Məhkəmə qərarları › İş №2(103)-5068/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5068/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5068/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2021 saylı, 10 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28500 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2021 saylı, 10 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, iddiaçının pulun birgə nikah dövründə əldə olunmasına dair sübut təqdim etmədiyini, həmin pulun ona aid olduğunu qeyd etmiş, bu səbəbdən, qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında cavabdehin vəkili F.Hüseynov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs M.Məmmədov məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11.07.2014-cü il tarixli 2(004)- 2423/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28.03.1984-cü il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2012-ci il tarixli, 2(103)-5642/2010 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 10.11.2011-ci il tarixli, 2(004)- 4459/2011 saylı qətnaməsi ilə X2 Cavabdeh qarşı aralarında 27.06.2008-ci il tarixdə Bakı şəhəri 2 saylı DNК-da bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası təmin edilmiş, Cavabdeh X3 qarşı cavabdehdən onun xeyrinə 57000 ABŞ dollarının ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı ifadəsində tutulması təİəbinə dair qarşıdıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, X2 Cavabdeh qarşı aralarında 27.06.2008-ci il tarixdə Bakı şəhəri 2 saylı DNК-da bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası təmin edilməmiş, Cavabdeh X3 qarşı cavabdehdən onun xeyrinə 57000 ABŞ dollarının ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı ifadəsində tutulması təİəbinə dair qarşıdıqlı iddiasının təmin edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Rayon məhkəməsinin sorğusu əsasında təqdim olunmuş 5541 nömrəli icra işində olan: “İcraata başlamaq haqqında” 18.10.2013-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.12.2012-ci il tarixli, 2(103)-5642/2010 saylı icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və icrası yönündə icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icra hərəkətləri həyata keçirilmişdir. Tələbkar Cavabdeh tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 30.06.2020-ci il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, tələbkar borclu X6 ilə aralarında barışıq müqaviləsi bağlandığını, borclu tərəfindən ona 11700 ABŞ dolları və 100 manat ödənildiyini, borcluya qarşı qeyd olunan icra sə\nədi üzrə heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.08.2020-ci il tarixli 8(004)-461/2020 saylı qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, 20.12.2012-ci il tarixli icra vərəqəsi üzrə tələbkar Cavabdeh ilə borclu X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, qərardadın icra sənədi üzrə icraata xitam verilməsi üçün əsas olduğu qeyd edilmişdir. “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 23.10. 2020-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, 20.12.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.3 maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4 maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Məcəllənin 37.3-cü maddəsinə görə isə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə Kollegiyasının araşdırmaları nəticəsində İddiaçı ilə Cavabdeh 28.03.1984-cü il tarixdə rəsmi nikaha daxil olmaları, həmin nikahın 11.07.2014-cü il tarixdə pozulması, tərəflərin birgə nikahları dövründə iddiaçının razılığı ilə cavabdehlə X6 arasında bağlanmış 27.06.2008-ci il tarixli borc müqaviləsinə əsasən, üçüncü şəxsə 57000 ABŞ dolları məbləğində borc verilməsi müəyyən edilmişdir. Beləliklə, mübahisəli pul məbləğinin tərəflərin birgə nikahları dövründə əldə olunması işin mübahisəsiz hallarından biri kimi qiymətləndirilməlidir. Bundan əlavə, Kollegiya bildirir ki, həmin borcun X1 Cavabdeh xeyrinə tutulması barədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5642/2012 saylı, 20.12.2012-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətləri uzun müddət, yəni 23.10.2020-ci il tarixədək davam etmiş, həmin tarixdə müqavilə tərəfləri arasında barışıq müqaviləsi bağlandığına görə icra sənədi üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən X6 tərəfindən Cavabdeh borc məbləğindən 11700 ABŞ dolları ödənildiyi, tələbkarın qalan borcdan imtina etməsi müəyyən olunmuşdur. Rayon məhkəməsi 11700 ABŞ dolları məbləğində pul vəsaitinə aid hissədə iddia tələbini təmin etmiş, yəni həmin məbləğin yarısının (5850 ABŞ dollarının (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla)) cavabdehdən alınaraq iddiaçıya verilməsini qərara almış, iddiaçı isə qətnamə ilə razılaşaraq onu mübahisləndirməmişdir. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə Kollegiya qeyd edir ki, cavabdeh birgə nikah dövründə borc verilən pul məbləğinin məhz ona aid olması barədə əsaslı və şübhədənkənar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri açıqaşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-706/2021 saylı, 10 fevral 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar