Məhkəmə qərarları › İş №2(103)-5017/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5017/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5017/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: vindikasiya iddiası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə xx.xx.1993-cü il tarixli sərəncamından çıxarışın sürətindən görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun 78/K nömrəli 11 noyabr 1993-cü il tarixli əmrində siyahıda adı 48-ci olan İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X3 Tərəvəzçilk- Südçülük Sovxozu tərəfindən verilmiş 508 saylı xx.xx.2018-ci il tarixli il tarixli əmrdən çıxarışın surətindən görünür ki, X14 və həmkarlar İttifaqı komitəsinin 09 noyabr 1993cü il tarixli birgə iclasının 12 saylı protokolundan çıxarışa əsasən Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun 78/K nömrəli 11 noyabr 1993-cü il tarixli əmrində siyahıda adı 48-ci olan İddiaçı fərdi ev tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsrrüfatı Müəssisəsi tərəfindən verilmiş 805 saylı xx.xx.2018-ci il tarixli il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən X7 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 11 noyabr 1993-cü il tarixli 8/K nömrəli Əmrində siyahıda adı 48-ci olan çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır.

4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən ev və altındakı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir

5. Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh2 ünvan 3 şəhəri Xəzər rayonu Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda deyillər.

6. X8, X5 və X11 tərəfindən verilmiş və Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təstiq edilmiş ərizələrin sürətindən görünür ki, Cavabdeh1 ailəsi ilə birlikdə ünvan 5 ünvanında faktiki olaraq yaşayır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalarını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023-cü il tarixli Çıxarış da verilmişdir. Cavabdehlər olan qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Tərəfindən dəfələrlə cavabdehlərdən evini boşaltmalarını tələb etsə də, cavabdehlər evini boşaltmır və orada yaşamağa davam edirlər. Cavabdehlərin bu hərəkəti mülkiyyətçi kimi onun evindən sərbəst istifadə etməyinə maneəçilik törədir, onun sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin torpaq sahəsinə dair sərəncam və evin çıxarışı onun adınadır. Həmin mübahisəli evdə heç kəs qeydiyyatda deyil. Qardaşı və arvadı 2012-ci ildən sonra orada yaşamağa başlamışlar. Qardaşının qeydiyyatı həmin evin yanında olan başqa evdə (atasının evində) qeydiyyatdadır. Qardaşının yoldaşı Tovuz rayonunda qeydiyyatdadır. Onların nikahı 2023-cü ildə, hazırki iddia ərizəsi məhkəməyə veriləndən sonra rəsmi bağlanmışdır. Hesab edir ki, onun mülkiyyətində olan evdə yaşamaqları onun mülkiyyət hüququnu məhdudlaşdırır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 nömrəli, 28 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğundan, iddiaçı sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 evindən çıxarılmalı, evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2, 152.1, 152.5, 157.2 və 157.4-cü maddələrinə; «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı iş üzrə 28 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq tərəflərin izahatlarına obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Tərəfindən iddiaçının mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən evə dair mülkiyyət hüququnu həyata keçirməsinə maneə törədilməsi halı təsdiq edilməsə də, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əldə edilən vaxtdan etibarən onun istifadəsində olmаsınа, məhz onun tərəfindən orada hаzırdа iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış fərdi yaşayış evinin tikilməsinə, fərdi yаşаyış evinin iddiаçının mülkiyyətinə onlara qаrşı hər hаnsı etirаz və yа orаdаn çıхаrılmаğının hər hаnsı formа tələb olunmаsı hаlı olmаdаn orаdа yаşаdığı vахt qeydə аlınmаsınа, iddiaçının fərdi yаşаyış evini onların istifаdəsində olаn vəziyyətdə mülkiyyətinə qəbul etməsinə), tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. İddiaçı evin boşаldılaraq özünə təhvil verilməsi bаrədə tələb irəli sürmədiyi hаldа, məhkəmə prosessual hüquq normasını pozmuş və evin boşаldılaraq iddiaçıya təhvil verilməsi bаrədə qətnamə çıxarmışdır. Onun аdınа аyrılmış torpаq sаhəsində öz vəsaiti hesаbınа fərdi yaşayış evi tikərkən, orаdа 13 ildən artıq müddətdə yaşayaraq torpaq sahəsindən və tikililərdən istifаdə edərək hər hаnsı etirаz, irаd bildirməyən iddiаçının, evi аdınа rəsmiləşdirdikdən sonrаkı əvvəlki rəftarına zidd olаn dаvrаnışını hüquqdan sui-istifadə sаymаmış, bu isə iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

20.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

22.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 23.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 24.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 25.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 26.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 27.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 28.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 30.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 31.30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 32.30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəmənin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən həmin əmlakdan istifadə edən şəxslərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehin (qardaşının) isə ailə üzvləri ilə birlikdə həmin əmlak hər hansı əsas olmadan tərk etməmələrinə istinad etmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küç. 8 (köhnə ünvan 1 ünvanında yerləşən ev və altındakı torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

40. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

41. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

43. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan fərdi yaşayış evinin və altındakı torpaq sahəsinin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır. İddiaçının əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və apellyatorun əşyaya sahiblik hüququnun olmaması işin müəyyən edilmiş hallarıdır. Buna baxmayaraq cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

44. Hazırkı halda həmçinin qeyd edilməlidir ki, iddianı təmin edərkən cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaradağ küçəsi 8 (köhnə ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü tələblərdən kənara çıxmamış, gəldiyi nəticə mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri olan vindikasiya iddiasının məzmunu ilə də tam uzlaşır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin həmin evdə yaşamasına hüquqi əsas ola biləcək hər hansı hal da müəyyən edilməmişdir. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

46. Mənzildən istifadə hüququnun hüquqi əsasını müəyyən edən normalardan biri də Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

48. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil edərək qeyd etməyi zəruri sayır ki, cavabdeh iddiaçının qardaşı, yəni ailə üzvləri sırasına aid olsa da yetkinlik yaşına çatmış, əmək qabiliyyətli şəxsdir. Beləliklə də cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid olmadığından onun Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən evə istifadə hüququ da yaranmamışdır.

50. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

51. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-206/2024 saylı, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar