Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-510/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı "işə bərpa və və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, 0**-CH-***3 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 27 ildir ki, dəniz qurğularında müxtəlif növ vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş. Təxminən 5 ildir Cavabdeh MMC-də “texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli işçilərin say ixtisarı ilə bağlı xəbərdarlıq ərizəsindən də göründüyü kimi cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının azaldılması) əsasən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Belə ki, 27 illik fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. Xüsusilə nəzərinizə çatdırmaq istəyir ki, iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə cədvəlindən də göründüyü kimi 3 il ard-arda ilin ən yaxşı işçisi status qazanmışdır. Ali təhsili olmaqla yanaşı hər ingilis, həm də rus dilləri mükəmməl bilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin cavabdeh tərəfindən AR ƏM-nin 78-ci maddəsinin İ bəndinin şərtləri nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni işçilərin sayı azaldılarkən onun peşəkarlıq şəviyəsi, 3 il ard-arda ilin ən yaxşı işçisi seçilməyi, bu günədək hər hansı intizam məsuliyyətinə cəlb edilməməyi nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən əmək qanunvericiliyinin şərtləri nəzərə alınmamış, onun konstitusion hüquqlarım pozulmuşdur. Buna görə də, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmasına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəklində ödənilməsinə dair qətnamə çıxarılmalıdır.
3. Səbail Rayon Məhkəməsinin 2(009)-874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmiş, Məhkəmə onun uzun illərin təcrübəsini, qüsursuz fəaliyyətini, peşəkarlığını nəzərə almamış, cavabdehin əsası olmayan dəlillərinə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı R.Qurbanov, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Kərimov apellyasiya şikayətinə etiraz edərək, şikayətə verdiyi etirazı müdafiə etdi və şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, eyni zamanda bildirdi ki, iddiaçı işdən ayrılandan dərhal sonra başqa xarici şirkətdə yüksək əmək haqqı (4000- 5000 manat) almaqla işə başlamışdır.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, T14 nömrəli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən X3 Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
9. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Cavabdeh (bundan sonra - Cəmiyyət) tərəfindən yerinə yetirilən işlərlə bağlı dəyişən biznes tələblərindən asılı olaraq bu və ya digər işçi kateqoriyasına olan tələbat azala və ya çoxala bilir. Cəmiyyətinin idarə heyətinin müvafiq qərarına əsasən bu halda işci qüvvəsinə olan tələbatı tənzimləmək məqsədilə Əmək Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməklə, eləcə də işçilərə müafiq təminatlar ödənilməklə işəgötürən tərəfindən işçilərin sayı ixtisar edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən tutduğunuz “Texniki xidmət üzrə supervayzer” vəzifəsi üzrə çalışan işçilərin sayının Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. Cəmiyyətin işəgötürəni ilə bağlanmış əmək müqavilənizə uyğun olaraq Cəmiyyətdəki əmək stajınız on ildən çoxolduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1- ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığınız (tanış olduğunuz) vaxtdan etibarən doqquz təqvim həftəsi qabaqcadan çalışdığınız “Texniki xidmət üzrə supervayzer’’ vəzifəsi üzrə çalışan işçilərin sayının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Əmək qanunvericiliyinə nisbətən daha geniş əmək şəraitini- bu halda xəbərdarlıq müddəti ərzində həftədə bir gün deyil, hər gün əmək haqqı *saxlanılmaqla iş axtarmağa imkan yaradılmasını təmin etmək məqsədilə əmək funksiyanızın icrasından azad edilirsiniz. Xəbarlıq müddəti bitdikdən sonra Sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin b) bəndinə (işçilərin sayının azaldılması) əsasən xx.xx.2023-cü il tarixində xitam veriləcək və orta aylıq əməkhaqqının 2 misli miqdarında Sizə işdənçıxarma müavinəti ödəniləcəkdir. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən Sizin razılığınızla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə müvafiq əsasla əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən peşə və vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır ki, bu halda işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu xəbərdarlıqla tanış olduğunuz tarixdən 3 iş günü ərzində əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilməsi təklifinə rəsmi münasibət bildirmədiyiniz xahiş olunur.
10. Mülki iş materiallarında olan 26 yanvar 2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrdən igörünür ki, Cavabdeh MMC-də Texniki xidmət üzrə supervayzer vəzifəsində işləyən R.Qurban-zadənin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ilə xitam verilmiş, İddiaçı müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqqhesabın (ödənilməli olan əmək haqqının və orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin) ödənilməsi Maliyyə departamentinə həvalə edilmiş, Maliyyə departamentinə tapşırılmışdır ki, xx.xx.2022 - xx.xx.2023-cü iş ili bitənədək işdən çıxdığını nəzərə alaraq müvafiq iş ili üzrə artıq istifadə edilmiş 9 (doqquz) təqvim gününün məzuniyyət pulu İddiaçı son haqq hesabından tutulsun. İşçinin əmək müqaviləsinə xitam verilməsi əmri barədə məlumat elektron informasiya sisteminə daxil edilmişdir.
11. Təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 11-ci maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir ki, işəgötürən bu hüququndan istifadə edərək “Texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmış İddiaçı vəzifəsini müvafiq təminatlar ödənilməklə ixtisar edilmişdir. Eyni zamanda ixtisar meyarları ilə əlaqədar qeyd edilmişdir ki, Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir, işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeniixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən “Texniki xidmət üzrə supervayzer” vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də müxtəlif layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni eyni və ya oxşar layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir. Bildirir ki, qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, layihədə görülən işlərin xarakteri (yəni onun çalışdığı layihədə bu işlərin digər layihələrdə çalışan “Texniki xidmət üzrə supervayzer’lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən İddiaçı ixtisar edilməsi qənaətinə gəlmişdir. İşəgötürən gəldiyi qənaətin rəsmiləşdirilməsi məqsədilə Məcəllənin 77-ci maddəsinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq etmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam vermişdir. Məhz qanunvericiliyə uyğun olaraq görülmüş tədbirlər nəticəsində hazırda İddiaçı məşğulluq orqanıda uçota alınaraq işsizlik müavinəti alır. Bununla bağlı müvafiq səhədlər məhkəmənin iş materiallarına əlavə edilmişdir.Sorğu edilən meyar və qaydalar ilə bağlı məlumat üçün analoji hal olaraq məhkəməyə bildiririk ki, məsələn, işçilərin attestasiyası zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün xüsusi attestasiya komisissiyası yaradılır və bu halda suallar tərtib olunur. Bu kimi mexanizmlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" ilə tənzimlənir. Lakin ştatların ixtisarı zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı qanunvericilikdə xüsusi bir qaydalar müəyyən edilmir və qanunvericiliklə bu səlahiyyət birbaşa işəgötürənə verilir.
12. Sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi, eləcə də ondan irəli gələrək 77-ci maddəsinin 1-ci hissəsi işçilərin sayının və ya ştatlarının ixtisar edilməsini nəzərdə tutduğu üçün işəgötürən qanunvericiliklə ona verilən səlahiyyətlərdən istifadə edərək öz mülahizəsi əsasında istər işçilərin sayını, istərsə də ştatların sayını ixtisar edə bilər. Çıraq platformasının Texniki xidmət üzrə supervayzeri İddiaçı ixtisar edilməsi ilə bağlı yaranmış vəziyyətlə bağlı sorğunuzla əlaqədar bildiririk ki, Çiraq platformasının Texniki xidmət üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixində ixtisar olunacağı barədə 9 həftə öncə xəbərdarlıq verilmiş, onun xəbərdarlıq müddətində 17.01.23 - xx.xx.2023-cü il dövrü üçün xəstəlik vərəqəsi əsasında işdə olmaması səbəbindən son iş günü xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Xəbərdarlıq müddəti ərzində İddiaçı, işəgötürənin iradəsindən asılı olmayan səbəbdən platformaya buraxılmaması səbəbindən, planlaşdırılmış işləri yekunlaşdırmaq məqsədi ilə Ehtiyyat Briqadasının işçiləri ardıcıl olaraq xx.xx.2022 - xx.xx.2022-cü il və xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində “Çıraq” platformasına göndərilmişlər. Əvəz edilmə dövründə Cəmiyyətdə 18 “Texniki xidmət üzrə supervayzer” ştat vahidi mövcud idi. İddiaçı ixtisar edildikdən sonra həmin ştat vahidlərinin sayı 17 vahid (nəfər) olaraq qalmışdır. Bu müddət ərzində ümumi olaraq bir vəzəfə dəyişikliyi olmuşdur ki, Cəmiyyətin işlədiyi X4 buruğunda baş mexanik vəzifəsində işləyən Serqey Petrovun vəzifəsi artırılaraq Texniki xidmət üzrə supervayzer vəzifəsinə keçirilmişdir, hansı ki X4 buruğunda baş vermiş bu dəyişiklikliyin İddiaçı ixtisarı ilə heç bir əlaqəsi yoxdur.Belə ki, X4 təbii qaz qazma və emalı buruğudur və neft buruqlarından fərqli hasilatın pay bölgüsü haqqında sazişə dair protokollar (PSA) üzrə fəaliyyət göstərir. Ona görə də İddiaçı ştatının ixtisar edilməsi heç də o anlama gəlmir ki, guya onun ştat vahidini ixtisar etmədən onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisarı əsası ilə yanlış və ya qərəzli olaraq xitam verilibdir.
13. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, T14 nömrəli əmək müqaviləsinin ayrılmaz hissəsi olan 2 №-li əlavədə qeyd edilmiş əmək funksiyasının icrasını öz öhdəsinə götürür. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
14. 2-ci maddə Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
15. 11-ci maddənin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur.
16. 68-ci maddənin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
17. 70-ci maddənin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
18. 71-ci maddənin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
19. 77-ci maddənin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.
20. 77-ci maddənin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
21. 78-ci maddənin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. (ƏM-78.2)
22. 80-ci maddənin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 9. Məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun illər ərzində dəniz qurğularında müxtəlif növ vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, bu sahədə uzun müddətli təcrübəsi var, son dövrlərdə isə Cavabdeh MMC-də “texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə işçilərin say ixtisarı ilə bağlı iddiaçıya da xəbərdarlıq edilmiş və cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının azaldılması) əsasən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 0**-CH- ***3 nömrəli əmrlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
34. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işə götürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi zamanı nəzərə alınmalı əsas meyarlardan biri də peşəkarlıq səviyyəsinin nəzərə alınmasıdır və bu meyarın müəyyən edilməsi əmək qanunvericiliyinə əsasən elə işəgötürənin üzərinə düşür. Yuxarıda qeyd edilən normalardan da müəyyən edilir ki, peşəkarlıq səviyyəsinin nəzərə alınması işəgötürənin vəzifəsi yox, hüququdur.
35. Kollegiyanın iclasında cavabdehin nümayəndəsi izahatında eyni zamanda bildirdi ki, İddiaçı işdən çıxarılmasının əsaslı olduğunu bilirdi və bunun təsdiqi kimi işdən ayrılandan dərhal sonra başqa xarici şirkətdə yüksək əmək haqqı (4000-5000 manat) almaqla işə başlamışdır.
36. İddiaçı öz izahatında bu faktı təsdiq edərək, həqiqətən də, noyabr ayından başqa bir şirkətdə mühəndis kimi fəaliyyətə başladığını bildirdi.
37. Kollegiyanın araşdırmaları zamanı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də mühəndis vəzifəsində çalışır və əmək haqqı 4669,71 manat təşkil edir.
38. Beləliklə də kollegiya hesab edir ki, iddiaçının işdən azad edilmə əmri qanuni olmuş, işə götürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hər hansı pozuntuya yol verilməmiş, qanunvericliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
39. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.
40. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-874/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov