Məhkəmə qərarları › İş №2(103)-5065/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5065/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5065/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Yusif Məmmədovun, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “Alyans-Paris” markalı çarpayı, dolab, temo və tumba, “Alyans” markalı televizor altı Verona, “Alyans” markalı bir qapılı vitrin Verona, “Nado” markalı yumşaq mebel əşyası və matrasın qiymətinin ödənilməmiş hissəsi kimi 2.665 manat, cərimə kimi 266 manat, cəmi 2.931 manat pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,31 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 2.931 manat məbləğinə pul, habelə dövlət rüsumunun əvəzi kimi 49,31 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, xx.xx.2020-ci il tarixli müqavilə xitam olunmuş hesab edilsin, iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Yusif Məmmədov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında xx.xx.2020-ci il tarixdə alqısatqı müqaviləsi bağlanıb və yuxarıda sadalanan əşyaların nisyə alqı-satqısı razılaşdırılıb. Əşyalar həmin tarixdə cavabdehə təhvil verilib. Cavabdeh üzərinə öhdəlik götürüb ki, əşyaların ümumi qiyməti kimi 20 ay ərzində hissə-hissə 5.930 manat ödəyəcək. Lakin cavabdeh maddi vəziyyətinə görə ödənişləri həyata keçirə bilməyib və tərəflərin qarşılıqlı razılığına əsasən əşyalar geri qaytarılıb. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə bildirib ki, müqavilə şətləri cavabdeh tərəfindən pozulduğuna görə həmin əşyalar cavabdehin öz razılığı əsasında geri qaytarılıb, qaytarılan əşyalar 3.257 manat dəyərində qiymətləndirilərək ümumi borcdan silinib, qalıq borcun ödənilməsi xahiş olunur. Hazırda iddiaçının tələb etdiyi 2.665 manat həmin qalıq borcdur. Belə ki, iddiaçı əşyaların ümumi qiyməti kimi cavabdehin ödəməli olduğu məbləğdən (5.930 manatdan) qaytarılan əşyaların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilmiş məbləği (3.257 manatı) və cavabdehin etdiyi ilkin ödənişin məbləğini (8 manatı) çıxıb, qalan 2.665 manatı qalıq borc kimi tələb edir. Tələb əsassızdır. Belə ki, cavabdeh apellyasiya şikayətində bildirib ki, qaytarılan mallar iddiaçı tərəfindən birtərəfli qaydada qiymətləndirilib, bu barədə ona məlumat verilməyib. İddiaçı geri qaytarılan əşyaların 3.257 manat dəyərində qiymətləndirildiyini bildirsə də, qiymətləndirmənin kim (mütəxəsis və s.) tərəfindən və hansı metodla aparılması barədə hər hansı sübutu məhkəməyə təqdim edilməyib. Ümumiyyətlə, iddiaçı qiymətləndirmə ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. O cümlədən iddiaçı əşyaların geri qaytarıldığı tarix və geri qaytarıldığı zamana olan vəziyyəti barədə heç bir sübutu (təhvil-təslim aktı, fotoşəkil s.) məhkəməyə təqdim etməyib. İddiaçı iddia ərizəsində bildirib ki, əşyalar xx.xx.2020-ci il tarixdə (yəni 9 ay sonra) geri qaytarılıb, cavabdeh isə apellyasiya şikayətində bildirir ki, əşyalar 2020-ci ilin iyun ayında (yəni 5 ay sonra) geri qaytarılıb. Cavabdeh bildirir ki, əşyalar istifadə edilməmiş, heç bir qüsuru olmadan geri qaytarılmışdır. İddiaçı əşyalarda hər hansı zədə və ya aşınma olması barədə məlumat vermir. Əgər geriqaytarma zamanı əşyalarda zədələnmə və ya aşınma aşkar olunmuşdursa, bu, aktlaşdırılmalı idi, o cümlədən zədə və aşınma olan hissələrin fotoşəkli çəkilə bilərdi. Geri qaytarılan əşyalarda zədə və ya aşınmanın olması, o cümlədən geri qaytarılan əşyaların dəyərinin 3.257 manat təşkil etməsi iddiaçı tərəfindən sübut olunmalıdır. İddiaçı bunu sübut edə bilmədiyinə görə cavabdehin bildirdiyi məlumatlar həqiqi sayılmalıdır. Yəni əşyalar hər hansı zədə və ya aşınma olmadan geri qaytarılıb. Bu isə onu təsdiq edir ki, əşyalar satılan zaman mövcud olan dəyərini itirməyib. Odur ki, həmin əşyaları satılan zaman mövcud olan dəyərindən aşağı qiymətləndirməsi əsassız hesab olunmalıdır. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırkı işdə əşyalar qarşılıqlı razılıq əsasında qaytarılıb, ona görə də həmin maddənin göstərişi baxımından hesab olunur ki, iddiaçı (satıcı) əşyaların ödənilməsini deyil, qaytarılmasını tələb edib. Bu vəziyyət isə Mülki Məcəllənin 421.1-ci maddəsinin göstərişi baxımından həm də belə qiymətləndirilir ki, alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib. Ləğv edilmiş müqavilə üzrə əşyanın qiymətinin (və ya onun bir hissəsinin) ödənilməsi tələb oluna bilməz, çünki qiyməti ödəmək öhdəliyi müqavilədən əmələ gəlir, müqavilə ləğv eildikdə isə həmin öhdəlik xitam olunur. Əgər geri qaytarılan əşyalarda zədə və ya aşınma olubsa, iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə uyğun olaraq zərərin əvəzinin ödənilməsi tələb edə bilər. O cümlədən Mülki Məcəllənin 645.2-ci maddəsinə görə əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilmıli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiası rədd olunsun. Hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar