Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5094/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)-2292/2024 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çəxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, 436 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17, mənzil № 1) mənzilin cavabdehlərin və qeyrilərinin qeyri-qanuni istifadəsindən alınıb ona verilməsi, mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması və maddi ziyana görə 12.800 (on iki min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əliyev X2 Müjgan Eldar qızına qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək bildirmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli AN-1 seriyalı ******* saylı müqaviləyə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 110.000 manata satmışdır. Həmin müqavilə artıq 41 aydır ki imzalanmışdır. Hesab etmişdir ki, bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi qaşılıqlı iddia üzrə cavabdehdən tutuaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. Həmçinin həmin alqı-satqı müqaviləsinə görə 800 manat notariat xərci çəkilmişdir. Sonda 12200 manat xərcin və çəkilmiş 800 manat notarial xərcin cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Daha sonra tərəf qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 110000 manat evə görə ödənilmiş pulun, evin pulundan xx.xx.2021-ci il tarixindən indiyədək faydalanmağa görə bütün ödənilməli vəsait üzrə (110000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi üzrə hesablanmış 12200 manat pulun, hüquqi yardım üçün ödənilmiş 300 manat pulun, 800 manat (evin alışı və satışı zamanı) və 17,25 manat pulun (etibarnaməyə görə ödənilmiş) notarial xərclərin, qarşılıqlı iddia vermək üçün ödənilmiş 701 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, bunların iddiaçının evdən çıxarılması tələbi ilə eyni vaxtda qarşılıqlı icra olunması qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2292/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiasının icraata qəbulundan imtina edilməsi və geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2292/2024 nömrəli işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin 16 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdriyyətə verilir. Məhkəmə e-2(006)- 2292/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında qeyd edir ki, iddia ərizəsi və bildiriş xx.xx.2024-cü il tarixində Cavabdeh1 təhvil verilmişdir. Halbuki Cavabdeh1 çatdırılmamışdır. Belə ki, Azərpoçt 2 saylı Poçt Filialna tərəflərindən ünvanlanmış vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, SX018805587 ştrix kodlu xəbərnaməli məktub xx.xx.2024-cü il tarixində 141 saylı poçt şöbəsinə daxil olmuş, həmin gün ünvanda heç kim olmadığı üçün məktubu çatdırılmamışdır. Məktub xx.xx.2024-cü il tarixli ünvançı tapılmadı qeydi ilə geri qaytarılmışdır. Amma Məhkəmə qərardadında məktubun xx.xx.2024-cü il tarixində çatdırılması əsasına söykənərək qarşılıqlı iddianı rədd edilməyini göstərmişdir. Prosessual hüquq normasının pozulmasına cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh qarşılıqlı iddianın verilməsi müddətinin keçməsinə səbəb iddia ərizəsinin ona çatdırılmamasını göstərmişdir. Prosessual hüquq normalarının pozulmasına dəlil olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)-2292/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İşdən müəyyən olunur ki, e-2(006)-2292/2024 saylı mülki iş məhkəmənin icraatına 27 mart 2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, 28 mart 2024-cü il tarixdə həmin iş üzrə məhkəmə bildirişləri tərtib olunmuş və Cavabdeh1 istifadəsində olan mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixli SMS bildiriş göndərilmiş, onun hüquq və vəzifələri izah olunmuş, tərəf məhkəmə icraatı barədə məlumatlandırılmışdır. Həmin bildirişlərdə məhkəmə hazırlıq iclasının 18 aprel 2024-cü il tarixə təyin edilməsinə dair məlumat da öz əksini tapmışdır. Göründüyü kimi, tərəflərə mülki işin icraata qəbul edilməsi, habelə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə 01 iyul 2024-cü il tarixdə verilmişdir. Bununla da, cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbindən məlumatlı olmasına baxmayaraq, qarşılıqlı iddia ərizəsini qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Cavabdehin 28 mart 2024-cü il tarixdə göndərilmiş SMS bildiriş vasitəsilə ona qarşı sürülmüş iddia tələbi üzrə məhkəmə iclasından xəbərdar olması onunla da təsdiq olunur ki, cavabdeh xx.xx.2024cü il tarixdə keçirilmiş hazırlıq iclası barədə məlumatlı olmuş və səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilməyəcəyi barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlamışdır. Bu isə məhkəməyə kifayət qədər əsas verir ki, cavabdehin hazırkı iddia tələbi barədə kifayət qədər məlumatlı olması barədə qənaətə gəlinsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin lazımi qaydada məlumatlandırılmasına, məhkəmə iclasları barədə SMS bildirişlərin cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə göndərilməsinə və iş üzrə bütün zəruri məlumatların verilməsinə baxmayaraq, cavabdeh tərəf qanunla müəyyən edilmiş müddəti ötürmüş və məhkəmə bildirişini ilk dəfə aldığı xx.xx.2024-cü il tarixdən 3 aydan çox müddət keçdikdən sonra qarşılıqlı iddia ərizəsi ilə yalnız 01 iyul 2024-cü il tarixdə məhkəməyə müraciət edildiyindən məhkəmə qarşılıqlı iddianı geri qaytarmada haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən, yəni qanunla müəyyən edilmiş müddət ötürlüməklə verildiyindən qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmaqla məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(006)- 2292/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5094/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5094/2024
26.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver