Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5056/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil və cavabdeh Maksim Sandurskinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh Maksim Sandurskinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı Binəqədi rayonu, Azadlıq prospekti, ev № 172-də yerləşən 11 №-li mənzilə (bundan sonra – mənzil) köçürülsün. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı mənzilə köçməməsi müqabilində Cavabdeh tərəfindən hər ay ona 150 manat kompensasiya verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, İddiaçı mənzilə köçürülsün, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs İradə Quliyeva məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı təmin edib. Belə ki, mənzil 3 nəfərin – İddiaçı, Cavabdeh və İradə Quliyevanın ümumi paylı mülkiyyətindədir, onların hər birinin payı 1/3 hissə təşkil edir. İddiaçı mənzilə köçmək istəsə də hazırda mənzildə yaşayan Makim Sandurskiy buna etiraz edir. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə paylı ümumi mülkiyyətin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mənzilə köçürülmə həmin maddənin göstərişinə uyğundur, çünki İddiaçı digər mülkiyyətçilər kimi mənzildən istifadə etmək (mənzildə yaşamaq) hüququna malikdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianı təmin etməyib. Belə ki, birinci, kompensasiya ümumi mülkiyyətdəki paya görə deyil, mənzilə köçməməyin müqabilində təklif olunub. Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrindən görünür ki, kompensasiya paya görə (payın dəyəri) kimi təklif olunmalıdır. İkinci, həmin maddələrdən görünür ki, mülkiyyətçinin razılığı olmadan ona kompensasiya verilməsi üçün tələb olunan şərtlərdən biri payın cüzi olmasıdır. İddiaçı ona kompensasiya verilməsinə razılığı yoxdur, onun payı isə cüzi deyil, digər iki mülkiyyətçinin payı ilə bərabərdir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5056/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5056/2022
22.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver