Məhkəmə qərarları › İş №2(103)-5069/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5069/2022

31.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5069/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(008)-1392/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İİ JQ 496287 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Musayeva (Qasımova) Lamiyyə Nizami qızının atası Cavabdeh1dur.

2. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Musayeva (Qasımova) Lamiyyə Nizami qızı xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar.

3. Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küşəsi, 14/7 saylı ev özbaşına tikilidir, evin heç bir hüquqi sənədi yoxdur. Kitablara əsasən həmin ünvanda hazırda X1 və X3 qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X5, uşaqları X7 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küşəsində yerləşən 14/7 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Uşaq yaşlarında olarkən anası X9 vəfat etmişdir. Bundan sonra 1992-ci ildə ünvan 2 ünvanındakı evi tikdirib, oraya köçmüşlər. Həmin evin tikintisində o və əmiləri fiziki cəhətdən köməklik göstərmişlər. Bundan sonra atası Cavabdeh1 Cavabdeh2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həmin vaxt Cavabdeh2 əvvəlki ərindən bir qızı olmuş, atası ilə birgə nikahından daha bir qızı xx.xx.1990-cı il təvəllüdlü X3 doğulmuşdur. Ögey anası Cavabdeh2 atası ilə birgə yaşadıqları Gəncə şəhəri, T.Hacıyev küçəsi 23 ünvanındakı evi atasına satdırmaq istəsə də, o, evin satılmasını istəməmişdir. Həmin evin satılıb Bakı şəhərində ona və özlərinə ayrı-ayrılıqda iki ev alacaqlarını bildirdiklərindən sonra evin satılamsına razı olmuşdur. Lakin xx.xx.2000-ci il tarixdə atasının təkidi və ögey anasının planı ilə o, X5 ilə nikaha daxil olmuşdur. Cehiz əşyalarının əvəzinə, ona Bakı şəhərində ev alacağı ilə bağlı atası onunla razılığa gəlmiş, bu səbəbdən, atası ona heç bir cehiz əşyası verməmişdir. Bundan sonra atası və ögey anası Gəncə şəhəri, T.Hacıyev küçəsi 23 ünvanındakı evi sataraq Bakı şəhərinə gəlmişlər. O da öz ailəsi ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Atası torpaq alıb ev tikdirməyə başlayan zaman o, öz ailəsilə kirayədə yaşamışdır. Bir müddət sonra atası ünvan 4 ünvanında iki mərtəbə, doqquz otaqdan ibarət həyət evi tikdirmişdir. Atası iki ev tikdirmək əvəzinə, hamısının birlikdə yaşamaları məqsədilə, bir böyük ev tikdirmişdir. Buna baxmayaraq, nə ona ailəsilə həmin evə köçməyə icazə vermişlər, nə də atası ona ayrıca ev almışdır. Bu səbəbdən də, evsiz qalmış, uzun müddət kirayələrdə yaşamışdır. Həyat yoldaşı fəhlə işləyir. Son zamanlar gəliri az olduğu üçün kirayə pulunu ödəyə bilməmiş və müvəqqəti olaraq baldızının evinə köçmüşlər. Halhazırda baldızı evdən çıxmalarını tələb edir. Atasına, ögey anasına və ögey bacısına həmin evə köçmək istədiyini deyəndə, ögey anası və ögey bacısı ona atasına baxmayacaqları ilə hədə-qorxu gəlirlər. Atası da öz xətrinə həmin evə gəlməməsini istəyir. Ümumiyyətlə, ona atası ilə ünsiyyət qurmağa da icazə vermirlər. xx.xx.2021-ci il tarixdə atası həmin evdən ona pay düşməməsi, həmin evdə yaşamaması üçün ögey anası və ögey bacısının təkidi ilə özü də formal olaraq həmin ünvandan qeydiyyatdan çıxaraq Gədəbəy rayonu, Mormor kəndinə qeydiyyata düşmüşdür. Ögey bacısı İsmayılbəyli (Qasımova) Həqiqət Nizami qızının iki evi olsa da, iddia predmeti olan evdən ona pay düşməməsi üçün hər vasitəyə əl atır. Cavabdehlər ondan tələb edirlər ki, atasına aid həmin ünvandakı evdən pay istəməməsi barədə notariat ofisində ərizə yazsın. Lakin onun və ailəsinin yaşamağa yeri olmadığı üçün, həmçinin atası ona cehiz əmlakı əvəzinə, ev alacağı sözünü verdiyi üçün onların həmin tələbindən imtina edir. Çünki həmin evdə yaşamaq bir övlad kimi onun da haqqıdır. Cavabdehlər iddia predmeti olan fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki üç otağı ayrı-ayrı üç şəxsə kirayə versələr də, onun yaşaması üçün iki otaq vermirlər. Övladlarının təlabatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli insanlar kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur. Lakin hazırkı vəziyyətdə bu mümkün deyildir. Qeyd etdiklərinin həqiqiliyini sübut etmək üçün şahidləri də vardır. Həmin şahidlər iddia predmeti olan evin həqiqətən də atası tərəfindən tikdirildiyini, atasının ona cehiz əşyaları əvəzinə, Bakı şəhərində ev alacağına söz verdiyini, onun hal-hazırda baldızının evində qaldığını təsdiq edə bilərlər

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(008)- 1392/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia predmeti olan fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı hər hansı hüquqi hərəkətin icrası, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması qeyrimümkündür. Belə olan halda, iddia tələbi daşınmaz əşyaya istifadə hüququnun tanınması hissəsində əsaslı deyil və rədd edilməlidir. Həmçinin işin faktiki hallarına, habelə iddiaçının izahatına əsasən İddiaçı xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra hələ Gəncə şəhərində yaşayarkən, başqa yerdə daimi yaşamaq üçün ata evini tərk etmişdir. Hazırda isə, iddiaçı göstərilən evin atası tərəfindən, onun maddi vəsaiti hesabına tikildiyini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddia tələbi iddiaçının əri və uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küşəsində yerləşən 14/7 saylı özbaşına tikiliyə köçürülməsi hissəsində də rədd edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasg Mğlki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli evdə atasının qeydiyyatda olduğunu, lakin sonradan planlı şəkildə həmin evdən qeydiyyatdan çıxdığını, evi atasının tikdirdiyini, həmin evi əvvəllər yaşadıqları Gəncə şəhərindəki evi satıb əldə etdiyi gəlirlə torpaq alaraq tikdirdiyini və həmin evdə onun və ailəsinin də hüquqlarının olduğunu düzgün araşdırmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin ev özbaşına tikilidir. Lakin həmin evin kommunal sayğacları var və Qəsəbə Nümayəndəliyində qeydiyyatdan keçib. Həmçinin hazırda həmin evdə yaşayış olduğu üçün həmin ev yaşayış sahəsi sayılır və ailəsi ilə birlikdə həmin evə köçürlməli idi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, mübahisəli ev tikilən zaman o və əmisi evin tikilməsində yaxından iştirak etmişdir. Lakin ev hazır olduqdan sonra 2004-cü ildən etibarən cəmi iki il müddətində həmin evdə yaşamışdır, sonradan isə məcbur qalıb evdən çıxmış və kirayələrdə yaşamışdır. Hesab edir ki, ailəsi ilə birlikdə mübahisəli evə istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidirlər.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

15. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apelyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

22. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də maddi hüquq normalarının tələblərini pozmuşdur.

23. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

24. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı).

25. İş materiallarından göründüyü kimi iddiaçı hazırki tələbində əri X5, uşaqları X7 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küşəsində yerləşən 14/7 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Halbuki iş materiallarından görünür ki, iddiaçının istifadə hüquqlarının tanınması və mənzilə köçürülməsini xahiş etdiyi uşaqları X7 – 23 avqust 2000-ci il təvəllüdlü, X8 isə 06 fevral 2003-cü il təvəllüdlü olmaqla yetkinlik yaşlarına çatmışlar.

27. Göründüyü kimi iddiaçının əri X5, eləcə də uşaqları X7 və X8 müstəqil şəkildə hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək iqtidarında olmuşlar.

28. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

29. İddiaçı isə X5, X7 və X4 adından iddia qaldırmaqla onlara münasibətdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa məxsus olmamışdır.

30. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını araşdırmayaraq hüquqi qiymət verməmişdir.

31. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

32. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi X5, X7 və X6 münasibətdə iddiaçının iddia tələbi ilə məhkəmə müraciət etmək üçün subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.

34. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin iddiaçıya münasibətdə təmin edilməsi üçün əsaslar olmamışdır.

35. Belə ki, iddia predmeti olan fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı hər hansı hüquqi hərəkətin icrası, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması qeyri-mümkündür.

36. Belə olan halda, iddia tələbi iddiaçıya münasibətdə daşınmaz əşyaya istifadə hüququnun tanınması və köçürülməsi hissəsində əsaslı olmamışdır.

37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evə kommunal sayğacları olması və Qəsəbə Nümayəndəliyində qeydiyyatdan keçməsi həmin evin özbaşına tikili statusunu aradan qaldırmır, çünki mübahisəli mənzilə dair hüquqlar dövlət qeydiyyatına alınması müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası iddia tələbinin (iddiaçıya münasibətdə) özbaşına tikiliyə köçürülməsi ilə bağlı qeyd edir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bundan sonra hələ Gəncə şəhərində yaşayarkən, başqa yerdə daimi yaşamaq üçün ata evini tərk etmişdir. Hazırda isə, iddiaçı göstərilən evin atası tərəfindən, onun maddi vəsaiti hesabına tikildiyini iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

39. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının X5, X7 və X4 adından hazırki iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ olmadığından qətnamə onlara münasibətdə ləğv edilməklə həmin hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia tələbi rədd edilməli, iddiaçıya münasibətdə isə iddia tələbi əsassız olduğundan rədd edilməli, apellyasiya şikayəti isə əsassız olduğu üçün təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(008)-1392/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı - X5, X7 və X4 adından hazırki iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüququ olmadığından iddia tələbi X5, X7 və X6 münasibətdə iddia tələbi rədd edilsin. İddiaçı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə” tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar