Məhkəmə qərarları › İş №2(103)-5098/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5098/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5098/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7903/2019 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 200 manat olmaqla alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər xx xxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər ailə qurduqdan sonra ər-arvad münasibətləri qısa müddət normal olmuş, aralarında hər hansı bir anlaşılmazlıqlar baş verməmiş, mehriban yaşamışlar. Lakin cavabdeh tutarlı səbəb olmadan 2018-ci ilin iyul ayında onu və uşağını ataraq getmiş, onlarla əlaqəni tamam kəsmiş, uşaq onun himayəsində qalmış, həmin vaxtdan ona və uşağa heç bir yardım və ya köməklik göstərməmiş, uşağa yardım göstərməsi üçün etdiyi bütün cəhdlər nəticə verməmişdir. Hal-hazırda aralarındakı münasibətlər və nikah formal xarakter daşıyır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7903/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hazırlıq iclasında izahat verməmişdir, məhkəmə iddiaçının şifahi izahatına və onun guya hazırlıq iclasında verdiyi izahatına əsaslanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, “Aqrovest” firmasında fəhlə işləyirdi, lakin ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar işsiz olmuşdur. Hesab edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır, belə ki, 2018-ci ilin yay ayından ayrı yaşasalar da o, uşağın saxlanılması üçün pul verməsə də, uşağa geyim əşyaları, velosiped, həmçinin ərzaq almış, bazarlıq etmişdir. Faktiki ayrıldıqdan sonra da münasibətləri normal olmuş və o, barışıb ailəni bərpa etməyə ümid etmişdir. Lakin barışıq baş tutmamış və iddiaçı məhkəməyə müraciət etmişdir. 200 manat onun üçün yüksək məbləğ olmasına baxmayaraq o, həmin məbləğdə aliment ödəməyə etiraz etmir, ancaq alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması vaxtına dair hissədə dəyişdirilərək, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında nikah xx xxx 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq iddianın təmin edilməsi qənaətinə gələrək, uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin Ailə Məcəlləsini 100.3-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən tutulması qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya baxışı zamanı 200 manat aliment ödəməyə etiraz etmədiyini, lakin alimentin Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsaslanaraq xx xxxxxx 2018-ci il tarixdən tutulmasına etiraz etdiyini bildirərək, faktiki ayrıldıqları vaxtdan uşağa geyim əşyaları, ərzaq və s. aldığını qeyd edərək, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını xahiş edir. Göründüyü kimi, cavabdeh alimentin məbləği ilə razılaşaraq, 200 manat ödəməyə etiraz etmir. Kollegiya hesab edir ki, məhkəmə Məcəllənin 100.3-cü maddəsinə əsaslanaraq alimentin xx xxxxxx 2018-ci il tarixdən tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, əgər iddiaçı aliment tutulması üçün iddia qaldıranadək müvafiq tədbirlər görmüşsə, lakin aliment verməli olan şəxs yayınaraq aliment ödəməmişdirsə, belə olan halda əvvəlki dövr üçün müəyyən edilmiş müddət həddində aliment tutula bilər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, tərəflər faktiki olaraq 2018-ci ilin avqust ayından ailə münasibətlərinə son qoyaraq birgə yaşamırlar. İddiaçı iddia tələbində həmin vaxtdan bütün cəhdlərinə baxmayaraq cavabdehin heç bir yardım göstərmədiyinə əsaslanaraq alimentin həmin vaxtdan tutulmasını tələb etsə də, iddia qaldırdığı vaxtadək hər hansı tədbir görməsi, cavabdehin isə yenə aliment ödəməkdən yayınmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından görünür ki, iddiaçı alimentin alınması üçün tədbirlər görməsini kifayət qədər əsaslandırmamış, nədəki işin hallarından bu hal müəyyən olunmur. Belə olan halda Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən alimentin 2018-ci ilin avqust ayından tutulması əsassızdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı isə aliment tutulması barədə ərizəni xx.xx.2019-cu il tarixdə məhkəməyə vermişdir. Odur ki, Kollegiya hesab edir ki, hazırki iş üzrə alimentin tutulması vaxtı hissəsində qətnamə dəyişdirilməli və aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx xxxxxxx 2019cu il tarixdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7903/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar