Məhkəmə qərarları › İş №2(103)-5032/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5032/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5032/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X45 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs X29 nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilk, həmçinin "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14400 manat məbləğində kirayə haqqının və ödənilmiş 134 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi və cavabdehlərdən üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin iddiaçı X4 istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X12 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 87 nömrəli müqavilənin 1.1.2-ci bəndinə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən və “Əmlak istifadəçisi”nin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.mlik ümumi sahəyə malik, təmirli mənzili əmlak istifadəçisinin yəni İddiaçı istifadəsinə verməyi öhdəsinə götürmüşdür.Eyni zamanda həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak istifadəçisi”ni təmirli mənzillə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak istifadəçisi”nə kompensasiya şəklində aylıq 600 yüz manat məbləğində kirayə haqqını, yaşayış sahəsini “Əmlak istifadəçisi”ndən təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad etməklə hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin, müqavilənin 2.2.5-ci maddəsinə əsasən, yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq, nəzərdə tutulmuş təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil vermək vəzifəsini daşıyır. Lakin Cavabdeh MMC tərəfindən müqavilə şərtləri tam şəkildə icra edilməmişdir. Belə ki, hazırki tarixədək tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş (bu barədə hesabdan çıxarış iddia ərizəsinə əlavə olunur), digər ayların kirayə haqları ödənilməmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və bina istifadəyə verilməsinə baxmayaraq, “tikinti şirkəti” müqavilədə nəzərdə tutduğu qaydada 50.0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “əmlak istifadəçisi”nin istifadəsinə verməmişdir. Eyni zamanda, "xxxx" MMC cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunmasını, İddiaçı ilə İnteks MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırki mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev- küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. Müqavilə bağlandığı zaman İddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş və bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir. Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğunu biləndə İddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda o, problemi həll edərək mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra İddiaçı aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində İddiaçı tikinti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni xx.xx.2019-cu il tarixli müqavilə artıq əhəmiyyətsiz olmuşdur. Bir müddət keçəndən sonra, İddiaçı bildirmişdir ki, mənzilə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair Çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m. olan mənzilə görə 251000 manat məbləğində kompensasiya ödənilməklə, xx.xx.2021-ci il tarixdə notariat kontorunda alqısatqı müqaviləsi bağlanmışdır. Hazırki iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərilə tanış olan zaman, İddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov r-nu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Bunun səbəbini araşdırarkən məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Xəlil Kubışevin iddia tələbi təmin olunaraq cavabdehlər İddiaçı və onun qohumlarının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə istifadə hüquqları itirilmiş, həmin qətnamə Ali Məhkəmənin 2(102)-5477/18 saylı xx.xx.2018-ci il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Daha sonra, Nərimanov rayon Məhkəməsinin 2(005)- 663/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X30 iddiası təmin olunaraq cavabdehlər Tiral Məmmədov və onun qohumlarının Brkı şəhəri, Nərimanov rayonu, O.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq X.Kubışeva təhvil verilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5596/l9 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Ali Məhkəmənin 2(102)- 6488/19 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, İddiaçıla müqavilə bağlamazdı. Bu müqavilə İddiaçı Nəsrəddin oğlu tərəfindən Cavabdeh MMC-nə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə bağlanılmışdır. Bu müqavilə aldatma yolu ilə bağlanılmışdır. Hesab edirlər ki, Məmmədov 'Tural Nəsrəddin oğlu ilə Cavabdeh MMC arasında arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X30, sonradan X31, hal-hazırda isə X29 mülkiyyətində olduğuna görə, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X49 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq E.Rzayev və X.Kubışevə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubışevə məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı Nəsrəddin oğlunun həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(005)- 511/2023 saylı qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə İddiaçı Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiasının təmin edilərək, İddiaçı və Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019-cu il tarixli 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı X49 (mübahisələndirilən müqavilədə nəzərdə tutulmuş ünvan 1 yaşayış sahəsinin hazırki mülkiyyətçisi) müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X24 apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində aerilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxs X29 nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin izahatı ilə oxşar izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X49 Cavabdeh MMC-nin qanuni təmçilçisi olmuş, həmin vaxtı mübahisəli məsələ ortaya çıxdıqdan sonra, mübahisəli mənzili 251000 manat ödəməklə əvvəlki mülkiyyətçidən almışdır. Həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir. İddiaçı isə üzərindən uzun müddət keçdikdən sonra, hazırda etibarsız müqavilə üzrə tələb irəli sürmüşdür. Hesab edir ki, iddiaçının tələb hüququ mövcud deyildir, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan “İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin “əmlak istifadəçisi”nin, yəni İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən “satıcı” X50 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37.7 kv.m payını “alıcı” X29 mülkiyyətinə verir. “Alıcı” X49 isə mənzilin dəyəri olan 251000 manat pul məbləğidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvan üzərində X29 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə, ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 5477/2018 saylı qərarından müəyyən olunur ki, iddiaçı X51 cavabdehlər X1, X17, X5, X7, X8, X18, X25, İddiaçı, X19 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin birinci mərtəbəsində yerləşən 15 saylı mənzilin ümumi sahəsinin 46.1 kv.m yaşayış sahəsi, 35.5 kv.m-dən ibarət olan 2 otaqlı mənzilindən qeydiyyatdan çıxarılmalarına və mənzilə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmaqla iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X46 cavabdehlər X41 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia verərək, X32 iddiasının rədd edilməsi, onunla X51 arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 (iki) otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinə dair dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə verilmiş Seriya MA № ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(005)6877/2017 saylı qətnaməsi ilə iddiaçı X32 iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X26 iddiası təmin edilmiş, X46 ilə X51 arasında bağlanmış və Bakı şəhəri 7 saylı notariat kontorunun xüsusi notariusu N.Ə.Vədətov tərəfindən 4Ə/3-41.9 nömrə ilə qeydə alınmış 27 avqust 2010-cu il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab olunmuş, həmin müqavilə əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi ilə X32 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2(005)-6877/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı X32 iddiası təmin edilmiş, cavabdehlər X3, X33, X9, X27, X20, X34, X42, İddiaçı, X35, X36 və X10 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin, birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan, 15 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxs X26 X41 və 7 saylı DNK-na qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 (iki) otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN- İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinə dair DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Seriya MA № ******* saylı çıxarışının ləğv edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarına əsasən müstəqil tələb irəli üçüncü şəxs X46 və vəkili X37 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(102)-6488/2019 saylı qərarından müəyyən olunur ki, İddiaçı X51 cavabdehlər X2, X17, X6, X13, X11, X21, X25, İddiaçı, X19, X22 və X23 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları və mənzilin boşaldılmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlərin Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildənözlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzili boşaldaraq iddiaçı X41 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X14 və müstəqil tələb irəli sürən üçüncü şəxs X26 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6488/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan sübutlardan (Dövlət Vergi Xidmətinin məlumatları və s.) görünür ki, "xxxx" MMC Cavabdeh MMC-dən ayrılması nəticəsində yaranmışdır və sonuncunun hüquqi varisidir. Hazırda, İddiaçı Cavabdeh MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə istinad edərək, cavabdehlərə qarşı yuxarıda qeyd edilən müvafiq tələbləri irəli sürmüş, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC isə qeyd edilən müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Belə olan halda isə ilk növbədə İddiaçı əsaslandığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilənin etibarlılıq şərtlərinin mövcudluğu yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilk iddia tələbi müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən icra edilməməsinə əsaslanır, qarşılıqlı iddia ərizəsi ilə isə tərəflər arasında bağlanmış müqavilənin etibarlılığı mübahisə edilir. Bununla da, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilkin iddianın təmin edilməsini istisna edir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh MMC və İddiaçı arasında bağlanmış müqavilədən həmin müqavilənin xx.xx.2019-cu il tarixdə bağlanıldığı aydın olur. Halbuki qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli qərarla İddiaçı sözügedən mənzilə istifadə hüququnun itirilmiş olması və mülkiyyətçinin X51 olması qət edilmişdir. Yəni müqavilə bağlanan zaman İddiaçı bu mənzilə mülkiyyət hüququ olmamışdır. Cavabdeh hələ 2020-ci ilin sentyabr ayından etibarən kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir. İddiaçı onun istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əsində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki, mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə başqa şəxsin (X32) xüsusi mülkiyyətində olduğundan, ilk iddia üzrə iddiaçının isə heç bir hüququ olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin, yəni İddiaçı mənzil üzərində sərəncam vermək hüququ olmadığı, əqd bağlamaq səlahiyyəti olmadığı halda halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt, - əqdin məzmununa aid edilən şərt, - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İlkin şərt kimi - əqdin (müqavilənin) bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən də, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı) İşin müəyyən olunmuş hallarından və işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından açıq-aşkar müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədə qeyd olunan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə hər hansı əşya (əmlak) hüquqları mövcud olmamış, yaşayış sahəsi digər şəxsin (X51) mülkiyyətində olmuş, sonuncunun iddiası üzrə İddiaçı həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə imzalanan zaman artıq İddiaçı qeyd edilən yaşayış sahəsinə hüquqi və faktiki aidiyyəti olmamış, əqdi bağlamaqda səlahiyyətsiz şəxs olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı müqaviləni bağlayan zamanı qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən əşyaya (yaşayış sahəsinə) hər hansı hüquqlarının olmamasını bilmiş, lakin bu barədə müqavilənin digər tərəfindən məlumat verməmiş, əksinə yaşayış sahəsinə hüquqlarının olması görüntüsünü yaratmaq üçün Nərimanov rayon MKTB-nin arayışını təqdim etmişdir. Göründüyü kimi, mənzilin mülkiyyətçisi və ya hər hansı digər əşya hüququ olmayan İddiaçı həmin yaşayış sahəsi üzərində faktiki sərəncam verməsi və bunun nəticəsində özünə əsassız hüquqlar əldə etməsi istiqamətində Cavabdeh MMC ilə müqavilə bağlamışdır ki, bununla da əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında qeyd edilən hal aşkar olunduqdan sonra (təqribən 2020-ci ilin sentyabr ayı), iddiaçıya müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqının ödənilməsi dayandırılmış (iddiaçının özü də ilk iddiada bu halı təsdiq etmişdir), müəyyən danışıqlardan sonra X49 həmin yaşayış sahəsini əvvəlki mülkiyyətçi X28 almış, bu barədə aralarında 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində icraata cəlb olunmuş X29 nümayəndəsi (vəkili) bildirmişdir ki, X49 Cavabdeh MMC-nin qanuni təmçilçisi olmuş (bu hal işdə olan sənədlərlə tam təsdiq olunur), mübahisəli mənzili 251000 manat ödəməklə almış, həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir. Göründüyü kimi, cavabdeh əqdə bağlı olmamasını, onun etibarsızlığı ilə bağlı iradə ifadəsini hələ 2020-ci ilin sentyabr ayında İddiaçı bildirmiş, sonuncu da uzun müddəti bu halı mübahisələndirməmiş, cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmiş, mövcud vəziyyətlə razılaşmışdır. Lakin, üzərindən 2 ildən çox müddət keçdkdən sonra iddiaçı etibarsız müqaviləyə istinad edərək, cavabdehlərə qarşı hazırki tələblərini irəli sürmüşdür. Məhz bu səbəbdən də cavabdeh əqdin əhəmiyyətsizliyi faktının təsbiti üçün qarşılıqlı iddia vermək məxcburiyyətində qalmışdır. Konstitusiya Məhkəməsi qeyd edilən 02 aprel 2021-ci il tarixli qərarında həmçinin göstərmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. İlk iddia üzrə iddiaçı tərəf də qeyd edilən halları (yaşayış sahəsinə əşya hüquqlarının olmaması, məhkəmə aktlarının mövcudluğu və s.) mübahisələndirmir, etirazının əsası kimi müqavilə bağlanan zamanı mübahisəli yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmamasının digər tərəfə bəlli olmasını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən dəlili vəziyyəti dəyişdirməməklə, müqaviləni etibarlı hala gətirmir. Eyni zamanda, iddiaçı, mübahisəli yaşayış sahəsinin qanuni mülkiyyətçisi (eləcə də sonrakı mülkiyyətçiləri) tərəfindən həmin müqavilənin bağlanılmasına razılığı ifadə edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X61rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, işin faktiki hallarından, təqdim olunmuş sübutlardan və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, qarşılıqlı iddia əsaslıdır, bu hal isə ilk iddianın rədd olunması ilə nəticələnir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. İlk ilddia üzrə iddiaçı iddia tələbinin, eləcə də etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də, ilk iddia üzrə iddiaçı tərəfin izahatı özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair ilk, həmçinin "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “əqdin əhəmiyyətsiz hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar