Məhkəmə qərarları › İş №2(103)-51/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-51/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-51/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2018 saylı işi üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Zirə qəsəbəsi M.Maqomayev küçəsi 39 saylı evə uşağı ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (MM) 68.1 və 68.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı Cavabdeh1 oğlu X6 ilə 17 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə nikahdan üç övladı anadan olmuşdur. X7 ilə ailə qurduqdan sonra Cavabdeh1 yaşadığı ünvan 1-a köçüb yaşamış və həmin evdə pasport qeydiyyatindadır. Hazırda iddiaçıya məxsus bütün əmlak orada yerləşir. İddiaçının həyat yoldaşı X7 12 may 2011-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra da iddiaçı uşaqları ilə həmin evdə yaşamaqda davam etmişdir. Lakin üç ay əvvəl 02 mart 2018-ci il tarixdə Cavabdeh1 iddiaçını uşaqları ilə birlikdə evdən qovmuşdur. Bu günə kimi iddiaçı anasıgildə yaşayır. İddiaçının və övladlarının mübahisəli evdən cavabdehlərlə bərabər istifadə etmək hüququ vardır. Cavabdehlər könüllü olaraq iddiaçını və uşağını evə buraxmadığına görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evdə yaşamır. Onlar özlərinə məxsus başqa bir evdə yaşayırlar. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki: Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.05.2011-ci il tarixli, AZ-İ №465448 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 12 may 2011-ci il tarixdə Siyəzən rayonunda kəskin ürək ağ ciyər çatmamazlığı səbəbindən ölmüşdür (səh.4); Azərbaycan Respublikasının yaşayış yeri üzrə qeydiyyat haqqında 31 may 2018-ci il tarixli arayışa əsasən 21 avqust 1981-ci il təvəllüdlü İddiaçı, 17 iyun 2004-cü il təvəllüdlü Cavabdeh1 Mirsabir qızı, 07 sentyabr 2006-cı il təvəllüdlü X1 və 28 iyul 2008-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. (səh. 5); Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən verilmiş 17.07.2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə X6 17 iyul 2003-cü il tarixdə Əzizbəyov (indiki Xəzər) rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 336 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir (səh.6). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2018 saylı işi üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı, övladları- 17 iyun 2004-cü il təvəllüdlü Cavabdeh1 Mirsabir qızı, 07 sentyabr 2006-cı il təvəllüdlü X1 və 28 iyul 2008-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri Zirə qəsəbəsi M.Maqomayev küçəsi 39 saylı evə köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 27, 53, 54, 180.1, 180.2-ci maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.2, 217.3-cü maddələri; 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı ilə X6 17 iyul 2003-cü il tarixdə Əzizbəyov (indiki Xəzər) rayon qeydiyyat şöbəsində nikaha daxil olmuş, nikahın bağlanması haqqında akt qeydləri kitabında bu barədə 336 nömrə ilə qeyd edilmişdir. Həmin tarixdən iddiaçı cehiz əşyalarını cavabdehlərin yaşadığı Bakı şəhəri Zirə qəsəbəsi M.Maqomayev küçəsi 39 saylı evə yerləşdirərək həmin evə gəlin köçmüş, 2018-ci il tarixədək cavabdehlərlə birgə həmin evdə birlikdə yaşayaraq ümumi təsərrüfat aparmışdır. İddiaçı ilə X4 birgə nikahlarından 17 iyun 2004-cü il təvəllüdlü Cavabdeh1 Mirsabir qızı, 07 sentyabr 2006-cı il təvəllüdlü X1 və 28 iyul 2008-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. X6 12 may 2011 -ci il tarixdə ölmüşdür. İddiaçı və övladları 17 iyun 2004-cü il təvəllüdlü Cavabdeh1 Mirsabir qızı, 07 sentyabr 2006-cı il təvəllüdlü X1 və 28 iyul 2008-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. 2018-ci ilin mart ayında iddiaçı və övladları cavabdehlər tərəfindən mübahisəli evdən çıxarılmışdır. İddiaçının 2003-cü ildə mübahisəli evə köçərək orada yaşamasını və ümumi təsərrüfat idarə etməsini tərəflər mübahisələndirməmişlər. Mübahisələndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Mübahisəli tikili iddiaçının və uşaqlarının yaşayış yeri olmuşdur. Cavabdehlərin iddiaçını və onun uşağını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə ilk iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ilk iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(003)-2786/2018 saylı qətnaməsini ləğv edərək İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsi; Azərbaycan Respublikası 2003-cü ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı məhkəmənin icarədar adlandırdığı Cavabdeh1 ailə üzvü olmaqla icarə müqaviləsindən irəli gələn yaşayış hüququnu əldə edirsə, müqavilədən irəli gələn vəzifələri də yerinə yetirməlidir. O cümlədən icarədarın əmlakını qorumalıdır, mühafizə etməlidir. İddiaçı isə bu vəzifələri yerinə yetirməmiş, icarədarın ərindən və qızından qalmış 0,24 ha torpaq sahəsini aldatma yolu ilə ələ keçirərək müxtəlif adamlara satmaqla icarədara zərər vurmuşdur. Yəni icarə müqaviləsindən irəli gələn vəzifələri yerinə yetirməmişdir. Bu səbəbdən də icarədar onu yaşayış sahəsindən çıxarmışdır. Görmüşdür ki, ailə üzvü onun əmlakını aldatma yolu ilə ələ keçirmişdir. Yaşayış sahəsi ilə bağlı kommunal xərclərin ödənilməsi ilə bağlı öhdəsinə düşən vəzifələri də yerinə yetirmir. Yəni iddiaçı icarədar üçün icarə müqaviləsindən əmələ gələn hüquqlardan istifadə etsə də vəzifələri yerinə yetirmir. Məhkəmə iddianın təmin edilməsində keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərini əsas götürsə də, həmin maddələri düzgün tətbiq etməmişdir. Yəni həmin maddələrin məzmunundan görünür ki, iddiaçının iddiası təmin edilə bilməz. Ona görə də həmin qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1070/19 saylı, 01.04.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən qeydiyyatdan çıxarılma, mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1453/2019 saylı mülki işi üzrə qətnamə (qərardad) qüvvəyə minənədək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-1070/2019 saylı icraat dayandırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(001)-1453/2019 saylı işi üzrə 23.02.2021-ci il tarixli məktuba əsasən, qeyd olunan 2(003)-1453/2019 saylı mülki iş məhkəmənin 11 iyun 2019-cu il tarixli qərardadına əsasən, tərəflər məhkəmə iclasına gəlmədiyindən, baxılmamış saxlanılmışdır. Qərardad qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-51/2021 (2(103)-1070/2019) saylı işi üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, hazırda mübahisəli evə dair rəsmi icarədarın olmadığını, evin özbaşına tikili olduğunu, bundan əlavə hazırda mübahisəli evdə iddiaçının qayınanasının yaşadığını, iddiaçının ona olan etibardan sui-istifadə edərək torpaq sahələrini satdığını, həmçinin qeyri-qanuni olaraq həmin evə qeydiyyata düşdüyünü və mübahisəli evdə yaşamayaraq başqa şəxslə ailə həyatı qurub naməlum yerdə yaşadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5,9; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 29.2, 30.1, 30.2; qüvvədən düşmüş Mənzil Məcəlləsinin 54; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 165, 180; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırda apellyasiya instansiya məhkəməsi prosessual zamana münasibətdə iddiaçının tələbi üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyini yoxlayır və bu müstəvidə yaşayış yeri üzrə iddiaçının rəsmi qeydiyyatının olması onun oraya köçürülməsindən imtinasını mümkünsüz etmişdir. Bu baxımdan iddiaçının köçürülməsi təmin edilən yaşayış yerinin dəyişməsi onun yaşayış yeri üzrə qeydiyyatının ləğvi və müvafiq olaraq yaşayış sahəsinin boşaldılması (və sair) üzrə tələblərin predmeti ola bilər. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əsassız olduğundan apellyasiya şikayətinin verilməsi zamanı dövlət rüsumu üçün ödənilmiş məhkəmə xərci onun ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2018 saylı işi üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar