Məhkəmə qərarları › İş №2(103)-5048/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5048/2020

19.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5048/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamədən iş üzrə cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və cavabdehin nümayəndəsi X6 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MMC üzrə verilmiş xx.xx.2018-ci il tarixli, 309/K saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə MMC tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(002)-1202/2019) ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)- 12817/2019) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarla (İş № 2(102)-1442/2020) kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara alınmışdır. Göstərilən səbəbdən, cavabdeh MMC-nin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə yenidən baxan Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onun uzun müddətdir ki, əmək fəaliyyəti vardır. 2007-ci ildən MMCdə xadiməçi vəzifəsinə təyin edilmişdir. Həmin ildə MMC-nin direktoru ilə aralarında əmək müqaviləsi bağlanmış və işəgötürən qrafasında cəmiyyətin direktoru və işçi qrafasında isə onun tərəfindən imzalanmışdır. Həmin tarixdə MMC-nin direktoru ilə müqavilə müddətsiz bağlanmışdır. İddiaçı, MMC-də xadiməçi işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmamışdır. Lakin cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 309/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin öz əmək funksyalarını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) xitam verilmişdir. İddiaçı hesab edir ki, qüvvədə olan əmək qanunvericiliyi ilə qadağan olunmuş üsulla iradəsinin əleyhinə işdən azad edilmişdir. İşəgötürən olan MMC-nin onunla bağlanmış müddətsiz əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. MMC-nin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Əmək Məcəlləsinin hansısa maddəsinə istinad edilməmiş, aralarında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh edilməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. İş üzrə cavabdeh MMC-nin iddiaya qarşı etirazı və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işdən azad olunması barədə əmrin surətini xx.xx.2018-ci il tarixdə alsa da, məhkəməyə iddia ərizəsi ilə ancaq xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İddiaçı iddia müddətini üzrlü səbəblər olmadan buraxmışdır. Lakin müddətin üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlmiş Rayon Məhkəməsi tərəfindən cavabdeh MMC-nin iş materiallarında olan etiraz və mülahizələrinə hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə əsaslandırılmamış, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bundan başqa, Rayon Məhkəməsi çəkişmə prinsipinə əməl etməmiş, qərəzli olmuş və prosessual qanunvericiliyin pozulmasına yol vermişdir. İddiaçının işdən azad edilməsi tam əsaslı olmuşdur. Belə ki, iddiaçı cavabdeh MMC-də işlədiyi müddətdə müəssisədaxili intizam qaydalarını pozduğuna görə MMC rəhbərliyi tərəfindən xəbərdarlıq edilib, ona töhmət verilmişdir. Lakin o, görülən bu tədbirlərdən düzgün nəticə çıxartmamışdır və əmək funksiyasını lazımınca yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək qanunvericiliyinə tam uyğun olaraq işdən azad edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi E.Həsənov apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməlidir. Belə ki, cavabdeh MMC üzrə verilmiş 309/k saylı, xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, MMC-də xadimə işləyən iş üzrə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçinin öz əmək funksiyasını yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması) xx.xx.2018-ci il tarixdən işdən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh Səngəçal terminalında xadimə vəzifəsində işləyir. O, 2018-ci ilin yay aylarında saat 12:30-da iş yerində dispenserdən su içmək istəmiş, lakin stəkandan iyi gəldiyini hiss etmiş, stəkanda kislota olduğunu müəyyən etmişdir. Bundan başqa, işdə paltarlarını dəyişəndə ayaqqabısını geyinmək istəmiş, görmüşdür ki, ayaqqabısının içərisinə kislota tökülmüş, ayaqqabısı kislotadan ərimişdir. Bunların isə İddiaçı tərəfindən edildiyi qənaətinə gəlmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, onlar iş otağında olarkən İddiaçı həmin otağa gəlmiş, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əlavə, İddiaçı onun yanında terminalın işçisi olmuş, mərhum Cəmil müəllimlə mübahisə etmiş, stulu onun başına vuracağını bildirmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, terminalın gəmi qəbulu sahəsinin rəisi vəzifəsində işləyir. Hər ay xadimələrdən biri gəlib növbə ilə otaqların təmizliyinə baxmış, yalnız İddiaçı öz işini layiqincə yerinə yetirməmişdir. Bundan başqa, onun növbəsində soyuducudan dəfələrlə konfet oğurlanmış, bununla əlaqədar olaraq müəssisə rəhbərliyinə məlumat verilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, terminalın dəmiryol sahə rəisi vəzifəsində işləyir. O, terminalda səs-küy eşitmiş, gəlib görmüşdür ki, İddiaçı MMC-nin işçisi olan Sahib müəllimin baş nahiyəsinə vedrə ilə vurmuşdur. O, İddiaçı sakitləşdirmiş, daha sonra aralarında nə baş verməsindən xəbəri olmamışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, terminalın direktorunun köməkçisidir. Ona terminalda yalnız İddiaçı şikayətlər daxil olmuşdur. Onun tərəfindən İddiaçı ofisin qadağan olunmuş otağına dəfələrlə qalxması ilə əlaqədar xəbərdarlıq olunsa da, sonuncu buna əməl etməmiş, habelə terminalda dəfələrlə pis hadisələr törədəcəyi ilə əlaqədar onu təhdid etmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, terminalda İddiaçı ilə birgə xadiməçi işləmiş, sonuncu onun sosial və maaş kartlarını oğurlamışdır. Bundan əlavə, İddiaçı dəfələrlə stəkanlarının içərisinə kislota tökmüş, terminalı partladacağı ilə bağlı fikirlər söyləmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o terminalda xadiməçi işləyir. O, İddiaçı ilə birgə işləmiş və sonuncu soyuducudan konfet oğurlamışdır. Bundan əlavə, İddiaçı aralarında olan söz-söhbətə görə 2018-ci ilin yay aylarında X1 bıçaqla hədələmiş, dəfələrlə kollektivdə terminalı partladacağı ilə bağlı fikirlər səsləndirmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o terminalda yanğın təhlükəsizliyi üzrə mühəndis işləyir. Onların şöbəsində bölmə rəhbərinin, mühəndisin, işçilərin otaqları olmaqla, dörd otaq vardır. İddiaçı həmin otaqların hamısını təmizləmək əvəzinə onların yalnız ikisini təmizləmişdir. Bu bərədə ona dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmamışdır. Məhkəmə, yuxarıda göstərilənləri, apellyasiya şikayətinin dəlillərini, mülki işin materiallarını nəzərə alaraq mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ləğv edilə bilər. Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əməkmüqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli, 309/k saylı əmrlə xitam verməklə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinin pozulmasını qeyd edən Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası əsaslıdır. Bundan başqa, Rayon Məhkəməsi göstərmişdir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materialları ilə müəyyən olunur ki, MMC-nin Həmkarlar Təşkilatına İddiaçı işdə qalıb-qalmaması məsələsinə həmkarlar təşkilatının münasibət bildirilməsi üçün müraciət edilmiş, Həmkarlar Təşkilatının xx.xx.2018-ci il tarixli qərarı ilə MMC-nin Səngəçal terminalının xadiməçisi İddiaçı ilə əmək qanunvericiliyinə uyğun olaraq bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi məqsədəmüvafiq hesab olunsa da, həmin protokol və qərarı yalnız Həmkarlar Təşkilatının sədri imzalamış, protokolu Təşkilatın üzvləri və iclasa dəvət olunan şəxslər imzalamamışlar. Bu baxımdan hesab edilməlidir ki, işəgötürən olan cavabdeh MMC işçi olan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələbinə riayət etmiş, müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. Rayon Məhkəməsi cavabdeh MMC tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibət göstərərək qeyd etmişdir ki, cavabdeh MMC iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermiş, iddiaçı xx.xx.2019-cı ildə verdiyi iddia müddətinin bərpası ilə bağlı ərizəsində iddia müddətinin onun günahından deyil, üzürlü səbəblərdən buraxılmasını göstərmiş, oğlunun “Serebral iflic” diaqnozu ilə birinci qrup əlil olduğuna görə onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Bu səbəbdən buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Bunaları nəzərə alan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin İ hissəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə, bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Rayon Məhkəməsi hesab etmişdir ki, müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bu baxımdan buraxılmış müddət üzürlü hesab edilərək bərpa olunmalıdır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə ilk növbədə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi qərarında bir sıra icrası məcburi olan göstərişlər nəzərdə tutmuşdur. Odur ki, Məhkəmə cavabdeh MMC-nin “iddia müddətinin tətbiqi barədə ərizəsinə” və həmin müddətin üzrlü səbəbdən ötürülməsi barədə iddiaçının dəlillərinə qiymət verməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddənin göstərişinə əsasən, “yaxın qohum” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İş üzrə İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı “işə bərpa” tələbi ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İddiaçının məhkəməyə müraciət etmə anı kimi məhz bu tarix qəbul edilməli və həmin tarixədək keçən dövr ərzində iddia müddətinin üzrlü səbəbdən buraxılıb-buraxılmadığına qiymət verilməlidir. Bunun üçün ilk növbədə iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşdə olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, MMC-nin kadrlar şöbəsinin rəisi A.N.Xudiyev, Kargüzarlıq və arxiv şöbəsinin mütəxəssisi T.F.Əliyev, Maliyyə və mühasibatlıq şöbəsinin mütəxəssisi R.B.Kazımov tərəfindən tərtib edilmiş akta əsasən, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdə MMC-nin ofisinə gəlmiş və işdən azad edilməsi barədə xx.xx.2018-ci il tarixli əmr tanış olması üçün ona təqdim edilmişdir. Lakin İddiaçı əmrlə yazılı qaydada tanış olmaqdan və əmək kitabçasını götürməkdən imtina etmişdir. İddiaçı bildirilmişdir ki, əmək kitabçası poçt vasitəsilə qeydiyyatda olduğu ünvana göndəriləcəkdir. İş üzrə İddiaçı həmin vaxtdan işə gəlməməsi tərəflər arasında mübahisə edilməyən haldır. İş üzrə cavabdeh MMC-nin nümayəndəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun poçt şöbəsinə verilməsini təsdiq edən qəbz Rayon Məhkəməsinə təqdim edilsə də (iş v. 29) həmin məktubun özü və onun iddiaçı tərəfindən alınmasını təsdiq edən poçtun qaiməsi cavabdeh MMC tərəfindən təqdim edilməmişdir. Bundan əlavə məhkəməyə təqdim olunmuş “xxxx” ASC-nin icra qeydi ilə olan xx.xx.2018-ci il tarixli 803 saylı ödəniş tapşırığına əsasən iddiaçıya son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia ərizəsinə əmək kitabçasının surəti əlavə edilmişdir ki, həmin əmək kitabçasının 5-ci vərəqində iddiaçının MMC-nin xx.xx.2018-ci il tarixli əmri ilə işdən azad edilməsi barədə qeyd də göstərilmişdir. Yəni əmək kitabçası MMC tərəfindən iddiaçıya verilsə də, onun məhz hansı tarixdə təqdim edildiyini iş materiallarından müəyyən etmək mümkün deyil. Lakin İddiaçı Məhkəməyə ünvanladığı yazılı izahatında əmək kitabçasının ona poçt vasitəsilə göndərildiyini bildirmiş, şifahi məhkəmə baxışı zamanı isə verdiyi izahatında 2018-ci ilin oktyabr ayının əvvəllərində işdən azad olması barədə əmrin surətini və əmək kitabçasını poçt vasitəsilə aldığını bildirmişdir. Beləliklə, apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı öz hüququnun pozulduğunu 2018-ci ilin oktyabr ayının əvvəllərindən bilsə də, işə bərpa tələbi ilə məhkəməyə ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni 5 ay sonra müraciət etmişdir. Bununla da, iddiaçı tərəfindən 1 aylıq müddəti ötürülmüşdür. İş üzrə iddiaçı bu müddəti üzrlü səbəbdən ötürdüyünü, oğlunun “Serebral iflic” diaqnozu ilə birinci qrup əlil olduğuna görə onun kənar şəxsin qulluğuna ehtiyacı olduğunu göstərmişdir. Lakin iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının övladı əlil olsa da onun kənar şəxslərin qulluğuna ehtiyacı olması, əmək qabiliyyətini itirməsi təsdiq olunmur. Bundan başqa qeyd edilməlidir ki, həmin xəstəlik iddiaçının övladında iddiaçının MMC-də işlədiyi dövrdə də olmuş, lakin həmin səbəb iddiaçının işə gedib-gəlməsinə mane olmamışdır. Belə olan halda hesab edilməlidir ki, övladının xəstəliyi iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə də vaxtında müraciət etməyə mane olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə, iddia müddətinin ötürülməsi səbəblərison altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Lakin iddiaçı iddia müddətinin ötürülməsi səbəbi kimi övladı X5 iddia müddəti ərzində yaranmamış əlillik vəziyyətini göstərmişdir. İş üzrə iddiaçı bu halın sübutu kimi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatını və Bakı Baş Səhiyyə X16 Mərkəzinin 11415 nömrəli epikrizin surətini təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X13 xx.xx.2017-ci il tarixdə X22 daxil olmuş və xx.xx.2017-ci il tarixdə evə yazılmışdır. İşin səkkizinci vərəqində olan Tibbi Sosial Ekspert Komissiyasının “Sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan” və işdə olan digər sənədlərdən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə İ qrup əlilik təyin edilmişdir. İddiaçı özü də Sakit Qədirovun əlillik vəziyyətinin anadangəlmə olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi bu hal iddia müddəti ərzində yaranmamışdır və təqdim edilən sübutlar iddia müddətinin 5 ay ötürülməsi üçün heç bir halda əsas təşkil edə bilməz. Çünki bu hal iddiaçıya əvvəllər işə normal qaydada gedibgəlməsinə və ya hər hansı bir təşkilata müraciət etməsinə də problemlər yaratmamışdır. Odur ki, bunları nəzərə alan Məhkəmə hesab edir ki, işə baxılarkən iddia müddətinin ötürüldüyü və onun bərpası üçün əsasların olmadığı müəyyən edildiyindən iddia tələbi əsassız hesab edilməli və bu səbəbdən işə mahiyyəti üzrə baxılıb, iddiaçı ilə əmək müqaviləsi ləğv olunarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulub-pozulmadığının yoxlanılmasına da zərurət qalmamışdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq pozuntusuna yol verərək iddianın təmin edilməsi ilə bağlı səhv nəticəyə gəlmiş, işdə olan sübutlara səhv qiymət vermiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara, habelə MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “işə bərpa edilməsi və sair tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar