Məhkəmə qərarları › İş №2(103)-5075/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5075/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5075/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinin mümkün olmaması, həmin əmlakın hərracdan satılması, hərracda satış qiymətinin müəyyənləşdirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda isə açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2001-ci il tarixdə Aydan, xx.xx.2010-cu il tarixdə Zahid adını verdikləri uşaqları dünyaya gəlmiş, Ağdam Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, uşaqların analarının himayəsində qalmaları, yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün xx.xx.2018-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir.

2. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15B ünvanında yerləşən, ümumi sahəsi 67.01 kv.m olan 3 otaqlı 80 saylı mənzil xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 B saylı evin 80 saylı 3 otaqlı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, 10 manat dövlət rüsumunun X2 tutularaq Cavabdeh ödənilməsi, ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzilin Cavabdeh Zahıd oğlu ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi, qiymətləndirmə xərci olan 300 manat məbləğində pulun İddiaçı tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

4. Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı 80 saylı mənzildən 1/2 hissə paylarının naturada ayrılması, mənzilin naturada bölünməsi mümkün olmadıqda onun açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında 1/2 hissə paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2000-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, nikahlarından 2 övladları anadan olmuş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzili əldə etmiş, həmin mənzil xx.xx.2011-ci il tarixdə onun adına qeydiyyatdan keçirilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin ½ hissəsi onun, ½ hissəsi isə cavabdehin mülkiyyətinə verilmişdir. Həmin mənzildən öz payının ayrılmasını istəyir. Mənzil 3 otaqlı olmaqla binada yerləşdiyinə görə onun paylarına uyğun naturada bölünməsi mümkün deyildir. Dəfələrlə cavabdehə mənzilin satılmasını və satışdan əldə edilmiş pulun paylara uyğun olaraq aralarında bölünməsini təklif etmiş, lakin cavabdeh onun təklifinə şifahi və ya yazılı şəkildə heç bir cavab verməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddia tələbi ilə razılaşdığını, iddiaçının mənzildəki payını almağa maddi imkanının olmadığını, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə ediləcək pulun aralarında paylarına mütənasib bölünməsinə etiraz etmədiyini bildirmişdir.

8. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15B ünvanında yerləşən 80 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün deyil.

9. Birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin açıq hərracda satılması, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin satışından əldə edilən vəsaitin X5 və Cavabdeh Zahıd oğlunun arasında 1/2 hissədə paylara mütənasib şəkildə bölünməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152-ci, 213-cü, 215-ci, 220-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 4 aprel 2014-cü il tarixli Qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

10.1. Qanunverici belə mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmiş, bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etməklə ilk növbədə qeyd olunan əmlakın - ünvan 2 ünvanında yerləşən 80 saylı mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, naturada bölgünün mümkün olmadığı təqdirdə isə həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb etmişdir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5304 saylı ekspert rəyindən görünür ki, mübahisə obyekti olan mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyil. 10.2. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. 10.3. Hazırki vəziyyətdə əmlakın naturada bölgüsü mümkün olmadığından iddiaçı tərəf qeyd olunan əmlakın açıq hərracda satılmasını tələb etmiş və cavabdeh də eyni zamanda iddiaçının payını almağa maddi imkanın olmadığını bildirmiş və qeyd olunan əmlakın açıq hərracda satılmasına və satışdan əldə ediləcək pulun onlar arasında paylarına uyğun bərabər şəkildə bölünməsinə etiraz etməmişdir. Beləliklə müəyyən edilir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün deyil, cavabdeh iddiaçının payını almağa təşəbbüs göstərmir və tərəflər mənzilin açıq hərracdan satılmasını istəyirlər.

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddia tələbini qəbul etmədiyi halda hakim onun verdiyi izahatı təhrif etmiş, əmlakın satış qiymətini müəyyənləşdirməyərək gələcəkdə əmlakın ucuz satılmasına və onların mənafeyinin xələl görməsinə yol açmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

13. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclaslarında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İddiaçı həmçinin bildirmişdir ki, nə onun cavabdehə, nə də cavabdehin ona kompensasiya ödəyib biri-birlərinin paylarını almaq imkanları yoxdur və əmlaka məhkəmə tərəfindən qiymət qoyulmasına etiraz etmir

15. Mübahisəsi gedən əmlakla bağlı tərəflərin arasında digər hər hansı razılaşmanın (digər əmlakla əvəz olunma və s.) əldə edildiyi də müəyyən olunmamışdır.

16. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15B ünvanında yerləşən 80 saylı mənzilin bazar dəyəri təqribən 93 814 manat, likvid dəyəri təqribən 89 123 manat təşkil edir.

17. İddiaçı həmin qiymətlə (93 814 manat) razılaşdığını, əmlakın müvafiq qiymətlə hərraca çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

21. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

22. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

23. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

24. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

25. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

26. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

27. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

28. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli qərardadı

29. Bənd 58. Təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır.

30. Bənd 59. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

31. Bənd 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

32. Bənd 61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

42. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.

43. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (§ 25).

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin, mübahisəsi gedən əmlakın tərəflər arasında naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olmaması barədə gəlmiş olduğu nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir – çünkü bu hal müvafiq ekspert rəyi ilə müəyyən olunmuşdur.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.

46. İşin hallarından mübahisəsiz şəkildə görünür ki, tərəflər arasında əmlaka sahiblik və ondan istifadə barədə razılaşma yoxdur, həmçinin onlar ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilməmişlər; əmlakın tərəflərin paylarına uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı da işin mübahisəsiz halıdır, tərəflər əmlakla bağlı biri-birlərinə kompensasiya ödəmək niyyətində də deyildirlər.

47. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etmişdir.

48. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra Ali Məhkəmə tərəfindən bu qəbildən olan mübahisələr üzrə formalaşdırdığı yeni vahid məhkəmə təcrübəsi əmlakın hərracdan satış qiymətinin müəyyənləşdirməsini zəruri edir (§ 31).

49. Bu kontekstdə kollegiyanın qənaətinə görə, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi əsas götürülməklə əmlakın ilkin satış qiyməti 93 814 (doxsan üç min səkkiz yüz on dörd) manat müəyyənləşdirilməli və tərəflərə izah olunmalıdır ki, qətnamənin icrası mərhələsində əmlakın bazar qiyməti əhəmiyyətli dərəcədə dəyişərsə, onlar (hər biri) MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət edib ilkin satış qiymətini yenidən müəyyənləşdirmək hüququna sahibdirlər.

50. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalı, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2024 saylı iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi “ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin açıq hərracda satılması” hissəsində dəyişdirilsin. ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin açıq hərracda satılmasının icra qaydası müəyyən edilsin. ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin açıq hərracdan ilkin satış qiyməti 93 814 (doxsan üç min səkkiz yüz on dörd) manat müəyyənləşdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar