Məhkəmə qərarları › İş №2(103)-5023/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5023/2022

29.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5023/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi, qeyri-yaşayış sahəsinin sökülməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və kirayə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh Nəsimi rayonu, Mikayıl Rəfili küçəsindəki 19 nömrəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 16,7 kv.m olan qeyriyaşayış sahəsindən çıxarılsın (bundan zonra – zirzəmi), zirzəmi sökülsün, zirzəminin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 20 kv.m olan təmirli zirzəmi cavabdehin mülkiyyətinə verilsin, cavabdeh zirzəmi ilə təmin edilənədək kirayə xərclərinə görə ona hər ay 300 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh zirzəmidən çıxarılsın, zirzəmi sökülsün, zirzəminin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 20 kv.m olan təmirli zirzəmi cavabdehin mülkiyyətinə verilsin, cavabdeh zirzəmi ilə təmin edilənədək kirayə xərclərinə görə ona hər ay 300 manat ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun, zərərin əvəzi kimi 10.000 manat, icarə haqqı kimi 4.800 manat, tam təmirli mağaza hazır olana kimi kirayə xərcinə görə hər ay 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, habelə binanın ticarət mərkəzində ümumi sahəsi 40 kv.m olan tam təmirli mağaza cavabdeh tərəfindən iddiaçıya verilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Nəsimi RİHB-nin xx.xx.2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. İH ilə iddiaçının arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən həmin ünvanada yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İH tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən iddiaçı binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmin mənzil (qeyri-yaşayış) sahələrini su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu tərəfindən ünvan 1 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə və yaşayış binasına baxış keçirilərkən müəyyən olunub ki, baxış keçirilən ərazidə yaşayış evləri XİX əsrin sonlarında inşa edilib. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilib. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilib. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçının xx.xx.2022-ci il tarixli 79 nömrəli arayışından görünür ki, qeyd olunan ərazidə istismar müddətini keçmiş, yararsız 385 yaşayış və qeyri-yaşayış binası mövcud olmuşdur. 2017-ci ildən başlayaraq, bu günə kimi 362 bina (ev) sahibləri ilə razılıq əsasında onların əmlakları yeni tikilən mənzil və qeyri-yaşayış sahələri ilə əvəzləşdirilmişdir. Qalan 23 mənzil və ev sahibi ilə razılaşma mümkün olmadığından məhkəməyə müraciət edilmişdir. Yəni iddiaçı ərazidən 94% sakinləri köçürmüş, 6% sakinlər ilə mübahisə olduğundan məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı tərəfindən həmin ərazidə razılaşdırılmış layihəyə uyğun olaraq 6 ədəd 16 mərtəbəli yaşayış binası inşa edilmiş, 1 bina 4-cü mərtəbə səviyyəsində inşa edilməkdə davam edir, 1 bina isə ərazisindən mülkiyyətçilərin köçürülməsi mərhələsindədir. İddiaçı tərəfindən inşa edilmiş sahə 93.908,40 kv.metr, sakinlər ilə əvəzləşdirilən sahə 35.452,32 kv.metr təşkil etmişdir. Zirzəmi cavabdehin mülkiyyətindədir, yuxarıda qeyd olunan ərazidə yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Mülki Məcəllənin 6.3-cü maddəsinə görə dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. O cümlədən, "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Odur ki, ümumi sahəsi 16,7 kv.m olan zirzəminin sökülməsi, zirzəminin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 20 kv.m olan təmirli zirzəminin cavabdehin mülkiyyətinə verilməsi, cavabdeh zirzəmi ilə təmin edilənədək kirayə xərclərinə görə ona hər ay 300 manat ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. Kirayə xərcinin məbləği cavabdeh tərəfindən mübahisələndirilsə də onun tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmiş, iddiaçı tərəf isə kirayə xərcinin düzgün müəyyən edildiyini təsdiq edən sübutu (qiymətləndiricinin arayışını) təqdim etmişdir. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən ona zərər vurulduğunu bildirsə də, o, “zərərin əvəzinin ödənilməsi barədə” iddia irəli sürməyib. Apellyasiya şikayətində iddia irəli sürülmür, iddianın irəli sürülməsi üçün birinci instansiya məhkəməsinə qanunvericilikdə müəyyən edilmiş qaydada iddia ərizəsi verilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar