Məhkəmə qərarları › İş №2(103)-5034/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5034/2022

26.07.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5034/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mızı qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” 2(004)-1619/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mızı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna 369 saylı bağ sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu il tarixdə cavabdehdən şahidlərin iştirakı ilə 10000 manat qarşılığında hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna 369 saylı bağ sahəsini almışdır. Bununla bağlı qonşuların aktı və öz aralarında yazılı sübutlar var. Ancaq müəyyən vaxtdan sonra ona məlum olmuşdur ki, cavabdeh ona satdığı bağ sahəsini başqa şəxsə də satmaq istəyir. Tərəflər aralarında şifahi və yazılı şəkildə üzərilərinə öhdəlik götürmüşlər. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək aralarında razılaşdığı məbləği cavabdehə ödəyəcəkdir, cavabdeh isə bunun qarşılığında bağ sahəsinin sənədlərini hazırlayıb iddiaçının adına rəsmiləşdirəcəkdir. İddiaçı pulu ödədikdən sonra cavabdeh bağ sahəsini öz adına rəsmiləşdirmiş və ƏMDK yanında DƏDRX-nn Bakı ərazi idarəsindən bu barədə seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ haqqında çıxarış almışdır. Həmin çıxarış əsasında evi müllkiyətinə keçirmək üçün çıxarışın əslini və ona etibarnamə vermişdir. İddiaçı sənədləşmə üçün müvafiq quruma müraciət etdikdə bunun mümkün olmadığı və ona verilmiş etibarnamənin etibarsız, yəni ləğv olunduğu ona məlum olmuşdur. Cavabdeh onu inandırmaq üçün ona etibarnamə vermiş, ancaq həmin etibarnaməni dərhal ləğv etmişdir. Cavabdeh iddiaçını aldatmış və etibarından sui-istifadə etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1619/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iddiaçı iştirak etmiş və apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 2009-cu il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etmişdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 24 iyun 2005-ci il tarixli, 949- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Maddə 335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri 2009-cu il tarixdə yarandığından və həmin dövrdə Mülki Məcəllədən 335-ci maddəsi çıxarıldığından hazırkı mübahisəyə həmin maddə tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394, 646.1, 646.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh Mızı qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir Mülki Məcəllənin 394-cü maddəsinini xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi və notariat qaydasında təsdiq edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 394-cü maddəsinə əsasən tərəflər arasında cavabdehə məxsus mübahisəli bağ sahəsi barəsində alqı-satqı müqaviləsi bağlanmış hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. İddiaçı X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1619/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar