Məhkəmə qərarları › İş №2(103)-5023/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5023/2020

06.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5023/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı sığortalı əmanətin qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-661/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC-yə yerləşdirdiyi 10437,35 ABŞ dolları məbləğində əmanətin, ona hesablanmış 599,06 ABŞ dolları məbləğində faizlərin, habelə vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində pulun cavabdehdən tutularaq ona kompensasiya kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, “xxxxxxxxx” ASC ilə xx xxxxxx 2016-cı il tarixdə ********* №-li əmanət müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə əsasən, 10371 ABŞ dolları məbləğində əmanət banka 3 ay müddətinə illik 9%-lə yerləşdirilərək sığortalanmışdır. xx.xx.2017-ci il tarixindən etibarən həmin Bank müflis elan edilmişdir. Müqavilənin başa çatdığı xx.xx.2016-cı il tarixində əmanət onun tərəfindən götürülməmiş və müqavilə Bank tərəfindən 3,2 faiz dərəcəsi ilə birtərəfli qaydada uzadılmışdır. Müqavilənin şərtlərindən biri də əmanətin sığortalı olması idi. O, xx.xx.2018-ci il tarixdə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, müqavilə üzrə kompensasiyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Cavabdeh kompensasiyanın tam ödənilməsindən imtina etmişdir. Ona bildirilmişdir ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Bank müəyyən etdiyi yeni müqavilə qaydaları barədə onu xəbərdar etməmiş, onun hüquqlarını pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-661/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə hazırda ləğv prosesində olan “xxxxxxxxx” ASC-də xx.xx.2016-cı il tarixli ********* №-li bank əmanəti müqaviləsi üzrə qoyulmuş əmanətin kompensasiyası qismində cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 10437,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,prolonqasiya olunmadan öncə, yəni xx xxxx 2016-cı il tarixdən əmanət qorunan əmanət statusunda olmamışdır. Belə ki, iddiaçının əmanəti 9% dərəcəsi ilə yerləşdirilmiş, lakin “Əmanətlərin tam sığortalanması” haqqında Qanun qəbul ediləndən sonra müəyyən edilmiş 3%-lik həddini keçdiyi üçün qorunmayan əmanət hesab edilmişdir. Belə ki, əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun təsiri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən banka belə bir müraciət daxil olmamışdır. Bundan əlavə iddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmışdır. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bundan əlavə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-661/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə “xxxxxxxxx” ASC arasında xx xxxxxx 2016cı il tarixli ********* nömrəli bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanmış, müqaviləyə görə İddiaçı həmin bankda xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək illik 9% dərəcəsi ilə 3 ay müddətinə 10371 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. İş materiallarında olan İddiaçı ərizəsinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********639 nömrəli cavab məktubundan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən sözügedən əmanət üzrə illik faiz dərəcəsi 3,2% (xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) qeyd edilmişdir. Həmin əmanət “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. İş materiallarında olan ləğv prosesində olan “xxxxxxxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 0402 saylı qəbzin surətindən görünür ki, İddiaçı 10437,35 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı ilə “xxxxxxxxx” ASC arasında xx xxxxxx 2016-cı il tarixli ********* nömrəli bank əmanəti müqaviləsi (“Göy əmanət”) bağlanmış, bank əmanətçidən 10371 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 9 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra “xxxxxxxxx” ASC-nin lisenziyası ləğv edilmiş, “xxxxxxxxx” ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış (sığorta hadisəsi), ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeyd olunan əmanətin qorunan əmanətlərə aid olmadığı bildirilərək kompensasiya olunmamış və bu günə kimi iddiaçıya ödənilməmişdir. Məhkəmə kollegiyası hüquqi mövqeyini aşağıdakı hüquq normaları ilə əsaslandırır. Əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” xx xxxxxx 2006-cı il tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Fondun funksiyası sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsidir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1ci maddəsinə əsasən əmanət hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X3 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” x xxxxxxxx 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən depozit yerləşdirərkən onun razılaşdığı illik faiz dərəcəsi (9%) vəsaitin cəlb edildiyi vaxt qüvvədə olan faiz dərəcəsindən (12%-dən) aşağı olmuşdur. Tərəflər müqavilə münasibətlərinə girərək depoziti tam olaraq sığortalamışlar. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən depozitin cəlb edildiyi günə illik faiz dərəcəsi nəzərdə tutulmuşdur. Depozit cəlb olunan vaxtda faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci madəsinə uyğun olmuşdur. Bu baxımdan tərəflər arasında əmanət müqaviləsi xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixədək bağlansa da, sonradan iddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə müddət uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Lakin X3 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olduğundan iddiaçının 2016-cı ilin yanvar ayında Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh tərəfindən müqavilə müddəti bitəndə iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciəti daxil olmaması əsas göstərilsə də, iddiaçı ilə razılaşdırılmadan müqavilə şərtlərinin dəyişdirilməsi müqavilə şərtlərinə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-661/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar