Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5051/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşov Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin ləğvedicisi olan X1 nümayəndəsi X3, Cavabdeh vəkili X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun və əldən çıxmış faydanın ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin Ləğvedicisi olan X1 nümayəndəsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il tarixdə bağlanmış 45 E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 80 000 ABŞ dolları məbləğində əsas, 18 920 ABŞ dolları faiz borcunun, 102 000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, yəni cəmi 200 920 ABŞ dolları məbləğində borcun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabehin adına verilmiş MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi, həmin sahiblik hüquqlarının açıq hərracda satılaraq banka olan borcun ödənilməsi, girov predmetinin satışından əldə olunacaq vəsait borcu ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, cavabdehdən 80 000 ABŞ dolları məbləğində əsas, 18 920 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları əldən çıxmış fayda olmaqla olmaqla cəmi 99 420 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus, MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi, həmin sahiblik hüquqlarının açıq hərracda satılaraq banka olan borcun ödənilməsi, girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı ASC-nin ləğvedicisi olan X1 nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin faktiki hallarına və sübutlara düzgün qiymət verməməsi, əldən çıxmış fayda tələbinə münasibətdə maddi hüquq normasını səhv tətbiq etməsi arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olduğunu nəzərə almadığı, xx.xx.2015-ci il tarixli əlavə razılaşmanı imzaladığını xatırlamadığı, girov müqaviləsinin müddətinin uzadılmadığı və beləliklə də girova xitam verildiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi olan X1 nümayəndələrii X7 və X6 təmsil etdikləri hüquqi şəxsin apellyasiya şikayətini, cavabdehin vəkili Eltən Baloğlanov isə cavabdehin şikayətini müdafiə edərək müvafiq qərar qəbul olunmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi və göstərişləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...Apelyasiya insitansiyası məhkəməsinin, Mülki Məcəllənin 372.1, 373.2, 375.1, 375.2, 376, 377.1, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarlarına istinadən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda kredit müqaviləsinin (ona əlavə razılaşmaların) şərtlərindən irəli gələn sübyektiv hüququ olsa da, iddia - iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə müflis elan olunmuş və iflas proseduruna başlanması qərara alınmışdır. İddia müddəti isə qeyd edildiyi kimi xx xxxxxx 2013-cü il tarixdə bitmişdir. Bank həmin tarixdən 2 il sonra məhkəmə qaydasında müflis elan olunmuş, lakin bunadək məhkəmədə müvafiq tələb irəli sürməmişdir. Göründüyü kimi iddia müddəti İddiaçı ASC müflis elan olunan vaxtadək artıq keçmişdir...Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 45e saylı kredit müqaviləsinə əsasən, açılan kredit xəttinin ümumi məbləği 80 000 ABŞ dolları təşkil edir. Kredit illik 18 faiz ödəmək şərti ilə “Kredit alan”a verilir. Ödəmə vaxtı keçmiş kredit məbləğinin faizləri ikiqat, yəni illik 36 faiz olmaqla hesablanır. Kreditin alınma tarixi onun “Kredit alan”ın hesabına köçürüldüyü tarix hesab olunur. Bu müqaviləyə əsasən verilən kreditin “Kredit verən”ə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə xx xxxxxx 2008-ci il müəyyən olunur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 45e saylı girov müqaviləsinə əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh adına verilmiş seriya MS № 000013, qeydiyyat № 08/05-004 olan Mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanda yerləşən 3 otaqlı mənzilə olan sahiblik hüquqlarının girov qoyulması yolu ilə icrası təmin olunan Əsas müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli 45e saylı kredit müqaviləsidir. İşdə olan xx xxxxxx 2007-ci il tarixli 45e saylı kredit müqaviləsinə xx xxxxxx 2008-ci il tarixli, xx xxxxxx 2009-cu il tarixli və xx xxxxxx 2010-cu il tarixli Əlavə Razılaşmalardan görünür ki, kreditin qaytarılma vaxtı müvafiq olaraq xx xxxxxx 2009-cu il tarixinə, xx xxxxxx 2010-cu il tarixinə və xx xxxxxx 2011-ci il tarixinədək uzadılmışdır. İşdə olan xx xxxxxx 2011-ci il tarixli və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmalardan isə görünür ki, kreditin qaytarılma vaxtı müvafiq olaraq xx xxxxxx 2013-cü il tarixinə və xx xxxxxx 2015-ci il tarixinədək uzadılmışdır. Cavabdeh xx xxxxxx 2011-ci il və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzaların ona məxsus olmadığını, belə bir Razılaşmaları bağlamadığını bildirmiş, bu səbəbdən də cavabdehin göstərdiyi xüsusatları obyektiv yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş və işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 17784 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə görə - mülki işin 23-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı xx xxxxxx 2007-ci il tarixli kredit xətti müqaviləsinə xx xxxxxx 2011-ci il tarixli əlavə razılaşmada (İV) “BORC ALAN” hissəsində “Cavabdeh” yazısı önündəki imza və 24-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı xx xxxxxx 2007-ci il tarixli kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli əlavə razılaşmada (V) “BORC ALAN” hissəsində “Cavabdeh” yazısı önündəki imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən ekspertiza rəyinə əsasən mövqeyi ondan ibarət olmuşdur ki, xx xxxxxx 2011-ci il və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalar cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən də həmin razılaşmalar cavabdehin iradə ifadəsi kimi qəbul edilə bilməz. Belə olan halda isə, sonuncu razılaşma kimi xx xxxxxx 2010-cu il tarixli Əlavə Razılaşma qəbul edilməldir (tərəflər həmin razılaşmanı mübahisələndirmirlər). Həmin razılaşmanın şərtinə əsasən isə kredit müqaviləsinin son müddəti kimi xx xxxxxx 2011-ci il müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o halda yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin "xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İşin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsidə iddiaya olan mövqeyini bildirərkən xx xxxxxx 2011-ci il və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmaların qanuniliyini mübahisələndirməmiş, apellyasiya şikayətində isə iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2015-ci il tarixli əlavə razılaşmanın nə vaxt imzaladığını xatırlamadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında isə cavabdeh həm sözügedən Əlavələrdə, həm də də kredit müqaviləsində olan imzaların ona məxsus olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında ekspertiza qarşısında yalnız xx xxxxxx 2011-ci il və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalara dair suallar qoyulmuş və ekspertiza rəyi də həmin suallar əsasında aparılaraq qeyd edilən rəy verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin kredit müqaviləsində olan imzanın da ona məxsus olmamasına dair izahatına, eləcə də, apellyasiya şikayətində faktiki olaraq mövcud olmayan xx.xx.2015-ci il tarixli əlavə razılaşmaya istinad etməsinə diqqət yetirməmiş, birinci instansiya məhkəməsində işə baxılan zaman mübahisələndirmədiyi xx xxxxxx 2011-ci il və xx xxxxxx 2013-cü il tarixli Əlavə Razılaşmalardakı imzaların apellyasiya baxışında ona aid olmamasını mübahisələndirməsinə, eləcə də, buna dair ekspert rəyinə işin digər sübutları ilə birgə hüquqi qiymət verməmişdir….Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsinə baxmayaraq bu mövqeyinin onun cavabdeh qarşısında borcunun olmasını inkar etməməsinə dəlalət etməsinə, iddia müddətini tətbiq edilməsinə dair ərizəyə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.16-cı bəndinin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Halbuki, həmin bəndə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra öhdəliklər tam yerinə yerinə yetirilənədək qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öz hüququnun pozulduğunu bildiyi son tarix xx xxxxxx 2011-ci il olmasını və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımının başlanması qənaətinə gələrkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd edilən bəndinə əsasən həmin müqavilənin hazırda qüvvədə olub-olmamasına qiymət verməmiş cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin vaxtında yerinə yetirməməsinin səbəblərini araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında bununla bağlı göstərilmişdir ki, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən sonuncu Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in "Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və "Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin MMin 390 və 405.1-cı maddələrində müəyyən edilmiş müqavilə azadlığı prinsipi əsasında qarşılıqlı razılıq əsasında bağlanmasına da qiymət verməmişdir. Həmin normaların məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Kollegiya qeyd edir ki, qeyd olunan normanın müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarında daha sonra qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Sözügedən Konstitusiya Məhkəməsinin Plenumu qərarında həmçinin göstərilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri)….Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisənin halları baxımından kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edilməsi, əsas tələb üzrə iddia müddəti keçdiyi üçün əlavə tələbləri (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçməsinə dair nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, eləcə də, mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmadığından qanuni və əsaslı sayıla bilməz”. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla kollegiya аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan əldən çıxmış fayda məbləğinə aid hissədə dəyişdirilməli, cavabdehin şikayəti qismən təmin olunaraq qətnamə “sahiblik hüquqlarının açıq hərracda satılması” və “girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi” hissələrində ləğv edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, bankla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 45E saylı kredit xətti müqaviləsi bağlanaraq Cavabdeh 11 ay müddətinə ödəməsi şərtilə və illik 18% hesablanmaqla 80 000 ABŞ dolları kredit xətti açılmış, Cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankla onun arasında eyni tarixdə 45E/G saylı girov müqaviləsi bağlanaraq ona məxsus, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixdə qeydə alınmış mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqları bank qarşısında yüklü edilmiş, müqavilənin 4.2-ci bəndində girov qoyulan hüququn dəyəri 150 000 ABŞ dolları müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh müraciətləri əsasında bankla onun arasında xx.xx.2008-ci, xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2011-ci və xx.xx.2013-cü il tarixlərdə Əlavə Razılaşmalar bağlanmış, razılaşmalara görə kredit xətti müqaviləsinin 2.3-cü bəndinə dəyişiklik edilərək kreditdən istifadə müddəti uzadılmış, sonuncu razılaşma ilə müqavilənin müddəti 24 ay, yəni xx xxxxxx 2015-ci il tarixinədək uzadılmış, tərəflərin münasibətlərini tənzimləyən digər şərtlərin kredit müqaviləsi ilə təyin edilməsi qərara alınmışdır. İş materiallarından aydın olur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyinə görə ona xx.xx.2014-cü il tarixdə yazılı xəbərdarlıq olunmuş, həmçinin xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci il tarixlərdə yazılı bildirişlər göndərilmiş, xəbərdarlıq və bildirişlər Cavabdeh tərəfindən qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə isə mənzil sertifikatına tutmanın yönəldilməsi haqqında bildiriş Milli Depozit Mərkəzində qeydə alınmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh kredit müqaviləsinin və onunla əlaqədar bağlanmış əlavə razılaşmaların, habelə girov müqaviləsinin mövcudluğunu mübahisələndirməmiş, bununla belə iddia tələbinə iddia müddəttinin ötürülmüş olması arqumenti ilə etiraz etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülmüş olması arqumentinə münasibətdə belə qənaətə gəlmişdir ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə müflis elan olunmuş və iflas proseduruna başlanması qərara alınmış, “X5 Company” MMC bankın ləğvedicisi təyin edilmiş, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən həmin MMC-nin fəaliyyətinə xitam verilərək X2 bankın ləğvedicisi təyin olunmuşdur; belə olan halda isə icra müddəti xx.xx.2015-ci il tarixdə bitmiş olan müqavilə üzrə iddia müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Kollegiya, kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçı bank müvafiq iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı bankın xx.xx.2014-cü il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixlərdə cavabdehə yazılı bildirişlər göndərib borcun ödənilməsini tələb etməsi ilə iddia müddətinin axımı kəsilmişdir; belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsinin həmin münasibətlər çərçivəsində cavabdehin öhdəliklərini lazımınca icra etmədiyi barədə gəldiyi nəticə düzgün olmuşdur. Kollegiya, birinci instansiya məhkəməsinin cavabdehdən tutulmasına qərar verdiyi əsas və faiz borclarının məbləğləri ilə də razılaşır; belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, müqavilə müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixinə cavabdehin 80 000 ABŞ dolları əsas, 85 897,81 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir və bankın iddia tələbinin həcmi nəzərə alınmaqla cavabdehdən 18 920 ABŞ dolları faiz borcunun tutulması əsaslı hesab olunmalıdır. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin iddiaçının “102 000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdehdən bankın xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, məhkəmə həmin tələbi 500 manat həcmində təmin etdiyi zaman Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmış, cərimə hesab etdiyi məbləği ağlabatan həddədək azaltdığını vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə müvafiq əsaslandırma ilə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir”. Kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixindən iddiaçının məhkəməyə iddia tələbi ilə müraciət etdiyi xx.xx.2018-ci il tarixinədək cavabehə illik 5%-lə hesablanmış faizin 14 000 ABŞ dolları təşkil etdiyinin apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən olunduğunu nəzərə alan kollegiya hesab edir ki, iddiaçının müvafiq tələbi həmin həcmdə təmin edilməli, əldən çıxmış fayda qismində MMC-dən həmin məbləğ bankın xeyrinə tutulmalıdır. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus, MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi” tələbi üzrə də düzgün nəticəyə gəlmiş, lakin “sahiblik hüquqlarının açıq hərracda satılması” qənaəti ilə qanunvericiliyin göstərişini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 296-cı maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə görə isə, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 1078-23.4-cü maddəsinə görə, “qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka tutmanın yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir”. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır; 1078-23.14-cü və 1078-23.15-ci maddələrinə görə isə, məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. Girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. Mülki Məcəllənin 1078-23.17-ci maddəsinə əsasən, qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutumanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx xxxxxx 2016-cı il tarixli 9-q saylı qərarı ilə təsdiq olunmuş “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutumanın yönəldilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə fond birjasında satışa çıxarılır; 3.11-ci bəndinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə qiymətli kağızlar nominal dəyər ilə fond birjasında satışa çıxarılır; 3.12-ci bəndinə görə isə, girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi, qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka tutma yönəldilməsi barədə qərar qəbul edildikdə, girov predmeti icra məmurunun investisiya şirkətinə verilən tapşırığı əsasında girov müqaviləsində göstərilən qiymətə, girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə isə qiymətli kağızlar nominal dəyərlə fond birjasında satışa çıxarılmalı, girov predmeti fond birjasında satılmadıqda girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunmalıdır; bu isə o deməkdir ki, mənzil sertifikatı əsasında rəsmiləşdirilmiş sahiblik hüququnun açıq hərracdan satılması mümkün deyildir. Kollegiya iddianın “sahiblik hüququnun satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi”nə dair hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələbin müstəqil şəkildə irəli sürülməsinə ümumiyyətlə zərurət mövcud deyildir, çünkü, yuxarıda qeyd edildiyi kimi iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinin müəyyən hissəsinin tutulması qənaətinə gəlinmişdir və qanunvericiliyin tələbinə görə, girov predmetinin satışından götürülmüş məbləğ girov saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir (Mülki Məcəllənin 298.3-cü maddəsi). Başqa sözlə həmin tələb, “cavabdehdən borcun tutulması” tələbinin təkrarı mahiyyətini daşıyır və bununla bağlı yenidən əlavə əsaslandırma aparılmasına ehtiyac da yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri isə cavabdehdən tutularaq müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesindəki İddiaçı ASC-nin ləğvedicisi olan X1 nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5561/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdehdən 500 ABŞ dolları əldən çıxmış faydanın, ümumilikdə isə 99 420 ABŞ dolları kredit borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh əldən çıxmış fayda qismində tutulmalı olan məbləğ 14 000 (on dörd min) ABŞ dolları, ümumilikdə tutulmalı kredit borcu 112 920 (yüz on iki min doqquz yüz iyirmi) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Qətnamə “sahiblik hüquqlarının açıq hərracda satılması” və “girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi” hissələrində ləğv edilsin. Həmin iddia tələbləri təmin edilməsin və mənzil sertifikatı ilə rəsmiləşdirilmiş sahiblik hüququnun qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılmalı olduğu iddiaçıya izah olunsun. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Mənzilə sahiblik hüququnun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan borc ödənildikdən sonra, artıq qalan vəsait Cavabdeh qaytarılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun; apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 380 (üç yüz səksən) manat isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5051/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5051/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver