Məhkəmə qərarları › İş №2(103)-5011/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5011/2024

23.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5011/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə vərəsəliyin müəyyən edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024cü il tarixli, e-2(008)-3274/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 cavabdehlə bağladığı 20 fevral 2008-ci il tarixli müqaviləyə və 22 fevral 2008-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüququnun tanınması, mənzilin sahiblik və istifadəsinə verilməsi, ona vurulan mənəvi zərərə görə cavabdehdən 10.000 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 120 manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 321 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X7 20 fevral fevral 2008-ci il tarixli müqaviləyə əsasən “Qaraxan'' Mənzil-Tikinti Kooperativindən dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzili almışdır. MTK tərəfindən həmin mənzilin əvəzini kooperativə tam olaraq, yəni 109.892,00 manat məbləğində ödəməsi barədə ona 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçının atası 01 aprel 2023-cü il tarixdə vəfat etmişdir. O, atası vəfat etdikdən sonra atasının adına çıxarış almaq üçün tələb olunan sənədləri almaq məqsədilə cavabdehə nümayəndəsi vasitəsilə müraciət etsə də, atası tərəfindən mənzilin əvəzi tam ödənilmədiyi üçün bundan imtina edilmişdir. İddiaçı ikinci dəfə isə mənzilin yeganə qanun üzrə vərəsə kimi öz adına sənədləşdirmək üçün zəruri sənədlərin verilməsi xahişi ilə nümayəndəsi vasitəsilə cavabdehə müraciət etmişdir. Hər iki halda cavabdeh yazılı müraciətlərə yazılı cavab verməsə də, ona şifahi bildirilmişdir ki, qeyd etdiyi kimi güya atası mənzili alarkən əvəzini tam ödəməmişdir. Ona görə də, mənzilin iddiaçının adına sənədləşdirilməsi üçün sənədləri verməkdən imtina etmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu Əli Əliyev məhkəmə və digər səlahiyyətli orqanlara ünvanladığı 30 yanvar 2024-cü il tarixli g-26 nömrəli məktubunda vərəsəliyin qəbulu haqqında ərizəsinə əsasən 11 may 2023-cü il tarixdə V- 32/2023 nömrəli vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçının bacısı, digər birinci dərəcəli qanun üzrə vərəsə X9 notariat qaydada təqdim edilmiş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etdiyindən mirası qəbul edən yeganə vərəsə İddiaçı hesab edilmişdir. Məktubda bildirilmişdir ki, mülkiyyət hüququ verən sənəd təqdim edilmədiyindən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(008)- 3274/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödənilmiş 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınaraq, mənzil onun sahibliyinə və istifadəsinə verilməsi, 120 manat dövlət rüsumu, vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 321 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməməsinə baxmayaraq, iddiaçı tərəf mənzilə görə ödənilmiş əmlak payı olan pul vəsaitində ataları mərhum X4 hissəsinə vərərsəlik hüquqlarının olmasını iddia etməklə haqlıdırlar. Mənzilə görə 109.892,00 manat pul vəsaitinin ödənilməsi faktı işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada atalarından miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının reallaşdırılması üçün Notariat Kontoruna müvafiq qaydada müraciət etmişlər. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı 01 aprel 2023-cü ildə vəfat etmiş X4 1-ci növbə vərəsəsi olduğu üçün onun ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınmalı, mənzil onun sahibliyinə və istifadəsinə verilməlidir. Cavabdehdən mənəvi zərərə görə 10000 manat tələb edən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məhkəməyə və bütün dövlət orqanlarına müraciət etmək hüququndan istifadə edən cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi mənəvi sarsıntının və iztirabların nədə ifadə olunmasına, işgüzar nüfuzuna ziyan vurulmasına, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mənəvi zərərə görə iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin mənzilin istifadəyə verilməsi hissəsində tələb üzrə işin icraatına xitam verilməsi barədə qərardad və iddia tələbinin qalan hissələrdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən açıq-aşkar görünür ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında iddiaçının atası X7, 20 fevral fevral 2008-ci il tarixli müqavilə imzaladıqdan 2 gün sonra, ona mənzilə görə 109.892,00 manat tam dəyərinin ödəməsi barədə 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verilindiyi gündən vəfat etdiyi xx.xx.2023-cü ilədək, yəni 15 il ərzində mənzilin tələb etməməsi səbəbləri aydınlaşdırılmamışdır. İddiaçının atası 15 il ərzində, yəni vəfat edənədək, müqavilədə göstərilən mənzillə bağlı hər hansı bir formada MTK-ya nə yazılı, nə də şifahi müraciə daxil olmamışdır (əksini sübut edən sənəd mövcuddursa, yəqinki iddiaçı təqdim edərdi). Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iş materiallarına ümumiyyətlə ödənişi təsdiq və sübut edən sənəd olaraq, MTK-nın mədaxil kassa orderi və ya bankdakı hesabına ödəniş tapşırığı təqdim olunmamışdır. Çünki, iddiaçının atası mənzilin alınması üçün MTK-nın hesabına nə köçürmə yolu ilə, nədəki kassasına nağd qaydada ödəniş etməmişdir (MTK-nın mədaxil kassa orderi və ya h/h-na bank vasitəsilə ödəniş tapşırığı olsaydı, yəqinki iddiaçı təqdim edərdi). Hətta iddiaçının atasının "xxxx" MTK üzvlərinin ümumi yığıncağının Qərarı da mövcud deyildir (iş materiallarında da bunun əksini sübut edən hər hansı bir sənəd yoxdur). Odur ki, X6 (yəqinki iddiaçıya da) əvvəlcədən məlum idi ki, təqdim olunmuş müqavilə və maliyyə arayışı görüntü üçün tərtib olunmuşdur. Həmin müqavilə, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Məhz bu səbəbdən də, mənzillə bağlı iddiaçının atası tərəfindən ümumiyyətlə məhkəmədə və ya hüquq mühafizə orqanlarında hər hansı bir formada mübahisə açılmamışdır. Müqavilənin uydurma əqd olması danılmaz fakt olsa da, iddiaçı əhəmiyyətsiz əqd əsasında və hazırkı məhkəmənin qətnaməsilə, mənzil üçün ödənilməmiş 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanıtdırmış və açıq-aşkar əsassız və qanunsuz olaraq həmin mənzili sahibliyinə və istifadəsinə təhvil verilməsinə nail olmuşdur. Bundan başqa, qətnamənin “Tərəflərin iştirakı və izahatları:” hissəsində qeyd olunmuşdur ki, “Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, .... Hal hazırda iddiaçı həmin mənzili təmir edərək yaşadığını bildirdi.” Halbuki, həmin dəlil məhkəmə tərəfindən araşdırılıb və obyektiv dəyərləndirmə aparılsaydı (hüquqi müəyyənlik gətirilsəydi), iddia tələbinin “mənzilin sahiblik və istifadəsinə verilməsi” hissəsinin ümumiyyətlə məhkəmədə baxılmasının mümkünsüzlüyü üzə çıxmaqla, həmin hissədə icraata xitam verilməli idi. Belə ki, iddiaçı uydurma əqd əsasında hazırkı məhkəmə vasitəsilə mənzilə yiyələndiyi kimi, istifadə etdiyi mənzili, yenidən istifadəsinə verilməsi barədə tələbinin də qanunsuz və əsassız olaraq təmin olunmasına nail olmuşdur. Digər tərəfdən, iddiaçı mirası qəbul edən yeganə vərəsə hesab edilsə də, iş materiallarında olan sənədlərlə həmin hal öz təsdiqini tapmır. Belə ki, xx.xx.1980-ci il tarixdə verilmiş “doğum haqqında” şəhadətnamədən görünür ki, iddiaçının atası X7, anası X1r. Deməli, iddiaçının anası barədə məlumatlara aydınlıq gətirilmədən, iddiaçının yeganə vərəsə kimi tanınması barədə qəbul edilmiş qətnaməni qanuni və əsaslı hesab edilməsi qəbul edilən deyil. Bundan başqa, məhkəmənin, “...Mənzilə görə 109.892,00 manat pul vəsaitinin ödənilməsi faktı işin mübahisəsiz halıdır.” kimi gəldiyi qənaət də, qəbul edilən deyildir. Belə ki, iddiaçının atasının adına ödənişi təsdiq və sübut edən sənəd olaraq, MTK-nın mədaxil kassa orderi və ya bankdakı hesabına ödəniş tapşırığı olmadan, həmin halın mübahisəssiz qəbul edilməsi yol verilməzdir. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədləri və mərhum atasının kooperativə üzv qəbul edilməsinə dair MTK üzvlərinin yığıncağının qərarı təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı, MTK ilə mərhum atası arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, mübahisəli mənzilin qanun üzrə vərəsəsi olduğu atası X4 mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının son iclası barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 20 fevral 2008-ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən “Qaraxan'' Mənzil-Tikinti Kooperativindən dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzili almışdır. Həmçinin iş materiallarına əlavə olunan 22 fevral 2008-ci il tarixli 017 nömrəli arayışdan görünür ki, X7 Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi-1, ünvanda Cavabdeh MTK inşa etdiyi 1c nömrəli yüksəkmərtəbəli yaşayış binasının 13 mərtəbəsində yerləşən, sahəsi 120,76 kv.m olan, 110 nömrəli mənzilin tam dəyərini, xx.xx.2008-ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə tam ödənilib. İş materiallarından eyni zamanda müəyyən edilir ki, iddiaçı və X9 qanunvericiliklə müəyyən edilmiş qaydada ataları – xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Notariat Kontoruna müvafiq qaydada müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələrin dairəsi müəyyən edilmiş, digər birinci dərəcəli vərəs - X9 notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etmiş və mirası qəbul edən yeganə vərəsə oğlu İddiaçı hesab edilmişdir. Hazırda iddiaçı atası X4 cavabdehlə bağladığı 20 fevral 2008-ci il tarixli müqaviləyə və 22 fevral 2008-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüququnun tanınması, mənzilin sahiblik və istifadəsinə verilməsi, ona vurulan mənəvi zərərə görə cavabdehdən 10000 manat pulun, dövlət rüsumuna görə ödənilmiş 120 manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 321 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil tam payla vərəsəlik hüququnun tanınması ilə yanaşı mənzilin sahiblik və istifadəsinə verilməsini də xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, həmçinin bildirmişdir ki, iddiaçı həmin mənzili təmir edərək yaşayır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil artıq iddiaçının sahibliyində və istifadəsində olmaqla orada yaşamaqda davam edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində cavabdehlə mübahisə olmadığından həmin tələblərə məhkəmədə baxılmalı deyil və həmin hissədə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində məhkəmədə baxılmalı olmaması əsası ilə xitam vermək əvəzinə mahiyyəti üzrə qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olmaqla öz təsdiqini tapdığından apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində ləğv edilməklə həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 261, 264, 387.2.8 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(008)- 3274/2024 nömrəli qətnaməsi - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar