Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5062/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ödənilmiş təhsil haqqının qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1406/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramı təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən iddiaçı cavabdehin (təhsil alanın) Macarıstan, X6 Universiteti ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2015-ci ildən 2018-ci ilə kimi tədrisinin təşkil edilməsini öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçının xx.xx.2015-ci il tarixli, 986 saylı əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2015-ci il tarixli, 2/647 nömrəli məktubuna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən xarici ölkələrin universitetlərində təhsil almaq üçün tövsiyə edilmiş cavabdeh “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh (təhsil alan) Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, iddiaçı tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalı (5.2-ci bənd), o cümlədən cavabdeh (təhsil alan) üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə, Müqavilə birtərəfli qaydada Komissiyanın qərarına əsasən iddiaçı tərəfindən ləğv edilərək müqavilənin ləğv edilməsinə səbəb olmuş hallar əsaslandırılmaqla, iddiaçı tərəfindən Komissiyaya məlumat təqdim olunur (6.1). Bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehin hesabına və təqaüd kartına xx.xx.2015-ci il – xx.xx.2016-cı il tarixləri ərzində müxtəlif məbləğlərdə, yaşayış, təhsil, yol, viza, tibbi sığorta xərci olaraq, ümumilikdə 23.469,21 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçının xx.xx.2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq məktubuna uyğun olaraq Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirməkdən imtina etməsi nəzərə alınaraq, cavabdehin adı xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmış, həmçinin müqavilənin 5.2-ci bəndinin tələblərinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi əmr edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məktubla cavabdehə müraciət edərək, müvafiq tədris illəri ərzində Dövlət proqramı çərçivəsində təhsildən imtina edərək, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə adının müvafiq əmrlə xx.xx.2016cı il tarixdə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan tələblər sırasından çıxarıldığını onun nəzərinə çatdırmış və müqavilənin belə hallara aid şərtlərinə istinadən 15 gün müddətində təhsili üçün ödənilmiş 23.469,21 manat məbləğində dövlət vəsaitinin X3 hesabına ödənilməsini ondan tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 23.469,21 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək əsaslandırılmış, eyni zamanda, qeyd edilmişdir ki, cavabdeh aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2.4-cü və 5.2-ci bəndlərini pozduğundan onun Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması üçün ödənilmiş məbləğ geri qaytarılmalıdır.
4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, eyni zamanda məzmununda iddia müddətinin tədbiq edilməsini xahiş edərək bildirmişdir ki, onların arasında müqavilə 2015-ci ildə bağlanmış, 2016-cı ildə isə ona birtərəfli qaydada xitam verilmişdir. Lakin, iddiaçı mülki qanunvericiliklə müəyyən edilmiş müddətləri pozaraq, yalnız 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da Mülki Məcəllənin 372-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia rədd edilməlidir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1406/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X5).
6. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə iş üzrə iddiaçının cavabdehin adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması ilə bağlı xx.xx.2016-cı il tarixli əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçının həmin tarixdən ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı hüquqlarının pozulmasını 2016-cı ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı qanunvericiliklə müqavilə müddətləri üçün nəzərdə tutulan 3 illik iddia müddəti ərzində (2019-cu ilədək) məhkəməyə iddia ərizəsi ilə müraciət etmədiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etdiyindən iddia təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 21ci, 372-ci, 373-cü, 375-ci, 385-ci, 386-cı, 390-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etmiş, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz (mülahizə) təqdim edərək onu iddia ərizəsinə qarşı etirazın və birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin, o cümlədən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
15. “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulanəşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində də iddia tələbində sərgilədiyi mövqedən çıxış edir. Cavabdeh isə iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olduğunu, mübahisə predmetini təşkil edən müqavilənin 2015-ci ildə bağlanmasına və həmin müqaviləyə 2016-cı ildə iddiaçının təşəbbüsü ilə birtərəfli qaydada xitam verilməsinə baxmayaraq, hazırki tələbin bundan 8 il sonra irəli sürüldüyünü, nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin tədbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.
22. Məhkəmə kollegiyası iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu və apellyasiya şikayətinin də bu istiqamət (iddia müddətinin ötürülməməsi) üzrə formalaşdığını nəzərə alaraq hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilib-edilməməsi aspektindən qiymət verilməli olduğunu zəruri hesab edir.
23. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
24. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).
25. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).
26. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, başqasından nəyisə tələb etmək üçün qanunvericilikdə müddət (iddia müddəti) tətbiq edilmiş və müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə cavabdehin adının xaricdə Dövlət Proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılması barədə iddiaçının xx.xx.2016-cı il tarixli əmrinin qəbul edildiyi tarixdən birtərəfli qaydada xitam verilmiş və həmin tarixdən iddiaçının ödənilmiş təhsil xərclərinin cavabdehdən tələb etmək hüququ yaranmışdır. Müqavilənin şərtlərinə əsasən (5.2-ci bənd) cavabdehin özü də çəkilmiş bütün faktiki xərcləri həmin tarixdən iki aydan gec olmayaraq qaytarmaq öhdəliyi daşıyırdı. Lakin iddiaçı həmin vaxt hüquqlarının pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
27. Hüquqi nəticə etibarı ilə iddiaçı xx.xx.2016-cı il tarixli əmrin qəbul edildiyi vaxtdan cavabdehin müqavilə şərtlərini pozması barədə tam məlumatlı olmuşdur. Hər bir halda, həmin əmrlə cavabdeh nəinki Dövlət proqramı çərçivəsində təhsil alanların siyahısından çıxarılmış, həmçinin onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qeyd edilmişdir (əmrin 2-ci bəndi). İddiaçının apellyasiya şikayətində cavabdehin könüllü qaydada onun xaricdə təhsil alması üçün ödənilmiş pulun geri qaytarılmasına ümid etməsi və bunu gözləməsi mövqeyindən çıxış etməsi özü də bu halı təsdiq edir. Bu səbəbdən iddia müddətinin axımının xx.xx.2016-cı il tarixdən (müqavilənin 5.2-ci bəndində göstərilən 2 aylıq ödəniş müddəti nəzərə alınmaqla) deyil, iddiaçının cavabdehə ünvanladığı məktubun (xx.xx.2022-ci il) tarixindən hesablanması üçün hər hansı əsas yoxdur.
28. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı ən azı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və xx.xx.2024-cü il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini ötürmüşdür. Cavabdeh də hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iddianı iddia müddəti tətbiq etməklə rədd etmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1406/2024 nömrəli qətnaməsi iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.