Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5058/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 saylı şəhər poliklinikasına qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-2613/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 saylı şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin poliklinikada massajist vəzifəsinə işə bərpa olunması və məcburi işburaxmağa görə itirdiyi əmək haqqının ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, İ qrup gözdən əlildir. İxtisaslaşdırılmış massajistlər məktəbini bitirib orta tibbi təhsil alaraq massajist peşəsinə yiyələnmişdir. 8 saylı şəhər poliklinikası ilə onun arasında xx xxxxxx 2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, həmin tibb müəssisəsinə massajist kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Həmin poliklinikanın baş həkimi tərəfindən ona qarşı ayrıseçkilik və sair qanunazidd hərəkətlərə yol verildiyinə görə son illərdə əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək funksiyalarını yerinə yetirə bilməmiş, bu barədə Bakı şəhər Baş Səhiyyə İdarəsinə dəfələrlə yazılı müraciət etmişdir. Nəhayət, poliklinikanın baş həkimi xx xxxxx 2019-cu il tarixdə verdiyi 56-K nömrəli əmr əsasında onunla bağlanmış 153 saylı əmək müqaviləsinə xitam vermişdir. Əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə istinad olunmuş, halbuki onun işdən azad olunmasına əsas olan tərəflərin iradəsindən asılı olmayan hər hansı hal mövcud olmamışdır. Eyni zamanda cavabdeh tərəfindən həmin əmr verilərkən onun 1-ci qrup gözdən əlil olduğu üçün yiyələndiyi massajist peşəsindən başqa hər hansı bir işdə çalışmağının mümkün olmaması, himayəsində azyaşlı uşağının olması və ailənin yeganə gəlir gətirəni olması nəzərə alınmamışdır. Buna görə də hesab edir ki, o, məhkəmə qaydasında əvvəlki vəzifəsində işə bərpa olunmalı və məcburi işburaxmağa görə itirdiyi əmək haqqı ona ödənilməlidir. Cavabdeh Bakı şəhəri 8 saylı şəhər poliklinikasının baş həkimi Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, 1987-ci ildən İ qrup gözdən əlil olan İddiaçı əsas iş yeri 1 saylı şəhər poliklinikası olmaqla orada 1.0 vahid, onun şikayət etdiyi 8 saylı poliklinikada isə 0.5 vahid vakant olan massaj tibb qardaşı vəzifəsində xarici əvəzçi kimi çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci bəndinə əsasən, İ və İİ qrup əlil olan işçilər ücün qısaldılmış iş vaxtı həftə ərzində 36 saatdan artıq olmamalıdır. xx xxxxxx 2019-cu il tarixli “Tibb qəzeti”ndə şəhər üzrə tibb müəssisələrində vakant yerlərə Səhiyyə Nazirliyi tərəfindən müsabiqə elan edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli 2717-01/11 saylı məktubu ilə İ qrup gözdən əlil X7 həmin vakant olan 1.0 ştat vahidinə massaj üzrə tibb bacısı vəzifəsinə işləmək üçün göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxx 2019-cu il tarixli 59.0- 5823 saylı və Bakı Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli 2717- 01/11 saylı məktubuna əsasən daimi massaj tibb bacısının işə qəbul olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "d" bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara görə İddiaçı ilə bağlanmış 153 nömrəli əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Beləliklə, İddiaçı 8 il ərzində dövləti aldadaraq qanunları kobud şəkildə pozub iki iş yerində 2.0 ştat vahidində çalışmışdır. İddiaçı son üç il ərzində (2016, 2017, 2018) poliklinikada əmək funksiyasini yetirə yetirməmişdir. Hal-hazırda səhhəti ilə əlaqədər olaraq işçinin müvafiq vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin epikrizləri var. İddiaçı özü də bütün ərizələrində qeyd edir ki, İ qrup əlil kimi ağır xəstədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)- 2613/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunludur. Apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qətnamədə qanunsuz olaraq dövlət rüsumu cavabdehə aid edilmişdir. Halbuki dövlət rüsumu haqqında qanunvericiliyə əsasən cavabdeh büdcə təşkilatı olaraq dövlət rüsumu ödəməkdən azaddır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-2613/2019 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, İddiaçı və vəkili isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-2613/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı İ qrup gözdən əlildir və himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır. İşəgötürənin əmri ilə o, xx xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işləmişdir. Sonuncu dəfə xx xxxxxx 2007-ci il tarixdə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı cavabdeh təşkilatda əvəzçilik üzrə massajist işinə keçirilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 2717- 01/11 saylı məktubu ilə İ qrup gözdən əlil Süsən Əliyeva cavabdeh təşkilatda vakant olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilmişdir. İşəgötürənin xx xxxxx 2019-cu il tarixli 56-K saylı əmri ilə 8 saylı şəhər poliklinikasının “Fizioterapeya və tibbi bərpa” şöbəsinin massaj üzrə tibb qardaşı İddiaçıla bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 153 saylı əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixdən xitam verilmiş və ona son haqq-hesabın, əmək kitabçasının və əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi qərara alınmışdır. Əmrin verilməsinə əsas kimi Səhiyyə Nazirliyinin xx xxxx 2019-cu il tarixli, 5-59/Ə-5823 saylı və Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 2717- 01/11 saylı məktublarına əsasən daimi massaj üzrə tibb bacısının işə qəbulu ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hal göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi sadalanan hallar sırasında “d” bəndində “tərəflərin iradəsindən asılı olmayan hallar” da göstərilmişdir. Göründüyü kimi, qanunverici tərəflərin iradəsindən asılı olmayan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü istisna etmir, lakin bunun üçün Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanan hallar olmalıdır. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. Hazırkı halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi qeyd olunan maddədə sadalanan tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hallardan hər hansı birinə uyğun gəlmir. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndi üzrə düzgün olmayaraq xitam verilmişdir. Belə ki, iş materiallarında tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hər hansı hal mövcud deyil. Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil Süsən Əliyevanın cavabdeh təşkilatda olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hal kimi qiymətləndirilə və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməz. Bundan əlavə, iddiaçı x xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işində işləyir, xx xxxxxx 2007-ci il tarixdən isə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 1.2-ci bəndinə görə o, cavabdeh təşkilatda 0,5 ştat vahidi üzrə əvəzçi massajist işinə keçirilmişdir. Eyni zamanda iddiaçı 1994-cü ildən əsas iş yeri olmaqla 1 saylı şəhər poliklinikasında 1,0 ştat vahidi üzrə massajist işləyir, son 30 ildən yuxarı müddətdə bu qaydada çalışaraq əmək funksiyalarını yerinə yetirir. Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin maddənin 4-cü bəndinə əsasən, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, 8 saylı şəhər poliklinikasının rəhbərliyi İddiaçı ilə əmək müqaviləsinə xitam vermədən həmin iş yerinin vakant olması barədə verdiyi yanlış məlumat əsasında xx xxxxxx 2019-cu il tarixində səlahiyyətli dövlət orqanının “Tibb qəzeti”ndə massajist işinin vakant olmasına dair müsabiqə elan edilmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işə götürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası dövlət büdcəsinə ödənilmiş olan 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından göründüyü kimi, hazırkı iddia əmək fəaliyyəti ilə bağlı tələb olduğuna görə iddiaçı dövlət rüsumundan azaddır və dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunduqlarına, 8 saylı şəhər poliklinikası da büdcə təşkilatı olduğuna görə məhkəmə tərəfindən dövlət rüsumu cavabdehə aid edilməli deyildi. Buna görə də həmin hissə qətnamədən xaric edilməlidir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında şərh olunan göstərişləri də nəzərə almışdır. Belə ki, işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin d) bəndi üzrə düzgün olmayaraq xitam verilmişdir. Çünki işdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hər hansı hal mövcud deyil. Belə ki, qanunverici tərəflərin iradəsindən asılı olmayan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü istisna etmir, lakin bunun üçün Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanan əsaslar olmalıdır. Nəticədə Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil Süsən Əliyevanın cavabdeh təşkilatda olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hal kimi qiymətləndirilə və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməz.” Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilmədiyinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 8 saylı şəhər poliklinikasının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)- 2613/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən “dövlət büdcəsinə ödənilmiş olan 30 manat dövlət rüsumu cavabdehə aid edilsin” müddəası xaric edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5058/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5058/2020
08.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver