Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5047/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işdən azad olunması barədə əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin RR-0123/K saylı 17 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməklə, onu həmin MMC-nin restoran menecerinin köməkçisi vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin aprel ayının 17-də “xxxx” MMC-də Maya Mexicana restoranında Supervisor olaraq işə başlamış, 2016-cı ilin fevral ayında Restoran Menecerinin köməkçisi vəzifəsinə qalxmışdır. 01.01.2020-də Maya Mexicana restoranı bağlandı və 20.01.20-də o, şirkətin digər bir restoranına (Harbour) transfer olunmuşdu. O, 20.01.20 tarixində Harbour restoranında işə başlamışdır. Mart ayının ortalarında İnsan Resursları şöbəsinin əməkdaşı Əhmədağa ona rəsmi olaraq email vasitəsilə bildirdi ki, onun müqaviləsi 17.04.20 tarixində bitir və müqavilə uzadılmır və o, cavab olaraq yazı ki, olar ki, o, aprel ayının axırına kimi işləsin, heç olmasa maaşını axıra kimi alsın. Əhmədağa cavabında yazdı ki, müdüriyyət onun tələbini rədd etdi və onun son iş gününü 21.04.20 olacaq. O da, son iş gününü gözləməyə başladı. Mart ayının axırında pandemiya sürəci başladı və Respublika Prezidentinin sərəncamı ilə heç kəsi pandemiya sürəcində işsiz qoymaq olmaz qərarı gəldi və onun müqaviləsi avtomatik olaraq uzadıldı və 5 ili olduğuna görə də müqaviləsi müddətsiz oldu. Onu işdən azad edə bilmədikləri üçün ilk olaraq Əhmədağa ona zəng elədi və dedi ki, onun ayın axırına kimi işləmək tələbini nəzərə almışlar və ona aprel ayının axırına kimi işləyib öz ərizəsi ilə işdən ayrılmağa icazə verirlər. Onun Prezidentin sərəncamından xəbəri olduğu üçün bu təkliflə razı olmur. Sabahısı gün Əhmədağa ona yeni bir təkliflə zəng vurur və deyir ki, onunla müqavilə uzatmağa qərar verildi, amma bir şərtlə ki, o öz xahişi ilə işdən ayrılacaq və onunla yeni müqavilə bağlayacaqlar. Bildirir ki, onun müqaviləsi uzadılırsa, işdən çıxmağa gərək yoxdur, müqavilə avtomatik olaraq uzadılır. Bütün bu oyunlar onun üçün idi ki, onu pandemiya sonrası rahat işdən azad etsinlər. Amma pandemiya bitmədən ona iftira ataraq işinə son verdilər. Bəhruz onu işə götürəndə, onunla digər yönəticilər arasında iş bölgüsü elədi, ona treyninq, menyu injenerinq, qrafik yazmaq və bazarlıq etməyi tapşırdı. Əsəbəlu Əzizova (Supervisor) isə qaimələri tapşırmışdı. Mart ayının 31 də sayım idi və şirkətin mühasibi Ceyhun Nəbiyev ondan mart ayına aid qaimələrin olub-olmadığını soruşdu və dərhal bu barədə Əsəbəliyə dedi ki, əgər qaimələr varsa Ceyhuna təqdim elə. Əsəbəli dedi ki, yoxdur və sayım bitdi. X7 sayımın nəticələrini ona email vasitəsilə göndərdi və sayımda bir xeyli artıq sayda mallar var idi. Sonradan məlum oldu ki, Əsəbəli 3-4 qaiməni ofisə təqdim etməyib. Həmin qaimələr sonradan tapıldı və ofisə təqdim edildi. Amma qaimələr ofisə gec təqdim edildiyinə görə ofis o qaimələri ödəmək istəmədi və həmin məbləğləri ondan və Əsəbəlidən tələb etdilər. O, Rasim bəyə dedi ki, qaimələr onda olaola necə ödəniş etmir. O isə cavabında bildirdi ki, əvvəllər belə gecikmələr olanda ödəniş edirdilər, amma indi etmirlər. O da dedi ki, qaimələr sizdədir və sizin ödəmirsinizi, amma biz ödəməliyik ? Sonra qaimələrin ofisə təqdim olunmaması ilə bağlı onu təqsirləndirdilər, halbuki həmin işə o yox, Əsəbəli baxırdı. Sonra ona haqsız yerə xxxx verdilər və sonra səhvlərini anladılar və xxxxi ləğv etdilər. Sonra onun müqaviləsinə yeniliklər elədilər, onun vəzifəsinə aid olmayan işləri tələb etməyə, şef aşbazın işlərini, texniki işlərini ondan tələb etməyə başladılar, mətbəxin aylıq sayımın reportunu, restoran bağlandıqdan elektrik avadanlıqlarının söndürülməsini ondan tələb etdilər. O bütün bunlara etiraz etdikdən sonra restoranın meneceri Bəhruz Həkimov başladı onunla prinsip aparmağa. İlk olaraq o, həftədə 2 istirahət günüylə çalışdığına görə başladı onun bəxşişini və Service charge-mı azaltmağa və səbəbi də bu idi ki, o, həftədə 2 gün istirahət edir, amma digər işçilər həftədə 1 gün istirahət edirlər. O bu barədə İnsan Resursları meneceri Nümayəndə1 və Maliyyə meneceri Rasim Əliyevə şikayət etdi, heç biri ona yardımçı olmadı və tam tərsinə onunla çox kobud rəftar etdilər və tələb etdikləri onun müqaviləsində olmadığı üçün şikayətlərinə baxmadılar. İlk xxxxini güya o, işi tərk etdikdən sonra televizoru işlək vəziyyətdə qoymuşdur deyə aldı. Amma o, restoranı yoxlayanda televizorun sönülü olduğunu görmüşdür. Həm də həmin televizor kabel televiziyası zəif işlədiyinə tez-tez sönürdü və o, televizoru yoxlayanda sönülü idi. Ancaq necə olubsa təhlükəslik xidmətinin işçisi güya televizor işlək vəziyyətdə şəkilin çəkib Bəhruza yollayıb. Halbuki işi ən son tərk edən o olmamışdır. O bu barədə Raufa etirazını bildirdi və isbat eləmələrini istədi. İkinci xxxxi isə reklam plakatın çöldə unutduğuna görə almışdır. Halbuki reklam plakatı restoranın ərazisində idi və səhərə kimi təhlükəsizlik xidməti işdə olub. Bunların hamısı ona olan prinsipindən idi, çünkü onu işdən çıxarda bilmədiyinə görə bunları edirdi. Sonra Bəhruz onu şirkətin nəzdində olan Atelier Vivandaya transfer elədi. Orda da çox az bir müddətdə işlədi, çünkü Atelier Vivandanı başqa bir şirkətə verdilər və o, 2 həftəyə yaxın bir müddətdə evdə oturdu. Hətta Bəhruza zəng edib aqibəti barədə soruşmuş, cavabında Harbourda onun üçün yer olmadığını demiş, necə oldusa onu yenidən Harboura geri qaytarmışdı. Geri qayıtdığı ilk gündə onlarla Bəhruz iclas eləyib, 21 və 22-ci madaya menecer heyətinin qulluq edəcəyini söylədi. O da etiraz etmədi, çünkü onların sferasında kollektiv yardımlaşmaq var. O, 21-ci madaya qulluq edirdi və müştəri getdikdən sonra qarson İsmətə dedi ki, masanı yığışdırsın, o isə ona heç gözləmədiyi cavabı verdi. Ona dedi ki, Tariyel məllim inciməyin, mən yığışdırmaq istədim, amma Bəhruz məllim dedi ki, o masa Tariyelindir, qoy o yığışdırsın. O da əlbəttə ki, çox təəccübləndi bu duruma. Çünkü onun vəzifələrinə aid olmayan bir şey idi bu. O dərhal Bəhruza yaxınlaşıb bu barədə ona sual verdi, o onu qarson olaraq geri qaytarmışdır? Bəhruz cavabında dedi ki, ona əli cibində gəzən menecer lazım deyil. O da Bəhruza dedi ki, əgər o ona lazım deyildisə, onu niyə geri qaytardı? Əlbəttə ki, onun müqaviləsi müddətsiz olduğuna görə məcbur qalmışdı onu geri qaytarmağa. Sonra o dərhal bu barədə Rauf bəyə email yazdı və onu haqlı çıxartdı. Sonuncu xxxxi də ona sübut edə bilmədilər. Bəhruzun öz adamları Rüfət İsrafılov və Əsəbəli Əzizov şahidlik ediblər. Onun müqaviləsi müddətsiz olduğuna görə onunla bu düşmənçilikləri ediblər. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən 01 mart 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə təqqdim edərək, cavabdeh “xxxx” MMC-nin RR-0123/k saylı 17 fevral 2021-ci il tarixli əmrin ləğv edilməklə, qanunsuz hesab edilməsi, həmçinin cavabdehdən 3 ayın təzminatını 3.878,37 manat məbləğində, bayram günlərinə görə ödənilməli olan və ödənilməmiş 6.210,88 manat məbləğində pul vəsaitinin, mənəvi zərər kimi 20.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən birdəfəlik olaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsini qanunsuz hesab edir və aşağdakı səbəblərə əsasən ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır. Belə ki, ədalət mühakiməsinə öz tərəfindən şahid dəvət etsə də, ona məlum olmayan səbəblərlə hakim şahidi iclasa buraxmamış və onu dinləməmişdir. Əvvəlcədən məhkəmə qərarı olmadan iş üzrə onun sosial şəbəkələr üzrə yazışmasını əsas götürülməsi. Qarşı tərəfdən heç bir sübut təqdim edilmədən, əlavə işlədiyi günlərin ödənişi verilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddələrinə istinadla xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur və bununla bağlı cavabdehin əmrinin qanunsuzluğu barədə iddiaçının irəli sürdüyü arqumentlər tamamilə formal mülahizələrdən ibarətdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71 və 72-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış R079 saylı, 17 aprel 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı restoran nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. (İş.v.62) İş materiallarında olan, Tam maddi məsuliyyət haqqında Müqavilədən görünür ki, İddiaçı həmin Müqaviləyə imza atmaqla əmək münasibətləri prosesində ona “xxxx” MMC tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam maddi məsuliyyət daşımağı, eyni zamanda, müəssisənin mülkiyyətçisinə məxsus olan, işçinin istifadə etməsinə icazə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz,ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməyi də öz öhdəsinə götürmüşdür. Vəzifə funksiyalarının təsviri barədə Əlavə 1-i imzalamaqla İddiaçı restoranın ümumi ərazisinə nəzarət etmək, çatışmamazlıq barədə birbaşa rəhbərini məlumatlandırmaq; iş vaxtı başa çatdıqdan sonra restoran ərazisində istifadə edilən mal və avadanlıqların (boşqab, çörək qabı, cəngəl və s.) təmizliyini təmin etmək və nəzarət etmək; elektrik avadanlıqlarının (kondisioner və s.) söndürülməsini və restoranın bağlanmasını təmin etmək; rəhbəri tərəfindən tapşırılan digər işlərin icrası və s. öhdəliklərini öz üzərinə götürmüşdür. (İş.v.60) İş materiallarında olan “İşdən azad olunma barədə” RR-0123/k nömrəli, 17 fevral 2021-ci il tarixli RR-0123/k nömrəli əmrdən görünür ki, Restoran menecerinin köməkçisi İddiaçı: 1. 14 iyul 2020-ci ildə əmək müqaviləsi üzrə vəzifəsini pozduğuna görə təqdim olunan faktlara və İddiaçı yazılı izahatlarına əsasən şifahi xəbərdarlıq verilmişdir. 2. 18 avqust 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) tələbini pozduğuna görə 186-cı maddəsinin “a” bəndinə əsasən xxxx verilmişdir.
3. 05 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a" bəndinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) tələbini pozduğuna görə 186-ci maddəsinin “b” bəndinə əsasən şiddətli xxxx verilmişdir. Əmrlə işçi tanış edilsə də, o öz növbəsində həmin əmrə imza atmaqdan imtina etmişdir. Bununla bağlı 06 oktyabr 2020-ci il tarxdə Akt tərtib edilmiş və İnsan Resursları şöbəsinin məsul şəxsləri tərəfindən imzalanmışdır. 4. 09 fevral 2021-ci ildə Restoran Menecerenin köməkçisi X3 və Restoran nəzarətçisi X1 izahatları, eyni zamanda Baş Restoran Meneceri Bəhruz Həkimovun təqdimatında qeyd olunmuş məlumatlardan görünür ki, işçi İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinin (iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq) tələbini pozmuşdur. 5. 17.02.2021-ci il tarixdən “xxxx” MMC-nin Restoran menecerinin köməkçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç" bəndinə əsasən yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda ((ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) əsası ilə tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. (İş.v.49) İş materiallarında olan, “xxxx” MMC-nin Baş restoran meneceri Bəhruz Həkimov tərəfindən “xxxx” MMC-nin direktoru Mirdeyfulla Həsənova ünvanlanmış 09.02.2021-ci il tarixli təqdimatdan görünür ki, restoran menecerinin köməkçisi İddiaçı 06.02.2021-ci il tarixində çalışdırğı Harbour restoranında toplantı (iclas) zamanı iş yoldaşları restoran menecerinin köməkçisi Rüfət İsrafilov və restoran nəzarətçisi Əsəbəli Əzizova qarşı təhqiramiz sözlər işlətmiş və onları təhqir etmişdir. Qeyd olunanları və 05.10.2020-ci il tarixində İddiaçı verilən şiddətli xxxxi nəzərə alaraq, İddiaçı qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi xahiş olunmuişdur. (İş.v.51). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxıd keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Həmin Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndində əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “xxxx” MMC tərəfindən işçi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini, 18.08.2020-ci il tarixdə əmək funksiyasını pozduğuna görə “xxxx”, 05.10.2020-ci il tarixdə MMC-nin əmlakını (televizor) yanılı vəziyyətdə qoyaraq çıxıb getdiyi üçün “şiddətli xxxx” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən “xxxx” MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulan əsaslarla bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi, işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən 3 ayın təzminatı olaraq 3.878,37 manatın onun xeyrinə tutulması hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, cavabdehdən 3 ayın təzminatı olaraq 3878,37 manatın iddiaçı xeyrinə tutulması hissəsini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi əmr qanunsuz hesab edilərək ləğv edildiyi təqdirdə, o, işə bərpa olunmasını istəmir, yalnız onunla bağlanmış əmək müqaviləsinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilməsini və bununla əlaqədar ona təzminat verilməsini istəyir. Birinci instansiya məhkəməsi iddia tələbini qeyd olunan hissədə əsassız hesab etmiş və gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 2015-ci ildən hal-hazıradək cavabdehdən bayram günlərinə görə ödənilməli olan və ödənilməmiş 6.210,88 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması hissəsində də əsassız hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Bundan başqa, İddiaçı cavabdeh “xxxx” MMC-dən mənəvi zərər üzrə 20.000 (iyirmi min) manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsi isə mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-893/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov