Məhkəmə qərarları › İş №2(103)-5088/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5088/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5088/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X9, Cavabdeh1 nümayəndəsi-vəkili X10, Cavabdeh2 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-848/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təsisçisi olduğu “xxxxxx” Firmasının ünvan 1 A ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair cavabdehlər arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, “xxxxxx” Firmasının adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1, X7 və Cavabdeh2 əməllərində cinayət tərkibi olması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olan “xxxxxx” firmasının daşınmaz əmlakı, mülkiyyətçi kimi onun məlumatı olmadan, ondan xəbərsiz, dələduzluq yolu ilə Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə digər Cavabdeh2 satılmışdır. Belə ki, onun mülkiyyətçisi olduğu "xxxxxx” firmasının ünvan 1 A ünvanında yerləşən daşınmaz əmlakı olmuşdur. Cavabdeh1 bilərəkdən həmin əmlaka dair saxta DƏDRX-nin Çıxarışını 9 saylı notariat kontoruna təqdim edərək əmlaka dair xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 daşınmaz əmlakı real dəyərindən dəfələrlə ucuz qiymətə, 50000 manata digər cavabdehə satmışdır. Cavabdeh1 saxtakarlığnı əvvəlcədən planlaşdırmış və bu səbəbə görə də əmlakın tezliklə satılması üçün dəyərindən dəfələrlə ucuz qiymətə satmaqla, digər Cavabdeh2lə ələqəyə girmişdir. Cavabdeh2 də əvvəlcədən məlum olmuşdur ki, əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satılır. Təsisçisi olduğu “xxxxxx” firmasının mülkiyyətində olan qeyd edilən daşınmaz əmlaka aid DƏDRX-inin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli “Dublikat” Çıxarış verilmişdir. Cavabdeh1 notariusa təqdim etdiyi Çıxarışın isə nömrəsi ******* saylıdır. Halbuki, həmin nömrəli qüvvədə olan çıxarış yoxdur. “xxxxxx” firmasının saxtakarlıqdan istifadə edilməklə qanunsuz olaraq özkəninkiləşdirilməsində Cavabdeh1 arvadı X4 iştirak etmişdir. Beləki, O.Yevgenyevna əmlakın onlara məxsus olmadığını bildiyi halda, həmin əmlakın satılmasına razılıq verməklə cinayət hadisəsinin iştirakçısı kimi çıxış etmişdir. X8 “xxxxxx” firmasının və eləcə də digər əmlakların ona qaytarılması barəsində Səbail Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Olqa Qasımovanın iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 və X7 tərəfindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx xxxxxx 2017ci il tarixli qərarı ilə onların kassasiya şikayətlərinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barəsində qərar qəbul edilmişdir. Məhkəmə qərarlarından görünür ki, Cavabdeh1 və Olqa Qasımovanın qeyd edilən əmlaklara dair iddiaları rədd edildiyinə görə həmin əmlakın onlara heç bir aidiyyatı olmamışdır. Əmlakın onlara aidiyyatı olmadığını bilmələrinə baxmayaraq, onlar saxtakarlıqla başqasının külli miqdarda dəyəri olan daşınmaz əmlakını digər cavabdehə satmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(005)-848/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın təmin edilməməsinin əsası kimi qətnamədə göstərdiyi hal təqdim edilmiş sübutlara əsaslanmadığına görə tamamilə əsassızdır. Belə ki, məhkəmə Cavabdeh1 “xxxxxx” Firmasının mülkiyyətçisi olmasını birmənalı olaraq təkzib edən və iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə və eləcə də digər sübutlara qiymət vermədiyinə görə tamamilə səhv nəticəyə gəlmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən müəyyən edilir ki, Cavabdeh1 “xxxxxx” Firmasına hər hansı bir hüququ olmamışdır. Cavabdeh1 “xxxxxx” firmasının ona aid olmadığını bildiyi halda özgənin əmlakı barəsində alqı-satqı müqaviləsi bağlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-10969/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-848/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. “xxxxxx” Firmasının adından təsisçi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 19 A ünvanında yerləşən, ümumi sahəsi 149.7 kv.m olan qeyri-yaşayış binasına dair Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyatın) ləğv edilməsi, etibarsızlığın nəticələri tətbiq olunaraq xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması və 50000 manatın Cavabdeh1 alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1180/2020 saylı Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etirazı müdafiə edərək, şikayətin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 nümayəndəsi-vəkili də apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, 2016-cı ildə sözügedən əmlak satılarkən Cavabdeh1 mülkiyyətində olmuş, hər hansı yüklülüyü olmamışdır. Təmsil etdiyi şəxs əmlakı alarkən gedib baxmış, orada çörək bişirən qadının olduğunu bilmiş, orada yaşayan şəxslər həmin qadının uzun müddətdir işlədiyini bildirmiş, Cavabdeh2 də həmin qadının qalıb işləməsinə etiraz etməmişdir. Əmlakın qiymətinə gəldikdə isə əmlak sahibinin istədiyi qiymətə satmaq hüququ vardır və bu, müqavilə tərəflərinə aid olan məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Göründüyü kimi mübahisəli əmlaka dair müqavilə bağlanan vaxt reyestrdə olan məlumatlara əsasən Cavabdeh1 əmlakın mülkiyyətçisi olmaqla, həmin əmlak üzərində sərəncam vermək səlahiyyətinə malik olmuş və Cavabdeh2 reyestrdəki məlumatların həqiqiliyi və tamlığı prezumsiyasına inanaraq alqı-satqı müqaviləsini bağlamışdır. Yəni göstərilən hallar onu təsbit edir ki, Cavabdeh2 mübahisə predmeti olan əmlaka münasibətdə vicdanlı alıcı olmuşdur. Digər tərəfdən iddiaçının mübahisəli əmlakın bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əmlakın qiyməti tərəflər arasındakı razılaşma ilə müəyyən edilir. Ona görə də alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın qiymətinin bazar dəyərindən aşağı müəyyən edilməsi vicdanlılıq institutuna təsir etmir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.” Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. RX Seriyalı ******* nömrəli Dublikat və RX Seriyalı ******* nömrəli Çıxarışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 19 A ünvanında yerləşən qeyri-yaşayış binası “xxxxxx” Firmasının mülkiyyətində olmuşdur. xx xxxx 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 19 A ünvanında yerləşən ümumi sahəsi 149.7 kv/m olan qeyri-yaşayış binasını 50.000 manat müqabilində “xxxxxx” Firmasının təsisçisi Cavabdeh1 almışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət X3 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, “xxxxxx” Firmasının təsisçisi xx.xx.1994-cü il tarixdən xx.xx.2008-ci il tarixədək X6, xx.xx.2008-ci il tarixdən xx.xx.2009cu il tarixədək Cavabdeh1, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək İddiaçı, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh1 olmuşdur. Məktubda eyni zamanda qeyd edilmişdir ki, “xxxxxx” Firmasının qanuni təmsilçilik funksiyasına malik direktoru xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixədək X6, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Cavabdeh1, xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək İddiaçı, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh1 olmuşdur. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, idarədə olan reyestr məlumatlarına əsasən "xxxxxx" Firmasının tək təsisçisi xx.xx.1994-cü il tarixində X6 olmuş, xx.xx.2008-ci tarixli alqı satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli təsisçi qərarı əsasında firmanın tək təsisçisinin Cavabdeh1 olması faktı xx.xx.2009-cu il tarixdə reyestrə daxil edilmişdir. xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2009-cu il tarixli təsisçi qərarı əsasında firmanın tək təsisçisinin İddiaçı olması faktı xx.xx.2009-cu il tarixdə reyestrə daxil edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-2137/2013 saylı icra vərəqəsinə əsasən xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək Cavabdeh1 firmanın tək təsisçisi olması faktı yenidən xx.xx.2013-cü il tarixdə reyestrə daxil edilmişdir. Bundan sonra, İddiaçı Ali Məhkəməyə yeni açılmış hallarla əlaqədar yenidən iddiaya baxılması xahişi ilə müraciət etmiş və nəticədə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)- 6035/2017 nömrəli Qərarı ilə xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi rədd edilmiş və həmin qərar əsasında firmanın tək təsisçisinin İddiaçı olması faktı xx.xx.2018-ci il tarixdə yenidən reyestrə daxil edilmişdir. Hal-hazırda firmanın təsisçisi İddiaçıdur. Həmçinin bildirilir ki, qurumun qeydiyyat qovluğuna əsasən "xxxxxx" Firmasının direktoru xx.xx.1997-ci il tarixdən X6 olmuşdur. Daha sonra təsisçinin xx.xx.2008-ci il tarixli qərarı ilə firmanın direktorunun Cavabdeh1 olması faktı xx.xx.2009cu il tarixdə reyestrə daxil edilmişdir. xx.xx.2009-cu il tarixli təsisçi qərarı ilə firmanın direktorunun İddiaçı olması faktı xx.xx.2019-cu il tarixdə reyestrə daxil edilmişdir. xx.xx.2014-cü il tarixli təsisçi qərarı ilə firmanın direktorunun Cavabdeh1 olması faktı xx.xx.2014-cü il tarixdə reyestrə daxil edilmişdir. xx.xx.2018-ci il tarixli təsisçi qərarı ilə firmanın direktorunun İddiaçı olması faktı xx.xx.2018-ci il tarixdə reyestrə daxil edilmişdir. Hal-hazırda firmanın direktoru İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli sorğusuna cavab olaraq ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 19A saylı ünvanda yerləşən qeyri-yaşayış binası “xxxxxx” firmasının xx.xx.2013-cü il tarixli ərizəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2013-cü il tarixli 9/A-8832,Q-889 saylı arayışa, “Respublika” qəzetində verilmiş elana əsasən xx.xx.2013-cü il tarixdə “xxxxxx” firmasının adına ilkin dövlət reyestrində qeydiyyatdan keçmişdir və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX №0315868 nömrəli dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. “xxxxxx” firmasının xx.xx.2015-ci il tarixli ərizəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2015-ci il tarixli 9/A-2311-039- 3933B saylı arayışa, “Xalq” qəzetində verilmiş elana əsasən “xxxxxx” firmasının adına Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 19A saylı ünvanda yerləşən qeyri- yaşayış binasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, RX №0642456 seriya nömrəli dövlət reyestrindən çıxarış (dublikat) tərtib edilmişdir. 9 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 40-520 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən ünvan Cavabdeh2 adına qeydiyyatda keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən ünvan ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, RX№0874406 seriya nömrəli dövlət reyestrindən çıxarışla rəsmləşdirilmişdir. İddiaçı nümayəndəsinin Məhkəmə Kollegiyasına təqdim etdiyi «xxxxxxx» Qiymətləndirici Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi, 19A ünvanında yerləşən qeyri-yaşayış binasının (mübahisəli obyektin) 25.06.205-ci il tarixə bazar dəyəri 260.000 (iki yüz altmış) manat təşkil etmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli obyekti İddiaçı «xxxxxx» firmasının tərkibində 2009-cu ildə alğı-satqı yolu ilə cavabdeh Kamran Qasımovdan əldə etmişdir. 2012-ci ildə Cavabdeh1 arvadı Olqa Qasımova məhkəmədə həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. barədə iddia qaldırmış, Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(009)-2210/2012 saylı qətnaməsi ilə Olqa Qasımovanın iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2013-cü il tarixli 2(103)-2137/2013-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, satıcı Kamran Qasımovla alıcı İddiaçı arasında bağlanmış «xxxxxx» firmasının alqı-satqısına dair xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin, İddiaçı adına xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış «xxxxxx» firmasına dair hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və s. qət edilmişdir (qətnamə ilə başqa tələblər də həll olunmuşdur). Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2013-cü il tarixli 2(102)-3416/2013 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərardadı ilə yuxarıda qeyd olunan hər üç məhkəmə aktı ləğv edilərək, mülki iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra işə yenidən baxılaraq, Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-482/2015 saylı qətnaməsi ilə Olqa Qasımovanın iddiası rədd olunmuşdur. Sonuncu və həmin iş üzrə cavabdehlərdən biri olan Kamran Qasımov ayrı-ayrılıqda apellyasiya şikayəti vermiş və həmin şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılması yalnız 2 ildən sonra baş tutmuşdur, belə ki, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(103)-2799/2017 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(102)-6035/2017 saylı Qərarı ilə Olqa Qasımova və Kamran Qasımovun kassasiya şikayətləri təmin edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 19 A ünvanda yerləşən ümumi sahəsi 149.7 kv. metr olan qeyri-yaşayış binasının alqı-satqısı baş tutarkən əmlakın balansında olduğu “xxxxxx” Firmasının təsisçisi, eyni zamanda qanuni təmsilçilik funksiyasına malik direktoru alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni xx.xx.2016-cı il tarixdə Cavabdeh1 olduğundan onun mülkiyyətçi kimi həmin əmlak barəsində sərəncam vermək hüququ olmuş, müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından iddia tələbləri əsassızdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, alqı-satqı müqaviləsi bağlanan vaxt Cavabdeh1 “xxxxxx” Firmasının təsisçisi, eyni zamanda qanuni təmsilçilik funksiyasına malik direktoru olmasına əsas verən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-2137/2013 saylı qətnaməsi həmin əqd bağlanmamışdan xeyli əvvəl xx.xx.2014-cü il tarixdə Ali Məhkəmənin Plenumunu tərəfindən ləğv edilmişdir. Həmçinin, mübahisəli əqd bağlanan vaxt artıq Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Olqa Qasımovanın iddiası rədd olunmuşdur. Beləliklə, Kamran Qasımovun “xxxxxx” Firmasının təsisçisi, eyni zamanda qanuni təmsilçilik funksiyasına malik direktoru olmasına əsas olmuş məhkəmə aktları ləğv olunduğundan, bununla da o, firmanın təsisçisi yaxud direktoru olmadığı üçün həmin firmanın mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair səlahiyyətsiz şəxs olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsnə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, mübahisəli əqd bağlanarkən Cavabdeh1 səlahiyyəti olmayan şəxs olduğundan, həmin əqd etibasızdır. Kollegiya Cavabdeh2 vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli obyekt (qeyriyaşayış sahəsi) 2009-cu ildən hazırki vaxtadək fasiləsiz olaraq İddiaçı istifadəsində və sahiblyindən olmuşdur və hazırda da onun istifadəsində və sahibliyindədir, həmin obyektdə idiaçının icazəsi ilə X1 işləməklə yaşayır və obyekti mühafizə edir. Cavabdeh2 nümayəndəsi də hazırki apellyasiya icraatında verdiyi izahatında göstərdi ki, həqiqətən obyektdə bir qadın çörək birişib satmaqla məşğul olmuş və Söhbət də qonşuların xahişi ilə həmin qadını oradan çıxarmaq fikrində olmamış, obyektin Xanların adına çıxarışı və yüklülüyün olmaması barədə arayışın olması alqı-satqı müqaviləsi bağlamaq üçün Söhbətə kifayət etmiş, sonuncu başqa hallara əhəmiyyət verməmişdir. Əvvəlki apellyasiya baxışında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir: “İddiaçı həmin sahəni alandan mən orada çörək bişirirdim. Orada yaşayış evləri var idi, lakin mən orada həmin binanın altında, çörək bişirdiyim yerdə yaşayırdım. Mən, bacım orada qalmışıq. Mən orada uşağımı böyütmüşəm. Gecələr də orada qalırdım. Oradan istifadə etdiyim üçün Kamrana ayda 100 manat verirəm. Bir gün mənim telefonuma zəng gəlmişdi. Danışan şəxs mənə dedi ki, adı Xanlardı. Mənə dedi ki, nə qədər pul istəyirsən verim, sən oradan çıx, həmin yeri mənə ver. Mən olmayanda həmin yerə gedib, lakin bacım onu buraxmayıb. Mən həmin vaxt bacıma zəng vurdum ki, oraya heç kimi buraxma. Hətta Söhbət də oraya gəlmişdi, lakin onu da həmin yerə buraxmadıq. Dəqiq hansı il olduğu yadımda deyil, lakin mən Kamranı tanıyandan illərdir ki, orada çörək bişirib satıram. Xanlar və Söhbət ortaya çıxanda mən Kamrana zəng vurdum ki, yeri başqasına satıbsan, ayrı-ayrı adamlar ortaya çıxıb? O da mənə dedi ki, heç kimə satmayıb, kim nə deyirsə desin.” “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Bundan başqa, “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.” Göründüyü kimi, şəxs o halda vicdanlı alıcı hesab edilir ki, əmlakı əldə etdiyi zaman onda bağladığı əqdin legitimsizliyi şübhə yaratmasın, həmin əmlaka başqa şəxslərin mümkün iddalarından xəbəri olmasın. Əmlakı əldə edən xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməlidir. Hazırki işin hallarından isə göstərilənlər müəyyən olunmur. Kollegiya hesab edir ki, Cavabdeh1 həm özünün, həm də arvadı Olqa Qasımovanın iddiaları üzrə məhkəmə qaydasında “xxxxxx” Firması barəsində iddiaçı ilə bağlanmış xx xxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına nail ola bilmədiyini görüb həmin firmanın mülkiyyətində olan mübahisəli obyekti dəyərindən beş dəfəyə qədər uzuc qiymətə özgəninkiləşdirməklə məsuliyyətdən yayınmaq məqsədini güdmüş, Cavabdeh2 isə bu mübahisədən məlumatlı olduğu halda həmin əqdin bağlanmasına razı olmuşdur, belə ki, İddiaçı icazəsi ilə mübahisəli obyektdə işləyən və yaşayan şahid Şəhla İbadullayevanın ifadəsindən müəyyən olunur ki, mübahisəli obyektə baxmağa gəldikdə o, Cavabdeh2 obyektə buraxmamışdır, yəni sonuncu ən azı həmin vaxt obyektin faktik olaraq İddiaçı sahibliyində olduğunu bilmişdir. Cavabdeh2 mübahisəli obyekti açıq elan vasitəsi ilə vicdanlılığın tələb etdiyi tərzdə yox, obyektə heç bir baxış keçirmədən və uzun sürən məhkəmə mübahisələrinin olmasına əhəmiyyət vermədən əldə etmişdir. Bu isə onu deməyə əsas verir ki, Kamran Qasımovla Cavabdeh2 əvvəldən tanış olmuşlar və sonuncu məhkəmə mübahisələrindən məlumatlı olmuşdur. Belə olan halda isə hər hansı vicdanlılıqdan söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, 50000 manat Cavabdeh1 alınaraq Cavabdeh2 qaytarılmalıdır. Cavabdeh1, X7 və Cavabdeh2 əməllərində cinayət tərkibi olması barədə xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur, belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Kollegiya izah edir ki, hazırki işin nəticəsindən asılı olaraq, iddiaçı özü bununla bağlı müvafiq orqanlara müraciət edə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səabil Rayon Məhkəməsinin 2(009)-848/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. “xxxxxx” Firmasının adından təsisçi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi, 19A ünvanında yerləşən, ümumi sahəsi 149,7 kv.m olan qeyri-yaşayış binasına dair Bakı şəhəri 9 saylı Notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin qeyri-yaşayış binasına dair Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat) ləğv edilsin. “xxxxxx” Firmasının adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat) bərpa edilsin. Etibarsızlığın nəticələri tətbiq olunsun və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılsın, Cavabdeh1 50000 manat məbləğində pul alınaraq Cavabdeh2 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar