Məhkəmə qərarları › İş №2(103)-5097/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5097/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5097/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4313/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı Regional qazın satışı Departamenti tərəfindən tərtib olunmuş 31.01.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1 968,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 1088 saylı bağ onun mülkiyyətindədir. Cavabdeh İB Bakı Regional qazın satışı Departamenti tərəfindən 31.01.2020-ci il tarixli ******* saylı akt və 28.02.2020ci il tarixli 00022613 saylı akt tərtib olunmuşdur. Həmin aktlarda göstərilmişdir ki, guya onun qaza yanvar ayı üçün 1968,80 manat və fevral ayı üçün 391,20 manat, ümumilikdə 2360 manat debitor borcu var və borcun ödənilməsini təmin etmədiyi halda, təbii qaz təchizatını əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Lakin, onun qaza heç vaxt yüksək məbləğdə borcu olmamışdır və mütəmadi olaraq hər ay qazın istifadəsinə yaranmış borcu ödəmişdir. Həmçinin 2019-cu ilin digər aylarda yazılmış aktlardan görünür ki, yazılmış borc qat-qat aşağı olmuşdur. Məsələn dekabr ayı üzrə 55 kub sərfiyyata- 330,40 manat, avqust ayı üçün - 196,80 manat, iyun ayı üçün 196,80 manat, may ayı üçün 51,70 manat olmuşdur. 2020-ci ilin yanvar ayının aktından görünür ki, birdən birə şişirdilmiş 1968,80 manat borc yazılmışdır. Həmin akt onun iştirakı olmadan yazılmışdır. Hesab edir ki, akt qanunsuzdur və istehlakçının hüquqlarını pozur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4313/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 31.01.2020-ci il tarixli ******* saylı aktın 9292 kub metr qaz sərfiyyatı hissəsində ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1638,40 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində göstərmişdir ki, 01.05.2019-cu il tarixindən etibarən onun Nardaran kəndindəki 1088 saylı bağ evində quraşdırılmış qaz sayğacı çıxarılmış (sayğacın elektron hissəsindəki batereya bitmək üzrə olması səbəbindən) və təbii qazdan müvəqqəti olaraq dəmir ötürücü vasitəsi ilə istifadə etmişdir. İddiaçı, iddia tələbində 01.05.2019-cu il tarixindən 12/2019-cu il tarixinə kimi onun barəsində tərtib olunmuş aktları mübahisələndirməmisdir. Qeyd edir ki, həmin aktlar onun nümayəndəsi Nicat Mirzəyevin iştirakı ilə tərtib olunmuş, razılaşdırılmışdır. İddiaçı, iddia tələbində yalnız 31.01.2020-ci il tarixli ******* savlı aktı mübahisələndirmis və həmin aktın onun iştirakı olmadan tərtib edilməsini göstərmişdir. Belə olan halda, iddiaçının onun barəsində tərtib olunmuş 05/2019-12/2019-cu illər tarixi aralığında aktlarla razılaşıb, 01/2020-ci il tarixli aktla razılaşmaması düzgün hesab edilə bilməz. Belə ki, 05/2019- 12/2019-cu illər tarixli aktlar onun nümayəndəsi qismində Nicat Mirzəyevin iştirakı ilə tərtib olunmuş və imzalanmışdırsa, 01/2020-ci il tarixli akt da həmin nümayəndə tərəfindən imzalanaraq razılaşdırılmışdır. Bu səbəbdən də, iddiaçının 31.01.2020-ci il tarixli ******* saylı aktın onun iştirakı olmadan tərtib olunmuşdur izahatı ilə razılaşmırıq. Məhkəmə, 31.01.2020-ci il tarixli ******* saylı akt üzrə hesablanmış borcun 330,40 manat hissəsində iddiaçının iddia tələbini təmin etməzkən, iddiaçı barəsində 12/2019-cu il tarixində sayğacsız qaz sərfiyyatına görə tərtib olunmuş akt üzrə hesablanmış borcuna istinad etmiş, lakin maddi hüquq norması baxımından qəbul etmiş olduğu qətnamədə bunu əsaslandıra bilməmişdir. Əlavə olaraq da, İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Halbuki, İddiaçı qazdan qanunsuz istifadə etməmişdir. O, təbii qazdan orta günlük sərfiyyata uyğun olaraq sayğacsız (dəmir ötürücü vasitəsilə) istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh təşkilat həmin hissədə qətnaməni mübahisələndirmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin edilməyən hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında»: 31.05.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 517 m3, məbləği 51,70 manat; 30.06.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 984 m3, məbləği 196,80 manat; 30.08.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 984 m3, məbləği 196,80 manat; 30.11.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1652 m3, məbləği 330,40 manat; 28.02.2020-ci il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1956 m3, məbləği 391,20 manat hesablanmışdır. 31.01.2020-ci il tarixli ******* saylı Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 10944 m3, məbləği 1968,80 manat. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Yuxarıda sadalanan aktlardan görünür ki, iddiaçıya qaz sərfiyyatına görə yay ayları üçün təxmini 196, qış ayları üçün 330-390 manat hesablanmışdır. Bununla belə, 31.01.2020-ci il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 10944 m3, məbləği 1968,80 manat hesablanmışdır. Kollegiya hesab edir ki, «Qazdan istifadə Qaydaları»-nın 5.4-cü bəndinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq 30.11.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1652 m3, məbləği 330,40 manat əsas götürlmüklə yanvar ayına da hesablama aparılmalı olması nəticəsinə gəlmişdir. Buna görə də kollegiya 31.01.2020-ci il tarixli ******* saylı akt 9292 kub metr qaz sərfiyyatı hissəsində ləğv edilməsini və hesablanmış 1638,40 manat borcun silinməsini işin hallarına uyğun hesab edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4313/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar