Məhkəmə qərarları › İş №2(103)-5038/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5038/2020

30.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5038/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinin ona münasibətdə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun xx.xx.2019-cu il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halına) əsasən xx.xx.2019-cu il tarixindən xitam verilmiş, həmin əmr, həmçinin əmək kitabçası uzun müddət ona təqdim olunmamış, yalnız israrlı tələblərindən sonra əmrin surəti xx.xx.2019-cu il tarixdə ona çatdırılmış, əmrdə əmrin verilməsinin əsası kimi Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli akt və MMC tərəfindən göndərilən **********2 nömrəli xəbərdarlıq məktubları göstərilmişdir. Halbuki, işə götürüldüyü gündən daim işə gəlmiş və öz əmək funksiyalarımı layiqincə yerinə yetirmişdir. xx.xx.2019-cu il tarixdə Ucar rayon Kommunal Müəssisələri Kombinatının rəisi İslaməli İsmayılov ondan həyat yoldaşı X1 əmək haqqı kartını tələb etmiş, kartı ona vermədiyindən həm ona, həm də həyat yoldaşına qərəzli münasibət bəsləmiş və xx.xx.2019-cu il tarixdə guya onların işə gəlməmələri səbəbilə akt tərtib etmiş, həmin saxta aktı öz təsiri altında olan işçilərə imzalatmışdır. İslaməli İsmayılov sonradan həmin aktın onların işdən çıxarılmaları üçün yetərli “əsas” hesab oluna bilməyəcəyini düşünərək, eyni tarixdə ikinci saxta akt tərtib etmişdir. Belə ki, birinci aktda onun və həyat yoldaşının güya 1 gün işə gəlməmələri göstərilsə də, ikinci aktda onların xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün işə üzürsüz gəlmələri göstərilmiş, bu akta kombinatın baş mühasibi olan əmisi qızı Kəmalə İsmayılzadə və kombinatda kadro müvəkkili (katibə) işləyən bacısı Xatirə Əzizova imza etmiş, sonradan onun və həyat yoldaşının işdən çıxarılması üçün əsas olmuş həmin aktlar “Cavabdeh" MMC-yə göndərilmişdir. Əmrin verilməsinə digər “əsas" kimi göstərilmiş **********2 nömrəli xəbərdarlıq məktubları isə onlara ümumiyytlə göndərilməmiş, həmin xəbərdarlıq məktubunu işdən çıxarıldıqdan sonra vəkili sorğu əsasında əldə edə bilmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, ona göndərilən həmin məktubun xəbərnaməsinə də əvəzinə kimsə imza etmişdir. Beləliklə, MMC-nin direktoru vəzifəsini icra edən Firudin Cəbrayılovun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinin verilməsinə əsas olmuş akt saxtadır, xəbərdarlıq isə ona təqdim edilməmişdir. Əslində, işə girdiyi gündən iş vaxtı daima işdə olmuş, tabelə imza etmiş, ancaq cavabdeh onu işdən çıxararkən tabeli tələb edib ona istinad etmək əvəzinə, saxta bir akta istinad etmişdir. 15 saylı region üzrə DƏMnin rəisi Elçin Əliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Fuad Heydərova göndərdiyi cavabla da müəyyən edilir ki, o, hər gün işə çıxmış, ona buna görə əmək haqqı da hesablanıb verilmişdir. Bununla belə, hətta qəbul edilsə belə ki, həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işdə olmamışdır, yenə də əmək müqaviləsinə xitam verilə bilməzdi. Çünkü daha əvvəl heç bir intizam tənbehi almamış və işəgötürən ona birdən birə ən ağır intizam tənbehini vermişdir. Həm özü, həm də həyat yoldaşı 2-ci qrup əlildilər və ona intizam tənbehi verilərkən bu hal da nəzərə alınmalı idi. Lakin ona intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatımın verilməsini tələb edilməmişdir. Eyni zamanda onun “guya" xx.xx.2019-cu il tarixdə işə çıxmamağı məlum olsa da, intizam tənbehi bundan 2 ay 7 gün keçdikdən sonra xx.xx.2019-cu il tarixdə verilmişdir. Halbuki, Əmək Məcəlləsinə görə ona xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2019-cu il tarixdə tərəfindən "guya" əmək və ya icra intizamının pozulduğunun aşkar edilməsi səbəbindən intizam tənbehi verilə bilməzdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı, onun ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh və Ucar rayon Kommunal Müəssisələri Kombinatının nümayəndələri isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçıla Cavabdeh MMC arasında ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramı çərçivəsində xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunaraq Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilməklə Ucar rayon Kommunal Müəssisələri Kombinatında fəaliyyət göstərmiş, xx xxxxxxxx 2019-cu il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsas göstərilərək) xitam verilmişdir. İş materiallarına surəti əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli **********7 saylı “Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuş işçilərin əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdə iddiaçının konkret olaraq hansı vaxt üzrlü səbəb olmadan işə gəlmədiyi göstərilməsə də, əmrin əsası kimi göstərilən və iş materiallarına surətləri əlavə olunmuş Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan və MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini, onun “xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi” təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlillərə heç bir qiymət vermədən, sadəcə onun iddia müddətini ötürmüş olduğunu vurğulamaqla iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyinin düzgün olmadığını vurğulayaraq öz qənaətini Konstitusiya Məhkəməsinin “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2008-ci il tarixli Qərarı ilə əsaslandırır. X2 Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Bu mənada, ilk növbədə iddia tələbinin mahiyyətinə qiymət verilməlidir və kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilərkən səbəb kimi göstərilən hal, yəni onun üzrsüz səbəbdən işə gəlmədiyi sübuta yetirilməmiş, əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə hüquqi zəmin olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməməsi” əsasının qanuni hesab edilə bilməsi üçün, qeyd olunan bu halın heç bir üzrlü səbəb olmadan davam etməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İş materiallarında olan, 15 saylı region üzrə DƏM-nin rəisi Elçin Əliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini icra edən Fuad Heydərova göndərdiyi cavab məktubundan aydın olur ki, iddiaçı hər gün işə çıxmışdır; iddiaçının bilavasitə rəhbəri olan və Ucar rayon Kommunal Müəssisələri Kombinatında briqadir vəzifəsində işləyən Soltan Xlilovun məhkəməyə ünvanladığı ərizədə isə göstərilmişdir ki, “İddiaçı xx.xx.2019-cu il tarixinə kimi, o cümlədən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək hər gün işə gəlib-getmiş, davamiyyət jurnalına müntzəm olaraq imza etmişdir”. Qeyd edilməlidir ki, göstərilən halın yoxlanılması məqsədilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına sorğu göndərilərək müəssisədə işçilərin işə davamiyyətinə nəzarət üçün tərtib edilən jurnalın (tabel kitabının) təqdim olunması tələb olunsa da, sorğuya lazımi cavab verilməmişdir (sorğuya cavab olaraq Cavabdeh MMC tərəfindən içilərin bilavasitə imzaladıqları tabel jurnalı deyil, Ucar rayon Kommunal Müəssisələri Kombinatının MMC-yə təqdim etdiyi məlumat əsasında hazırlanmış elektron sistemdən çıxarış göndərilmişdir) və buna görə də kollegiya, iddiaçının “xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək işə gəlməməsi” əsasını sübuta yetirilməmiş hesab edir. Başqa sözlə, iddiaçıya istinad olunan pozuntu faktlara deyil, mötəbər sübutlarla öz təsdiqini tapmayan fərziyyələrə əsaslanmışdır; halbuki Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahat, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, işsiz vətəndaş kimi ictimai işə cəlb edildiyi nəzərə alınmamış, əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun izahatı da alınmamış, beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Qeyd olunmalıdır ki, mübahisələndirilən əmrə əsas kimi göstərilən sənədlər arasında da iddiaçının izahatının olduğu göstərilməmişdir. İddiaçının, “yol verdiyi iddia edilən pozuntuya görə 2019-cu ilin sentyabr ayında işdən çıxarılmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə zidd olması” dəlilini də kollegiya əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının üzrsüz səbəblə işə gəlməməsi barədə akt xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, onun əmək müqaviləsinə isə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Cavabdehin iddiaya etirazının dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə kollegiya əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, əmək kitabçası iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə göndərilmiş, məhkəməyə müraciət etdiyi xx.xx.2019-cu il tarixinədək isə işdən qanunsuz çıxarılması ilə bağlı müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri ona münasibətdə ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-734/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilsin və o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-də Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə bərpa edilsin. xx xxxxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar