Məhkəmə qərarları › İş №2(103)-5090/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5090/2024

09.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5090/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı, 01 iyul 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi 19 yanvar 2024-cü il tarixədək Cavabdeh ASC-də Əməliyyat İdarəsinin Kassa X1 Menecer vəzifəsində çalışmış və 19 yanvar 2024-cü il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir.

2. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 42/K nömrəli əmrdən görünür ki, vəzifə Təlimatının 3.1.4, 3.1.6, 3.1.12 və 5.1.1-ci bəndlərində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsi ilə əlaqədar Bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət; kassanın fəaliyyətində və işində mövcud olan nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək; öz səlahiyyətləri daxilində Banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazimi olaraq yerinə yetirilməməsi), habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «b» bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə görə Əməliyyat departamentinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmiş, son iş günü xx.xx.2024-cü il tarixi hesab edilmiş və işçiyə xx.xx.2022xx.xx.2023-cü iş ili hesabından istifadə edilməmiş 7 (yeddi) təqvim günü məzuniyyətə görə pul əvəzi ödənilmişdir; Əmrin verilməsinə əsas DAX-nin ekspress yoxlamasının nəticələri haqqında akt-hesabat, İddiaçı izahatı göstərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli «işçinin əmək müqaviləsinə xitam verilməsi» haqqında əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-də Əməliyyat İdarəsinin Kassa X2 menecer vəzifəsinə işə bərpa edilməsi, cavabdeh tərəfindən aylıq əmək haqqının 1.519 (bir min beş yüz on doqquz) manat olması nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən iş üzrə məhkəmə aktı icra edilən günədək məcburi iş buraxmaya görə əmək haqqının ona birdəfəlik ödənilməsi və cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, çalışdığı 10 ildən artıq dövr ərzində əmək fəaliyyətində heç bir nöqsana yol verməmiş, vəzifəsini layiqli yerinə yetirmiş, barəsində heç bir intizam və inzibati tədbir görülməmişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. Bildirmək lazımdır ki, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023 tarixlərdə İddiaçı ümumiyyətlə işdə olmamış, həmin dövrdə məzuniyyətdə olmuşdur. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı məzuniyyətdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. xx.xx.2023-cü il tarixdə də Şöbə müdiri Dilarə Dövlətxanova məzuniyyətdə deyil, işdə olmuşdur. Məhz bu səbəbdən onun bu nöqsanlara görə işdən çıxarılması əsassızdır. Bu fakt iddiaya əlavə olunan sənədlərdə də öz əksini tapır. Həmçinin, həmin audit rəyində 2023-cü il ərzində iddiaçının çalışdığı KƏT Şöbəsi tərəfindən filiallarda kassa qovşaqlarında kvartal yoxlamalarının aparılmaması da nöqsan kimi qeyd olunmuşdur. İlkin olaraq qeyd edilmişdir ki, bu dövr ərzində KƏT Şöbəsinin əməkdaşları tərəfindən kamera görüntüləri ilə filialdakı kassalara nəzarət səlahiyyəti olmamışdır. Bu səbəbdən KƏT Şöbəsinin əməkdaşları tərəfindən yoxlamalar yalnızca filiallara gedərək birbaşa aparıla bilər. 2023-cü ilin yanvar, fevral, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında KƏT Şöbəsinin müdiri Dilarə Dövlətxanova səhhəti ilə əlaqədar məzuniyyətdə olmuş və bu səbəbdən Baş X6 vəzifəsinin icrası Cavabdeh ASC-in İdarə Heyətinin əmri ilə İddiaçı həvalə edilmişdir. Məhz bu səbəbdən İddiaçı Baş X6 vəzifəsini icra etdiyi üçün filiallara yoxlamaya getmək fiziki cəhətdən mümkün olmamışdır və rəhbərlik bu haqda məlumatlı olmuşdur. Yuxarıda qeyd olunan yoxlamalar KƏT Şöbəsinin bütün əməkdaşları tərəfindən aparıla bilər. Bundan başqa İddiaçı öz izahatında qeyd etmişdir ki, mübadilə əməliyyatları reyestrinə vurulmuş əməliyyatların monitorinqini planlı kvartal yoxlamaları zamanı və qəfil filial yoxlamaları zamanı yoxlanılır və şöbə müdirinin səhhətində yaranmış problemlərlə əlaqədar 2023-cü il ərzində əksər müddətdə onu əvəz etmiş və xəzinə administratoru vəzifəsini yerinə yetirdiyi üçün filialları planlı və ya qəfil yoxlamaq imkanı olmamışdır. Həmçinin, heç bir kassirə USD (ABŞ dolları) və RUB (rus rublu) alışının sistemə vurulmaması ilə bağlı heç bir göstəriş verilməmiş, əksinə əməliyyatların vaxtlı-vaxtında vurulması, müştərilərə yerindəcə çek verib yola salınması bildirilmişdir. Yuxarıda qeyd olunan hallarda İddiaçı tərəfindən yoxlamaların keçirilməsi mümkünsüz olmuş, həmçinin nöqsanların olduğu tarixlərdə İddiaçı məzuniyyətdə olması və məzuniyyətdə olduğu dövrlərdə başqaları tərəfindən edilmiş pozuntular barədə məsuliyyət daşıması və işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxarılması hesab edilir ki, əsassızdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2144/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd olunmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, İddiaçı vəzifələrini yerinə yetirməməsi işdə nöqsanlara səbəb olmuş, nəticədə audit yoxlaması əsasında bankın X4 xəzinədarlar tərəfindən aparılan əməliyyatlar zamanı fəaliyyətlərində bir sıra nöqsanlar aşkarlanmışdır. Həmin audit rəyinə əsasən nöqsanlar xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermişdir. Audit rəyində kamera görüntüləri əsasında 4 fərqli tarixdə xəzinədarlar tərəfindən yol verilmiş nöqsanlar aşkarlanmışdır. Audit rəyinə əsasən baş vermiş nöqsanların səbəbləri vəzifə səlahiyyətlərindən şəxsi mənfəət üçün sui-istifadə, tənzimləyicinin valyuta tənzimlənməsi qaydalarının tələblərinə əməl olunmasına formal münasibət, DNS-nin tələblərinin yerinə yetirilməsinə formal münasibət olaraq qeyd edilmişdir. İş materiallarından görünür ki, audit rəyində sadalananlar iddiaçının vəzifə təlimatının müvafiq bəndlərinə əsasən bu vəzifə təlimatında nəzərdə tutulmuş xidməti vəzifələrin yerinə yetirilməməsi (düzgün yerinə yetirilməməsi) üçün məsuliyyət daşıdığı bəndlərdir. İddiaçının intizam tənbehi almamışdan əvvəl verdiyi izahatın məzmunu da tərəfindən yol verilmiş nöqsanların etirafı kimi qiymətləndirilməlidir. Belə ki, o, izahatında üzərinə düşən vəzifələrin hansı səbəblərdən tam, qismən və ya ümumiyyətlə yerinə yetirməməsinə izah versə də, məhkəmə hesab edir ki, bu faktiki olaraq onun vəzifə təlimatının mübahisələndirilən əmrdə göstərilən bəndləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsinin təsdiqidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68-ci maddəsinin 1 və 2-ci bəndi, 70, 71, 72, 76.1, 186-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, əgər həqiqətən bir pozuntu halı mövcud olmuş olsa belə, bu hal ən geci xx.xx.2023-cü il tarixində artıq işəgötürənə aşkar olmuşdur. İşəgötürən isə işçini xx.xx.2024-cü il tarixli əmr ilə işdən çıxartmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnaməsində bu məsələyə toxunarkən qeyd olunan müddətlərə əsaslanaraq “Başqa sözlə, cavabdeh intizam tənbehini tətbiq etmək üçün qarşıda 2 ilə yaxın müddəti olmuşdur” deməsi qanunsuz və əsassızdır. Çünki bu cür yanaşmadan bu nəticəyə gəlmək olar ki, qətnamə ƏM-nin 187.2-ci maddəsinə açıq şəkildə zidd formada tərtib olunmuşdur. Məhkəmə bu ifadəni işlətməklə təkcə qanunazidd qətnamə qəbul etməmiş, həm də 1 aylıq müddəti 2 ay ötürən işəgötürənə bu müddəti hələ 2 il də ötürə biləcəyini əsassız şəkildə bildirmişdir. Audit rəyinə əsasən nöqsanların aşkarlandığı dörd tarixin üçündə, yəni xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində İddiaçı ümumiyyətlə işdə olmamış həmin dövrlərdə məzuniyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixində isə Şöbə müdiri Dilarə Dövlətxanova işdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. Yəni, məsul şəxs İddiaçı deyil, KƏT Şöbəsinin müdiri Dilarə Dövlətxanova olmuşdur.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz verilmiş və həmin etirazda şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 68, bənd 1 və 2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 186, hissə 1. Əmək qanunvericiliyinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Maddə 186, hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Maddə 187, hissə 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir.

17. İddiaçı cavabdeh Bankın Əməliyyat İdarəsinin Kassa əməliyyatlarının təşkili şöbəsinin meneceri vəzifəsində çalışıb və cavabdehin 19 yanvar 2024-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Əmrdə iddiaçının Vəzifə Təlimatının 3.1.4, 3.1.6, 3.1.12 və 5.1.1-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi qeyd olunmuşdur. Bu vəzifələr Bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət, kassanın fəaliyyətində və işində mövcud olan nöqsanlar və onların aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək, «CMS Web portal» sistemində elanların dəyişdirilməsi və s. kimi əməliyyatların həyata keçirilməsi, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməsindən ibarətdir.

18. Əmrdə onun verilməsi üçün əsas kimi Daxili Audit Xidmətinin ekspress yoxlamasının nəticələri haqqında akt-hesabat göstərilmişdir. xx.xx.2023-cü il tarixli akt/hesabata əsasən müəyyən olunur ki, kamera görüntüləri əsasında xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə filiallarda xəzinədarlar tərəfindən nöqsanlara yol verilmişdir. Audit rəyində (akt-hesabatda) bu nöqsanların Banka ziyan vurma ehtimalı olduğu qeyd edilmişdir.

19. Apellyasiya baxışı zamanı aparılan araşdırma nəticəsində müəyyən olundu ki, pozuntuya yol verilən dörd tarixin üçündə, yəni xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində iddiaçı ümumiyyətlə işdə olmamışdır. O, həmin dövrlərdə əmək məzuniyyətində olmuşdur. xx.xx.2023-cü il tarixində isə Şöbə müdiri Dilarə Dövlətxanova işdə olmuşdur. Filiallarda kassaların yoxlanılması barədə göstəriş KƏT Şöbəsinin müdiri tərəfindən verilir. Yəni, məsul şəxs İddiaçı deyil, KƏT Şöbəsinin müdiri Dilarə Dövlətxanova olmuşdur.

20. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı göstərilən tarixlərdə işdə olmadığından və təbii ki, bu əsasla əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmədiyindən əmək intizamının pozuntusuna da yol verə bilməzdi.

21. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək məzuniyyətində olduğu dövrdə Bankın filiallarında aşkar edilən hər hansı nöqsana, yaxud pozuntuya görə onun intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir.

22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, audit yoxlaması zamanı aşkar edilən nöqsanların baş verməsində iddiaçının hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Cavabdeh işə baxan məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində isə məhz hansı halların əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi konkret göstərilmişdir. Digər tərəfdən, belə pozuntulara yol verilmiş olsaydı belə həmin pozuntuların Bankın mənafeyinə ciddi xələl gətirib-gətirmədiyi, yaxud Banka maddi ziyan dəyməsi sübuta yetirilməli idi.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı audit yoxlamasında göstərilən nöqsanları törətmiş olsaydı belə həmin hallar əsas götürülməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmazdı. Belə ki, iddiaçıdan əvvəl həmin pozuntulara cavab verməli şəxs şöbə müdiridir. Lakin işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam versə də, şöbə müdirinə töhmət verməklə kifayətlənmişdir.

24. Yuxarıda qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.

25. Kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı sübut təqdim etməmişdir.

27. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehi əsaslı deyildir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli «işçinin əmək müqaviləsinə xitam verilməsi» haqqında əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən Kollegiya hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə bərpa edilməlidir.

31. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı da ödənilməlidir.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində keçirilmiş audit yoxlamasının nəticələrinə əsasən işdən azad olunduğundan hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Əks halda, bu, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olardı.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 42/k nömrəli «işçinin əmək müqaviləsinə xitam verilməsi» haqqında əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar