olması demək deyildir. İddiaçının qeyd etdiyi kimi işdən təkcə onun çıxarılması iddiası da doğru deyildir. Belə ki, yuxarıda da yazıldığı kimi MTK-nın işçi qüvvəsini və xidmətləri kənar şirkətdən təmin etməsi səbəbindən özündə işçi saxlaması MTK-ya əlavə xərclərə səbəb olmuşdur. Buna görə də bir sıra işçilər 2023-cü ilin may ayında ərizələrinə əsasən MTK-dan ayrılmış və “X3” MMCya işə qəbul olunmuşlar. İddiaçı bundan imtina etdiyi üçün 2024-cü ilin may ayınadək MTK-nın işçisi olaraq qalmışdır. İddiaçının qeyd etdiyi kimi əmrin və əmək kitabçasının ona rəsmi verilməməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi müvafiq sənədlər ona poçt vasitəsilə çatdırılmışdır. Bunu iddiaçının iddia ərizəsinə əlavə etdiyi qoşma sənədlərin siyahısında göstərdiyi “MTK-nın əmək kitabçasının göndərilməsi haqda bildiriş” və “Ştat sayının ixtisar ilə bağlı xəbərdarlıq” sənədlərindən də görmək olar. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, himayəsində azyaşlı xəstə uşağının, 2-ci qrup əlil atasının və həyat yoldaşının olması qanunvericiliyə əsasən işçinin ixtisar olmasına mane olan hallar deyil. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi qadağan olunan işçi kateqoriyalarından heç biri iddiaçıya aid deyildir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 23 may 2024-cü il tarixli “işçi sayının ixtisar edilməsi barədə” 003/24-k saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi İddiaçı ştatının ixtisara düşməsi olmuşdur ki, nəticədə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. İddiaçı hazırda onun əmək müqaviləsinə cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq işdən çıxarıldığını iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir.

7. Həmçinin məhkəmə qeyd etmişdir ki, MTK-nın xx.xx.2024-cti il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Bu barədə xəbərdarlıq haqqında məktub iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Xırdalan, H.Əliyev pr. 112, Şeron MTK-63, Blok A, mənzil 20 ünvanına göndərilmiş, sonuncu ünvanda məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Bunu iş materiallarında olan xəbərnamə (qəbz) də təsdiq edir. Daha sonra Qanunvericiliyin tələblərinə uyğun olaraq, xəbərdarlıq məktubu işçiyə çatdırıldıqdan sonra xx.xx.2024-cü il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmrlə İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilmişdir. İddiaçıya telefonla əmək kitabçasını sonuncu iş günü sayılan xx.xx.2024cü il tarixində gəlib təhvil alması bildirilsə də, işçi bundan imtina etmişdir. Buna görə də, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə işçinin razılığını almaq üçün ona xx.xx.2024-cü il tarixli məktub elə həmin tarixdə göndərilmiş, işçinin yaşayış ünvanında məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Bunu iş materiallarında olan xəbərnamə (qəbz) də təsdiq edir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 4.1, 9, 11.1, 12, 68.1, 70, 71.1, 77, 78.1, 79.1, 80.1, 80.2, 83.1, 83.2, 84.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kooperativdə ixtisar edilməsi dedikdə ixtisar bir nəfər üçün olmalı deyil. Bu tədbir kütləvi xarakter daşıyır. Bu səbəbdən işə götürən MTK ona qarşı qərəzli mövqe nümayış etdirərək digər işçilərdən fərqli olaraq işən azad etmişdir. Məhkəmə isə işi araşdırmaqdan yayınmış və işə qeyri-obyektiv baxaraq iddiasının rədd edilməsi qərara gəmişdir. Bu səbəbdən iş yenidən araşdırılmalı və işəgötürən Cavabdeh MTK-nın Qanunun tələblərinə əməl edərək işə bərpa edə bilər. Məhkəmə işə mahiyyəti üzrə baxdıqdan sonra məhkəmə qətnaməsini qanuni və əsaslı olan qətnaməni qət etməli idi. Lakin Məhkəmə işçinin hüquqlarını pozan, işə bərpa olunmasını mümkün etməyən əsassız qətnaməni qət etmişdir. Məhkəmə ona və cavabdehə məhkəmə baxışını barışıq sazışı İlə tamamlamağa təklif etməyə borclu olduğu halda nə ona, nə də ki cavabdehə işlə bağlı barışıq sazişini bağlamağına təklif etməmiş və bunun üçün cəhd göstərməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 2023cu ildə onu 2 aylıq işdən azad ediblər, daha sonra isə bərpa ediblər, həmin vaxt heç bir sənədə imza atmamışdır. Daha sonra isə 65 manat maaşını kəsmişdilər. Bundan sonra o, Əmək Müfəttişliyinə şikayət etdikdən sonra onunla şəxsi qərəzlik edərək onu ixtisar etdilər. Həmin MTK-da təqribi 70 nəfər işçi idilər, hal-hazırda onlar orada fəaliyyət göstərirlər. O, işdən azad olunandan sonra daha iki nəfər elektrik işə götürüblər. Cavabdeh şirkət yalnız onu ixtisar etmişdir. İşçilər qaldı, sadəcə şirkətin adı dəyişdi. Onun üçün fərqi yoxdur, “X3” MMC-də işə bərpa oluna bilər. Onun öhdəliyində körpə uşağı vardır, səhhəti yaxşı deyildir,

13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh şirkət arasında 2022-ci ilin 1 iyul tarixində əmək müqaviləsi bağlanmışdır və İstismar Xidmətləri üzrə texnik vəzifəsinə qəbul olunmuşdur. “Knightsbride Ağ şəhər" MTK-nın bütün işçiləri ilə əmək müqavilələri 2023-cü ilin may ayından hissəvi şəkildə qarşılıqlı razılıq əsasında xitam verilmişdir. Həmin işçilərlə əmək müqaviləsini başqa bir şirkət bağlamışdır. İddiaçı da həmin işçilərdən biri olmuşdur və həmin vaxt müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsinə etiraz etmişdir. "xxxx" MTK-da həmin müddətdən sonra heç bir texniki işçi olmamışdır. İxtisardan əvvəl işçilər 5 nəfərdən ibarət idi. Texniki vəzifədə yalnız iddiaçı idi, qalan vəzifələr isə inzibati vəzifələr idi. İddiaçı elektrik idi. 2023-cü ilin mayın ayından etibarən işçilərlə əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən zaman iddiaçıya da müqaviləsinə xitam verilərək başqa şirkətə keçirilməsi ilə bağlı təklif olunmuş, o, bundan imtina etdiyinə görə şirkətdə qalmışdır. Bütün işçilər “X3” MMC tərəfindən təmin olunmuşdur. Şirkətin ştatlarının sayının ixtisarı getmişdir. Tək ixtisar qərarı iddiaçı ilə bağlı olmuşdur. Onların iddiaçı ilə bağlı qərəzli mövqeyi yoxdur. Həmin vaxt artıq onların şirkətdə texniki işləri yerinə yetirəcək işçiyə ehtiyacı yox idi, çünki həmin işçiləri başqa şirkətlə bağladıqları müqavilə əsasında həmin şirkət təmin edirdi. Qalan bütün prosedurlar Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq həyata keçirilmişdir. Hazırda MTK binanı tikmiş, hazır vəziyyətə gətirmişdir, son mənzillərin satışı həyata keçirilməkdədir. İxtisar məsələsi ilə bağlı onlar qarşı tərəfə rəsmi məlumat vermişlər. Bu işi hazırda barışıqla yekunlaşdırmaq mümkün deyildir, hazırda MTK-da texniki vəzifə qalmamışdır. Təqdim olunmuş sıyahıdan görünür ki, iddiaçıdan əvvəl sonuncu olarq ƏMnin 68-ci maddəsi ilə işdən ayrılan Məmməzadə Elvin olmuşdur, o maliyyə şöbəsinin işçisi olmuşdur, maliyyə məsələlərinə baxmışdır və xx.xx.2024-cü il tarixində işdən ayrılmışdır. Bundan əvvəl Samir Zeynalov olmuşdur, MTK-nın əvvəlki sədri olmuşdur. MTK-da sədr dəyişikliyi 2023-cü ilin dekabr ayının sonunda baş vermişdir, əvvəlki sədr işdən çıxmış və yeni sədr işə qəbul olmuşdur. Ondan əvvəl Jalə Mürsəlova olmuşdur və İnsan Resurslarının əməkdaşı olmuş və digər əməkdaşlarda 2023-cü ilin may və iyun aylarında işdən ayrılmışdır. İddiaçı MTK-da qalmış yeganə texniki işçi olmuşdur və həmin işlərin icrası üçün cəlb olunan bütün işçiləri “X3” MMC bağlanmış müqavilə əsasında təmin etdiyi üçün iddiaçının MTK-nın işçisi olaraq qalmasına ehtiyac olmamışdır. Əksinə əlavə bir maddi yük idi. Ona görə də ixtisar qərarı verilmişdir. Adıçəkilən şəxslər cavabdeh şirkətdə işləmirlər. İddiaçı onların şirkətin işçisi olmuşdur.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

18.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 19.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 20.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 21.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 22.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 23.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 24.78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 25.79-cu maddəsinin birinci və ikinci hissələrinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 26.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 30.Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 31.Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq "xxxx" MTK-da istismar xidmətləri üzrə texnik vəzifəsinə qəbul edilmişdir. "xxxx" MTK-da aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin MTK-da istismar xidmətləri üzrə texnik ştatı ixtisar edilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Hazırda "xxxx" MTK-da cəmi 4 işçi fəaliyyət göstərir. 32.Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisarı əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında (dörd təqvim həftəsindən əvvəl) xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa MTK tərəfindən xx.xx.2024-cü il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, o cümlədən orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilmiş, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. 33.Eyni zamanda, kollegiya qeyd etməyi zəruri sayır ki, iddiaçının "xxxx" MTK-da istismar xidmətləri üzrə texnik ştatı ləğv olunmuşdur. Belə olan halda hazırda iddiaçının də işdə qalmaq üçün üstünlük hüququnu qiymətləndirməyə ehtiyac olmamışdır. Bu qayda vəzifə bir və ya bir neçə ştat vahidini nəzərdə tutduğu təqdirdə tətbiq edilir. 34.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. 35.Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ-hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 36.İş materiallarından göründüyü kimi iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. 37.İddiaçının cavabdeh tərəfindən işçilərin sayı azaldılmadığına, tutduğu vəzifənin ixtisar edilmədiyinə və s. dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 38.Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. məsələlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 39.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 saylı, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar