Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5035/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladı X10 ilə birlikdə özlərinə məxsus əşyalarla ona məxsus olan Yasamal rayonu, Yeni yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi, 500 manat məbləğində kirayə haqqının və iddianın təmin olunacağı günə qədər hər ay 500 manatdan hesablanmaqla kirayə haqqının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh azyaşlı övladı X10 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətləri və onların dəliləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. O, həmin mənzilə dair vicdanlı alıcıdır. Belə ki, o, əvvəllər həmin binada kirayə qalırdı, sonra həmin evdə mənzil almaq qərarına gəlmiş, binanın komendantı onu aldatmış, həmin mənzil üçün komendanta 88.000 manat pul vermişdir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, komendant onu aldatmış, həmin mənzilin alqı-satqısı üçün komendanta 88.000 manat pul vermişdir. Həmin mənzilin iddiaçıya məxsus olması ilə razılaşaraq, azyaşlı uşaqla gedəcəyi yer olmadığından pulunu alana kimi həmin mənzildə qalması üçün möhlət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, iddiaçı müqavilə bağlayaraq pulunu tam ödəməklə mənzili almışdır, onun həmin mənzilə dair gözlənilən mülkiyyət hüququ var, hazırda iddiaçının özünün həmin mənzilə ehtiyacı var. Cavabdehin apellyasiya şikayətinin mənzilə görə 88.000 manat pul ödəməsi dəlili üzrə qeyd etdi ki, cavabehin ona dəymiş zərəri həmin şəxlərdən tələb etmək hüququ var. Bu səbəbdən, şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən Sifarişçinin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən Podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsində, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər. Müqavilənin qiyməti 72000 manat müəyyən olunmuşdur. Müqaviləyə əsasən müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərini 72000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72000 manat pul ödəmişdir. Qalıq borcu yoxdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 yanvar 2022-ci il tarixli qərara əsasən özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 88000 manata mənzil satmaqla sonuncuya məxsus 88000 manat pulu ələ keçirmişdir. ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki iş materiallarında olan xx-xx-2021-17-27 nömrəli qəbzə əsasən X2 Ağasəmid Fərzulla oğlunun hesabına 30000 manat məbləğində pul köçürmüşdür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmşdir ki, müəyyən edilmişdir ki, iş materiallarında olan 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən sifarişçinin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsində, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72000 manat pul ödənmiş, qalıq borcu yoxdur. Cavabdeh həmin mənzili satın almaq üçün binanın komendatına 88000 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh şəxs həmin mənzili mənzilin mülkiyyətçisi olan şəxsdən deyil buna hüququ olmayan şəxsdən almış və pulu da həmin şəxsə ödəmişdir. Belə ki, 06 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 88000 manata mənzil satmaqla sonuncuya məxsus 88000 manat pulu ələ keçirmiş, ********* saylı cinayət işi üzrə cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli mənzil rəsmi müqavilə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən rayon məhkəməsi iddia tələbinin təmin edilən hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdehin məhkəmə iclasında qeyd etdiyi- azyaşlı uşaqla gedəcəyi yer olmadığından pulunu onu aldaraq ələ keçirmiş şəxslərdən geri alana kimi həmin mənzildə qalması üçün möhlət verilməsi fikrinə münasibətdə isə qeyd edir ki, həmin məsələ məhkəmə aktının icrası ilə bağlı icra mərhələsində həll olanmalı məsələdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya iddia tələbini qismən təmin etməklə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-947/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Məmməd Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5035/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5035/2022
04.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver