Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5102/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı “X3 Kompani S.A.” şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3 Kompani S.A.” şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş № 2(010)-135/22) iddia təmin edilməmişdir. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunana Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş Qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X3 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 39 T 416621.00 m B 4471559.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Mədən ərazilərində gedən hər hansı bir qeyriqanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmiş və şikayətini ekspert rəyinin nəzərə alınmaması, maddi hüquq normalarının pozulması ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş “Entuziast” firması məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiyainstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə 2 saylı neft və qazçıxarma sexinin ərazisi olan Dədə Qorqud qəsəbəsi ünvanında Cavabdeh tərəfindən aparılan dam örtüyünün qanunsuz tikintisi aşkar edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli, 121 nömrəli akt tərtib edilmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində balıqçılıq və heyvandarlıqla məşğul olmaq məqsədilə yardımçı təsərrüfatın lahiyələşdirilməsi üçün “Entuziast” firmasının daimi istifadəsinə ayrılmış 331000 kv.m ərazinin plan və ölçüləri tərtib edilmişdir. Torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsinə əsas kimi Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarına istinad edilmişdir. “Entuziast” firması tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolunda yerləşən 33.1 hektar torpaq sahəsindən 1.5 sot torpaq sahəsi xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən kənd təsərrüfatı və istehsalat sahəsi ilə məşğul olmaq üçün Cavabdeh daimi icarəyə verilmişdir. İddiaçının tələbi “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə ayrılmış ərazidə cavabdeh tərəfindən aparılmış özbaşına tikilinin sökülərək torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədədir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli 10/6932 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin mütəxəssis rəyində qeyd edilir ki, 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi iddiaçı “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ərazinin də daxil olduğu torpaq sahəsi həmin dövrdə mövcud olmuş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında üçüncü şəxsə ayrılmışdır. Beləliklə, yuxarıda qeyd edilmiş icarə müqaviləsi bağlanarkən üçüncü şəxsin mübahisəli əraziyə əşya hüququ olmuş və o, həmin hüququnu cavabdehə ötürmüşdür. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Məhkəmə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 139, 146, 152-ci maddələrinə və s. normalara istinad etmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri mübahisəli tikilinin “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə ayrılmış ərazidə yerləşməsinin, bununla bağlı ekspert rəyinin, eləcə də Sazişin tələblərinin nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. İşdən göründüyü kimi, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində balıqçılıq və heyvandarlıqla məşğul olmaq məqsədilə yardımçı təsərrüfatın lahiyələşdirilməsi üçün “Entuziast” firmasının daimi istifadəsinə 331000 kv.m torpaq sahəsi ayrılmışdır. “Entuziast” firması həmin ərazidən 150 kvm torpaq sahəsini xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən kənd təsərrüfatı və istehsalat sahəsi ilə məşğul olmaq üçün Cavabdeh daimi icarəyə vermişdir. Cavabdeh isə orada lazımi qaydada icazə almadan yaşayış təyinatlı tikili inşa etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 mart 2022-ci il tarixli rəyi ilə mübahisəli torpaq sahəsinin iddiaçı “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “X3 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən qeyd olunana Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş Qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X3 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, Saziş xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Qanun statusu aldığından və Qanunun 4-cü bəndinə əsasən Saziş qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstün olduğundan Sazişin qüvvəyə minməsi ilə Bakı şəhər XDS İK-nin “Entuziast” firmasına 331000 kvm torpaq sahəsi ayrılması barədə xx.xx.1989-cu il tarixli qərarı qüvvədən düşmüşdür. Bu baxımdan “Entuziast” firması xx.xx.2012-ci ildə həmin ərazidən 150 kvm torpaq sahəsini kənd təsərrüfatı və istehsalat sahəsi ilə məşğul olmaq üçün Cavabdeh icarəyə verməkdə səlahiyyətli olmamışdır. Həmin müqavilənin həqiqiliyi qəbul edilmiş olsa belə, müqavilədə torpaq sahəsinin yaşayış evinin tikintisi üçün deyil, kənd təsərrüfatı və istehsalat sahəsi ilə məşğul olmaq üçün icarəyə verildiyi qeyd olunmuşdur. Cavabdeh isə orada yaşıyış evi tikmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X3 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin edilsin. Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 39 T 416621.00 m B 4471559.00 m C koordinatlar üzrə 150 kvm torpaq sahəsində yerləşən və Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikili sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X3 Kompani S.A.” Şirkətinin istifadəsinə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5102/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5102/2022
21.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver