Məhkəmə qərarları › İş №2(103)-5096/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5096/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5096/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: təhsil xərcinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(006)-1672/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış 29 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramına daxil edilmiş təhsil alan Cavabdeh 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 fevral 2020-ci il tarixli, F-134 saylı əmrinə əsasən Türkiyənin “İstanbul Üniversitesi” və “EGE Üniversitesi” ali təhsil müəssisələrindən “Anesteziologiya və reanimatologiya” və “Pediatriya” ixtisasları üzrə rezidentura səviyyəsində təhsil almaq hüququ qazanmış X1 və Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədikləri nəzərə alınaraq onların adlarının Dövlət Proqrmı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması qərara alınmışdır.

3. 18 aprel 2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, 2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2012- 2016-cı illərdə Türkiyədə təhsil alan Cavabdeh üçün 38901,72 manat xərc çəkilmişdir.

4. T.C.Sağlık Bakanlığı tərəfindən verilmiş Uzmanlık Belgesinə əsasən Aytan Ayyarlı “X2 Haydarpaşa Numune E.A.Hastanesi”ndə uzmanlıq təhsilini tamamlayaraq xx.xx.2017-ci tarixində “Çocuk Sağlığı və Hastalıkları” sahəsi üzrə uzmanlığı qazanmışdır.

5. EGE Üniversitesi tərəfindən 16 aprel 2024-cü il tarixdə verilmiş arayışa əsasən Cavabdeh 07 sentyabr 2012-ci il tarixdə “Çocuk Sağlığı və Hastalıkları” fakültəsinə tələbə olaraq işə başlamış, 17 avqust 2016-cı il tarixdə təhsilini tamamlamaq üçün X2 Haydarpaşa Numune E.A.Hastanesi”nin “Çocuk Sağlığı və Hastalıkları” ixtisası üzrə davam etdirilməsi üçün fakültədəki işindən ayrılmışdır.

6. Gaziosmanpaşa Hastanesi tərəfindən 17 aprel 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, 02 yanvar 2024-cü il tarixdən “Çocuk Sağlığı və Hastalıkları” uzmanı dr. Aytən Ayyarlı hal-hazırda xəstəxanada çalışır.

Birinci instansiya məhkəməsində icraat

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 38901,50 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 saylı sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə “Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Proqramın 5-ci bölməsinə əsasən, Dövlət Proqramının ölkənin sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti nəzərə alınaraq onun icrasında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitindən, dövlət büdcəsindən ayırmalarından və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlərdən istifadə oluna bilər. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2008ci il tarixli 128 nömrəli Qərarı ilə “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim meyarlarını və prosedurlarını müəyyən etmişdir. Bu Qaydaların 5-ci bölməsi xarici ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi barədə müddəalar nəzərdə tutulmuşdur. Belə ki, Qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi təqaüdçü ilə təhsilin təşkili barədə müqavilədə mütləq aşağıdakıları daxil etməklə bağlamalıdır: a)müqavilənin predmeti; b)tərəflərin hüquq və vəzifələri; c) təhsil müddəti və şərtləri; ç)təhsili bitirdikdən sonra təqaüdçünün Azərbaycanda beş il ərzində işləmək üçün Azərbaycana qayıtması barədə şərt; d)müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar. Qaydaların 5.4-cü bəndinə əsasən təqaüdçü Komissiya tərəfindən üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqavilədə nəzərdə tutulan müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri qaytarmalıdır. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydaları təsdiq edilmişdir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır. Qaydaların 2.4-cü bəndində qeyd edilir ki, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. Qaydaların 3.1-ci bəndində təhsil haqqı, viza xərcləri və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri, yaşayış (yataqxana və digər) xərcləri, gündəlik qida xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qaydaların 6.1-ci bəndinə əsasən, təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və onun adı təhsil nazirinin xx.xx.2012-ci il tarixli, 1469 saylı əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Türkiyə Ege Universiteti ali təhsil müəssisəsində “pediatriya” ixtisasi (rezidentura) üzrə 2012-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 38901,50 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, təhsilini həmin ali təhsil müəssisəsində başa vura bilməmiş və Nazirliyin xx.xx.2020-cü il tarixli, F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyə 2 aydan gec olmayaraq qaytarmalıdır. Müqavilənin 2.2.4-cü bəndinə uyğun olaraq, təhsil alan tərəfindən bu Müqavilənin şərtləri pozulduqda, çəkilən xərclərin qaytarılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını tələb etmək Nazirliyin hüququdur.

9. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, o, təhsilini uğurla başa vurmuşdur və hazırda da uzman həkim işləyir. Tərəflər arasında bağlanmış 2012-ci il tarixli müqavilənin predmeti tələbənin Türkiyədə rezidentura təhsili alması olmuşdur. Cavabdeh müqaviləni yerinə yetirərək 2012-ci ildə Türkiyədə Ege Universitetinə daxil olmuş və orada rezidentura təhsili və təcrübəsi keçmişdir. Dörd il sonra 2016-cı ilin avqustunda həmin Universitetdən Haydarpaşa Universitetinə keçmiş və 2017-ci ildə tibbdə uzmanlıq dərəcəsi almışdır. Nazirliklə bağlanmış müqavilənin son hədəfi də tələbənin tibbi uzmanlıq dərəcəsi almasıdır. X5 Osmanpaşa hastanesində uzman olaraq işləyir. Tələbə müqavilə öhdəliyini yerinə yetirərək təhsilini başa vurduğu və uzmanlıq dərəcəsi aldığı üçün Nazirliyin ödənilmiş vəsaiti geri tələb hüququ yoxdur. Tələbənin Ege universitetini deyil, Haydarpaşa Universitetini bitirməsi isə öhdəliyin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Əvvəla, tələbə 4 illik təhsilinin əsas hissəsini Egedə təhsil almış, sonda bir neçə ay digər məktəbə keçmişdir. Digər tərəfdən təhsil proqramında əsas məqsəd Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması və ölkənin nüfuzunu təmsil etməsidirsə o, bu məqsədi həyata keçirmişdir. Əgər o, dövlətin vəsaitini alıb təhsillə əlaqədar olmayan yerlərə xərcləsəydi onda hazırkı iddiaya hansısa əsas tapmaq olardı. Universitetin dəyişməsi müqavilədə birbaşa qadağan olmadığı üçün müqavilənin pozulması sayıla bilməz. Əsas odur ki, tələbə təhsil proqramını uğurla başa vurmuş və uzmanlıq almışdır. Elə buna görə də tələbənin 2020-ci ildə təhsil proqramından çıxarılması qanunsuz olmuşdur. Təhsil xərclərinin məbləği sübut olunmur. Cavabdeh təhsilinə dövlətdən əlavə özü də xeyli xərc çəkmişdir. Dövlətin ödədiyi vəsaitin məbləğini xatırlamır. Bankdan pulları rəhmətlik atası götürdüyü üçün həmin məbləği dəqiqləşdirmək imkanı da yoxdur. Hər bir halda iddiaçı təhsil üçün ödənilmiş vəsaiti və məbləğini rəsmi sənədlərlə sübut etmək öhdəliyi daşıyır. Hələlik belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Nazirlik tələbənin 2016-cı ilin avqustunda Ege Universitetindən çıxmasını müqavilənin və öz hüquqlarının pozulması hesab edirsə onda həmin vaxtdan başlayaraq təhsil haqqını geri tələb etməli idi. Ən gec 2016-cı təhsil ili üzrə tələbənin hesabatından və ya hesabat verməməsindən sonra məsələni dəqiqləşdirib öz tədbirlərini görməli idi. Lakin, nazirlik 4 il sonra 2020-ci ildə tələbəni proqramdan çıxarmış, növbəti 4 il də keçəndən sonra məhkəməyə müraciət etmişdir. Özü də bütün bu proseslər tələbəyə heç bir məlumat verilmədən həyata keçirilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Həmin müddət buraxılmışdır. Elə ona görə də hazırda işi tam araşdırmaq imkanı da aşağı düşmüşdür. Bu nazirliyin təqsirinə görədir. İddiaçının məhkəməyə təqdim etdiyi Universitetlərin ilkin siyahısında EGE universiteti yoxdur. Sonradan təqdim etdiyi siyahıda isə həmin universitet olsa da həmin siyahının səlahiyyətli dövlət qurumu tərəfindən təsdiq edilməsi barədə heç bir məlumat yoxdur. Belə olan təqdirdə cavabdehin sonda bitirdiyi ali məktəblə ilkin daxil olduğu ali məktəbin statusu eyniləşir, beləliklə cavabdeh dövlət proqramı və müqavilə öhdəliyini yerinə yetirmiş sayılır. Xərcləri təsdiq edən sənədlər aydın və əsl deyil. O sənədlərə əsasən məhz iddia olunan məbləğdə vəsaitin cavabdehə ödənilməsini müəyyən etmək mümkün deyildir. Cavabdehə ödənilmiş vəsaitləri onun mərhum atası aldığı üçün cavabdeh özü də xərclərin dəqiq məbləğini bilmir. Bir daha vurğulamaq lazımdır ki, cavabdeh özü də öz təhsilinə xeyli xərc çəkmişdir. Cavabdeh öz öhdəliyində vicdanlı olmuş və dövlətin verdiyi az-çox vəsaiti öz şəxsi ehtiyaclarına deyil, məhz Türkiyədə təhsilinə xərcləmiş və uzmanlıq dərəcəsi alıb həkim kimi işləməyə davam etməkdədir. Dövlətin təhsilə verdiyi vəsaiti bütünlüklə geri tələb etməsini başa düşmür. Cavabdeh 3 il 6 ay məhz EGE universitetində oxumuş, son 6 ayı başqa məktəbə keçmişdir, yəni faktiki olaraq təhsil müdətinin 7/8 hissəsində müqavilədə nəzərdə tutulan məktəbdə biliklərə yiyələnmişdir. Cavabdeh təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmasa da Nazirlik nə şəxsin təhsil proqramından xaric edilməsi barədə 2020-ci il tarixli əmrdə, nə də iddia ərizəsində bu əsasa toxunmamış, yəni pul vəsaiti tələbə dövlət prqoramında göstərilən ali məktəbi deyil başqa məktəbi bitirdiyi üçün tələb edilir. Deməli iddiaçı tələbənin məzun olduqdan sonra ölkəyə qayıdıb işləməməsini mübahisələndirmədiyi üçün məhkəmənin həmin məsələyə hüquqi qiymət verməsinə zərurət də qalmır. Cavabdeh gələcəkdə daha böyük təcrübə ilə ölkəyə qayıdıb işləyə bilər. Hazırkı iddia cavabdehdə çaşqınlıq yaradır. Çünki onunla birlikdə təhsil almış şəxslərdən oxuduğu məktəbi dəyişmiş və işləmək üçün ölkəyə qayıtmamış heç kəsə qarşı Nazirlik tərəfindən belə bir iddia irəli sürülməmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(006)- 1672/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh arasında 29 avqust 2012-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərcləri və 2.4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin yerinə yetiriliməsini tələb etmək hüququ Nazirliyə aid edilmişdir. Buna baxamayaraq məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı çıxarılanadək cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbqiqi barədə ərizənin dəlilləri nəzərdən keçirilməlidir. Tərəflər arasında mövcud münasibətlər müqavilə öhdəliklərindən irəli gəlməklə müqavilənin müddəti 2012-2016-cı illəri əhatə etmiş, öhdəlikləri yerinə yetirliməməsi səbəbindən təhsil alan Təhsil Nazirliyin 25 fevral 2020-cü il tarixli, F-134 saylı əmri ilə Dövlət Proqramından xaric edilmiş, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ isə 2019-cu il tarixdə bitməsinə baxmayaraq, iddia tələbi bu müddətin bitməsindən 5 il sonra, 2024-cü ildə irəli sürülmüşdür. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 3 illik iddia müddəti 29 avqust 2019-cu il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə 06 fevral 2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 373.2, 375.2, 377.2 -ci maddələri, Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 №-li Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarlarna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə sonuncu müraciətdən sonra Nazirlik hesab etmişdir ki, qarşı tərəf iddiaçının müqavilə üzrə ödənilmiş xərclərin geri qaytarılması barədə tələb hüququnu pozur və cavabdehin ödənilmiş vəsaiti geri qaytarmaq məqsədi yoxdur. Nazirlik ondan sonra mübahisənin məhkəmə qaydasında həll edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə qiymət verərkən iddiaçıya qarşı öz qərəzini buruzə vermis, ərizəni cavabdehin xeyrinə şərh etmişdir. Belə ki, məhkəmə iddiaçının cavabdehə ünvanladığı sonuncu müraciətinə hüquqi qiymət vermədən, müddətin hesablanmasını cavabdehin Dövlət Proqramından xaric edilməsi barədə əmrin verildiyi tarixdən hesablamışdır. İşə baxan məhkəmə qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsini tətbiq etməklə yekunda qərar qəbul edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, cavabdehin Dövlət Proqramından xaric edilməsi Nazirliyin hüququnun pozulmasının aşkar edildiyi vaxt kimi qəbul edilə bilməz. Çünki, cavabdeh DP-dən xaric edildikdən sonra bir neçə il xarici dövlətdə yaşamış və başqa təhsil müəssisəsində təhsilini davam etdirmişdir. Məhkəmənin yanaşmasına görə, cavabdeh ölkəyə qayıtdıqda artıq (müddət ötürüldüyündən) Nazirlik tərəfindən ona qarşı tələb irəli sürmək hüququ aradan qalxmışdır. Məhkəmə cavabdehin bu müddət ərzində xaricdə yaşamasına və təhsil almasına əhəmiyyət verməmişdir. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə hüquqi qiymət vermədən mülki qanunvericilik normalarını yanlış tətbiq etməklə iddia tələbini təmin emətmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq edərkən, əmrin verilməsi tarixini deyil, 16 iyun 2022-ci il tarixli, 05-18- 149/24 saylı xəbardarlıq məktubunun cavabdehə göndərildiyi tarixi əsas götürməli idi. Xəbardarlıq məktubundan sonra, tələb olunan vəsaitin cavabdehin qaytarmaq fikri olmadığı məlum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

19. Azərbaycan Respublikasının Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 №-li Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmiş Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilməsi göstərişi verilmiş, Proqramın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həll etməsi tapşırılmışdır. Həmin Sərəncamla təsdiq edilmiş Dövlət Proqramın “Məzunların potensialından səmərəli istifadə edilməsi mexanizminin yaradılması” adlanan 3.7-cü bəndində Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə "məcburi xidmət" prinsipi əsasında təhsillərini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdıb ən azı beş il işləmələrini nəzərdə tutan müqavilə imzalanması barədə imperativ göstəriş əks olunmuşdur. Bu müqaviləinin öhdəlik hissəsində təhsil alan şəxslərin təhsillərini başa vurduqdan sonra altı ay müddətində ölkəyə qayıtmadıqları təqdirdə təhsilə görə ödənilmiş xərclərinin tam şəkildə geri ödənilməsi məsuliyyəti nəzərdə tutulması qeyd olunmuşdur. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaların 5.1-ci bəndində göstərilmişdir ki, təhsil alanların təhsili ilə bağlı bütün xərclərin ödənilməsi poseduru barədə Təhsil Nazirliyi tərəfindən hər bir tələbə məlumatlandırılır və bu prosedurlar Təhsil Nazirliyi və tələbi arasında bağlanmış müqavilədə öz təsdiqini tapır. Həmin Qaydaların 2 nömrəli əlavəsində göstərilmiş “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə”-nin “Tərəflərin hüquq və öhdəlikləri” adlanan 2-ci bəndinin 2.3.11-ci yarımbəndinə əsasən Təhsil alan təhsil müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 (beş) il fasiləsiz işləmək öhdəliklərini qəbul edir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia müddəti ilə bağlıdır və müddətin tətbiqi ilə bağlı arqumentlərini onunla əsaslandırır ki, cavabdehə xəbərdarlıq məktubu göndərildikdən sonra iddiaçıya cavabdehin öhdəliklərini icra etməməsi məlum olmuşdur.

25. Məhkəmə kollegiyası cavabdehin qeyd etdiyi əsaslarla razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin tələbinə görə iddia müddətinin axımı şəxsin hüqularının pozulmasını bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında bağlanmış 29 avqust 2012-ci il tarixli müqaviləyə əsasən Dövlət Proqramına daxil edilmiş təhsil alan Cavabdeh 2012-2016-cı illərdə Türkiyənin EGE Universitetinin pediatriya ixtisası üzrə təhsil alması nəzərdə tutulmuşdur. Məhz bu baxımdan iddiaçının hüqularının pozulduğunu bilməli olduğu an 2016-cı il hesab olunmalıdır. Lakin bu müddət də iddia müddətinin axımının başlandığı an kimi götürülməsə belə, iddiaçının 25 fevral 2020-ci il tarixli, F-134 saylı əmrinə əsasən Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədikqi nəzərə alınaraq adının Dövlət Proqrmı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır.

26. Qeyd olunan əmrin məzmunundan da artıq iddiaçının hüququnun pozulduğu bildiyi anı mübahisələndirməsi əsassızdır. Çünki əmirin məzmunu ilə müəyyən olunur ki, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir və buna görə də onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi qərara alınır. Hətta bu əmrin tarixindən hesablansa belə iddia ərizəsi 06 fevral 2024-cü il tarixdə verildiyindən iddia müddəti 11 ay 12 gün ötürülmüşdür.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaların rədd edilməsi barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(006)- 1672/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2(006)- 1672/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasımov

Xumar Mərdanova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar