Məhkəmə qərarları › İş №2(103)-5016/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5016/2021

14.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5016/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)-184/2021 nömrəli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetindən 2114 manat işdənçıxma müavinətinin, həmin məbləğə gündəlik 1 faizlə hesablanmış 22050 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatların məsul vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 1999-cu ildən etibarən Bakı Dövlət Universitetinin Tədris hissəsinin müdiri vəzifəsində işləmiş, 17.03.2017-ci il tarixli, R-19 saylı əmrlə Tədris hissəsi ləşv edilmiş və əvəzində Tədris Departamenti yaradılmışdır. Yeni yaradılmış departamentdə işlə təmin olunmaması barədə ərizə ilə Universitetin rəhbərliyinə müraciət etməmişdir. 16.02.2017-ci il tarixdən 05.05.2017- ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən işdə olmamasına baxmayaraq, 12.05.2017-ci il tarixli 1/156 saylı əmrlə tutduğu vəzifədən azad edilməklə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Lakin ona iki aylıq əmək haqqı məbləğində işdənçıxma müavinəti verilməmişdir. Həmçinin, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsasən 12.05.2017-ci il tarixdən iddia ərizəsinin verildiyi tarixədək keçən 35 ay müddətində 2114 manat işdənçıxma müavinətini gündəlik 1 faizlə hesablanmış məbləği 22050 manat təşkil edir ki, bu məbləğdə ona ödənilməmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)-184/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfin müəssisənin ləğvi və müəssisə ləğv edildikdə əmək müqaviləsinin xitam edilməsinin mümkünlüyü yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi tələbində öz əksini tapır və R-19 saylı 17 mart 2017-ci il tarixli əmrin imzalanması ilə tədris şöbəsi bilavasitə bu maddi hüquq normasının tələbi əsasında ləğv edilmişdir. R-19 saylı 17 mart 2017-ci il tarixli əmrin imzalanması ilə tədris şöbəsinin ləğvi nəticəsində isə həmin tarixdən etibarən onun işdənçıxarma müavinətini almaq hüququ yaranmış, işə götürən isə əmək qanunvericiliyinin tələblərini kobudcasına pozmaqla onun bu hüququnu təmin etməmiş və iki aydan sonra yeni yaradılmış Tədris Departamentində işlə təmin olunmağı ilə bağlı ərizə ilə müraciət etmədiynə görə əmək müqaviləsinə xitam verilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı Nümayəndə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu ləğv olunmuş Tədris şöbəsinin sabiq müdiri və Kimyanın tədrisi metodikası kafedrasının daxili əvəzçiliklə 0,5 ştat dosent əvəzi vəzifələrindən azad edildiyinə, Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları məsələlərini tənzimləyən 77-ci maddəsinə əsasən, əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi hallarda, işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığını görə iddiaçının hazırki iddia tələbi ilə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və bütünlüklə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi işin mübahisəsiz halıdır, yəni tərəflərin heç biri bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal isə iddiaçının Bakı Dövlət Universitetinin Tədris hissəsinin müdiri vəzifəsində işlədiyi vaxt, həmin müəssisənin 17.03.2017-ci il tarixli, R-19 saylı əmri ilə Tədris hissəsi ləğv edilərək əvəzində Tədris Departamenti yaradıldığından onunla əmək müqaviləsinin xitam edilməsinin mümkünlüyü yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə olmalı olduğunu və həmin tarixdən etibarən onun işdənçıxarma müavinətini almaq hüququ yarandığını bəyan etməsidir. Lakin qeyd olunduğu kimi iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” yaxud “b” bəndləri ilə ləğv edilməmişdir. Yalnız həmin bəndlərdə nəzərdə tutulan əsaslarla əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən işçiyə əmək stajından asılı olaraq işdənçıxma müavinəti ödənilə bilərdi. Bu cür vəziyyətdə iddiaçının tələbi necə əsaslı ola bilərdi ki, məhkəmə də bunu təmin etməli olsun. Əlbətdə ki, iddiaçı hazırki iddianı irəli sürməmişdən əvvəl özü üçün bu məsələləri dəqiqləşdirməli idi. İddia tələbinin digər hissəsi bu tələbdən yaranan törəmə tələb olduğuna görə ona ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur. Çünki, əsas tələbin rədd edilməsi, avtomatik olaraq ondan törəyən tələbin də rədd edilməsini labüd edir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(004)- 184/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar