Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5072/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüquqlarının tanınması və yaşamaq üçün həmin evə köçürülmələri tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1249/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı oğlu 01.02.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına və yaşamaq üçün həmin evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.03.2007-ci il tarixdə Cavabdehla nikaha daxil olub ailə qurmuş, birgə nikahlarından 01.02.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət cavabdehin dayısı Habilin evində yaşamış, 2008-ci ildə onlar iddiaçının bacısı Könülün mənzilinə köçmüş, 23.07.2009-cu ildə cavabdeh iddiaçının ailəsinin də maddi dəstəyi ilə Simurq MTK-dan müqavilə yolu ilə mənzil almış, təmir etdikdən sonra isə 2010-cu ildən 2015-ci ilin noyabr ayına kimi tərəflər Yasamal rayonu, M.Xiyabani küçəsi 33 saylı evin 330 saylı mənzilində yaşamışlar. 2013-cü ildə tərəflərin nikahı formal olaraq pozulmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsindəki 42 saylı ev yaşamaq üçün yararsız olduğundan iddiaçı nikahdan dərhal sonra bu ünvana köçməmişdir. 2015-ci ilin noyabr ayında cavabdehə məxsus M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı ev tam təmir edildikdən sonra iddiaçı oğlu ilə həmin evə köçüb 2016-cı ilin iyun ayına, yəni evdən çıxıb getməyə məcbur edilənə kimi bu evdə yaşamışdır. Cavabdehin razılığı ilə iddiaçı və oğlu həmin evə qeydiyyata da alınmışlar. İddiaçı 2016-cı ildə cavabdehin təzyiqlərinə, işgəncə və zorakılıqlarına dözməyərək, zorakılığa məruz qalmış şəxs kimi, qaçqın statusu ilə müvəqqəti yaşamaq üçün Almaniyaya getmiş, orada müvəqqəti yaşamaq hüququ almış, lakin iddiaçı Azərbaycana qayıtmaq niyyətindədir. İddiaçının yaşamaq üçün başqa evi yoxdur. İddiaçının və oğlunun mülkiyyətçinin ailə üzvü kimi yaşadıqları evdən istifadə etmək hüquqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1249/2021 saylı, 18 mart 2021ci il tarixli qətnaməsi ilə iddia tələblərinin rədd olunması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin gəldiyi nəticə ilə razı olmadığını, həmin nəticəni işin həqiqi hallarına və qüvvədə olan maddi hüquq normalarına zidd hesab etdiyini, məhkəmənin qanunvericiliyin tələblərini düzgün tətbiq etmədiyini, əsassız olaraq şahid ifadələrini sübut kimi qəbul etmədiyini vurğulamış, yanlış qətnamə qəbul olunduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2019-cu il tarixli 1669 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı haqqında 17.03.2007-ci il tarixli 299 saylı akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2019-cu il tarixli 1668 saylı arayışdan müəyyən olunur ki, X5 01.02.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 1092 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 15.04.2013-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında 17.03.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsində 299 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 01.02.2008-ci il təvəllüdlü X3 cavabdeh İddiaçı yanında saxlanılması, 01.02.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.04.2013-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.07.2019-cu il tarixli 1670 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı pozulmuş və nikahın pozulması haqqında 08.07.2015-ci il tarixli 208 saylı akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.05.2006-cı il tarixli MH №0004553 saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsində istifadədə olan 0,02377 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 42a/46 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 437 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 20.10.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Simurq MTK-nın 14.10.2020-ci il tarixli 159 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh 23.07.2008-ci il tarixli müqavilə ilə M.Xiyabani küçəsi 33 saylı evin 330 saylı mənzili üçün 36700 manat pay haqqı ödəmiş, mənzil MTK tərəfindən təmir edilməmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində göstərmişdir ki, bacısı İddiaçı Cavabdehla 2007-ci ildə nikaha daxil olduqdan sonra 2-3 ay kirayədə yaşamış, daha sonra onun Nərimanov rayonundakı evinə köçmüşlər. Bir müddətdən sonra bacısı Cavabdehla birlikdə Yasamal rayonunda ev alıb orada yaşamışlar. Cavabdeh məxsus Bakı Fəhləsi küçəsində yerləşən iki mərtəbəli evin tikintisində onun atası və qardaşı iştirak etmiş, həmin evə məişət texnikası alınmışdır. Bacısı İddiaçı həmin evdə 2015-ci ilin noyabr ayından 2016-cı ilin iyun ayına qədər yaşamışdır. Daha sonra bacısı İddiaçı Cavabdeh tərəfindən şiddətə məruz qaldığından qaçqın statusu ilə Almaniyaya getmişdir. Artıq İddiaçı 5 ildir ki, övladı ilə birlikdə Almaniyada yaşayır və Azərbaycan Respublikasında aldığı diplomlarının Almaniyada tanıtmaq üçün təhsil alır. İddiaçı 2021-ci ilin may ayının sonunadək Almaniyada yaşamaq icazəsi vardır. İddiaçı bu müddətin uzadılması üçün müraciət etsə də, onun müraciəti qəbul edilməmişdir. Cavabdeh evi satmasını, ikinci dəfə nikaha daxil olmasını bildikdən sonra bacısı İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib heç olmasa bu evi əldə saxlamaq barədə qərar vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində göstərmişdir ki, əmisi qızı və eyni zamanda baldızı olan İddiaçı əri Cavabdeh atasına məxsus Bakı Fəhləsi küçəsində yerləşən torpaq sahəsində 2 mərtəbəli, 1-ci mərtəbəsində zal, mətbəx, dəhliz, 2-ci mərtəbəsində 3 otaq yerləşən fərdi yaşayış evində 2015-2016-cı illərdə yaşamış, həmin evdə olan məişət əşyaları İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh formal olaraq boşanmış, İddiaçı Almaniyaya gedənədək Cavabdehla ailə münasibətlərində olmuşdur. Cavabdeh İddiaçı döydüyündən İddiaçı Almaniyaya getmək məcburiyyətində qalmışdır. Hazırda İddiaçı Almaniyada dil öyrənir, oğlu isə təhsil alır. İddiaçı tam ali təhsilli olduğundan Almaniyada onun təhsil almağa ehtiyacı yoxdur. İddiaçı Bakı Fəhləsi küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən başqa yaşayış yeri yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında mənzillə bağlı münasibətlər 2015-ci ildə yaranmaqla iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtinin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir”. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə mübahisəsi gedən mənzilin sahibi olan Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmiş və iddiaçı mənzildən çıxıb getmişdir. Cavabdeh ilə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmamışdır; eyni zamanda, iddiaçı cavabdehə məxsus evdə əvvəllər yaşadığını da sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında dindirilən şahidlər iddiaçının həmin ərəfədə Cavabdeh məxsus Bakı Fəhləsi küçəsində yerləşən iki mərtəbəli evdə yaşamasını bildirmişlər. Məhkəməyə təqdim olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.05.2006-cı il tarixli MH № ******* saylı çıxarışın surətindən isə Cavabdeh mülkiyyətində olan 42a/46 saylı evin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsində istifadədə olan 0,02377 ha torpaq sahəsində yerləşməklə 1 mərtəbəli, 1 otaqdan ibarət olması müəyyən edilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bakı Fəhləsi küçəsi 42 saylı fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır; buna görə də, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğundur. Yuxarıda şərh olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin mənzilə köçürülmə ilə bağlı hissəsi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir və həmin tələblə bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1249/2021 saylı, 18 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5072/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5072/2021
22.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver