Məhkəmə qərarları › İş №2(103)-5058/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5058/2021

29.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5058/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı X3, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2, İİİ-cü şəxs X5, X6 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(011)-869/21 saylı 18.03.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 15.01.2021-ci il tarixli, İR-19/21 saylı əmri ləğv edərək Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsinə işə bərpa edilməsi və cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqını ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 15.01.2021- ci il tarixli, İR-19/21 saylı əmri ləğv edərək Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsinə işə bərpa edilməsini və cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqını ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun illər 16.04.2012-ci il tarixdən "xxxx" MMCdə “insan kapitalı biznes tərəfdaşı” vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə işini layiqli olaraq yerinə yetirmişdir və çalışdığı müddətdə işə götürən tərəfindən heç bir intizam tənbehə məruz qalmamışdır, demək olar ki, nümunəvi işçi olaraq tutduğu vəzifədə çalışmışdır. 2020-ci ilin axırlarında işlədiyi idarədə müəyyən dəyişikliklər baş verməyə başlamış və həmin dəyişikliklər əsasında müəyyən anlaşılmamazlıqlar ortaya çıxmışdır. Bir müddət yeni gələn işçilər arasında baş verən problemlərə o, dözürdü, lakin 2020-ci ilin sonunda artıq demək olar ki, onu o vəziyyətə çatdırmışlar ki, məcbur qalaraq 21.12.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı ərizə yaşmışdır. Həmin ərizədə 30.12.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı əmrin verilməsini qeyd etmişdir. Ərizəni işəgötürənə təqdim edəndən bir neçə gün sonra cavabdeh tərəfindən onunla əlaqə saxlanılmış və bildirilmişdir ki, işlədiyi vəzifədə işin həcmi çox olduğuna görə qeyd etdiyi 30.12.2020-ci il tarixdə əmri verilməsi mümkün deyil və ondan işdən azad olunana qədər işə çıxmasını və vəzifələrini icra etməsini xahiş olunmuşdur. O, etiraz etməmiş və işə çıxmağa davam etmişdir. Tutduğu vəzifə üzrə öz vəzifə öhdəliklərini yerinə yetirməyə davam etmiş və 15.01.2021-ci il tarixdə rəhbərliyə baş direktora X11 müraciət edərək işi ilə bağlı əvvəl yaranmış problemi izah etmiş və sonra işdən azad olunması ilə bağlı ərizəni geri götürməsini bildirmişdir. X11 e-mail ünvanına həmin ərizəni yazmaqdan öncə Elnarə xanıma ərizəni geri götürülməsi ilə bağlı müraciət etmiş, lakin Elnarə xanım bildirmişdir ki, artıq onun yerinə başqa işçi götürüblər, amma bu mümkün deyildi ki, çünki onun müqaviləsinə xitam verilməmişdir. Qeyd etdiyi faktları bir daha rəhbərliyin rəsmi e-mail ünvanına müraciət edərək qeyd etmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq cavabdeh tərəfindən 15.01.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi barədə İR-19/21 saylı əmr verilmişdir və həmin əmrdə əmək müqaviləsinə 18.01.2021-ci il tarixdə xitam verilməsi qeyd edilmişdir. 15.01.2021-ci il tarixdə işdən azad olunması ilə bağlı ərizə geri götürməsi ilə bağlı rəsmi müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən əmr qanunsuz və əsassızdır, çünki onun işdən çıxmaq tələbində qeyd edilən tarixdən sonra artıq 16 gün onu işdə saxlamışdır və onda iş üzrə vəzifələrini icra etdirməklə davam etdirmiş və ərizəni geri götürülməsi barədə ərizədə təqdim etmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi-vəkili Nümayəndə Səbail rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini, 3-cü şəxsi, mübahisənin məhkəmənin mülahizəsinə buraxdığını bildirən əmək müfəttişliyin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Cavabdeh MMC-nin 15.01.2021-ci il tarixli, İR-19/21 saylı əmrin surətindən görünür ki,Cavabdeh MMC-də İnsan kapitalı biznes tərəfdaşı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (işçinin təşəbbüsü) bəndinə əsasən 18.01.2021-ci il tarixdən xitam verilmişdir. Əsas: işçinin ərizəsi. İşdə olan xxxxxxx0002X0 saylı, 18.01.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 18.01.2021-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsi 20.06.2017-ci il tarixdə bağlanılmışdır. İşdə olan 06.01.2021-ci il tarixdə tərtib edilmiş və V.V.Vəliyevaya ünvanlanmış yazılı məlumatdan belə məlum olur ki, onun tutduğu vəzifəyə təyin edilmək məqsədilə digər fiziki şəxsə iş təklif edilmiş, o təkliflə razılaşmışdır. İddiaçı məlumat verilmişdir ki, onun artıq ərizəni geri götürmək barədə müraciət hüququ yoxdur. İşə əlavə edilmiş 06.01.2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan belə məlum olur ki, İddiaçı onun yerinə yeni işçinin götürülməsi və işdən çıxma haqqında ərizənin geri götürülməsi hüququnun itirdiyi barədə yazılı xəbərdarlıqla tanış olmaqdan imtina etmişdir. İşdə olan 17.01.2021-ci il tarixdə işəgötürənin eletkron poçtuna daxil olmuş məlumatın mətnindən görünür ki, İddiaçı işdən çıxma barədə ərizəsini geri götürülməsi barədə məlumat vermişdir. İşdə olan əmək müqaviləsi bildirişindən belə məlum olur ki, X7 01.02.2021-ci il tarixdə "xxxx" MMC-yə “insan kapitalı biznes tərəfdaşlığı” şöbəsinə mütəxəssis vəzfəsinə işə götürülmüşdür. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki iddiaçı 16.04.2012-ci il tarixdən Cavabdeh MMCdə “insan kapitalı biznes tərəfdaşı” vəzifəsində işləmişdir və o, 21.12.2020-ci il tarixdə əmək müqaviləsinə 30.12.2020-ci il tarixdən xitam verilməsi barədə işəgötürənə ərizə vermişdir. Həmin ərizəni təqdim etdikdən sonra işəgötürən iddiaçı ilə əlaqə saxlamış və işlədiyi vəzifədə iş həcminin çox olmasını nəzərə alaraq 30.12.2020-ci il tarixdə əmrin verilməsinin mümkün olmamasını bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, 06.01.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəyə yeni işçinin götürülməsi barədə yazılı qaydada rəsmi xəbərdarlıq verilsə də, iddiaçı həmin bildirişi alınmasından imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir, 15.01.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 18.01.2021-ci il tarixdən xitam verilməsi barədə əmr qəbul etmişdir. Göründüyü ki, iddiaçı, 21.12.2020-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə 30.12.2020-ci il tarixdən xitam verilməsi barədə ərizə ünvanlamışdır. Bir neçə gündən sonra işəgötürən onunla əlaqə saxlayaraq iş həcminin çox olması ilə bağlı 30.12.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinin qeyri-mümkün olmasını bildirmiş və iddiaçıya işini davam etdirməsini xahiş etmişdir. 15.01.2021-ci il tarixdə iddiaçı işəgötürənə rəsmi qaydada müraciət edərək verdiyi işdən çıxma barədə ərizəsinin geri götürülməsini və tutduğu vəzifədə qalmağını bildirmişdir. Lakin işəgötürən onun bu ərizəsini nəzərə almamış və 15.01.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə 18.01.2021-ci il tarixdən xitam verilməsi barədə əmr qəbul etmişdir. İddiaçı hesab edir ki, onun tərəfindən işdən çıxma barədə ərizə bir aylıq xəbərdarlıq müddəti bitməmiş geri götürüldüyündən, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilməzdir. Bu səbəbdən iddiaçı 15.01.2021-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsini və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, işçi işəgötürənə işdən çıxma barədə ərizədə əmək müqaviləsinə xitam verilməsi gününü göstəribsə, işəgötürənin bir aylıq xəbərdarlıq müddəti ərzində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ var. Qanunda göstərilən bir aylıq xəbərdarlıq müddəti işəgötürənə işdən çıxan işçinin yerinə yeni işçi tapmaq imkanı verir. Lakin əgər həmin müddət (bir aylıq xəbərdarlıq müddəti) ərzində işəgötürən işçi tapmazsa, yaxud işdən çıxmaq istəyən şəxs öz ərizəsini geri götürməzsə bu halda işəgötürən əmək müqaviləsinə xitam verməyə borcludur. Qanunvericiliyin tələblərindən həmçinin görünür ki, işçi işdən çıxma barədə ərizəni verdikdən sonra işəgötürən onunla bağlanmış əmək müqaviləsinə ərizədə göstərilən tarixdə xitam verməzsə, bu halda işçi bir ay ərzində işə çıxmalı və öz əmək funksiyaları və vəzifələri yerinə yetirməlidir. Əgər işçi həmin bir ay müddətində, yəni işə çıxdığı vaxt ərzində işdən çıxmaq fikrindən daşınarsa, bu halda o, işdən çıxma barədə ərizəsini geri götürə və ya etibarsız hesab edə bilər. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verə bilməz. Lakin əgər işəgötürən xəbərdarlıq müddəti ərzində işçiyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq verərsə bu halda həmin xəbərdarlıqdan sonra işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddəti başa çatmamış xitam verə bilər. İşəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq verdikdən sonra işçi öz ərizəsini götürsə belə, işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ var. Yəni, yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq verildikdən sonra işçinin işdən çıxma barədə verdiyi ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi barədə ərizəsi işəgötürən üçün hər hansı hüquqi qüvvəsi yoxdur. Həmin ərizə yalnız işəgötürənin mülahizəsinə görə nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, iddiaçı işdən çıxmaya dair verdiyi ərizənin geri götürülməsi barədə işəgötürənə 15.01.2021-ci il tarixdə tərtib edilmiş ərizəni 17.01.2021-ci il tarixdə rəsmi işəgötürənin elektron ünvanına göndərsə də, onun bu ərizəsinin işəgötürən üçün hər hansı məcburi hüquqi qüvvəsi olmamışdır. Çünki 06.01.2021-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya onun yerinə artıq yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq verilmiş, iddiaçının bu barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürənin yeni işçi tapdıqdan sonra və bu barədə iddiaçıya rəsmi məlumat verdikdən sonra bir aylıq xəbərdarlıq müddəti başa çatmamış iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ olmuşdur. İddiaçının işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizəsinin hüquqi qüvvəsi o vaxt olardı ki, iddiaçı işdən çıxma barədə ərizəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixini göstərməmiş olsun. Lakin iddiaçı işdən çıxma barədə ərizəsində əmək müqaviləsinə xitam verilməsi tarixini göstərdiyi üçün və işəgötürən yeni işçinin tapılması barədə iddiaçıya məlumat verdikdən sonra qanunla nəzərdə tutulmuş qaydada iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veridiyndən işə baxan birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı X1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar