Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5059/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştrakı ilə İddiaçı Bakı şəhərinin 53 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “kompensasiya məbləğinin və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhərinin 53 saylı notaiat ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 43 408,50 manat əsas borcun, 2018-ci ilin noyabr-dekabr ayından etibarən 43 408,50 manatın qərarın çıxarıldığı gün üçün illik bank uçot dərəcəsi əsas götürülməklə müvafıq faizlərinin və 30 manat dövlət rüsumunun Bakı şəhərinin 53 saylı notariat ofisindən və ya Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq Dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfındən həyata keçirilmiş, ünvan 1 5 ünvanındakı sahəsi 138,1 kv.m. olan, 7 otaqlı ev 7 müvafıq ölçü işləri aparılaraq 2018-ci ilin noyabr-dekabr aylarında sökülmüşdür. Həmin ev Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfındən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh2 - 1/3 hissə, X2 - 1/3 hissə, X6 - 1/6 hissə, X5 - 1/6 hissə mülkiyyətində olmuş, xalası qızı olan Cavabdeh2 hissəsində qeydiyyatda olmaqla 2 yaşından (62 il) orada yaşamış, evin kommunal xidmətlərinə görə pul ödəmiş və evə sahiblik etmiş, evə istifadə hüququnun olması, kommunal xidmətlərə görə pul ödəməsi və evə sahiblik etməsi Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnamələri, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş, cavabdehlə aralarında xx.xx.2008-ci il tarixdə saziş imzalanmış, sazişə əsasən sözügedən evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləğinin Cavabdeh2yla arasında bərabər şəkildə bölünəcəyi razılaşdırılmışdır Beləliklə, həmin sazişlə onunla Cavabdeh2 arasında müvaflq öhdəliklər yaranmış, lakin sonradan Cavabdeh2 53 saylı notariat ofısində xx.xx.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə əsasında əmlakın alqı-satqısını həyata keçirərək 86 817 manatı almış, nəticədə onun kompensasiya almaq hüququ pozulmuşdur. Bakı şəhəri yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti də təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxx 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“..Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.8, 1.1.12, 5, 5.1.1, 5.1.2, 5.2, 7.1, 7.2, 7.3.1, 10.1, 29.1, 29.2-ci, Mülki Prosessual Məcəllənin 51, 54-cü maddələrinə istinadən gəldiyi nəticələrə əsasən iddiaçı X1 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 5, ümumi sahəsi 138,1 kv.m. olan 7 otaqlı fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1/3 hissəsindən istifadə hüququnun olması müəyyən edildiyinə görə onun alınmanın təsirinə məruz qalan şəxs kimi kompensasiya hüququ yaranmışdır, lakin iddia tələbi hazırkı halda ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 5, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evi 1/3 hissədə Cavabdeh2, 1/3 hissədə X2, 1/6 hissədə X6 və 1/6 hissədə X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşin materiallarından həmçinin görünür ki, xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, dalan 5, ümumi sahəsi 138,1 kv.m. olan, 7 otaqlı fərdi yaşayış evinin ona məxsus olan 1/3 hissəsini 86 817 manata alıcı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə satmışdır. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 4Ə- 120 reyestr nömrəli notariat işində olan notarius Səma Ələkbərovanın “xxxxxxxxxxxx” ASC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin adından (xx.xx.2018-ci il tarixli 114 saylı sərəncama əsasən) nümayəndə - X13 ilə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 86 817 manat məbləğində pulun müvafiq müqavilə tərəfındən təsdiq edildikdən sonra məktubu əsasında satıcı Cavabdeh2 verilməsi üçün bankda olan 4Z02AİİB******************** nömrəli depozit hesabına qəbul oİunması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən X3 ünvanlanmış xx.xx.2019-cu il tarixli DX-03/05-05-60 saylı məktubdan görünür ki, iddiaçının ünvan 3 ünvanda istifadəsində olan yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi ilə əlaqdar müraciətlərə Xidmətdə baxılmışdır. Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyriyaşayış obyektlərinin satın alınmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Yasamal rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə “Torpaqların dövlət ehtiyaclan üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi bildirilmiş, müraciətdə göstərilənlərin Xidmət tərəfindən araşdırılması zamanı qeyd olunan ünvanda yaşayış sahəsinə görə mövcud qaydalara uyğun olaraq hesablanmış 86 817 manat kompensasiya məbləğinin xx.xx.2018-ci il tarixdə iddiaçı ilə razılaşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 5, 5.1.1 və 5.1.2-ci maddələrinin tələblərinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 5.2-ci maddəsinə görə, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3.1-ci maddəsinə görə isə torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı bu Qanunun tələblərinə əməl edilməsi üçün zəruri olan bütün məlumatları toplamalıdır. Həmin Qanunun 29.1 -ci maddəsinə əsasən alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 29.2-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. İşin mübahisəli halı ondan ibarətdir ki, X4, istifadə hüququnun tanındığı ünvan 1 5, sahəsi 138,1 kv.m. olan 7 otaqlı ev söküldükdən sonra evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməməsini, bu ödənişlə bağlı cavabdehlə aralarında xx.xx.2008-ci il tarixdə saziş imzalanmasına baxmayaraq Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək yayınmasını, onun razılıq ərizəsi alınmadan Cavabdeh2 digər cavabdeh 53 saylı notariat ofısində xx.xx.2019-cu il tarixdə AN-İ ******* nömrəli müqavilə ilə alqı-satqı edərək 86 817 manat məbləğində pulu almasını və nəticədə onun kompensasiya almaq hüququnun pozulmasını iddia etmişdir. Cavabdeh2 iddiaya olan etirazının əsasını paylı mülkiyyətçi olmayan iddiaçının cavabdehdən pul tələb etməsinin qanunsuz olması təşkil edir. İş materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 X3 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə, apellyasiya instansiyasının qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin X1 ünvan 1 5, ümumi sahəsi 138,1 kv.m. olan 7 otaqlı fərdi yaşayış evinin Cavabdeh2 məxsus olan 1/3 hissəsindən istifadə hüququnun olması müəyyən edildiyinə görə onun alınmanın təsirinə məruz qalan şəxs kimi kompensasiya hüququnun yaranması ilə bağlı nəticəsi işin araşdırılmış hallarına uyğun olsa da, iddia tələbinin ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən təmin oluna bilməməsinə və cavabdeh kimi Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin göstərilməli olmasına dair nəticəsi qanuni və əsaslı olmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə əsasən və işin materiallarından göründüyü kimi, Yasamal rayon İcra Hakimiyyəti inzibati orqan olaraq iddiaçının istifadə hüququ olduğu və Cavabdeh2 paylı mülkiyyətində olan evi inzibati prosedur qaydasında dövlət ehtiyacları üçün aldığından ona qarşı iddia tələbi olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətinin bu dəlili ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi təyin edilməsini düzgün qeyd etsə də, apellyasiya şikayətinin bu dəlilinə düzgün hüquqi qiymət verməmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti artıq sözügedən evi paylı mülkiyyətçidən almış və evin 1/3 hissəsinə görə Cavabdeh2 verilən məbləği mübahisələndirməmişdir. Belə olan halda isə hazırki iddianın predmetini evin satılması nəticəsində pulu almış paylı mülkiyyətçinin iddiaçı qarşısında xx.xx.2008-ci il tarixdə sazişə əsasən evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləğinin tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünməsindən yayınmasından ibarət olmasına və Yasamal rayon İcra Hakimiyyətinin hazırki iş üzrə cavabdehlik daşımalı olmamasına apellyasiya instansiyası məhkəməsi diqqət yetirməyərək bu hallara düzgün qiymət verməmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan iddiaçı ilə Cavabdeh2 aralarında xx.xx.2008-ci il tarixdə bağladıqları sazişə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Belə ki, həmin Sazişə əsasən tərəflər ünvan 1 5, 7 saylı evin 1/3 hissəsinin Cavabdeh2 adına rəsmləşdirilməsinə baxmayaraq İddiaçı məxsus olmasını, həmin evdən İddiaçı istifadə hüququnun olmasını mübahisəsiz qəbul etmiş və öhdəlik götürmüşlər ki, ev söküldükdən sonra evin 1/3 hissəsinə görə verilməsi nəzərdə tutulan kompensasiya məbləği tərəflər arasında könüllü olaraq bərabər şəkildə bölünəcəkdir. Sazişin 3-cü bəndində göstərilənlər könüllü şəkildə yerinə yetirilmədiyi halda tərəflər pozulmuş hüquqlarının bərpa olunması üçün (kompensasiyanın ödənilməsinə dair) məhkəməyə müraciət etmək hüququna malikdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmasına da düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, Bakı şəhərı 53 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 4Ə-120 reyestr nömrəli notariat işində olan Cavabdeh2 notariat ofisinə xx.xx.2019-cu il tarixdə ünvanladığı ərizəsində ünvan 1 5 ünvanında yerləşən 7 saylı evdən ona məxsus 1/3 hissənin sökülməsi və satılması ilə əlaqədar gələcəkdə hər hansı (ailə üzvlərindən və qeydiyyatda olanlardan) payçılar ortaya çıxarsa onları həmin payla və maddi ödənişlə təmin etməyi öz öhdəsinə götürməsinə dair göstərdiklərinin iddiaçı ilə aralarında xx.xx.2008-ci il tarixdə bağladıqları sazişin məzmunundan irəli gələn öhdəliklər olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu - pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor - borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-nin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin faktiki hallarını təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalı, Cavabdeh2 iddiaçının xeyrinə 43 408,50 manat, eləcə də ödədiyi dövlət rüsumlarının əvəzi tutulmalıdır. Bununla belə kollegiya, iddiaçının “2018-ci ilin noyabr-dekabr ayından etibarən 43 408,50 manatın qərarın çıxarıldığı gün üçün illik bank uçot dərəcəsi əsas götürülməklə müvafıq faizlərinin tutulması” tələbini əsaslı hesab etmir: Belə ki, iddiaçının həmin tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Beləliklə, iddiaçının sözügedən tələbinə qiymət verilməsi üçün, ilk növbədə Mülki Məcəllənin 449.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Kollegiya hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, Cavabdeh2 Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya həmçinin hesab edir ki, iddia tələbləri Bakı şəhərinin 53 saylı notariat ofisinə münasibətdə əsaslı deyildir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət də yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2237/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 43 408,50 (qırx üç min dörd yüz səkkiz manat 50 qəpik) manat kompensasiya məbləği, habelə rüsum məbləğlərinin əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Ziya Şirinov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5059/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5059/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver