Məhkəmə qərarları › İş №2(103)-5078/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5078/2020

29.07.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5078/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Maraqlı şəxs nümayəndəsi və vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5279/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Maraqlı şəxs qarşı “vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 683913,87 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix xx xxx 1955ci il, doğulduğu yer-Azərbaycan, Gədəbəy, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) barəsində “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) 683913,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 472565,69 manat, faizlər üzrə 172826,48 manat, maliyyə sanksiyası üzrə 38521,7 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli **********238200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5279/2019 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 683913,87 (altı yüz səksən üç min doqquz yüz on üç manat, səksən yeddi qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxx 1955-ci il, doğulduğu yer-Azərbaycan, Gədəbəy, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin “Fərdi yaşayış evlərinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” xx xxxx 2014-cü il tarixli 137 №-li sərəncamı ilə X4, X9 və ona mülkiyyət hüququ əsasında məxsus olan mülkləri yaşayış üçün yararsızhala düşməsi nəzərə alınaraq öz vəsaiti hesabına sökülüb, fərdi layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir.Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeyd olunan bina X1, X5 və onun adına ilkin olaraq rəsmiləşdirilmişdir.Daha sonra, xx.xx.2014-cü il tarixdə həmin binadakı 897.7 kv.metr qeyri-yaşayış sahəsi X5 adına rəsmiləşdirilməklə qalan yaşayış və qeyri-yaşayış sahələri 38 saylı Dövlət Notariat kontorunda alqı-satqı müqavilələri əsasında X11, X13 və onun tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır.Bundan sonra Vergi Məcəlləsinin 34.1-ci maddəsinin tələblərinə zidd olaraq o vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixdən vergi orqanı tərəfindən qeydə alınaraq, adına ********** saylı VÖEN açılmışdır.Vergi orqanının xx.xx.2017-ci il tarixli **********087439 nömrəli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən onun barəsində növbədənkənar səyyar vergi yoxlaması (yoxlama dövrü noyabr 2016 - dekabr 2016) təyin edilmişdir. Keçirilən yoxlama nəticəsində isə ona vergi borcu hesablanmış və iş araşdırılması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir və təxminən 2 il əvvəl barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192 və 213-cü maddələri ilə cinayət işi açılmış və o, təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb olunmuşdur. Cinayət işinin istintaqı zamanı o, dəfələrlə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılaraq izahatlar vermiş və müstəntiqin verdiyi bütün suallara cavab vermişdir. Departamentə nəinki rəsmi bildirişlə çağırıldığı vaxtlarda, hətta telefon vasitəsilə çağırıldığı vaxtlarda da bütün işgücünü ataraq istintaqa mane olmamaq üçün getmişdir. Lakin cinayət işinin istintaqı zamanı istintaq orqanının əlində heç bir sübut olmasa da, barəsində açılmış cinayət işinə xitam verilməmiş və müstəntiq tərəfindən süründürməçiliyə yol verilmişdir.Bütün bu qanunsuz hərəkətlərə görə o, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli 2- 1(102)-1709/18 saylı yekun qərarı ilə iddia tələbi təmin edilmiş və onun vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir.Eyni zamanda barəsində aparılan cinayət işi üzrə iş materiallarında da onun vergidən yayınma halının mövcud olmaması öz əksini tapmaqdadır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 10733 saylı xx xxxx 2018-ci il tarixli rəyində müəyyən edilmişdir ki, tərəfindən ünvan 1 saylı ünvanda inşa edilmiş bina fərdi yaşayış evi kimi qəbul olunmuş, binanın faktiki vəziyyəti üzrə layihə sənədlərindən kənaraçıxma müəyyən edilməmişdir.Göründüyü kimi, cinayət işinin materialları ilə, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin rəyləri ilə müəyyən edilmişdir ki, ona elan olunmuş ittiham qanunsuz və əsassızdır.Lakin dəfələrlə müxtəlif orqanlara yazılı müraciətlər etsə də, 3 ildən artıq müddətdir ki, barəsində açılmış cinayət işinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xitam verilməmiş və adına açılmış VÖEN-ə vurulmuş 683913,97 manat məbləğində vergi borcu silinməmişdir.Hazırda isə Bakı şəhəri Lokal Gəlirlər Departamenti ona qarşı ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və ölkədən getmək hüququnun məhdudlaşdırılmasını tələb etmiş, Yasamal Rayon Məhkəməsi isə ümumiyyətlə işi araşdırmadan və ona məlumat vermədən yekun qətnamə qəbul etmiş, vergi orqanının ərizəsini təmin etmişdir. Halbuki, bir daha bildirir ki, Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli 2-1(102)-1709/18 saylı yekun qərarı ilə iddia tələbi təmin edilmiş və onun vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotun və adına açılmış ********** saylı VÖEN-in ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilmişdir. Vergi orqanı Azərbaycan Respublikasının adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmək əvəzinə, ondan yenidən əsassız olaraq hesablanmış vergi məbləğini ödəməni, ümumiyyətlə Ali Məhkəmənin qərarını tanımadığını, hər nə yolla olur-olsun qanunsuz olaraq hesablanmış vergi məbləğini silməyəcəyini bildirir.Bütün bunlar da azmış kimi, indi də Bakı şəhəri Lokal Gəlirlər Departamenti ona qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13245/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5279/19 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1002/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili X15 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxsin iddiasının təmin edilərək Maraqlı şəxs adına olan VÖEN-in ləğv olunması barədə qanuni qüvvəyə minmiş qərar var. Lakin dəfərlərlə müraciət etmələrinə baxmayaraq Ali Məhkəmənin qərarı hələ də icra olunmayıb. VÖEN-i olmayan şəxsin vergi borcu ola bilməz. Təmsil etdiyi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5279/2019 saylı qətnaməsi ləğv edilməli, ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması barədə ərizəsi təmin edilməməlidir. Belə ki, işdən görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(81)-3411/2017-ci il tarixli qərarı ilə Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisad Kollegiyasının xx xxx 2018-ci il tarixli 2-1(103)-1254/18 saylı qərarı ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017ci il tarixli 2-1(81)-3411/2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli 2-1(102)- 1709/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisad Kollegiyasının xx xxx 2018-ci il tarixli 2-1(103)-1254/18 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəlləin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. “Mülki və siyasi hüquqlar haqqında” Paktın 12-ci maddəsinə əsasən, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işdən göründüyü kimi, vergi orqanı tərəfindən maraqlı şəxsə 683.913 manat məbləğində vergi borcu hesablanmaqla, həmin borcun məhkəmə qaydasında və ya vergi orqanı tərəfindən silinməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsasdır. Çünki, ərizənin faktiki əsası(faktiki hallar), qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış ********** saylı VÖEN-ni ləğv edilmiş və həmin tələb Ali Məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli 2-1(102)-1709/18 saylı qərarı ilə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ərizəçinin vergi borcu olduğunu iddia etdiyi Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmuşdur. Buna görə də, hazırkı ərizədə göstərilən məbləğ Maraqlı şəxs sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesabına yaranmış vergi borcu hesab edilə bilməz və məhz bu əsasa görə də onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bu hal vergi orqanının cinayət mühakimə icraatı qaydasında apardığı araşdırma nəticəsində də öz təsdiqini tapmamışdır. Həmçinin ərizəçi vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borcunun ödənilməsini təmin etmək üçün fiziki şəxslərin və ya hüquqi şəxsin icra orqanın rəhbərinin öləkədən getmək hüququnu müəvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu zaman ərizədə məhdudlaşdırmaya əsas olan hallar da qeyd olunmalıdır. Demək ki, hədəf vergi borcunun ödənilməsini təmin etməkdir. Əgər hazırkı iş üzrə maraqlı şəxs vergi ödəyicisi hesab edilmirsə, vergi ödəyicisi kimi vergi orqanında uçota alınmamışdırsa yaxud onun bu vergi borcu ilə hər hansı bir formada əlaqəsi yoxdursa və heç vaxt da olmamışdırsa onda ərizəçinin bu cür ərizə verməkdə məqsədi anlaşılmazdır.İşdən görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(81)-3411/2017-ci il tarixli qərarı ilə Maraqlı şəxs vergi ödəyicisi kimi vergi orqanında qeydə alınmış uçotunun və adına açılmış ********** saylı VÖEN-nin ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulmuş olsa da, ərizəçi Maraqlı şəxs xx xxx 2019-cu il tarixə dövlət büdcəsinə 683.913 manat vergi borcu hesablmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almamaqla gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5279/2019 saylı qətnaməsi ləğv edilməli, ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması barədə ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 5279/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar