Məhkəmə qərarları › İş №2(103)-5054/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5054/2020

23.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5054/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10030/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X9 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «zəbt olunmuş torpaq sahəsinin icarədara təhvil verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ üzrə 07 yanvar 1999-cu il tarixli 21948 saylı müqaviləyə əsasən iddiaçının icrarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsindən ibarət olan 334 saylı bağ sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10030/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsində işə onun iştirakı olmadan baxılmış, hazırkı tələb üzrə onun əsl cavabdeh olub-olmamasını, mübahisə edilən torpaq sahəsinin cavabdehə olan torpaq sahəsi ilə eyni olub-olmamasını araşdırmamış, hazırkı iş üzrə onun əsl olan cavabdeh olmadığına əhəmiyyət verməmişdir. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli 2(103)-3525/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli 2(103)-3525/2017 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-6/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya baxışı zamanı cavabdeh X3 əsl cavabdeh X7 ilə əvəz edilmiş, həmçinin X10 əlavə cavabdeh kimi cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli 2(103)-769/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək Hatice Karadağa məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 332 “a” saylı bağ sahəsinin (2000-ci ildə tərtib edilmiş sxemlərdə isə həm 332saylı, həm də 332 “a” saylı bağ sahələrinin) aşağı hissəsində olan hasardan 332 saylı bağ sahəsinə istiqamətdə 11,67 metr ölçməklə torpaq sahəsinin ayrılması və iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ali Məhkəmənin 2(102)-731/2020 saylı, 03 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili N.Məmmədova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri, Maştağa qəsəbəsi, 0,09 ha torpaq sahəsində yerləşən 334 saylı bağ torpaq sahəsi 07 yanvar 1999-cu il tarixli, 21948 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçı Faiq Rəhimovun icarəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 97,79 kv.metr, yaşayış sahəsi 21,48 kv.metr, köməkçi sahəsi 49,51 kv.metr olan 332 saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətində, 0,12 ha torpaq sahəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 55,50 kv.metr, yaşayış sahəsi 20,0 kv.metr, köməkçi sahəsi 26,0 kv.metr olan 332 “a” saylı bağ torpaq sahəsi Fuad Rəhimovun mülkiyyətində olmuşdur. Mülki iş materiallarında olan 23 noyabr 2000-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən İddiaçı mülkiyyətində olan 332 saylı bağ torpaq sahəsini Zafer Karadağa, Fuad Rəhimov isə mülkiyyətində olan 332 “a” saylı bağ torpaq sahəsini onun arvadı Lale Karadağa satmışdır. 04 yanvar 2001-ci il tarixli qeydiyyat vəsiqələrinə əsasən 332 saylı bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə Zafer Karadağın, 332 “a” saylı bağ torpaq sahəsi isə mülkiyyət hüququ üzrə Lale Karadağın adlarına qeydə alınmışdır. X11 mülkiyyətində olan 332 saylı bağ torpaq sahəsini bağışlama müqaviləsinə əsasən qızı Hatice Karadağa bağışlamış və 21 iyul 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 332 saylı bağ torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Həmin çıxarışda 332 saylı bağ evinin ümumi sahəsinin 70,99 kv.metr, evin yerləşdiyi torpaq sahəsinin isə dövlətin mülkiyyətində, Hatice Karadağın istifadəsində olmaqla 0,01 ha olduğu qeydə edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2017-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, boşaldılması tələb edilən torpaq sahəsi naturada 891 kv.metr təşkil etməklə elektron baza məlumatlarına əsasən (**********98 reyestr nömrəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X4 adına (0,12 ha) 332 A saylı bağ sahəsi kimi rəsmiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən sahəsi 0,09 hektar olan 334 saylı bağ sahəsi barədə elektron bazada məlumat olmaması səbəbindən digər torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 noyabr 2018-ci il tarixli 15017 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********61 saylı 24.10.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********61 saylı 24.10.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş Yerquruluşu, torpaqkadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən, cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332 saylı bağ evinə aid torpaq sahəsi (reyestr nömrəsi **********04-11301) və cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332A saylı (reyestr nömrəsi **********98) bağ sahəsinə aid torpaq sahəsinin faktiki ölçüləri (naturada istifadə vəziyyətinə uyğun olaraq) mülki iş materiallarının 34-cü səhifəsinə əlavə edilmiş bölgü sxemində göstərilən ölçülərlə üst-üstə düşür. Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2019-cu il tarixli 12059 saylı rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Azər Nəbizadənin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mülki iş materiallarına koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə 332 və 332A saylı bağ sahələrinin ilkin torpaqayırma sənədi (plan-ölçü sənədi) əlavə edilməməsi səbəbindən sualı cavablandırmaq mümkün olmamışdır. Cavabdeh X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332 saylı bağ evinə aid torpaq sahəsi (reyestr nömrəsi **********04-11301) və cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 332A saylı (reyestr nömrəsi **********98) bağ sahəsinə aid torpaq sahəsinin faktiki ölçüləri (naturada istifadə vəziyyətinə uyğun olaraq) mülki iş materiallarının 34-cü səhifəsinə əlavə edilmiş bölgü sxemində göstərilən ölçülərlə üst-üstə düşür. Mülki iş materiallarına X6 adına olan 0,09 hektar (334 saylı bağ sahəsinin) torpaq sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə ilkin torpaqayırma sxemi (cizgi planı) əlavə edilməməsi səbəbindən sözügedən torpaq sahəsinin harada yerləşməsini və hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin mülki iş materiallarına koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə 332 və 332A saylı bağ sahələrinin ilkin torpaqayırma sənədi (plan-ölçü sənədi) əlavə edilməməsi səbəbindən digər sualları cavablandırmaq mümkün olmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə üçüncü dəfə apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmə 2(102)-731/2020 saylı, 03 fevral 2020-ci il tarixli qərarında (hakimlər S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) qeyd etmişdir ki, ...apellyasiya instansiya məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2017-ci il tarixli (i.v. 123) məktubu ilə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, boşaldılması tələb edilən torpaq sahəsi naturada 891 kvmetr təşkil etməklə elektron baza məlumatlarına əsasən (**********98 reyestr nömrəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X4 adına (0,12 ha) 332 A saylı bağ sahəsi kimi rəsmiləşdirilmişdir. Eyni zamanda, rəydə istinad edilən **********98 reyestr nömrəsinin X4 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda (i.v. 221) və ona əlavə edilmiş torpaq sahəsinin plan sxemində (i.v. 222) əks olunmuş 0,12 ha torpaq sahəsinə aid olduğu nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən rəydə istinad olunan **********98 reyestr nömrəsi X4 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışda və ona əlavə edilmiş bağ torpaq sahəsinin plan sxemində əks olunmuş 0,12 ha torpaq sahəsinə aidddir (i/v 221-224). Beləliklə, boşaldılması tələb edilən torpaq sahəsinin cavabdehtərəfin qanuni sahibliyində olması onların adına verilmiş reyestrdən çıxarışla təsdiq edildiyi vəziyyətdə (qeydin aparılmasına əsas olmuş haldan asılı olaraq onun həqiqiliyi mülki və yaxud inzibati icraat qaydasında mübahisələndirilmədən) hazırkı iddia tələbinin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan əlavə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi hazırkı mülki iş üzrə xüsusi bilik tələb edən məsələ ilə bağlı müvafiq mütəxəssis rəyi olmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Eyni zamanda, rayon məhkəməsində işə baxılarkən cavabdehlərin iştirakı təmin edilmədən işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin üzərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10030/2016 saylı, 23 avqust 2016-cı il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar