Məhkəmə qərarları › İş №2(103)-5072/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5072/2022

29.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5072/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Atəşgah” Sığorta Şirkəti ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-dən 2500 ABŞ dollarının tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək X3 səfər etmişdir. Bu səfəri nəzərə alaraq, Atəşgah sığorta şirkətində səfərini sığortalayıb. Bu sığorta müqaviləsinin bəndlərindən biri səfərin ləğv olunmasıdır. Bildirmək istəyir ki, xx.xx.2021-ci il tarixində o, X3 İstanbuldan uçuş edib. Amma onu Meksikanın miqrasiya işçiləri buraxmayıblar. O iki gündən sonra Bakıya geri qayıdıb. Evə qayıtdıqdan sonra məlumat alıb ki, Ali Məhkəmə onun aidiyyətində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixində məhkəmə iclası təyin edib. Bununla əlaqədar olaraq o «Atəşgah Sığorta Şirkəti” ASC -yə ödənişin ona ödənilməsi ilə bağlı ərizə ilə müraciət edib. Amma «Atəşgah Sığorta Şirkəti” ASC ona 2500 ABŞ dollar sığorta ödənişini ödəməkdən imtina edib.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Şəhla Süleymanova).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edərkən iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, səfərini Atəşgah Sığortada sığortalayan zaman hər hansı problem olduqda şəhərə buraxılmaması halının sığortalanmasını soruşmuşdur. Hər bir halda səfər baş tutmadıqda sığorta məbləğinin geri qaytarılacağını bildirmişlər. Meksikaya dostunu görmək üçün getmiş, ölkəyə buraxılmadığı üçün geri qayıtmışdır. Məhkəmə iclasları olduğu üçün səfəri təxirə düşmüşdür. Meksika təhlükəli ölkədir. Ətrafında bir çox insan bu problemlə rastlaşdığına görə səfər sığortası etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraz ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, hansı halların sığorta hadisəsi olması "Səfər Sığortası" qaydalarının 28-ci maddəsində göstərilmişdir. Həmin qaydalarla tanış olmasını Sığorta Şəhadətnaməsini imzalayaraq təsdiq etmişdir. Etiraz ərizəsində göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0592 nömrəli Sığorta məktubundan görünür ki, «Atəşgah Sığorta Şirkəti" ASC-yəünvanlanan xx.xx.2021-ci il tarixli ərizələr və onlara əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən və ərizədən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə və İstanbul şəhərindən Meksika Respublikasına səfər etmişdir. Lakin xx.xx.2021 ci il tarixdə X7 X4 İdarəsi ölkəyə girişinə imtina etmişdir. Bundan sonra o xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasına geri dönmüşdür. Bildirilib ki, «Atəşgah Sığorta Şirkəti" ASC ilə bağlanan SS-08706383 saylı Səfər Sığortası şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası qaydalarının 28-ci maddəsində səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta təminatına daxil edilen hallar sadalanmışdır. Qeyd edib ki, iddiaçının səfərinin baş tutmasına səbəb olan hal qaydaların adı çəkilən maddəsi ilə sığorta təminatına aid edilməmişdir. Belə ki, qeyd edilen hal sığorta təminatına daxil edilmədiyindən, müvafiq olaraq səfərin ləğvi (tarixin dəyişdirilməsi) sığorta hadisəsi hesab edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilib ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli müraciət üzrə səfərin ləğv olunması (tarixlərinin dəyişməsi) hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. "Səfər Sığortası" Qaydalarının "Səfərin ləğv edilməsivə tarixinin dəyişdirilməsi" bölməsinin 28-ci maddəsinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir: 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş olan və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir. 28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin: 28.2.1. Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ana, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur; 28.2.2. Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir; 28.2.3. Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə, 28.2.4. Sığortalının, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və/və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl geri qayıtması; 28.2.5. Səfərin son tarixinin keçməsinə baxmayaraq, Sığortalının onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş vermesi ve ya xəstəliyi səbəbilə xaricdən geri qayıtmasının gecikməsi. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Mikayılov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 0592 nömrəli Sığorta məktubundan görünür ki, «Atəşgah Sığorta Şirkəti” ASC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizələr və onlara əlavə olunmuş sənədlər araşdırılmışdır. Təqdim edilən sənədlərdən və ərizədən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə və İstanbul şəhərindən Meksika Respublikasına səfər etmişdir. Lakin xx.xx.2021- ci il tarixdə X7 X4 İdarəsi ölkəyə girişinə imtina etmişdir. Bundan sonra o xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasına geri dönmüşdür. Bildirilib ki, «Atəşgah Sığorta Şirkəti” ASC ilə bağlanan SS-08706383 saylı Səfər Sığortası şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası qaydalarının 28-ci maddəsində səfərin ləğv edilməsi və ya tarixinin dəyişdirilməsi üzrə sığorta təminatına daxil edilən hallar sadalanmışdır. Qeyd edib ki, iddiaçının səfərinin baş tutmasına səbəb olan hal qaydaların adı çəkilən maddəsi ilə sığorta təminatına aid edilməmişdir. Belə ki, qeyd edilən hal sığorta təminatına daxil edilmədiyindən, müvafiq olaraq səfərin ləğvi (tarixin dəyişdirilməsi) sığorta hadisəsi hesab edilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirilib ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli müraciət üzrə səfərin ləğv olunması (tarixlərinin dəyişməsi) hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

11. İş materiallarında olan X8 Səhmdar Cəmiyyətinin nümayəndəsinin məktubunda qeyd edilib ki, Azərbaycan vətəndaşı xx.xx.1984-cü il təvəllüdlü İddiaçı səyahət səbəbini sübut edə bilmədiyi üçün, bununla xx.xx.2021-ci il tarixdə Türkish Airlines hava yolu şirkətinə Meksika şəhəri Beynəlxalq Hava limanından nəzarətçi vəzifəsini icra edən və 825940 nömrəli hava limanı şəxsiyyət vəsiqəsinin sahibi Yonatan Pacheco tərəfindən məlumat verilir və o, hazırki sənədin əslini qəbul edir və bildirilir ki, təmsilçiyə sənədin məzmunu barədə məlumat verilmiş və sözügedən əcnəbi ölkəni xx.xx.2021-ci il tarixdə saat 10:00-da İstanbul istiqamətinə həyata keçiriləcək 181 nömrəli uçuşla tərk edəcəkdir.

12. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Səfər Sığorta Şəhadətnaməsindən görünür ki, İddiaçı sığorta haqqı üçün 33.13 ABŞ dolları ödəmişdir. Sığorta məbləği 50000 ABŞ dolları hesablanmışdır. Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

15. MM-in 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

16. MM-in 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

17. MM-in 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

18. “Səfər Sığortası” Qaydalarının “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsi” bölməsinin 27.2-ci maddəsinə əsasən səfərin ləğv edilməsinin və ya tarixlərinin dəyişdirilməsinin sığortası zamanı sığorta predmeti Sığortalının dəyəri ödənilmiş xaricə səfərin ləğv edilməsi və ya xaricdə qalma tarixlərinin dəyişməsi nəticəsində çəkdiyi xərclərdir.

19. “Səfər Sığortası” Qaydalarının “Səfərin ləğv edilməsi və tarixinin dəyişdirilməsi” bölməsinin 28-ci maddəsinə əsasən aşağıda qeyd edilənlər sığorta hadisəsi hesab edilir:

20. 28.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş olan və baş verməsi nəticəsində Sığortaçının sığorta ödənişi verməsi öhdəliyini yaranan hallar sığorta hadisəsi hesab edilir.

21. 28.2. O hallar sığorta hadisəsi hesab edilir ki, onlar sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş olsun və səlahiyyətli orqanlar tərəfindən verilmiş sənədlərlə sübuta yetirilsin:

22. 28.2.1. Sığortalının və ya onun yaxın qohumunun ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir. Bu Qaydalara əsasən yaxın qohum dedikdə, ata və ana, uşaqlar (övladlığa götürülənlər daxil olmaqla), həmçinin doğma bacı və qardaşlar nəzərdə tutulur;

23. 28.2.2. Sığortalının və ya onun yaxın qohumunun və ya həyat yoldaşının ölməsi, səhhətinin qəfil pozulması halları, hansı ki, səfərin başlama tarixindən əvvəl yaranmışdır və həmin səfərin baş tutmasına maneə törətmişdir;

24. 28.2.3. Sığorta müqaviləsi qüvvəyə mindikdən sonrakı dövrdə məhkəmə orqanı tərəfindən verilmiş qərara əsasən Sığortalının sığorta müddəti ərzində məhkəmə işinə baxılmasında iştirakı tələb edildikdə;

25. 28.2.4. Sığortalının, onun həyat yoldaşının, yaxın qohumun xəstələnməsi və/və ya ölümü ilə bağlı olaraq, həkim məsləhətinə əsasən Sığorta olunanın xaricdən vaxtından əvvəl geri qayıtması;

26. 28.2.5. Səfərin son tarixinin keçməsinə baxmayaraq, Sığortalının onunla birlikdə səfər edən həyat yoldaşının və ya yaxın qohumların ölümü, bədbəxt hadisə baş verməsi və ya xəstəliyi səbəbilə xəricdən geri qayıtmasının gecikməsi.

27. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, sığortalı bu qaydalar ilə tanış olub imza atmışdır.

28. İş materiallarından həmçinin görünür ki, iddiaçıya “səfərin səbəbini sübuta yetirilməməsi” halına görə ölkəyə girişinə icazə verilməmişdir. Bu hal isə sığorta hadisəsi hesab edilə bilən hallar arasında mövcud deyildir.

29. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

30. Beləliklə, kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və qeyd edilən hüquq normalarını nəzərə alaraq vurğulayır ki, iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

37. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-772/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar