Məhkəmə qərarları › İş №2(103)-5043/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5043/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5043/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit limiti müqaviləsinin surətindən görünür ki, bank MMC-yə 5.000.000 manat məbləğində 120 ay müddətinə kredit limiti ayırır.

2. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X6 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsində yerləşən 2 nömrəli evin 31 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X11 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,199 ha torpaq sahəsində yerləşən 97 nömrəli, 3 mərtəbəli binada 3 otaqlı 48 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.

4. Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş 29 fevral 2024cü il tarixli 8i-9659 nömrəli icra qeydinin surətində qeyd olunur ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən Cavabdeh2 /VÖEN:**********/ tələbi ilə borc alan- AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, MEHDİ HÜSEYN, ev 59 ünvanında yerləşən İddiaçı /VÖEN:**********, ipoteka qoyan - BAKİ, YASAMAL, H.HACİYEV KÜÇ, EV 42 , MƏN 17 ünvanında qeydiyyatda olan X13 QİZİNDAN (AZE16338999, xx.xx.2016 - Asan3-2; FİN: 3LRQP6R; d/t: xx.xx.1977) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 2, mənzil 32 yeni qaydalarla : AZ 1001, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 106.6 kv.m olan mənzilə və Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 2, mənzil 31 yeni qaydalarla: AZ 1001, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən : xx.xx.2020-ci il tarixli, 3M- 1693 reyestr nömrəli ipoteka müqaviləsi, xx.xx.2020-ci il tarixli, 3M-1694 reyestr nömrəli ipoteka müqaviləsi və 40100***-*******02KXL kredit limiti müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc, 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 1000861.11 AZN təşkil edir.)

5. Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş 29 fevral 2024cü il tarixli 8i-9660 nömrəli icra qeydinin surətində qeyd olunur ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən Cavabdeh2 /VÖEN:**********/ tələbi ilə borc alan - AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, MEHDİ HÜSEYN, ev 59 ünvanında yerləşən İddiaçı /VÖEN:**********/, ipoteka qoyan - BAKİ, NƏSİMİ, AZADLİQ PR, EV 97, MƏN 48 ünvanında qeydiyyatda olan ŞİRİNOV ELŞAD AYDİN OĞLUNDAN (AZE15164864, xx.xx.2018 - Asan1; FİN: 0ZQRR6K; d/t: xx.xx.1977) məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 100.4 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin.(Öhdəliyi müəyyən edən: xx.xx.2020-ci il tarixli, 3M- 868 reyestr nömrəli ipoteka müqaviləsi və 40100820- 191545802KXL kredit limiti müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc, 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 1000861.11 AZN təşkil edir.)

6. AR İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının X1 Cavabdeh2 ASC-yə ünvanladığı 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən Cavabdeh2 ASC-nin sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə BANK RESPUBLİKA arasında bağlanmış 40100***-*******02KXL kredit limiti müqaviləsinə kredit verilmişdir. Verilmiş kredit "xxxx" tərəfindən bugünədək müqavilə üzrə nəzərdə tutulmuş faizlər təqdim edilmiş cədvəl üzrə hər ay vaxtında tam olaraq ödənimişdir. Həmçinin "xxxx" MMC götürülmüş pul vəsaitini müqavilənin təyinatı üzrə istifadə edilmişdir. Bakı şəhəri 1 saylı notariat ofisi tərəfidən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydinin verilməsi tam olaraq qanunsuz və əsassızdır, ona görə də ləğv edilməsi hal-hazırda məhkəmə qaydasında mübahisələndirilir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 29 fevral 2020-cü il tarxi, 8İ-9660 və 8İ-9659 nömrəli icra qeydləri qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faizi artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həll edilməlidir. Həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Lakin, qeyd edilən icra qeydlərinin aparılacağına dair bildiriş onlara göndərilməmişdir. Belə ki, qeyd edilən qanunun tələbinə görə borc verən, yəni Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin, notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Cavabdeh2 ASC notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd olunan məzmunda bildirişin göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Bu səbəblə hesab edirlər ki, Bakı şəhəri 1 saylı Notariat Ofisində tərəflər arasında xx.xx.2020-ci il tarixli 3M-868 saylı ipoteka müqaviləsi üzrə icra qeydi qanuna zidd formada aparılmaqla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Həmçinin iddia tərəfi olaraq iş üzrə təqdim edilmiş kredit məbləği, onun faizi üzrə tələbkarın artıq tələb etmələri olduğundan onların bu hərəkətlə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: razılaşmaqları mümkün deyildir. Bakı şəhəri 1 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı iddiaçının məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi Cavabdeh2 ASC-dən tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əməl etməmişdir.

9. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən bankdan X1 vəsaiti hesabına illik 5 % ödəmək və 96 ay müddətinə qaytarmaq şərtilə aldığı 1.300.000 manat krediti təyinatına uyğun istifadə etmədiyi üçün kredit limiti müqaviləsinin 3.1 bəndinin “d” yarımbəndinə əsasən həmin müqavilə xx.xx.2023-cü ildə vaxtından əvvəl birtərəfli qaydada ləğv olunub və kreditin ödəniş gününə faizi ilə birlikdə 3 gün ərzində banka qaytarılması tələb edilib. Borcalan bu tələbi yerinə yetirmədiyi üçün bankın müraciətinə əsasən Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü ildə həmin kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərə tutma yönəldilməsi barədə 8İ-9659 və 9660 reyestr №-li icra qeydləri aparılmışdır. Kreditin təyinatı üzrə istifadə olunduğu barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Belə ki, X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, monitorinq nəticəsində iddiaçıya verilmiş güzəştli kreditin təyinatına uyğun istifadə olunmadığı müəyyən edilib və istifadə olunmayan 1.269.400 manat kreditin və onun faizlərinin geri qaytarılması bankdan tələb olunub. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bank xx.xx.2024-cü ildə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi və icra qeydinin aparılacağı barədə bildirişi borcalanın hüquqi ünvana və ipoteka qoyanların qeydiyyatda olduğu ünvanlara sifarişli poçtla göndərmişdir. Bu halda həmin poçt göndərişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü ildə ipoteka qoyana təqdim olunmuş sayılır. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində ipoteka saxlayanın üzərinə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə və elektron üsulla yalnız göndərmək vəzifəsi qoyulur. İstinad olunan normada bildirişi ipoteka qoyana şəxsən çatdırmaq tələbi yoxdur. Bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə ipoteka qoyanın ünvanına göndərildiyini təsdiq edən poçt sənədi həmin bildirişin ipoteka qoyana təqdim olunduğunu təsdiq edən sübutdur. Qanunverici məhz bu məntiqdən irəli gələrək müəyyən edir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişlər icra qeydinin aparılmasında 28 gün əvvəl borcalana və ipoteka qoyanlara göndərilib və bu barədə müvafiq poçt sənədləri notariusa təqdim olunub. Odur ki, iddiaçının bildirişlərin ona göndərilməməsi barədə dəlili də əsassızdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Cavabdeh2 ASC tərəfindən borclu İddiaçı MMC-yə, ipoteka qoyan X5 və X7 ünvanlanmış 1 fevral 2024-cü il tarixli bildirişdə borcun 21 gün müddət ərzində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı qeyd olunmuşdur. Poçt qəbzinin surətindən görünür ki, sözügedən bildiriş 5 fevral 2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 ASC tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, ipoteka predmeti olmuş mənzillərə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuş və 13 fevral 2024-cü il tarixdə sözügedən bildirişlər qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən notarius yalnız tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlərin mövcudluğu halında icra qeydi verir. Bank tərəfindən notariusa kredit və ipoteka müqavilələri, habelə borclunun borcunu əks etdirən arayış notariusa təqdim edilmiş və notarius tərəflər arasında olan borcun mübahisəsizliyi nəticəsinə gələrək icra qeydi vermişdir. Eyni zamanda notariat haqqında qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Cavabdeh bank tərəfindən təqdim olunmuş sənədlərlə sübut olunur ki, bank 1 fevral 2024-cü il tarixdə ipoteka predmetinə tutma yönəldiləcəyinə dair notariusa müraciət olunacağı ilə bağlı borcluya bildiriş göndərmiş, borclu isə 5 fevral 2024-cü il tarixdə bildirişi qəbul etmişdir.

12. Digər borclulara münasibətdə isə məhkəmə qeyd etmişdir ki, bank tərəfindən 1 fevral 2024-cü il tarixdə göndərilmiş bildirişlər ipoteka qoyanlar tərəfindən qəbul edilməməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əsasən təqdim olunmuş sayılır. Belə ki, qanunun tələbinə əsasən rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bildirişin 1 fevral 2024-cü il tarixdə poçta təqdim edildiyi nəzərə alınaraq, ən geci 6 fevral 2024-cü il tarixdə təqdim edilmiş hesab olunmalı olunduğu nəticəsinə gəlmək olur. İcra qeydinin 29 fevral 2024-cü il tarixdə verildiyini əsas götürərək məhkəmə qeyd edir ki, tələbkar qanunvericiliyin bu məsələ ilə bağlı müəyyən etdiyi 20 günlük müddəti gözləmişdir.

13. Son olaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi onun dəlillərinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi səbəbindən əsassız hesab edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni, “Notariat hqqında” Qanunun 76-cı maddəsinə; “İpoteka haqqında” Qanunun: 36.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

15. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməni onların iştirakını təmin etmədiyi və əsassız sübutlara görə qət etdiyi nəticə əsasında və iştirakları olsa idi iclas zamanı edəcəkləri etirazları nəzərə almadan çıxarmışdır. “EMS Azərekspresspost” tərəfindən icra qeydi və ipoteka predmetinə tutma yönəldilməsi bildirişi ünvan 5 ünvanına, X7 göndərilmiş və qəbzdə qeyd edilmişdir Şirinov E. həmin bildirişi xx.xx.2024-cü il tarixdə imza edərək qəbul etmişdir. Hansı ki, Elşad Şirinov xx.xx.2023-cü il tarixdə ölkə xaricinə çıxmış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və yenidən xx.xx.2024-cü il tarixdə ölkəni tərk etmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallara diqqət edilməmiş; iştirakı təmin edilmədiyi üçün ətraflı araşdırma apara bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin

20.269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 21.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

26.36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 27.36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi potekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 28.36.4-cü maddəsinə əsasən, tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. 29.38.1-cü maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 30.39.3-cü maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun

31.76-cü maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 32.79-cu maddəsinə əsasən, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının

33.161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaqvə ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ənazı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edənsənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinəmüraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. 34.162-ci bəndinə görə, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaqhüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

35.Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Siyahıya əsasən İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. 39.Belə ki, iddia tələbi xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə verilmiş icra qeydlərinin ləğv olunması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi qeyd edilən müqavilə üzrə borcun mübahisəli olduğuna, eləcə də icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyinə, maraqlı şəxslərin düzgün məlumatlandırılmadığına istinad etmişdir. 40.Belə ki, qanunvericiliyə görə bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Borcun mübahisəsiz olmasına əsas verən sənədlərin siyahısı qanunverciliklə dəqiq tənzimlənir və siyahıya başqa sənədin və tələbin əlavə edilməsinə qanun yol vermir. 41.Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 42.İşdə olan sənədlərdən, o cümlədən sorğu edilmiş notariat işindən görünür ki, tərəflər arasında etibarlı kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr bağlanarkən mülki qanuvericiliyin tələblərinə əməl edilmiş, bağlandığı vaxtdan sonra iddiaçı və üçüncü şəxslər müqavilələri mübahisələndirməmiş, müqavilənin ləğv edilməsi üçün borc verənə təklif göndərməmişlər. Borc alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi şəkildə icra etmədiyindən borc verən müqavilə tərəflərinə rəsmi qaydada bildiriş göndərdikdən sonra borc alanın olduğu yer üzrə, yəni Bakı şəhərində yerləşən notariat ofisinə müraciət edərək icra qeydi verilməsini xahiş etmiş, notarius isə öz növbəsində borc alanın ünvanının axtarılması üçün tədbir gördükdən sonra qanunvericiliyin tələblərinə əməl etməklə “Elektron notariat” informasiya sistemi vasitəsilə apardığı notariat hərəkətləri nəticəsində tərtib etdiyi icra qeydini icrasının təmin edilməsi üçün aidiyyəti icra şöbəsinə göndərmişdir. 43.Belə ki, tələbkar borcluya və ipoteka qoyanlara borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişləri sonuncuların rəsmi qeydiyyatda olduqları ünvanlara göndərmişdir. Notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilələri, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildirişi, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədini və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydi vermişdir. Həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. İşdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. 44.Belə olan halda kollegiya 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydlərinin ləğv edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 45.Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 47.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1228/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar