Məhkəmə qərarları › İş №2(103)-5071/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5071/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5071/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququ, mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı və Cavabdeh3 bacı-qardaşdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cavabdeh3 uşaqlarıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. 2.İddiaçı cavabdehlərin onun mülkiyyət hüququnu pozduğunu iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. İddiaçı və həyat yoldaşı X2 öz mülkiyyətində olan mənzilində qeydiyyatdadırlar. Mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, ev 3, 1 saylı mənzil cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehlərdən Cavabdeh3 iddiaçının bacısı, digərləri isə onun uşaqlarıdır. Onların ünvan 2 ünvanında özlərinə məxsus mənzilləri var. Rəsmi olaraq həmin ünvanda pasport qeydiyyatındadırlar. Onlar iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, ev 3, 1 saylı mənzilin qapısını sındıraraq daxil olmuşlar və orada qanunsuz olaraq yaşayırlar. İddiaçı dəfələrlə onlara zəbt etdikləri mənzilin boşaldılması, qanunsuz hərəkətlərinin dayandırılması barədə xəbərdarlıq etsə də, cavabdehlər onun haqlı tələblərinə əhəmiyyət verməyərək mənzildən çıxmırlar. Cavabdehlər mənzilə daxil olan zaman iddiaçıya məxsus şəxsi əşyaları qanunsuz olaraq ələ keçirmişlər. İddiaçı onların qanunsuz hərəkətləri barədə 31-ci Polis Bölməsinə şikayət etmişdir. Polis Bölməsində hal-hazırda araşdırma aparılır. Cavabdehlər mənzildən könüllü şəkildə çıxmadığına görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı və X2 ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Əliyev X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, ev 8, mənzil 129 ünvanında qeydiyyatdadırlar. 5.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının 14də cavabdehlər ona məxsus mənzilin qapısını sındıraraq mənzilə qanunsuz daxil olmuşlar. Hadisə ilə bağlı o, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət etmişdir. Lakin cavabdehlər barəsində onların əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O isə həmin qərarın ləğv edilməsi üçün Suraxanı rayon prokurorluğuna müraciət etmiş, onun şikayəti əsasında cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək materiallar yenidən araşdırılması üçün Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilmişdir. Cavabdehlərin zəbt etdikləri mənzil order əsasında onun atasına məxsus olmuş, o isə öz növbəsində mənzili özəlləşdirmişdir. Hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozur. Cavabdehlərdən Cavabdeh3 onun doğma bacısı, digər iki cavabdeh isə bacısının övladlarıdır. Hadisədən bir müddət əvvəl ona məlum olmuşdur ki, Cavabdeh1 ondan gizli mənzilin yerləşdiyi torpaq sahəsindən 0.02 ha hissəni Gürcüstan Respublikasının vətəndaşına satmışdır. Hansı ki, satılan torpağa dair mülkiyyət sənədi olmasa da, onun atasına məxsus mənzilin həyəti olmuş və həmin həyət hasara alınmışdır. Torpağın satıldığını biləndə Suraxanı rayon İcra Hakimiyyətinə şikayət etmiş, icra hakimiyyətinin nümayəndələrinin müdaxiləsindən sonra həmin şəxslər torpaq sahəsində tikintini dayandırmışlar. Bundan sonra Cavabdeh1 ona müraciət edərək torpağa görə 25000 manat pul aldığını bildirmişdir. Pulu cavabdehə verən şəxslər daha sonra ona da müraciət etmiş, o da məcbur olub 25000 manatı həmin şəxslərə qaytarmaq üçün Elnura borc vermişdir. Hal-hazıradək həmin pul ona qaytarılmamışdır. Əlavə olaraq, cavabdehlərin özünə məxsus biri Abşeron rayonunda, biri isə Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadov küçəsində poçtun arxasında yerləşən iki evləri var. Cavabdeh3 Yeni Ramana qəsəbəsində yerləşən evə gəlin köçmüş, orada yaşamış, onun uşaqları olan digər cavabdehlər isə həmin evdə doğulub və yaşamışlar. Cavabdehlər hazırda özlərinə məxsus Abşeron rayonunda yerləşən evdə pasport qeydiyyatındadırlar. Lakin onlar qanunsuz olaraq onun mənzilini qanunsuz olaraq zəbt etmişlər. Artıq iki ilə yaxındır ki, onlar işi uzatmaq üçün məhkəmələrdə iddialar qaldırsalar da, məhkəmə proseslərini uduzurlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 6.Məhkəmənin hazırlıq iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil onun atasına məxsus olmuş, o, həmin mənzildə doğulandan indiyədək yaşamışdır. 7.Məhkəmənin baxış iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil onun mərhum qayınatasının puluna alınmış, lakin mənzilə dair sənədləşmə qeydiyyata almaq daha rahat olduğu üçün atasının adına aparılmışdır. O, 1990-cı ildən həmin mənzildə yaşamışdır. Xırdalanda yerləşən və onların qeydiyyatda olduğu mənzil onun oğlu olan digər Cavabdeh1 məxsusdur. Gəlin köçdüyü evdə isə qaynı yaşayır. İddiaçının məhkəməyə təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən çıxarış saxta sənəddir. Həmin çıxarışın alınmasına səbəb olan sərəncamı inzibati qaydada mübahisələdirmişlər və mübahisə ilə bağlı iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 8.Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun dayısıdır. Bir müddət əvvəl aralarında mənzillə bağlı yaranmış mübahisədən əvvəl o, həmin mənzilin həyətində yerləşən torpaq sahəsindən 0.02 ha hissəni Gürcüstan Respublikasının vətəndaşına təxminən 22-25000 manata satmışdır. Bundan xəbər tutan İddiaçı Suraxanı rayon İcra Hakimiyyətinə şikayət etmiş, icra hakimiyyətinin nümayəndələrinin müdaxiləsindən sonra torpağı ondan alan şəxslər torpaq sahəsində tikintini dayandırmağa məcbur olmuşlar. Daha sonra onlar torpaq sahəsi üçün ödədikləri pulu tələb edəndə dayısı ona təklif etmişdir ki, həmin pulu ona borc verə bilər, bir şərtlə ki, cavadehlər hamısı həmin mənzildən pasport qeydiyyatından çıxsınlar, çünki mənzili satacaq. Onlar da mənzildən qeydiyyatdan çıxmışlar. Sonradan o, iddiaçıya təklif etmişdir ki, borc verdiyi 25000 manatı ona qaytarsın, iddiaçı da onları yenidən mənzilə pasport qeydiyyatına aldırsın. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçı mənzilə mülkiyyət hüququnun olmasına dair çıxarışı da saxta yolla əldə etmişdir. Bununla bağlı anası Cavabdeh3 Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır və inzibati iş baxılması üçün xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 9.Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzili onun ata babası almışdır. O özü doğulandan 2007-ci ilədək mübahisəli mənzildə yaşamış, 2007-ci ildə ailə quraraq oradan köçmüş, 2012-ci ildə isə ailəsindən ayrılaraq yenidən həmin mənzilə qayıtmışdır. Hazırda da həmin mənzildə yaşayır və çıxmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 10.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim-Səlimə Miriyeva) 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 11.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 50.7 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. 12.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. 13.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3451/2022 nömrəli qətnaməsidən görünür ki, iddia təmin edilmiş, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları tanınmışdır. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 703/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3451/2022 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınmasına dair iddia rədd edilmişdir. 15.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1997/2023 nömrəli qərarı ilə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-703/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı və Cavabdeh3 bacı-qardaşdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cavabdeh3 uşaqlarıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Lakin onlar həmin mənzildə yox, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzil üzərində istifadə hüquqlarının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddiaları təmin edilməmiş, mənzildən istifadə hüquqları tanınmamışdır. 17.Məhkəmə mübahisələndirilən mənzilin iddiaçının xüsusi mülkiyyətində olmasını, cavabdehlərin həmin mənzil üzərində qüvvədə olan məhkəmə qətnaməsinə əsasən istifadə hüququnun tanınmaması ilə bağlı işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə iddiaçının razılığı olmadan yaşamaqla iddiaçının mənzil üzərində mülkiyyət hüququna müdaxilə etdiklərindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 18.Məhkəmə cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları ilə onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə (Hər kəs öz ... mənzilinə ... hörmət hüququna malikdir) təminat altına alınan mənzilə hörmət hüququna müdaxilə edilib-edilməməsi, əgər edilmişdirsə, bu müdaxilənin qanuniliyi və qorunan maraqlara mütənasibliyi ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin uzun müddət orada yaşaması, həmin mənzillə uzun müddət davamlı bağları olması baxımından mübahisəli mənzil Konvensiyanın 8ci maddəsi baxımından “mənzil” kimi qəbul edilə bilər. Lakin məhkəmə hesab etmişdir ki, onların mənzildən çıxarılmaları ilə mənzilə hörmət hüquqlarına müdaxilə edilmiş olsa belə, bu müdaxilə həm qanunidir (iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpasına yönəlmişdir), həm də qarşıya qoyulmuş qanuni məqsədə mütənasibdir. Ona görə ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmaqla yeganə yaşayış yerlərindən məhrum olmurlar. Belə ki, onların hazırda qeydiyyatda olduqları mənzil Cavabdeh1 mülkiyyətindədir və yaxın ailə üzvləri olan cavabdehlər mübahisəli mənzildən çıxdıqdan sonra həmin mənzildə yaşaya bilərlər. Beləliklə, məhkəmə birbirinə zidd maraqları ölçərək hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən çıxarılması iddiaçının mülkiyyət hüququnun qorunması qanuni məqsədinə mütənasibdir.

19. Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 152.3, 152.5, 157.2-ci: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.2, 88, 107, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21.Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil cavabdehin mərhum qayınatasının puluna alınmışdır, lakin mənzilə dair sənədləşmə işlərində yaranan çətinliklərə görə və qeydiyyat daha rahat olduğu üçün atasının adına aparılmışdır. O, yəni Cavabdeh3 1990-cı ildən indiyədək həmin mənzildə yaşamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən çıxarış saxta sənəddir. Aydındır ki, qanunsuz üsullar ilə əldə olunmuş həmin saxta çıxarışın heç bir hüquqi qüvvəsi yoxdur. Belə olduğu təqdirdə, heç bir halda iddiaçının həmin mənzilə olan mülkiyyət hüququndan söhbət gedə bilməz. İddiaçıya məxsus həmin saxta çıxarışın alınmasına səbəb sərəncam inzibati qaydada onun tərəfindən mübahisələdirmişdır. Mübahisə ilə bağlı iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Beləliklə, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış etibarsızdır. Xırdalanda yerləşən və cavabdehin qeydiyyatda olduğu mənzil oğlu-digər Cavabdeh1 məxsusdur. Gəlin köçdüyü evdə isə hazırda qaynı yaşayır. Əlavə olaraq qeyd edir ki, həmin çıxarışın etibarlı olduğunu güman etsək belə, məhkəmənin çıxardığı qətnamə hər bir halda etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu maddənin şərhindən də aydın olur ki, ailə üzvləri baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə həmin mənzildə ailə münasibətləri içərisində yaşaması təməl şərtlərdən biri hesab olunur. Həmçinin Konstitusiyanın “Mənzil hüququ” başlığını daşıyan 43-cü maddəsində mənzil toxunulmazlığı ilə bağlı prinsipial qayda olan “yaşayış sahəsindən qanunsuz bir əsasla məhrum edilməzlik” prinsipinə yer verilmişdir. Mənzil toxunulmazlığı anlayışının yaşayış sahəsindən qanunsuz məhrum edilməzliyilə bağlı olan təməl əmlak haqları xüsusi olaraq qorunma altına alınmışdır. Bütün bu faktları Suraxanı Rayon Məhkəməsi nəzərdən qaçırmışdır. Buna görə də Suraxanı Rayon Məhkəməsinin də bu əsasla çıxardığı qətnamə qanunsuz və ədalətsizdir. Məhkəmə hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir.Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

24.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası: 27.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 28.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 31.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 32.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 34.Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 35.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 36.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh3 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 42.Belə ki, iş materillarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı və Cavabdeh3 bacı-qardaşdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Cavabdeh3 uşaqlarıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Lakin onlar həmin mənzildə yox, ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzil üzərində istifadə hüquqlarının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddiaları təmin edilməmiş, mənzildən istifadə hüquqları tanınmamışdır. 43.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “Cavabdeh3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. 46.Hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi (Vindikasiya) təşkil edir. 47.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 48.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 49.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 50.Həmçinin Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 51.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 52.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 53.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, həmin mənzil hazırda Cavabdeh3 qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. 54.Cavabdeh3 hal-hazıradək mənzildən çıxmayaraq, həmin mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. 55.Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının Cavabdeh3 mənzildən çıxarılma ilə bağlı irəli sürdüyü faktiki hallar, onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 56.Beləliklə, qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla, kollegiya hesab edir ki, Cavabdeh3 həmin mənzilə istifadə hüququ olmadığından, onun iddiaçıya məxsus mənzildən çıxarılması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. 57.Kollegiya apellyatorun həmin mənzil üzərində istifadə hüququnun olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin məsələyə yuxarıda qeyd olunan qüvvədə olan məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş və cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququ tanınmamışdır. 58.Beləliklə, işin müəyyən edilmiş fakitki hallarına və qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 59.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(010)-83/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Emin Mehdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar