Məhkəmə qərarları › İş №2(103)-5085/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5085/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5085/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2909/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2909/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, hazırkı tələbə ümumi məhkəmədə baxıla bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin icraata götürülməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.1 və 2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), habelə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2-ci maddəsində isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı mübahisənin aydınlaşdırılması üçün kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bir qrup hüquq normaları ümumi əhəmiyyətli ictimai mənafe ilə bağlı məsələləri, digər qrup isə fərdlərin şəxsi maraqları ilə əlaqəli münasibətləri nizama salır. Ümumi (publik) hüquq sahəsinə daxil olan normalar bilavasitə dövlət mənafeyini qoruyur, dövlətin və onun qurumlarının hüquqi vəziyyətini, fəaliyyət qaydasını müəyyənləşdirir. Xüsusi hüquq sahəsindən fərqli olaraq ümumi hüquq münasibətlərinin subyektləri hüquq bərabərliyinə malik deyillər, bir tərəfin digəri üzərində əvvəldən üstün mövqe ilə çıxış etdiyi bu münasibətlər hakimiyyət (iyerarxiya, tabeçilik) prinsipinə əsaslanır. Ümumi hüquq münasibətlərinin ən əsas formal əlaməti həmin münasibətlərdə heç olmasa bir tərəfdə publik hakimiyyətin agenti, yəni publik funksiyaların daşıyıcısı kimi subyektin iştirakı hesab olunur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1- ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Kollegiya qeyd edir ki, yuxarıda sadalanmış qanunvericilik normalarının mənasından da görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Hazırki işdən görünür ki, iddiaçı cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmiş, məhz bu səbəbdən birinci instasniya məhkəməsi cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqularının olub-olmadığını müəyyən etdikdən sonra hazırki qərarı qəbul edə bilərdi. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2909/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə biməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar