Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5083/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Ülviyyə Qarazadənin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın kredit bürosuna verilməsi və avtomobilin ipotekadan azad edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının cavabdehə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekadan azad edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının cavabdehə borcunun olmaması barədə məlumatın "xxxx" MMCyə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekadan azad edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ülviyyə Qarazadə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. xx.xx.2012-ci il tarixli, 553 nömrəli kredit müqaviləsi üzrə iddiaçı kredit alan, cavabdeh isə kredit verəndir. Həmin müqaviləyə əsasən 4.600 manat məbləğində kredit verilib, kredit 18 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 2 faiz müəyyən edilib. “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilib. Kredit alan kredit müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə kredit verən iddia ilə məhkəməyə müraciət edib, əsas borc kimi 3.146,34 manat, kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu kimi 735,24 manat, cəmi 3.881,58 manat pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 359/2020 nömrəli qətnaməsi ilə iddia rədd olunub. İddianın rədd edilməsinə əsas iddia müddətinin keçməsi olub. Həmin qətnamə qanuni qüvvəyə minib. Bundan sonra kredit alan hazırkı iddia ilə məhkəməyə müraciət edib. İddia ərizədinə irəli sürülən hər 2 tələb əsassızdır. 1-ci tələblə bağlı məhkəmə qeyd edir ki, iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur. İddia müddəti keçdikdə pozulmuş və ya mübahisəli hüquq məhkəmə tərəfindən müdafiə olunmur, lakin hüquq mövcud olmaqda davam edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin halların heç biri hazırkı işdə mövcud deyil. Odur ki, kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın kredit bürosuna verilməsi vəsifəsi cavabdehin üzərinə qoyula bilməz. 2-ci tələblə bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur. Odur ki, “Opel Vectra” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekadan azad edilməsi vəsifəsi cavabdehin üzrinə qoyula bilməz. İddiaçı yuxarıda göstərilən 2 tələbi öhdəliyin xitamı üçün qanunvericilikdə müəyyən edilmiş müddətin keçməsindən sonra irəli sürə bilər. Belə ki, Mülki Məcəllənin 551.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə bu müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Hazırkı işdə tələbin icra müddətinin çatmasından 10 il keçməyib. Həmin müddət keçdikdən sonra kreditin qaytarılması tələbi öz qüvvəsini itirəcək və kredit öhdəliyinə (əsas öhdəliyə) xitam veriləcək. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Beləliklə, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın kredit bürosuna verilməsi və avtomobilin ipotekadan azad edilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5083/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5083/2022
29.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver