Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5080/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “evdən çıxarılma”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1908/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh X6 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 və azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X8 ünvan 1-dən əşyaları ilə birgə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh ünvan 1-ə gəlin gəlmişdir. Həmin vaxt mübahisəli ev anası X1 mülkiyyətində olmuşdur. Onun xx.xx.2015-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və o, digər vərəsələrlə birgə 1/4 hissədə pay almışdır. Bundan sonra isə digər vərəsələr paylarını ona bağışlamış və xx.xx.2024-cü il tarixdən əmlak bütünlükdə onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və X11 ilə ararında bağlanmış xx.xx.2008-ci il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2010-cu il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X8 analarının yanında saxlanmış, hər uşağa görə hər ay 180 manat, cəmi 540 manat aliment tutulmuş, xx.xx.2009-cu il təvəllüdlü X13 xəstəliyi ilə əlaqədar 100 manat aliment tutulmuşdur. Beləliklə, mübahisəli evə 2008-ci il tarixdə gəlin kimi köçən cavabdeh X11 ilə evin həmin vaxt mülkiyyətçisi olmuş X4 arasında Mülki Məcəllənin 228-ci maddəsində təsbit olunan yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranmadığına görə, cavabdeh X11 və azyaşlı övladları xx.xx.2009- cu il təvəllüdlü X18, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X15 mübahisəli evdən çıxarılmalıdır. Hazırda cavabdehdən uşaqlarla birgə evdən çıxmasını xahiş etsə də, onlar evdən çıxmırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddia tələbləri dəqiqləşdirilmişdir.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-1908/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh X5 ünvan 1 ünvanına 3 il müddətinə istifadə hüququnun saxlanılması və cavabdeh X11 xx.xx.2028ci il tarixdə əşyaları ilə birgə ünvan 1 ünvanından çıxarılması, iddianın tələblərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Cavabdeh hazırda qətnaməni mübahisələndirməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tərəflərin təqdim etdikləri sübutları araşdırmamışdır. Cavabdehin hər hansı istifadə hüququ olmadığı halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, səhvən Mənzil Məcəlləsinin müddəalarına istinad edərək 3 il müddətinə cavabdehə istifadə hüququ tanımışdır. Bundan başqa, cavabdehin çıxarılmasını qət etsə də, uşaqlara münasibətdə iddianı təmin etməyərək səhv hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, 3 övladı var, övladının biri xx.xx.2009-cü il doğumlu X18 ağır xəstədir, özü heç yerdə işləmir, heç bir gəlir mənbəyi yoxdur, bütün günü xəstə uşağına baxır, uşaqlarda onun himayəsində olduğundan,eləcə də başqa yaşayış və sığınacaq yeri olmadığından, iddianın təmini halında onlar məcburən küçədə qalmalı olacaqlar, məhkəmə ona üç il həmin evdə yaşamaq imkanı verib, üç ildən sonra hara gedəcəyini bilmir, özünün və xəstə oğlu və digər azyaşlı uşaqlarının taleyi naməlumdur, o hüquqlarını başa düşmədiyindən qətnamədən şikayət verməmişdir, əslində o da keçmiş ərinin mənzilinə tam istifadə hüququ əldə etmişdir, ailə qurduğu gündən hal-hazıradək həmin mənzildə davamlı olaraq yaşamış və birgə təsərrüfat aparmışdır.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. ASSR qeydiyyat vəsiqəsini surətindən görünür ki, X3 ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsi verilmişdir.
10. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X1 vərəsələri X20, X21, İddiaçı və X9r.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı X20, X21, İddiaçı və X7 paylı mülkiyyətindədir.
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2024-cü il tarixindən İddiaçı tam paylı mülkiyyətindədir.
13. Xəzər Rayon Məhkəməsinin 2(003)-1946/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X11 aralarında olan nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013cü il təvəllüdlü X8 nikah pozulduqdan sonra onun yanında saxlanılması, xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı X5 xeyrinə hər uşağa görə hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 manat manat sabit pul məbləğində aliment tutulsun, həmçinin xx.xx.2024-cü il tarixdən başlayaraq (xx.xx.2009cu il təvəllüdlü X13 xəstəliyi ilə əlaqədar) cavabdeh İddiaçı X5 xeyrinə 100 manat aliment tutulması qət olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
14. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
16. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.
17. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
20. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
22. Maddə 30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya istifadə hüququna əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarı: Müraciətdə qaldırılan məsələlər kontekstində qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
24. Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir.
25. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.
26. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.
27. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir.
28. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur.
29. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2008-ci il tarixli nikah bağlandıqdan sonra qeyd olunan ünvana gəlin gəlmiş, həmin əmlak əvvəlcə iddiaçının anası X1 mülkiyyətində olmuş, onun vəfatından sonra qanuni vərəsəlik hüququ əsasında iddiaçı əmlakın tam mülkiyyətçisi olmuşdur. Mübahisəli mənzil xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahdan doğulan azyaşlı uşaqları həmin mənzildə anadan olmuş və orda qeydiyyatdadırlar, cavabdeh isə həmin mənzildə qeydiyyatda olmasa da, nikah bağlanan vaxtdan fasiləsiz olara həmin mənzildə yaşayır, cavabdeh və uşaqlar hal-hazırda da orada yaşayırlar, azyaşlı uşaqlardan biri- xx.xx.2009-cu il döğumlu X2 iflicdir, tərəflər arasında olan nikah Xəzər Rrayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqlar anaları N.Əliyevanın yanında saxlanılmış, onun himayəsinə verilmişdir. Eyni zamanda da müəyyən olunmuşdur ki, cavabdehin hər hansı başqa yaşayış və ya başq sığınacaq yeri yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı xx.xx.2024-cü il tarixindən İddiaçı tam paylı mülkiyyətindədir.
48. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdehin ünvan 1 ünvanında olan iddiaçıya məxsus evdə yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. İddianın mənzildə yaçşayan azyaşlı usaqlarla bağlı hissəsində isə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, uşaqlar birgə nikahdan doğulmuş uşaqlardır, iddiaçı onların atasıdır və onların həmin mənzildə istifadə hüquqları vardır. Bu gün uşaqların cavabdehin himayəsində olmasına baxmayaraq, gələcəkdə onlar istənilən vaxt ataları ilə də yaşamağı seçə bilərlər, onların bu hüquq məhdudlaşdırıla bilməz.
49. Bununla bərabər, rayon məhkəməsi cavabdehin gəlin gəldiyi gündən halhazıradək mübahisəli mənzildə yaşamasını, onun başqa yaşayış yerinin olmamasını, işsiz olmasını və himayəsində 3 azyaşlı uşaqlarının olmasını nəzərə almaqla, iddiaçıya məxsus mənzildə 3 (üç) il müddətində onun istifadə hüququnun saxlanmasını, 3 illik müddət başa çatdıqdan sonra isə, mülkiyyətçi olan iddiaçının hüquqlarının tam bərpası üçün cavabdehin məcburi qaydada həmin mənzildən çıxarılması qənaətinə gəlmişdir.
50. Məhkəmə kollegiyası rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, rayon məhkəməsi iddia tələblərini uşaqlara aid hissədə təmin etməməkdə haqlı olmuşdur. Rayon məhkəməsi bu qənaətə gələrkən ona əsaslanmışdır ki, nikahın pozulmasından sonra keçmiş arvadın iddiaçı ərin mənzilinə olan istifadə hüququna da xitam verilsə də, bu, iddiaçının uşaqlarına münasibətdə hər hansı yeni hal müəyyən etmir, başqa sözlə desək, uşaqların iddiaçı olan atalarının mənzilinə istifadə hüququ onların doğulduğu gündən yaranmış və həmin hüquq onların valideyinlərinin arasında olan nikahın pozulmasından asılı olmayarq qalmaqda davam edir. Uşaqlar həm mülki qanunvericiliyin, həm də ailə qanunvericiliyinin tələblərinə əsasən valideyinlərinin mənzilindən istifadə və onlarla birgə yaşamaq hüququna malikdirlər.
51. Belə ki, Mülki məcəllənin 27.2-ci maddəsinin tələbinə görə on dörd yaşına çatmayan uşaqların yaşayış yeri valideyinlərin yaşayış yeri sayılır. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsində isə hər bir uşağın öz valideynləri ilə birgə yaşamaq hüququ təsbit edilmişdir.
52. Nikahın pozulmasından sonra azyaşlıların cavabdeh ananın yanında saxlanılması isə heç bir halda uşaqlar üçün müəyyən olunmuş həmin hüquqların xitamı və ya aradan qalxması kimi təfsir edilə bilməz. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, uşaqların ananın yanında saxlanması, onların istənilən vaxt atalarının yanında qalmaq, onunla yaşamaq və qanunun onlar üçün müəyyən etdiyi hüquqlardan istifadə etmək və faydalanmaq imkanını istisna etmir. Bu baxımdan həm də Mülki Məcəllənin 15.2-ci maddəsində təsbit olunmuş prinsipi nəzərə alınmalıdır. Həmin normanın tələbində nəzərdə tutlmuşdur ki, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlarından istifadə etməməsi qanunuda nəzərdə tutlmuş hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.
53. Beləliklə də qeyd edilənlərə əsasən müəyyən olunur ki, mənzildən çıxarılması istənilən azyaşlı uşaqların iddiaçı ataya məxsus mənzildə istifadə hüquqları mövcuddur və valideynlər arsındakı nikahın pozulması və nikahın pozulmasından sonra uşaqların cavabdeh ananın yanında saxlanılması heç bir vəchlə onların həmin hüquqlarının xitamına və ya aradan qalxmasına səbəb olmur. Demək ki, rayon məhkəməsinin iddia tələblərinin azyaşlı uşaqlara aid hissədə təmin edilməməsinə dair qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti bu hissədə əsassızdır və təmin edilə bilməz.
54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının uşaqlara münasibətdə hazırkı tələbi yalnız onlara müvafiq kompensasiyanın verilməsi yolu ilə həll oluna bilər.
55. Hazırda iddiaçı apellyasiya şikayəti verərək həm də qətnamənin cavabdehin onun mülkiyyətində olan mənzildə 3 il müddətinə müvəqqəti istifadə hüququnun tanınması ilə bağlı hissəsini mübahisələndirir. İddiaçı şikayətinin dəlillərini belə əsaslandırmışdır ki, mübahisəli ev tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınan zaman cavabdehlə onun nikahları artıq pozulmuşdu və cavabdeh onun ailə üzvü sayılmırdı.
56. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya istifadə hüququna əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və digər diqqətə layiq hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.”
57. Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətin dair” qərardadına əsasən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
59. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin həmin dəlilləri əsassız hesab olunur.
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
61. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
64. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
66. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:
67. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
70. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-1908/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.