Məhkəmə qərarları › İş №2(103)-5054/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5054/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5054/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-245/2023 saylı, 30 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: 25 iyun 2019-cu il tarixində Bakı şəhəri, 18 saylı notariat ofisində, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonuncuya 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə İddiaçı ilə borcalan və ipoteka qoyan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 100000 manat manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmiş, ipoteka predmetinə dair hissədə iddia tələbi təmin edilməmiş və göstərilmişdir ki, iddiaçı tərəfindən tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində qeydə alınmamışdır. İddiaçı tərəf qanunla müəyyən edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasına riayət etməmişdir. Hazırda iddiaçı məhkəmə qaydasında tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan 100000 (bir yüz min) manat məbləğində borcun İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsinə, həmin mənzilin ən geci bir ay ərzində məcburi qaydada boşaldılmasına, mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilən pul hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 25 iyun 2019-cu il tarixində Bakı şəhəri, 18 saylı notariat ofisində, Cavabdeh kredit müqaviləsi bağlayaraq, ona bir il müddətinə 100000 (yüz min) manat məbləğində borc vermişdir. Həmin tarixdə də, cavabdehlə onun arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 100000 manat manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədə cavbadeh Cavabdeh tutulmalı olan məbləği onun qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, həmin mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə çıxarılması xahiş olunsa da, iddia tələbi bu hissədə rədd edilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehin ünvanına yuxarıda qeyd edilən məzmunda bildiriş göndərilmişdir. Lakin cavabdeh yenə də müqavilənin şərtlərinə əməl etməyərək, ona verilmiş borcu bugünədək qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsə də, bu heç bir şəkildə mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-245/2023 saylı, 30 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına 100 000 (yüz min) manat kredit borcunun ödənilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-245/2023 saylı, 23 iyun 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(005)-245/2023 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılması və qətnamənin “nəticə” hissəsinə aşağıdakı dəyişikliklər edilməsi: Qətnamənin üçüncü abzası, yəni “Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın” adlı abzasdan sonra “İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin likvid satış qiyməti 171.000 (yüz yetmiş bir min) manat məbləğində müəyyən edilsin” məzmunlu abzas əlavə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 269.7, 317.1, 319.1, 739.1 və 739.2-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 36.5 39.3, 39.3.3, 47.4, 59.3.1-ci maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyəri – 171.000 (yüz yetmiş bir min) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmiş və hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 171.000 (yüz yetmiş bir min) manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun qaytarılmasına dair hər hansı bir tələb olmadığından belə hesab edir ki, bu məbləğ iddiaçıya aid edilməlidir.. Habelə, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq müvafiq olaraq ödənilməlidir. Həmin qətnamə ilə razılaşmayan cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli, e-2(005)- 245/2023 nömrəli qətnaməsini tamamilə ləğv edib, İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tutulmalı olan 100000 manat məbləğində borcun İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilə yönəldilməsi, həmin mənzilin ən geci bir ay ərzində məcburi qaydada boşaldılması, mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilən pul hesabına kredit borcunun ödənilməsi barədə iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edəsiniz. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin likvid dəyərinin – 171.000 (yüz yetmiş bir min) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin mənzilin dəyəri ekspertin müəyyən etdiyi dəyərdən çox daha yüksək olmuş və ipoteka predmeti olan həmin mənzilin müəyyən olunmuş likvid dəyəri real olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10, giriş 1, 48 saylı mənzildə Cavabdeh başqa, onun həyat yoldaşı X4, iki azyaşlı uşaqları da yaşayırlar. Həmin mənzilə ədalətsiz qiymətin qoyulması qeyd olunan şəxslərin mənzil hüquqlarının pozulmasına səbəb olur. Belə ki, aşağı qiymət qoyulduğu üçün həmin mənzil çox ucuz qiymətə satılacaq, satışdan əldə olunan vəsaitdən 100 000 manat borc, hərracın xərcləri, icra şöbəsinin 7% icra ödənişi alındıqdan sonra yerdə qalan məbləğə başqa bir mənzil almaq mümkün olmayacaqdır. Qeyd olunan şəxslərin isə həmin mənzildən başqa heç bir yerdə evləri, mənzilləri və ya yaşamağa başqa yerləri də yoxdur. İpoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10, giriş 1, 48 saylımənzilə qoyulan qiymət, yəni likvid dəyəri real dəyərindən həddindən artıq aşağı qoyulmuşdur. Belə ki, məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin likvid dəyərinin – 171.000 (yüz yetmiş bir min) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin mənzilin likvid dəyəri ekspertin müəyyən etdiyi dəyərdən çox yüksəkdir. Ekspert tərəfindən ipoteka predmeti olan mənzilə düzgün qiymət qoyulmamışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində həmin ərazidə yerləşən yeni tikililərdəki hazır (tikilməkdə olan və ya tikilməyə başlanan deyil), təmirsiz, boş mənzilin hər kv.m.-i ən azı 2500 (iki min beş yüz) manatdan başlayır və 2500-2800 manat dəyər arası dəyişir. Əgər həmin mənzil təmirlidirsə onda hər kv.m. ən aşağısı 3000 manatdan başlayır. Nəzərə alınsa ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10, giriş 1, 48 saylımənzil 85.8 kv.m.lik tam təmirli mənzildir, onda həmin mənzilin bazar dəyəri təqribən 260 000 manat, likvid dəyəri ən aşağı 250 000 (iki yüz əlli min) manatdır. Göründüyü kimi, ekspert həmin ipoteka predmetinin dəyərini 80 000 manat aşağı qiymətləndirmişdir. Təyin olunmuş ekspertizanın rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin likvid dəyərinin həddindən artıq aşağı qoyulması məsələsi tam və obyektiv tədqiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: - Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 100000 manat məbləğində pul borc vermiş, borc alan borcu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********30- 05301- 093037 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzili İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 136000 manat məbləğində müəyyən edilmişdir. - Bakı şəhəri, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 100000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. - «X3 Mərkəzi» MMC-nin xx.xx.2021-ci il tarixli, YD 18 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 159330 manat, likvid dəyəri 145500 manat təşkil edir. -"Azprice Group” MMC-nin xx.xx.2021-ci il tarixli, 219 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 153400 manat, likvid dəyəri 142000 manat təşkil edir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/M 27-131/23 saylı rəyindən görünür ki, , Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin bazar dəyəri 03 mart 2023-cü il tarixinə 180000 manat, likvid dəyəri 171000 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, apellyator müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsinə deyil, yalnız ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını, yəni, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğ, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.8 kv.m olan mənzilin likvid dəyərinin – 171.000 (yüz yetmiş bir min) manat məbləğində müəyyən edilməsinin real olmamaqla ədalətsiz olmasına istinad etmişdir. Başqa sözlə, cavabdeh mülkiyyətində olan mənzilinin bazar dəyəri təqribən 260 000 manat, likvid dəyəri ən aşağı 250 000 (iki yüz əlli min) manat olmasını göstərərək qətnamənin tamamilə ləğvi ilə iddianın rədd edilməli olmasını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğlə razı olmayan cavabdeh həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilərək rəyin alınması qərara alınarkən cavabdehin buna alternativ olaraq öz mənzilinin bazar və likvid dəyərinin müəyyən edilməsi istiqamətində müvafiq sübutlar əldə etmək imkanı olmuşdur. İş materiallarından görünür ki, cavabdheh tərəf birinci instansiya məhkəməsinin iclasında yalnız iddianın əsassız olmasını və rədd olunmasını bildirməklə kifayətlənmiş, təqdim edilmiş Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27- 131/23 nömrəli ekspert rəyinin nəticə hissəsinin onları qane etməməsinə ümumiyyətlə narazılıq ifadə etməmiş, təkrar yazılı qaydada ekspertizanın keçirilməsi barədə vəsatət verməmiş, həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixə likvid dəyəri- 171.000 (yüz yetmiş bir min) manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin əgər mənzil hərracda satılarsa, o zaman yeni mülkiyyətçi mənzildə yaşayanların çıxarılması ilə bağlı (bu şərtlə ki, mənzil ipotekaya qoyularkən ailə üzvləri buna notarial razılıq vermiş olsunlar.) yeni iddia qaldıra bilməsinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddənin tələblərinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər ki, iş materiallarından görünür ki, iddiaçının tələbi də məhz bu istiqamətdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia tələbinə əsasən müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmış, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli qətnamə üzrə iddia tələbinin ipoteka predmetinə yönəldilməsinə dair hissəsi rədd edilərkən yeganə əsas kimi ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmadığı göstərilsə də, hal-hazırda bununla bağlı sübut da iş materiallarına əlavə edilmişdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığından iddiaçının (ipoteka saxlayan) hazırda ipoteka predmetinin satılmasını tələb etməkdə haqlı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlil müəyyən sübuta söykənməli və bu sübutun da mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-245/2023 saylı, 30 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabir Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar